20 Yanvar – Hüzn və Şərəf günü
20 Yanvar faciəsi bəşər tarixinə Azərbaycan xalqına
qarşı törədilmiş terror aktı və soyqırımı kimi düşüb. Keçmiş sovet dövlətinin
hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror
aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dünya tarixində
qara səhifə olaraq qalacaq. Ölkəsinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində
yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet
rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha
nümayiş etdirdi.
Hər il olduğu kimi, bu il də dünya mediası
Azərbaycan xalqının 28 il əvvəl yaşadığı faciəyə geniş yer verir, faciə
qurbanlarını anır. Qeyd edilir ki, Azərbaycana qarşı ərazi iddiaları irəli
sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara
himayədarlıq etməsinə qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı
sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı
ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı. Bu xüsusda qardaş Türkiyənin
əksər media orqanlarında, telekanallarda faciənin baş vermə səbəbləri və
buraxdığı izlər barədə ətraflı məlumat verilir.
Mərmərə Qrupu Strateji
və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver "Milliyet”
qəzetində dərc etdirdiyi məqaləsində yazır ki, 20 Yanvar Azərbaycan tarixində qara
bir gündür: "1990-cı il yanvarın 20-də törədilmiş böyük insan cinayətindən
iyirmi səkkiz il keçir. "Bakı Qətliamı” və ya "Qara Yanvar” kimi adlarla
xatırlanan bu böyük acı Bakı küçələrindəki qan ləkələrinin üzərinə
qərənfillərin düzülməsinə görə "qərənfillərin ağladığı gecə” olaraq yaddaşlarda
qalıb. Mixail Qorbaçovun sədrliyi altında Sovet İttifaqı rəhbərliyi 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə "ermənilərin və rusların Azərbaycanda həyatı
təhlükədədir” bəhanəsiylə fövqəladə vəziyyət elan etdi. Dərhal da xəbər etmədən
Bakıya dörd ayrı tərəfdən girən Qırmızı ordu müdafiəsiz xalqı qanına qəltan etdi.
Həmin gecə 131 nəfər öldürüldü, onlardan 117-si azərbaycanlı, 8-ü rus, 3-ü
yəhudi, 3-ü tatar idi, yüzlərlə azərbaycanlı həbs edildi.
"Qara Yanvar”ın əsas səbəbkarları ermənilər idi.
Azərbaycan da ermənilərin artan tələblərinə reaksiya verdikdə, bu cür qətliamla
üzləşdi.
Qısa müddətdə 186 min azərbaycanlı öz evlərindən
didərgin salınmış və Azərbaycana qovulmuşdu. Əslində bu, etnik təmizləmə əməliyyatı
idi. Məqsəd Qarabağ ərazisini Ermənistana birləşdirmək idi.
20 yanvar 1990-cı il, Azərbaycanla yanaşı,
bəşəriyyət üçün də insanlıq dramının ildönümüdür. Bu dram o vaxtkı SSRİ
rəhbərliyinin himayəsi ilə hazırlanmışdı. Dağlıq Qarabağ hadisələrinin ssenarisi
Moskvada hazırlanırdı. Sovetlər Birliyi eyni hadisəni 1956-cı ildə Macarıstanda,
1968-ci ildə Çexoslovakiyada, 1979-cu ildə Əfqanıstana etdiyi müdaxilələrlə
həyata keçirib. Özünün ən əhəmiyyətli respublikalarından biri olan Azərbaycanda
bu hadisələrin təkrarlanması da onların davamı idi. Bu hadisə sonradan Dağlıq
Qarabağda silahsız bir hala gətirilmiş Azərbaycan türklərinin yerindən-yurdundan
qovulmasına səbəb oldu və həmin ərazilərin işğalına şərait yaratdı. Beş ildən
sonra - 1995-ci il aprelin 27-də İstanbuldakı Çırağan sarayında Mixail Qorbaçov
"20 yanvar-20 yanvar” deyəcəkdi: "Bakıda fövqəladə vəziyyət elan edərək qoşun
göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.
Bu gün də bütün dünyada gerçək mənada lənətlənməyən
20 Yanvar və onun əsəri olan Dağlıq Qarabağ hadisələri tərkibində 1992-ci il
fevralın 26-da baş verən Xocalı qırğını bu prosesin davamından başqa bir şey
deyil. Buradakı cinayət insanlığa qarşı cinayətdir. Bu cinayətin Azərbaycana
qarşı törədildiyini, yalnız türklüyə qarşı olduğunu düşünmək kifayət deyil.
Səhvdir. Bu cinayət bütün insanlığa qarşı işlənmişdir. Bu acı hadisələrin
ildönümündə Azərbaycanda şəhid olanları rəhmətlə xatırlayırıq. Allah rəhmət
eləsin”.
