AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Özünü tənqid etdi, ən yüksək nəticəni qazandı

Özünü tənqid etdi, ən yüksək nəticəni qazandı

Müsahibə
05 Sentyabr 2020, 11:00 1814
Leyla Ağayeva: "Bu ixtisası seçən insanda öyrətmək sevgisi olmalıdır”
 
Müəllimlərin işə qəbulu imtahanlarında 3 il ard-arda iştirak edib. 2018-ci ildə 42, 2019-cu ildə 47, nəhayət, bu il ən yüksək nəticəni göstərərək 60 bal toplayıb. Elə məqsədi də seçdiyi peşədə ən uğurlu olmaq idi. Deyir ki, sosial şəbəkələrdən uzaqlaşıb və əzmlə çalışıb. Bəhanələrdən qaçaraq və zəif nöqtələrinin üstündə çalışaraq məqsədinə nail olub. Müsahibimiz müəllimlərin işə qəbul imtahanından yüksək bal toplayan Leyla Ağayevadır. Həmsöhbətimiz Bakıda anadan olub. 2003- 2014-cü illərdə 241 nömrəli məktəbi bitirib. Bakı Qızlar Universitetinin İbtidai sinif müəllimliyi ixtisasında təhsilini davam etdirib. Müəllimlik onun uşaqlıq arzusu olub: "Uşaqlıqdan özümlə müəllimlik oyunları oynayar, özümdən kiçiklərə bildiyim mövzuların asan yollarını öyrədərdim. Öyrədəndə içimdə sevinc hissi oyanırdı, özümlə qürur duyurdum ki, özümdən kiçiyə nə isə öyrətdim. İndi də qarşımdakı şagirdlərə mövzunu öyrədəndə, içimdə əvəzolunmayan xoşbəxtlik yaranır. Müəllimlik peşəsi çox məsuliyyətli peşədir, ibtidai sinif müəllimi isə ən çətinidir. Amma mən bu çətinliklərdən zövq alıram. Gördüyüm iş, seçdiyim ixtisas mənə sevinc gətirir”.

- 3 il ard-arda imtahan veribsiniz. 42, 47 və maksimal bal... Bəzi insanlar məqsədə gedən yolda büdrədikdə, geri addım atır və taleyi ilə razılaşır. İki il az nəticə əldə etməyiniz sizə necə təsir etdi?
- Məktəbdə iki il idi müqavilə ilə işləyirdim. Əsas məqsədim istədiyim nəticəni toplayıb daimi işə düzəlmək idi. Hər il aşağı nəticə göstərəndə qətiyyən həvəsdən düşmürdüm. Əksinə, bu, məni daha da ruhlandırır, "bunu bacarmalıyam” deyib özümlə mübarizə aparırdım. Hər dəfə deyirdim ki, gələn il çalışıb bundan da yüksək nəticə göstərəcəyəm. Özümü həvəsləndirməklə yanaşı, həm də tənqid edirdim ki, az nəticə göstərdimsə, deməli, yetəri qədər oxumamışam. Zəif bildiyim məqamları tapır və üzərində daha çox çalışırdım. Zəif nöqtəm daha da güclənməli və mən istədiyim nəticəni toplamalı idim. Bəlkə də uğur qazanmağımın əsas səbəbi özümü tənqid etməyim idi. Çalışırdım ki, bəhanələr gətirməyim və o bəhanələrə sığınmayım. Çünki bəhanələr gətirib, o bəhanələrə sığınanda insan qarşısındakı məqsədə çatmaqda çətinlik çəkir. Bəhanələr adamın əzmini qırır. Mən bu bəhanələrdən qaçırdım. Bu xüsusiyyətlər məni məqsədimə çatdırdı.

