Şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır

Ekspertlərin fikrincə, hökumətin siyasətinin mərkəzində ölkə vətəndaşı, onun sosial rifahı və əmin-amanlığı dayanır
Azərbaycanda həyata keçirilən islahatların mərkəzində ölkə vətəndaşları
dayanır. Ötən dövr ərzində aparılan məqsədyönlü işlər çərçivəsində bunu hər kəs
görür. Bir sıra hallarda isə şəffaflığın təmin edilməsi görülən işlərə xələl
gətirir. Belə halların aradan qaldırılması üçün Prezident İlham Əliyev
tərəfindən mütəmadi olaraq məsul şəxslərə tapşırıqlar və tövsiyələr verilib.
Elə bu günlərdə Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra
Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
vəzifələrinə təyin olunması ilə əlaqədar qəbulu zamanı yenidən bu məsələyə
diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, bütün xoşagəlməz hallara son
qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır: "Mən sizə
şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz,
onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa
yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər.
Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır.
Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda
bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki,
rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq,
dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ
ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət
göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Prezident İlham
Əliyev ölkədə islahatların yeni mərhələsinə start verib: "Bu yeni mərhələ bütün
sferaları əhatə edir. O cümlədən kadr və struktur islahatları xüsusi əhəmiyyət
kəsb edir. Bu islahatlar çərçivəsində artıq rayon icra hakimiyyətlərinə gənc
kadrlar təyin edilib. Xaçmaz və Yevlax rayonlarının icra başçısı vəzifəsinə
gənc kadrları təyin edən cənab Prezident onların qarşısında çox ciddi vəzifələr
qoydu. Dövlət başçısı qeyd etdi ki, onun fikirləri digər rayon icra hakimiyyəti
başçılarına da aiddir. İcra başçıları idarəçiliyi kabinetdən həyata
keçirilməməli, əhalinin içərisində olmalı, kəndləri gəzməli, insanlarla birbaşa
təmasda olmalıdırlar. Prezident eyni zamanda vurğuladı ki, korrupsiya və
rüşvətxorlu hallarına qətiyyən yol vermək olmaz, bu bəlalara qarşı mübarizə aparılmalıdır.
O, belə bir neqativ xəbər eşidəcəyi halda məmurları cəzalandıracağını söylədi.
Cənab Prezident çox qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu. Yəni,
korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Düzdür, bu
bəla bütün dünya ölkələrində mövcuddur. Amma buna baxmayaraq, Azərbaycan
dövlətinin və Prezidentinin çox güclü siyasi iradəsi var ki, belə neqativ
məsələlər aradan qaldırılsın. Çünki bu, ilk növbədə ölkə iqtisadiyyatı üçün
ciddi təhlükədir və bütün bunlarla mübarizə aparılmalıdır. Bu mübarizədə
ictimai nəzarətin də çox böyük rolu var. İnzibati mübarizə öz yerində, lakin
cənab Prezident ictimai nəzarət məsələlərini ön plana çəkdi ki, vətəndaşlarımız
da belə xoşagəlməz hallarla üz-üzə qaldıqda dərhal müvafiq dövlət qurumlarına
müraciət etsinlər. Eyni zamanda, icra başçılarının qarşısına məsələ qoyuldu ki,
insanların problemləri dərhal həll edilsin”.
E.Nəsirov bir müddət əvvəl Prezident İlham Əliyevin səsləndirdiyi
"hər birimiz xalqın xidmətçisiyik” fikrini sitat gətirərək vurğuladı ki, hər
bir icra başçısı, nazir də xalqın xidmətçisi olmalıdır: "Elə etmək lazımdır ki,
insanlar məmnunluq hissi yaşasın, islahatları dəstəkləsin. Xalq görsün ki,
aparılan islahatlar onların hər birinin həyatında öz rolunu oynayır. Həqiqətən
də bu ilin yanvar ayından başlayaraq iki dəfə sosial islahatlar paketinin
həyata keçirilməsi 4,2 milyon nəfəri əhatə edib. Ən əsası isə cəmiyyət dövlət
başçısının atdığı addımları dəstəkləyir. Prezident İlham Əliyev özü də
dəfələrlə qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə
vətəndaşı, onun sosial rifahı və əmin-amanlığı dayanır. Dərinləşən islahatların
əsas fəlsəfəsini məhz bu təşkil edir”.
Siyasi ekspert Azər Həsrət bildirdi ki,
Prezident İlham Əliyev yeni kadrlara üstünlük verdiyini xüsusi vurğulamaq
lazımdır: "Zamanın tələbinə uyğun olan insanları irəli çəkir, onlara etimad
göstərir. Bu məsələnin cəmiyyətimizdə müsbət qarşılandığını hər kəs görür və
təqdir edir. Digər bir tərəfdən də cənab Prezident gənc kadrlara etimad
göstərərkən onlara öz tapşırıqlarını və tövsiyələrini verir. Bu tövsiyələr
içərisində korrupsiya ilə mübarizə, vətəndaşların rifah halının yüksəldilməsi,
ümumiyyətlə, vətəndaş məmnunluğunun yüksək səviyyəyə çatdırılması məsələləri
yer alıb. Biz də inanırıq ki, həmin gənc kadrlar Prezidentin bu etimadını
yüksək səviyyədə doğruldacaqlar. Yaxşı olar ki, bu vaxta kimi bu və ya digər
şəkildə korrupsiyaya, rüşvətxorluğa yol vermiş adamlar da bundan öz payını
götürsün və yeni kadrların işləməsinə yardımçı olsunlar. Yəni, bundan sonra
korrupsiyaya bulaşmış insanlara aman verilməyəcək”.
A.Həsrət qeyd etdi ki, korrupsiyanın qarşısı alınacağı təqdirdə
Azərbaycan vətəndaşı daha məmnun olacaq, rifah halı yüksələcək: "Onu qeyd edim
ki, Azərbaycanda insanlar kənd təsərrüfatı ilə geniş şəkildə məşğul olurlar.
Əlbəttə ki, korrupsiya, şəffaflığın olması kimi amillər kəndlinin özünü maddi
cəhətdən yüksək səviyyədə təmin etməsini əngəlləyirdi. Bu da ümumilikdə
hakimiyyətə qarşı narazılığa səbəb olurdu. Şəffaflığın yüksəldilməsi,
korrupsiyaya qarşı mübarizənin aparılması, vətəndaş məmnunluğunun yüksəldilməsi
ona gətirib çıxaracaq ki, insanlarımız dövlətə daha çox etibar edəcəklər. Bu da
ərazisinin bir hissəsinin işğal altında olan Azərbaycan üçün çox vacib
məqamdır”.
BƏXTİYAR