• cümə, 29 Mart, 12:29
  • Baku Bakı 14°C

2019-cu il də ölkəmiz və xalqımız üçün uğurlu olacaq - Fotolar

02.05.19 20:06 2264
2019-cu il də ölkəmiz və xalqımız üçün uğurlu olacaq - Fotolar
Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində dinamik inkişaf dövrünü yaşayıb, ölkəmizin qarşısında dayanan vəzifələr uğurla icra edilib. Prezident İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapıb. Ötən 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoyub. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb, Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub ki, bu da müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət verib. Beləliklə, Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirib.

Cari ilin birinci rübündə əldə edilən sosial-iqtisadi nəticələr də Azərbaycanın davamlı inkişafının təmin edildiyini ortaya qoyub. Nazirlər Kabinetinin aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında dövlət başçısı cari ilin ilk 3 ayı ərzində əldə edilən nailiyyətlərdən, iqtisadi göstəricilərdən söhbət açıb. Qeyd olunub ki, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və ilin sonuna qədər bu rəqəmin daha da artacağı gözlənilir. Həmin dövrdə sənaye istehsalı 4,4 faiz artıb. Qeyri-neft sektorunda sənaye istehsalı isə 15,6 faiz artım nümayiş etdirib. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar görülən işlərin nəticəsidir və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması Azərbaycanda həyata keçirilən siyasətin bariz nümunəsidir. Bununla yanaşı, birinci rüb ərzində kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri 5,5 faiz artıb. Bunun müqabilində inflyasiya cəmi 2,1 faiz təşkil edib. Prezident deyib ki, cari ilin ilk 4 ayında ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb.


Prezident İlham Əliyev 2018-ci ilin yekunlarını və cari ilin birinci rübündə əldə edilən nailiyyətləri sadalayaraq, 2019-cu ilin də ölkəmiz üçün uğurlu il olacağına əminlik ifadə edib: "Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır... Bununla belə, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, 2019-cu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov də "Kaspi” qəzetinə açıqlamasında 2019-cu ilin Azərbaycan üçün uğurlarla yadda qalacağını dilə gətirib. Millət vəkili qeyd edib ki, artıq Azərbaycanda dayanıqlı iqtisadiyyat formalaşıb. Onun fikrincə, yalnız iki makroiqtisadi göstərici söylənilənlər üçün tutarlı faktdır: "Cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Bu, çox böyük göstəricidir. Çünki, 2018-ci ilin yekununa görə ümumi daxili məhsul bir il ərzində cəmi 1,4 faiz artmışdı. Cari ilin birinci rübündə bu göstərici iki dəfə çoxdur. Bununla bərabər, dövlət büdcəsi ölkədə baş verən prosesləri özündə ifadə edən başlıca makroiqtisadi göstəricidir. Birinci rübdə büdcənin gəlirləri əvvəlki dövrlə müqayisədə proqnozdan 200 milyon manat artıq olub. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bu məsələ üzərində xüsusilə dayanaraq bildirdi ki, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirib, əhali tərəfindən yüksək qiymətləndirilib və əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradıb. O vurğulayıb ki, birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsi vergi sahəsindən, 50 milyon manatdan çox hissəsi gömrük sahəsindən əldə olunub. Vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya biliblər. Dövlət başçımızın da vurğuladığı kimi, bu, islahatların bariz nümunəsidir. Həyata keçirilən islahatlar, şəffaflıq və yeni yanaşma nəticəsində birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə edilib, bu da ilk növbədə, sosial sahədə mühüm addımların atılmasına imkan yaradıb”.

A.Hüseynov bildirib ki, Azərbaycanda illik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enib, strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara qalxıb. Onun sözlərinə görə, büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artıb. Millət vəkili ilk dəfə olaraq qeyri-neft sektoru üzrə mal və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu da diqqətə çatdırıb. Deyib ki, nominal ümumi daxili məhsulun göstəricisi 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə 80 milyard manatadək artıb. O, bütün bu faktları sadalayaraq, ümumilikdə 2019-cu ilin də Azərbaycan üçün müsbət sosial-iqtisadi göstəricilərlə yadda qalacağını söyləyib. A.Hüseynov onu da əlavə edib ki, Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, həyata keçirdiyi islahatlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları tərəfindən də dəstəklənir.

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov da qəzetimizə açıqlamasında bildirib ki, 2018-ci ilin və cari ilin dörd ayının yekunlarına nəzər salsaq, Azərbaycan dövlətinin və xalqının öz həyatında, tarixində yeni mərhələyə qədəm qoyduğunu müşahidə edə bilərik. Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar prosesi həyatımızın bütün sahələrində hiss olunmaqdadır: "Ötən bir il və bu ilin ilk rübündə bütün sahələrdə islahatlar prosesinin yeni mərhələsinin, yeni dalğasının müsbət nəticələrini və töhfələrini görməkdəyik. Elə bir sahə yoxdur ki, orada islahatlar, struktur kadr dəyişiklikləri, yeniliklər baş verməsin. Hər gün yeni uğurların, yeni zəfərlərin şahidi olmaqdayıq. Bunlar ölkə prezidentinin sədrliyi ilə keçirilən və müstəqil dövlətimizin tarixinə düşəcək 30 aprel iclasında bir daha dilə gətirildi. Bildirildi ki, ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyulub. Yəni, 11 aprel prezident seçkiləri ərəfəsində anonsu verilən islahatlar prosesinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmağa, hazırlıq işləri aparılmağa başlanılıb. Dövlət başçısının da qeyd etdiyi kimi, artıq 2019-cu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir və sübut edir ki, düzgün yoldayıq, islahatlara alternativ yoxdur”.

Millət vəkili islahatların davamlı xarakter daşıyacağı, ona alternativin olmayacağı barədə Prezident İlham Əliyevin iclasda səsləndirdiyi fikirlərə də diqqət çəkib. Bildirib ki, Azərbaycanda islahatlar prosesinin yeni məzmunda və keyfiyyətdə həyata keçirilməsinin təşəbbüskarı, eyni zamanda icraçısı olan dövlət başçısı bir daha 2003-cü ildən indiyə qədər verdiyi vədlərin, söylədiyi fikirlərin üzərində qaldığını bəyan edib. Onun sözlərinə görə, ölkə rəhbəri Azərbaycan vətəndaşı və dövləti naminə hər zaman sözünü tutduğunu, vədlərinə əməl etdiyini, qətiyyətini, iradəsini, əzmkarlığını nümayiş etdirib: "Bu baxımdan hesab edirəm və qəti şəkildə əminəm ki, növbəti rüblərdə, növbəti mərhələlərdə də daha böyük uğurların, nailiyyətlərin şahidi olacağıq. Buna adım kimi əminəm və bu əminliyi də Azərbaycan dövləti və xalqı naminə dayanmadan, yorulmadan fəaliyyət göstərən cənab İlham Əliyev yaradır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər