Özünü Bakıda tapan bayburtlu “könül adamı” - Fotolar

Özünü Bakıda tapan bayburtlu “könül adamı” - Fotolar

Mədəniyyət
31 Avqust 2019, 09:30 1813
O, əslən Türkiyənin kiçik tarixi şəhəri olan Bayburtdandır.  Uşaq yaşlarından anasından eşitdiyi xalq  mahnılarının sədaları  ilə böyüyüb. Hazırda İstanbulda yaşayan və ifaçılıq sənəti ilə məşğul olan müsahibim Sehlan Burak, ölkəsində xalq mahnılarının mahir ifaçısı kimi tanınır.  Amma təkcə ifaçı kimi yox, aparıcı və aktyor kimi də fəaliyyət göstərir. Deyir ki,  hər xalqın öz mədəniyyəti var və mədəniyyətindən, kökündən qopan millətin gələcəyə ümidi yoxdur. Müsahibim etiraf edir ki, gənc yaşlarında xanımlarım könlünü almaq üçün mahnı oxusa da, sonra bu sahədə təhsil alıb və xalq musiqinin təbliği ilə məşğul olmağa başlayıb. 
 
- Sehlan bəy, özünüzü necə təqdim edərdiniz?
- Bayburtlu Sehlan. 2006-cı ildən bəri "Könül adamı” adlı verilişin aparıcısıyam. Bir az sevda və könül adamıyam. Uzun müddətdir ki, musiqi ilə məşğulam. Anamın mənim üçün ifa etdiyi xalq mahnıları ilə böyümüşəm. 86 yaşında dünyasını dəyişən anam, qoca yaşında belə mahnı oxuyurdu. Musiqiyə böyük həvəsi vardı. Bəzən məni televiziyadan izləyir, ifa etdiyim xalq mahnıları tənqid edirdi və ev gələndə "bu mahnını yaxşı oxumadın, o, sənə uyğun bir mahnı deyil” deyirdi. Onun hər kəlməsi mənim üçün qanun idi. Məktəb illərindən mahnı oxuyurdum, daha sonra Bələdiyyə Konservatoriyasına daxil oldum, televiziyalara çıxdım.   
 
 

- Qeyd etdiniz ki, ananız bəzən səsləndirdiyiniz mahnıları tənqid edirdi. Bəs tənqidlə aranız necədir?
- Təhqir olmazsa, tənqidə sonuna qədər açığam. Amma bilərəkdən və məni gözdən salmaq üçün ünvanıma təhqir söylənirsə, bunu qəbul etmirəm. Qarşı tərəf tənqid məqsədi ilə sizi beldən aşağı vurursa, bunu tənqid hesab etmirəm və həmin insanın fikirlərinə diqqət yetirmirəm. Əgər tənqid olmazsa,  inkişaf edə bilmərik və işimizdə heç bir irəliləyiş olmaz.  
 