Qeyd edək ki, Akkan Suverin "Qərənfillərin ağladığı
gecə” adlı başqa bir məqaləsi çoxtirajlı "Gözləm” qəzetində türk, "Hüriyet
Daily News” qəzetində isə ingilis dilində dərc olunub. Məqalədə 20 Yanvar
faciəsinin səbəbləri və acı nəticələri barədə oxuculara ətraflı məlumat
verilir. Müəllif yazır ki, öz suverenliyi uğrunda mübarizə aparan Azərbaycan
xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tanklarının qarşısına
çıxaraq milli iradəsini və birliyini ortaya qoyub. Bu faciənin Dağlıq Qarabağ
problemi ilə bağlılığını əsaslandıran professor Akkan Suver erməni
vandallarının törətdiyi Xocalı soyqırımı barədə həqiqətlərdən bəhs edib. Məqalədə,
həmçinin keçmiş sovetlər birliyi ordusunun mövcud olduğu dövrdə digər ölkələrdə
törətdiyi cinayətlərə də toxunulur.
Bundan əlavə, "Haberler.com”da dərc edilən "Azərbaycan
sovet ordusunun "20 Yanvar qətliamı”nı unutmadı” başlıqlı məqalədə faciədən
danışılır. Məqalədə bildirilir ki, Azərbaycanda 1990-cı ildə sovet ordusunun
vətəndaşları qətl etdiyi "20 Yanvar qırğını”nın acı xatirəsi, aradan 28 il
keçməsinə baxmayaraq şahidlərin yaddaşında təzəliyini qoruyur: "Azərbaycanlılar
hər il 20 Yanvarda şəhidlərini anmaq üçün Şəhidlər Xiyabanına axın edir.
Azərbaycan xalqı, sovet ittifaqının süqutu və müstəqilliyin qazanılmasında
əhəmiyyətli bir dönüş nöqtəsi kimi qəbul edilən "Qanlı Yanvar” hadisələrini,
eyni zamanda tarixlərinin şanlı bir səhifəsi olaraq da görür. 1990-cı ilin
əvvəllərində ermənilərin artan torpaq tələblərinə və sovet rəhbərliyinə
reaksiya göstərmək üçün etiraz nümayişləri təşkil edən azərbaycanlıları cəzalandırmaq
üçün Bakıya gələn sovet ordusu, 20 Yanvarda aralarında qadın və uşaqların da
olduğu 150-yə yaxın dinc vətəndaşı qətlə yetirmiş, yüzlərlə adamı isə
yaralamışdı. Sovet ordusu yalnız Bakıda deyil, bölgələrdə də qırğınlar etmişdi.
Bakıdan 170 kilometr uzaqlıqdakı Neftçalada 2 mülki şəxs sovet əsgərlərinin
atəşi nəticəsində həyatını itirmişdi. Neftçalada yaşananların şahidlərindən 60
yaşlı Mustafa Əliyev bildirir ki, bir yoldaşının sinəsini güllələrə sipər
etməsi nəticəsində o, sağ qalıb. Ermənilərin ərazi iddialarına qarşı qurulan
Qarabağ Müdafiə Komitəsinin üzvü Əliyev şahid olduqlarını belə izah edib: "Sovet
ordusunun Neftçalaya da gələcəyini bilirdik. 25 yanvarda Qarabağ Müdafiə
Komitəsi olaraq toplantı keçirirdik. Birdən olduğumuz məkana sovet əsgərləri hücum
etdi. Əsgərlərin binaya girməsini önləmək üçün qapıya doğru qaçdıq. Yaxın
məsafədən bizə atəş açdılar. Dostum Əbülfəz Cəfərov sinəsini sipər edərək
həyatımı qurtardı. İçəriyə girən bir əsgər silahın qundağı ilə məni vurdu.
Əsgərlərin təsadüfi açdığı atəşə hədəf olmamaq üçün sürünərək qaranlıq
otaqlardan birində gizləndim, lakin əsgərlər təxminən 30 adamı həbs edib apardılar”.
Bundan əlavə, kocaelikoz.com, kha.com.tr və digər
xəbər portallarında yayılan məqalələrdə 20 Yanvar faciəsinin siyasi səbəbləri,
məqsəd və nəticələri ətraflı təhlil edilir. Eləcə də "TRT AVAZ” 20 Yanvar
faciəsi ilə bağlı silsilə reportajlar yayıb. Kanalın yaydığı bütün süjet və
reportajlarda 28 il əvvəl baş verən, Azərbaycan xalqının tarixində şanlı səhifə
olan Qanlı Yanvar hadisələri bütöv bir xalqın həmrəylik və milli azadlıq eşqi
kimi dəyərləndirilib.
Azər NURİYEV