“18 yaşıma qədər iki dəfə zarafatım olub, ya olmayıb”

Ötən gün aktyor,
ssenarist Ələkbər Əliyev qonağımız oldu. "Planet
Parni iz Baku” KVN teatrının aktyoru və
ssenari müəllifi olan müsahibimiz, həmçinin bir neçə filmin ssenari müəllifi və
rejissorudur. Hazırda Rusiya kino və televiziya aləmində də yaradıcılıq işləri
ilə məşğul olan Ə.Əliyevlə söhbətimizdə bir çox qaranlıq məsələlərə aydınlıq gətirdik.
- Ələkbər müəllim, çoxdandır sizi görmürük. Haralardasınız, hansı işlərlə
məşğulsunuz? Yoxluğunuzun səbəbi nə ilə əlaqədardır?
- Ola bilsin ki, ekranlarda yoxam
deyə, məni görə bilmirsiniz. Son zamanlar işlərimin çoxu Rusiya ilə əlaqədar
olduğu üçün efirlərə çıxmırdım. Həm də bilirsiniz ki, mən ssenaristəm,
aktyordan fərqli olaraq ssenari müəllifi bir qədər kölgədə qalır. Əgər efirdə
görünmürəmsə, bu o demək deyil ki, boş dayanmışam. Əsla. Dayanmadan çalışırıq.
Hələ qarşıda bir çox yeni layihələrimiz olacaq. Həm "Planet Parni iz Baku” komandasının, həm də öz
layihələrimi nəzərdə tuturam.
- Öz
layihələriniz dedikdə, nələri nəzərdə tutursunuz?
- "Youtube”da bir kanal açmaq istəyirik.
Bu kanalda qısa formatlı verilişlərin nümayiş olunmasını planlaşdırıram.
Buradakı verilişlər çoxşaxəli olacaq. Yəni bir veriliş turizmə, digəri
avtomobillərə həsr olunacaq, hətta müsahiblər də burada yer alacaq.
- Bu kanal məsələsi o qədər də gəlirli sahə deyil. Əziyyəti çox, gəliri
az.
- Əslində pulu hər yerdən
qazanmaq olar. Sözügedən layihəni pul qazanmağa görə etmirəm. Bu işi sevirəm və
sevdiyim işlə məşğul olmaq istəyirəm. Hazırda ssenari yazıram və buna görə də
xoşbəxtəm. Oradan aldığım maaşla ailəmi dolandırıram. Ancaq özümün də bir
kanalımın olmasını və belə bir eksperiment etmək istəyirəm. Çünki Azərbaycanda
belə layihələr yoxdur. Mən bunların hamısını yumor prizması ilə göstərməyə
çalışıram. Bir neçə gənc istedadlı uşaqlarla ünsiyyətdəyəm. Onlara da dəstək
vermək istəyirəm ki, öz layihələrini bizim kanalda nümayiş etdirsinlər.

-
Komediyadan söhbət düşmüşkən, son dönəmlər bir çox komediya filmləri nümayiş
olundu. Yeni çəkilən komediya filmlərinə münasibətiniz necədir?
- Hazırda çəkilən komediya filmlərinin
yalnız bir hissəsinə baxmışam. Çəkilən filmlərdən İlham Qasımovun filmlərini bəyəndim.
"Bozbash pictures”in komandası bir az fərqli stildə çalışır, ancaq onların
stili tamaşaçıların xoşuna gəlir. Onlar bilirlər ki, kütləyə nə vermək
lazımdır. Bu üsulu tapıblar və bu onlarda yaxşı alınır. Sabah Şəmi, Şoşunun
yerinə mən çıxsam, bu obrazları təbii ki, tamaşaçı bəyənməz. Yəni deməyim odur
ki, onların yaratdığı obrazları tamaşaçı sevir. Bundan başqa, "Bayram axşamı”
filmi bir qədər qənaətbəxş idi.Təəssüflər olsun ki, bizim filmlər
mənim gözümdə iki hissəyə bölünür – yaxşı ssenariləri olub da pis çəkilənlər,
yaxşı çəkilib də pis ssenarisi olanlar. Bizdə əsas problem budur. İki həftə
bundan qabaq "Pərdə-2”
filminə baxdım. Açığını deyim, bu filmdən çox zövq aldım. Bu film nə qədər
keyfiyyətli olmasına baxmayaraq, tənqidlərə tuş gəldi. Hətta dedilər ki, bu
filmdə söyüşlərdən çox istifadə olunub.
-
Sizcə, nə üçün türk filmlərində işlədilən söyüşlər qəbul olunur, bizim yerli
filmlərdəki vulqar ifadələr isə tənqidə tuş gəlir?
- Axı, o, xarici söyüşdür (gülürük).