- İbtidai sinif müəllimliyi həm böyük məsuliyyət, həm da xüsusi yanaşma tələb edən peşədir. Balaca uşaqlarla işləmək, onlarda oxumağa maraq oyatmaq üçün nələr lazımdır?
- İbtidai sinif müəllimi ilk olaraq səbirli olmağı öyrənməlidir. Öz hisslərinə hakim olmalı, hisslərini idarə etməlidir. Çünki qarşısında əyləşən uşaqlardır. Onlarla ünsiyyətdə davranışına fikir verməlidir. Daha sonra uşaqların maraq dairəsini öyrənməlidir. Uşaqları müşahidə edib, onların maraq dairəsini öyrənib, şagirdə ona uyğun yaxınlaşmalıdır. İbtidai sinif müəllimi müşahidə etməyi bacarmalı və araşdırmalıdır. "Hansı üsullardan istifadə etsə, qarşısındakı şagirdini daha yaxşı öyrədə bilər?” sualına daim cavab tapmalıdır. Şagirdin dərsi mənimsəməsi üçün asan olan üsulları öyrənməlidir. 

- Deyirlər müəllimliyə qarşı sevginin də, nifrətin də səbəbkarı vaxtilə sənə dərs deyən müəllimlərdir...
- Müəllim insanın taleyini dəyişə bilən peşədir. İbtidai sinif, şagirdlərə məktəbi, təhsili sevdirir. Mənə də sənətimi ilk dəfə müəllimlərim sevdirib. Peşəni sevdikdən sonra qazanc, artıq ikinci plana keçir. Bu ixtisası seçən insanda öyrətmək sevgisi olmalıdır. İlk dəfə sinfə daxil olanda, artıq hiss edirsən ki, sən məsuliyyət daşıyırsan. Müəllimlik şərəfli, bir qədər də məsuliyyətli peşədir. Bu sənəti seçən bu peşənin məsuliyyətini dərk etməlidir.
 
- İbtidai sinif müəllimi olmaq üçün hansı şəxsi keyfiyyət və bacarıqlar tələb olunur?
- İlk olaraq təmkinli olmalıdır. Daha sonra şagirdlərlə ünsiyyət qurmağı bacarmalı, onların sevgisini, inamını qazanmalı, məktəbə, dərsə həvəs yaratmalıdır. Şagirdlərin daxili aləmini oxuya bilməli, hiss etməlidir. Onları anlamalıdır. Şagirdlərə bir obyekt kimi deyil, şəxsiyyət kimi yanaşmalı, hüquqlarını qorumalıdır. Müəllim ilk olaraq özünə sevgi və inam qazanmalı, daha sonra şagirdlərlə ünsiyyət qurmağı bacarmalıdır. Şagirdlərə fərdi yanaşmalı, onlar arasında fərq qoymamalıdır. İbtidai sinif müəllimi şagirdlər arasında diqqətini paylaya bilməlidir. Həm əyləşən şagirdlərə, həm danışan şagirdə diqqətini eyni anda verməyi bacarmalıdır. İbtidai sinif müəllimi məktəbdə uşaqlara ikinci ana kimi olmalıdır. Onlara qayğı, diqqətlə yanaşmalıdır. Çünki hər şagird fərqli tərbiyəni alır və fərqli evlərdən gəlir. Müəllim onları tanımalıdır.

- Peşənizin maraqlı tərəfi nədir?
- Şagirdlərin hər birinin fərdi fikirləri, daxili aləmləri, dünyagörüşləri var. Daxili aləmləri çox zəngindir. Ən maraqlısı isə arzulardır. Hər bir şagirdin özünəməxsus arzuları var. Həm onları ifadə edəndə, həm də yazıda əks etdirəndə, müəllimi belə düşündürür, bəzən də güldürür. Dünyaları çox rənglidir və o rəngləri bizə ötürə bilirlər.

- Bu peşəni seçmək istəyən həmyaşıdlarınıza hansı məsləhətlər vermək istəyərdiniz?
- İlk olaraq bu peşənin çətinliyini bilməlidirlər. Bu çətinliyin öhdəsindən gələ biləcəklərsə, səbirlidirlərsə, bu peşəni seçməlidirlər. İstər uşaqlarla işləmək, istər valideynlərə ünsiyyət qurmaq asan deyil. Qarşında əyləşən uşaqlar müxtəlif ailələrdən gələn, müxtəlif xüsusiyyətlərə malik uşaqlardır. Ən əsası uşaqları sevməlidir. Əgər bunları bacarmayacaqsa, bu peşəni seçsə belə, uğur qazana bilməz. Müəllim olmaq istəyənin bu xüsusiyyətləri yoxdursa, bu peşədə işləyə bilməyəcək.