- Bu gün xalq mahnılarını ifa etmək o qədər də məşhurluq gətirmir. 
- Əslində bu gün pop musiqilər daha çox inkişaf edib və əsas tələbat da həmin mahnılaradır.  Çox istəyirəm ki, xalq musiqisinə bir dönüş olsun.  Bugünün gəncləri tamamilə başqa musiqilərə meyllidirlər. Bir insanı məhv etmək üçün onu mədəniyyətindən qoparmaq lazımdır. Musiqi də insanı öz mədəniyyətindən qopmaq üçün ən ideal vasitədir. Demirəm gənclər roku, popu dinləməsin, məsələn, qızım da pop, rok qruplarını dinləyir. Nəyi dinləyirlərsə dinləsinlər, kimliyini itirməsin, kökünün, hardan gəldiyini unutmasınlar. Öz kökünü bilməyən insan  modern ola bilməz. Çox istəyirəm ki, gənclərimiz oxusunlar, inkişaf etsinlər, tarixlərini araşdırsınlar, dünyada yaşayan hadisələrə açıq gözlə baxsınlar. Bir mahnının təsirinə düşüb, onun arxasınca getməsinlər.  Azərbaycanı özünəməxsus edən onun xalq mahnıları və milli-mədəni dəyərləridir. Bunları kimlərsə qoruyub saxlamalıdır və kimsə o xalq mahnılarını ifa etməli, onu gündəmdən düşməyə, unudulmağa qoymamalıdır. Biz bu gün bu mahnılarımıza sahib çıxmasaq, böyüyən gənclik onlardan xəbərsiz olacaq, elə biləcəklər elə pop mahnıları onların xalq mahnılarıdır. Bir dəfə  araşdırma etdim və acı reallıqla üz-üzə qaldım. Avropa dövlətləri zəngin mədəniyyətə malik olan ölkələr üçün viza məsələsini ağırlaşdırıblar.  Uüçün uşaq vaxtı Amerikanın kosmik filmlərini izləyirdik. Onlar olmayanları həqiqət kimi göstərirdilər. İllərdir Amerika dünyanı "biz möhtəşəm gücə sahibik” devizi altında qorxutdu və idarə etməyə başladı. Dünyaya "mənim görünməz silahlarım, kosmosa uçan təyyarəm var” mesajlarını verdi. Ancaq halbuki elə bir şey yoxdur. Amerikanın elə də böyük tarixi  yoxdur və mədəniyyətlərinin içərisi bomboşdur. Adi Almaniyada toyları bizim toylar kimi keçirməyə başlayıblar. İndi-indi xına gecələri keçirir, toylarının yaddaqalan olması üçün bizim adətlərə keçməyə başlayırlar.   Yoxsa bir şampan və bir neçə dostla toylarını idarə edirdilər. Bu el şənliyini keçirməyin özü bir mədəniyyətdir və onların belə adətləri yoxdur. Orada türk toylarının dizaynında el şənlikləri keçirən şirkətlər belə var.  Yəni deməyim odur ki, gərək hər bir xalqın özünün adətləri, musiqisi zəngin olsun. Baxın görün  Azərbaycan və Türkiyə xalq mahnıları insana necə gözəl duyğu bəxş edir. O mahnılar bizə bizim kim olduğumuzu xatırladır. Bir dəfə Fransaya konsert verməyə gedəcəkdim. Bir  məscidin imamı ilə  birlikdə  Fransız konsulluğuna müraciət elədim. Həmin imama viza verdilər, ancaq mənə vermədilər. Mənim də bir dostum Bayburtda icra başçısının köməkçisi idi, onun tanışlığı ilə konsulluğa gəldik. Mənə maraqlı idi ki, nə üçün Fransada konsert proqramı ilə çıxış edə bilmərəm. Konsulluqdan dedilər ki, siz niyə Fransaya getməyə bu qədər inad edirsiniz? Onlar düşünürlər ki, yüksək mədəniyyətə məxsus olan dövlətlərin sənətçiləri onların ölkəsinə gəlib öz ölkələrinin mədəniyyətini təbliğ edərlər. Onlar isə bunu istəmirlər və təmiz fransız xalqı yetişdirmək niyyətindədirlər. Dil, din, yemək, musiqi bir ölkənin əsas mədəniyyətidir. Onlar da öz ölkələrində türk və başqa dövlətlərin mədəniyyətini görmək istəmirlər. Bir dövlətin mədəniyyətinin zənginliyi onun xalq mahnılarında görünür. Buna görə də musiqinin gücünü heç də zəif görməyin.  
 
 

- Hesab edirsiniz ki, musiqi ilə tanınmaq mümkündür?
- Əlbəttə ki, bir sənətçini məhz elə musiqinin gücü ilə tanıyırsınız. Zor tətbiq etməklə,  pulun hesabına edə bilməyəcəyimizi musiqilər və müğənnilər edir. O musiqi bütün gəncliyi ələ alır. İnsanlar dünyaca məşhur müğənnilərin sözlərinə daha çox inanır. 

- Bildiyimiz qədəri ilə sizin bir çox albomlarınız var və  Bakıya da elə albom hazırlığı üçün gəlibsiniz. 
- Bəli. Yeni albom üzərində çalışıram. Albomuma bir neçə Azərbaycan xalq mahnıları da əlavə etmək istəyirəm və bunun üçün burdayam. Bundan başqa həmin mahnıya Bakıda klip çəkdirəcəyəm. Hələ ki, albomda 12 mahnı var, onların 4-nün sözü və musiqisi mənə aiddir. Bir də Bakıya aid şeir yazıb, ona mahnı bəstələyəcəyəm.
 