Bizimkilərə görə, xaricilərin söyüşü belə yaxşıdır. Xaricdə nə varsa, hamısı
yaxşıdır. Bizim əksər tamaşaçılar belə düşünürlər. Əslinə baxsaq, Cem Yılmazın
filmlərində böyük söyüşlər var. Ən yaxın dostumla belə oturarkən, o söyüşdən
istifadə etsəm, təbii ki, mənə tərs-tərs baxacaq. Ancaq Cem Yılmaz bunu yerində
edir. "Pərdə-2”
filmində də işlədilən söyüşlər yerindədir. Həmin söyüşlər filmdə olmasa, onun
bir marağı qalmaz. O demək deyil ki, film söyüşün sayəsində sevilir, xeyr,
aktyorlar çox möhtəşəm oynayıblar.
- Az əvvəl qeyd etdiniz ki, Rusiyada işləyirsiniz. İstərdik, oradakı
layihələrlə bağlı danışasınız.
- Rusiyada daha çox ssenarist
kimi çalışıram. Bir sıra kanallar üçün ssenarilər yazmışam. 3-4 il bundan qabaq
Rusiyada "Yasmin” serialından təklif aldım, kastinqdən
keçdim. Sonra isə məni kütləvi səhnələr üzrə rejissor kimi dəvət etdilər.
Kütləvi səhnə dedikdə, bizimki kimi arxa planda 3 nəfər nəzərdə tutmuram.
200-250 nəfəri bir pavilyona salıb Moskvanın içərisində İstanbulu "yaratmaq”
kimi böyük bir sistemlə çalışırdıq. Rusiyadan dəvətlər çox olur, hamısını qəbul
etmirəm.
- Səbəb?
- Bizdə mentalitet söhbəti var.
Müəyyən layihələr var ki, mən orda özümü görmürəm.
- Məsələn?
- Məsələn, mən heç vaxt intim səhnələrə
çəkilməmişəm. Kadrda öpüşmək mənlik deyil. Bir dəfə olub, o da...Bilirsiniz ki, Rusiyada həddindən
artıq çox erməni yaşayıb çalışır. Əgər mənə təklif olunan obrazın filminin
rejissoru ermənidirsə, o filmdə iştirak etməkdən imtina edirəm. Bu yaxınlarda
çox məşhur bir seriala dəvət aldım. Kastinqdən keçdim. Yaradıcı heyətlə söhbətdən
sonra məlum oldu ki, mənim obrazım taksi sürücüsüdür. Mən orada erməni rolunu
oynamalıyam. Ancaq bu roldan imtina etdim. Yarım qram da olsun peşman deyiləm.
Bəzi şeylər var ki, mənə qəbul deyil.Rusiyada film və digər sahələrdə
çalışan peşəkar insanlarla çox yaxşı əlaqələrimiz var. Bu əlaqələrimiz getdikcə
daha da güclənir. Sizə onu deyə bilərəm ki, ruslarla Bakıda möhtəşəm bir film çəkmişik.
Filmi "Planet Parni iz Baku” komandası çəkib.
Yaxın zamanda görəcəksiniz.

-
Rusiyada bir sıra layihələrdə iştirak etmisiniz. İstərdik, onların film sənayesinə
yaxından bələd olan bir mütəxəssis kimi, bizi onlarla müqayisə edəsiniz.
- Ən böyük fərq büdcədədir. Bunu
qəbul etmək lazımdır. Bizdə deyirlər ki, Hollivudda bir film 100 milyon dollara
çəkilib, mənə də həmin pulu versələr, o filmdən çəkərəm. Elə bir şey yoxdur.
Orda hər işdə işinin peşəkarları məşğul olur. Bizdə film ərsəyə gəldikdən sonra
rejissor deyir ki, büdcə az idi deyə film belə çıxıb. Rejissor filmi çəkməmişdən
əvvəl əlində olan imkana və vəziyyətə baxır. Əgər istədiyini verə bilməyəcəksə,
onda filmdən imtina etməlidir. Burda məktəbin olmamağı gözə çarpır. Bizdə
sistem elədir ki, meydançada işıqçılıqla, operatorluqla və s. bu işi başdan
çıxmayan insanlar məşğul olur. İki dəfə xəbər verilişində kamera tutan insanlar
özlərinə operator deyirlər. Filmi çəkən rejissor da ən ucuzunu axtarır. Ona görə
əlinə iki dəfə kamera alan insanı operator kimi işə cəlb edir. Mən bu barədə
danışmağa başlasam, gərək səhərə qədər danışam.
- Ələkbər
bəy, siz həm tanınmış aktyor, həm də ssenaristiniz. Bunların hansı sizin üçün
daha çətindir?
- Təbii ki, ssenarist olmaq. Azərbaycanda
ssenaristə o qədər də qiymət verilmir. Ssenari yazmaq üçün gərək insanın əhval-ruhiyyəsi
yaxşı olsun. Bir də hansı auditoriyaya necə müraciət etməyi bilmək vacibdir.
İnsanları ağlatmaq çətin deyil, güldürmək çətindir. İki dəfə təsirli ssenari
yazırsan və insanlar ağlamağa başlayır. Hər insanın problemi var və o, səhnəyə
baxanda kövrəlir.