- Sizcə, indiki dövrün ibtidai sinif şagirdləri ilə 10 il bundan qabaq ibtidai siniflərdə oxuyan uşaqlar arasında fərq varmı? İndiki uşaqlar nə ilə fərqlənir?
- Çox fərq var. İlk olaraq 10 il bundan öncə oxuyan şagirdlərin söz azadlığı yox idi. Müəllim icazə verəndə danışa bilərdilər. Amma indi elə deyil. İndi hər bir şagirdin öz sözünü demək, fikrini ifadə edə bilmək haqqı var. 10 il bundan öncə müəllimlər şagirdlərin hüquqlarını nəzərə almırdı. O vaxt şagirdlər ancaq müəllim deyəni öyrənirdi. Yəni öyrənmək vasitəsi müəllim idi. İndi müəllim istiqamət verəndir. Çətinlik çəkəndə izah edir. Şagirdlər özləri araşdırıb öyrənirlər. Müəllim, sadəcə istiqamət verir və dəstək olur. 10 il bundan öncə ibtidai sinif şagirdlərinin maraq və istəkləri nəzərə alınmırdı. İndi isə uşaqların maraq dairəsi öyrənilir və dərslər o formada mənimsədilir.

- Bu gün iki uşağı bir evdə saxlayan valideynlər belə onları idarə etməkdə çətinlik çəkir. Gənc xanım kimi bir sinfi idarə etmək çətin deyil ki?
- Təbii ki, sinfi idarə etmək çox çətindir. Bu da müəllimdən sinfi idarə etmək bacarığının olmasını tələb edir. Mən 2 il ərzində 2 fərqli məktəbdə çalışmışam. İlk işlədiyim məktəbdə dərs dediyim sinifdə 7 şagird var idi, buna görə də həmin sinfi idarə etməkdə çətinlik çəkməmişəm. Lakin ikinci çalışdığım məktəbdə sinfimdə artıq 29 şagird oxuyurdu və ilk günlər idarə etmək mənim üçün çox çətin idi. Sonralar şagirdlərin diqqətini özümə çəkmək və sinfi idarə etmək üçün yollar axtardım. Bu sahədə öz üzərimdə işləməyə başladım və buna nail oldum. Ümumiyyətlə, hər bir müəllim öz üzərində çalışmalıdır. Bu, təkcə ibtidai sinif yox, bütün müəllimlərə aiddir. Çünki sinifdə olan şagirdlər müxtəlif xasiyyətə və xüsusiyyətə malikdirlər. Müəllim, həmçinin dərs demək üçün da təzə üsullar axtarmalı, təhsil aləmində baş verən bütün yeniliklərdən xəbərdar olmalıdır. Öz üzərində çalışan və axtarışda olan müəllim həmişə uğurlu olacaq.

- MİQ-də ən yüksək bal toplamağın sirri nədir? Bu imtahana hazırlaşan həmkarlarınıza nə demək istəyərdiniz?
- Uğurun sirri özünəinam və qarşıya qoyulan məqsəddən başlayır. Ən əsas məsələlərdən biri isə vaxt bölgüsünün düzgün nizamlanmasıdır. Elə müəllimlər var ki, lazım olan məlumatları oxuyub, bununla kifayətlənirlər. Mən təcrübəli müəllimlərdən də kömək istədim. Onlar məni yönləndirdilər. Bu müddətdə müəyyən çətinik olur. Sosial şəbəkələrdən uzaq olmaq, diqqəti sırf məqsədə yönəltmək lazımdır. Məqsədinə fokuslansan, istədiyinə nail ola bilərsən.

Aygün ƏZİZ