18 saata qaldırılan dərs yükü
Azərbaycanda müəllimlərin
dərs yükü normaları dəyişdirilib. Trend-in məlumatına görə, Nazirlər Kabineti
bununla bağlı "Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil
və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının
müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib. Normaların indiyədək olan
variantına görə, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və
liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət
məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək
rəhbərlərinin həftəlik 1 stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs
yükü 3 stavkanı aşmamalıdır) müəyyən edilmişdi. Yeni dəyişikliyə görə isə bütün
tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri
və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü – 18 saat (bu zaman
həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır) olacaq. İdman və incəsənət
məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək
rəhbərlərinin həftəlik 1 stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs
yükü 3 stavkanı aşmamalıdır) müəyyən edilib. Bu qərar sentyabrın 15-dən qüvvəyə
minir. Qeyd edək ki, qərarın adında, onun dövlət ümumi təhsil və peşə təhsili
müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılmış müəllimlərə aid edilməməsi ilə bağlı istisnalıq təşkil edən hissə
çıxarılıb. Edilən dəyişikliklərin əhəmiyyətini və növbəti mərhələdə dərs
saatlarında, müəllimlərin əmək haqqında nə kimi dəyişikliklərin olacağını öyrənməyə
çalışdıq.
Təhsil eksperti Nadir İsrafilov qeyd
etdi ki, müəllimlərin dərs yükü normalarının dəyişdirilməsi və əməkhaqqının
müəyyənləşdirilməsinə müxtəlif illərdə fərqli variantlar tətbiq olunub: "Hələ
sovet dönəmində tətbiq olunan mövcud təlimata əsasən, müəllimin həftəlik dərs
yükü 18 saat müəyyənləşdirilir, müəllim 1 stavka yarım dərs saatları ilə
yüklənə, 240 saat saathesabı dərs apara bilirdi. Regionlarda və xüsusilə də
ucqarlarda müəllim çatışmazlığı ilə əlaqədar 2 stavka dərs aparan
müəllimlərimiz də az deyildi. Sonralar müəllimin həftəlik stavka dərs yükü 12
saata endirilirdi. Bir ara isə müəllimlərin dərs yükünə məhdudiyyət belə
qoyulmadı. "Dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli Sərəncamına
əsasən Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik ondan ibarətdir ki,
normaların indiyədək olan variantına görə, bütün tipdən olan ümumtəhsil
məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində,
idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil
müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü - 12 saat
müəyyən edilmişdi. Yeni dəyişikliyə görə isə bütün tipdən olan ümumtəhsil
məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində
müəllimlərin 1 stavka dərs yükü – 18 saat olacaq. İdman və incəsənət
məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək
rəhbərlərinin həftəlik 1 stavka dərs yükü - 12 saat müəyyən edilib və qərarın
adında onun dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik
və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə aid
edilməməyi ilə bağlı istisnalıq təşkil edən hissə çıxarılıb. Bu da normal
sayıla bilər və bunun təhsilin keyfiyyətinə hər hansı bir mənfi təsirin göstərə
biləcəyini iddia etmək olmaz”.
Təhsil eksperti Kamran Əsədov bildirir
ki, diaqnistik qiymətləndirmədə iştirak etməyən müəllimlər daha az əmək haqqı
alacaq: "İlk növbədə qeyd edim ki, "Dövlət ümumi təhsil müəssisələrində çalışan
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin
dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2015-ci ildə sərəncamı var idi. Dərs yükü bölüşdürülərkən mövcud
qanunvericiliyin və təlimatı sənədlərin tələbləri, müəllimlərin diaqnostik
qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə
alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs
yükü 18 saat müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin
saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə
hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən
müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili
idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə
müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı
qaydasında müəllim dəvət olunur. Amma bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərlə yanaşı, diaqnostik qiymətləndirilməsi
aparılmayan müəllimlər də var idi. Hansı ki, onlar MİQ-dən kənar işə qəbul
olmuşdular, bundan başqa onların diplomları dövlət nümunəli deyildi. Həmin
müəllimlərin əmək haqqı 2015-ci ildə artırılmamışdı və onlar köhnə stavka ilə,
bir stavka 12 saat olan tarif ilə əmək haqqı alırdılar, 6 saata qədər dərs deyə
bilirdilər. İndi yeni qayda onların stavkasını 12 saatdan 18 saata qaldırdı,
lakin dərs saatları artmadı. Bu da onların əmək haqqının ciddi şəkildə
azalmasına gətirib çıxaracaq. Çünki onlar əvvəl köhnə 12 saatlıq stavka ilə 6
saat, yarım stavka dərs deyib pul alırdılarsa, indi onlar artım olmadan bu əmək
haqqını alacaqlar. Həftəlik 1 stavka dərs yükü 18 saat olduğu üçün 490 manat
bölünür dərs saatına və artımla o dərsin pulunu DQ-də iştirak edən, MİQ yolu
ilə qəbul olan alır, amma bunlarda iştirak etməyən daha da az əmək haqqı
alacaq. Belə ki, buna qədər MİQ-dən kənar işə qəbul olan, diplomu dövlət nümunəli
olmayan 80-90-manat əmək haqqı alırdısa, indi bir az da az əmək haqqı alacaq. Belə
izah edim ki, MİQ və DQ-də iştirak edib
işə qəbul olan həftəlik 1 stavka dərs yükü 18 saat olduğu üçün 490 manat
bölünür 18 saata, 1 saatın məbləği tapılır və onu artımla alır. Amma MİQ və
DQ-dən kənar qəbul olan, diplom dövlət nümunəli olmayanda təxminən 1 dərs saatı
8-9 manata gəlib çıxır”.
Ekspertin
sözlərinə görə, hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri
müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır. Bu o deməkdir ki, diaqnostik
qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alacaq və
bu da onun yüksək əmək haqqı almasına imkan verəcək: "Bu artımdan sonra təkcə
Bakı şəhərində 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər
müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində
həmin müəllimlərin orta aylıq əmək haqqı 465 manat təşkil etməklə, ölkə üzrə
müvafiq göstəriciyə yaxınlaşıb. Yeni artımdan sonra müəllimlərin əmək haqqı
orta hesabla 77-99 manat artıb. İndi pedaqoji stajı 3 ilə qədər olan və bir
stavka dərs yükü dərs deyən müəllim aylıq 462 manat, pedaqoji staj 18 ildən çox
olan və bir stavka dərs yükü dərs deyən müəllim aylıq 594 manat əmək haqqı alacaq”.
Günel
Azadə