-
Maraqlıdır, incəsənətə aktyor, yoxsa ssenarist kimi gəlmisiniz?
- İncəsənətə KVN-dən gəlmişəm. O
zamanlar mənim heç danışıq qabiliyyətim yox idi. 18 yaşıma qədər iki dəfə
kiminləsə zarafatım ya olub, ya olmayıb. Aktyor kimi sənətə qədəm qoydum və
daha sonra yazmağa başladım.
- Və
gördünüz ki, yazmaq sizdə daha yaxşı alınır?
- Xeyr. 3 il ərzində komandada o
adam qalmadı ki, mənə "yazma” deməsin. Deyirdilər ki, "Alik daha mənə ssenari gətirmə,
vaxtımı alırsan”. Ancaq ssenari yazmaq xoşuma gəlirdi, dayanmadan yazırdım. 3
il sonra KVN üçün mahnı yazdım, bu da hamının xoşuna gəldi.
-
Ssenaridən söhbət düşmüşkən, hazırda Azərbaycanda komediya yazan "ssenarist”lərin
sayı günü-gündən çoxalır. Ancaq onların bir məktəbi, öyrənə biləcəkləri bir təhsil
sistemləri yoxdur. Sizcə, komediya yazmaq üçün təhsil önəmlidirmi?
- Hazırda yazılan komediyaların
80 faizi klounada üzərində qurulub. Onların hamısı insanları güldürmək üçün
yüngül gülüşə hədəflənib. Gənc ssenaristlərə məsləhət görərdim ki, ən azından kitab oxusunlar. Ssenarini
yazmaqla bağlı gözəl kitablar var. Təəssüflər olsun ki, bu sahə üzrə Azərbaycanda
heç bir təhsili ala bilmirik. Mən Rusiyada, Ukraynada bu sahə üzrə keçirilən
kurslarda təhsil almışam. Bu yaxınlarda Türkiyəyə gedəcəyəm.Bizim ssenaristlər özlərini
çoxbilmiş kimi göstərirlər. Soruşanda ki kitab oxumusan, deyirlər ki, onsuz da
hər şeyi bilirik. Deyir ki, səhnəyə çıxırsan, sürüşüb yıxılırsan, insanlar
gülür. Kitab mənə bunumu öyrədəcək? Kitab oxusalar, görərlər ki, səhnədə
yıxılmaqla tamaşaçı gülmür, onları sözlə güldürmək lazımdır.
- Bu
səbəblərdəndir ki, bizdə Stand up yoxdur?
- Stand up elə bir janrdır ki,
bunu klounluqdan çox kənara çıxarda bilmirlər. Bir dəfə klounluq edirsən, iki dəfə,
üçüncüdə artıq dayanırsan. Təəssüflər olsun ki, bizim Stand up-çıların çoxları
internetdən götürdükləri zarafatlarla gəlirlər.
-
Siz onu haradan bilirsiniz ki, internetdən götürülüb. Bütün zarafatları izləyirsiniz?
- KVN-ə aid hər şeyə bələdəm və
bütün oyunlara baxıram. Ssenari yazan adam məğzi tutur. İnternetdən zarafat
oğurlayan adamların ən böyük problemi bilirsiniz nədir? Onlar elə bilirlər ki,
internet ancaq onlarda var. Hamımız internetdən istifadə edirik. İdeyalar məhduddur.
Təzə şeylər fikirləşmək lazımdır. Dəfələrlə şahidi olmuşam ki, mənim ssenarilərimdən
istifadə edirlər. Etsinlər, sözüm yoxdur. Sadəcə olaraq oturub işləmək
lazımdır, necə ki, vinerlər işləyirlər.
- Bəs
viner-lərin fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?
- Viner-lərin ən böyük problemi məktəblərin
olmamağıdır. Mənim planlarımda var ki, gənc viner-lər üçün ustad dərsləri
keçim. Gənclərin çəkdikləri vine-lara baxıram, bir çoxlarında böyük qüsurlar
var. Tanıdıqlarımdan Emil Musayev mənə müraciət edir. Ancaq təəssüflər olsun
ki, o da çəkəndən sonra mənə göstərir. Ssenari yazmaq istəyən bütün adamlarla
görüşək, mən onlara əlifbasını öyrətmək istəyirəm. Demirəm ki dərsimdə oturan hər
bir insan sabah böyük ssenarilər yazacaq. Dünyada belə bir şey yoxdur. Ancaq
oxuduqlarımı və təcrübələrimi onlarla paylaşacağam. Biz bu sənətə illərimizi
vermişik. Sabah səhnə fəaliyyətimizin 30 illik yubileyi olacaq. Biz ustad dərsləri
etsək, sizə deyim ki, heç viner-lər gəlməyəcək. Düşünəcəklər ki, mən ondan
yaxşı bilirəm. Mənim sosial şəbəkədə 300-400 min izləyicim var. Ancaq
yazdıqlarıma 30 milyondan artıq adam baxıb.
Xəyalə Rəis