- Türkiyədə konsertlərdən və albomlardan pul qazanmaq mümkündürmü?
- Əlbəttə ki, müğənninin əsas qazancı konsertlərdir və ondan sonra el şənlikləri.  

- Azərbaycanda isə müğənnilərin əsas qazanc yeri toylardır.
- Bu, əslində bütün dünyanın şou sektorunda belədir. Ancaq bu gün toylarda daha çox disklərdən istifadə edilir. Müğənni toya gəlirsə, diskini gətirib fonoqram oxuyur.
 
- İndiki dövrdə albomdan pul qazanmaq mümkün olmadığı halda, niyə bu qədər albom çıxartdırmağa israrlısınız?
- Albom biz müğənnilərin özünü ifadə etmək üçün bir vasitədir. Bir növ müğənninin vizit kartıdır, şəxsiyyət vəsiqəsidir. Albom çıxardacaqsınız, o alboma klip çəkdirəcəksiniz, bu klip sizi tanıdacaq və beləcə, sizə pul gətirəcək. 
 

 
- Ancaq o mahnılar internetdə var və onu pulsuz şəkildə yükləmək mümkün olduğu halda, dinləyicilər niyə pul verib albom alsınlar ki?
- Albomdakı mahnıların çoxu internetə yükləmək üçün ifa olunur. Yaşı 40-ı keçən elə dinləyicilər  var ki, onların internetdə istifadə etmək imkanı olmur və hələ də mahnıları CD-dən dinləyirlər. Bundan başqa maşınla yol gedəndə sosial mediaya girə bilmirsiniz və diskdə olan mahnıları dinləyirsiniz. 
 
- İstanbulda nə işlə məşğulsunuz?
- Sadəcə öz sənətimlə məşğulam. Musiqi ciddi bir işdir. Bundan başqa bir işlə məşğul olmaq mümkün olmur. Həm də musiqi ilə yanaşı başqa sahələrdə işləmək sənətçi üçün deyil.

- Yaradıcılığınıza nəzər salanda pop janrında mahnılara da rast gəlinir.
- Mənim ifamda pop mahnıları gözəl alınır. Bu sahədə təhsilim də var. Pop musiqiçilərinin mahnılarından da ifalar edirəm. Təəssüf ki, xalq musiqisi gənclər tərəfindən çox da dinlənmir. Amma rok və pop janrı gəncləri daha çox cəlb edir. Ancaq pop janrından pul qazanmaq istəmirəm. Məni xoşbəxt edən milyonlarca pop və rok ifaçılarının arasında mənim xalq mahnılarımın olmasıdır. İstəmirəm yaşlanandan "sənətçi olub da  cəmiyyətə nə verdin?” sualı ilə üz-üzə qalım.   
 
 
 
- Azərbaycanda ilk dəfə gəlibsiniz. Təəssüratlarınız necədir?
- Əslində Azərbaycan haqqında başqa fikirdə idim. Ancaq Bakıya gəldikdən sonra hər şeyin fərqli olduğunu gördüm. Mən daha dağınıq və köhnə sovetlər dövründən qalma bir şəhər görəcəyimi düşünürdüm.  Bakıda gördüyüm mənzərə məni çox heyrətləndirdi. Məsələn, nəqliyyatın sıx inkişaf etdiyi yollarda maşınların ciddi nizam-intizamı var. Yollarda gedən və gələn maşınların arasında hasarlanmış və dəmirlərlə halqalanmış sərhəd yoxdur. Sadə bir xətlə gediş və gəliş yolu var. Və heç bir maşın digərinin yoluna çıxmır.  Mən bir türk olaraq bununla qürur duydum. Bakıda özümü tapdım. Ancaq məni narahat edən məsələlər də oldu. Məsələn, Bakıda çox az məscid var. Sabah azanını eşitmədim. Bu, məni məyus etdi. İnsanın içərisindəki inanc hər şeydən önəmlidir. Azərbaycana xüsusi sevgim var.  Çünki Azərbaycan bizim türklük şüurunun çox fərqli inkişaf etdiyi bir məmləkətdir.  Uzun müddət müstəmləkə altında qalıb, ancaq buna baxmayaraq öz adət-ənənələrini, dilini qoruyub saxlamağı bacaran bir dövlətdir. Buna görə də ölkə rəhbərliyinə və Azərbaycan xalqına böyük təşəkkür düşür. 
 
Xəyalə Rəis