Özünə umac ova bilməyənlərin Azərbaycana əriştə kəsmək istəyi
XX əsrin əvvəlində müsəlman
Şərqində ilk Demokratik Cümhuriyyət quran Azərbaycan xalqı demokratik
dəyərlərə, bərabər hüquqlara ən yüksək səviyyədə riayət etməyə çalışıb. Misal
üçün, dövlət quruculuğu istiqamətində atılan addımlar zamanı mütərəqqi
demokratik prinsiplər əsas götürülüb. İlk dəfə məhz Azərbaycanda qadınlara
seçib-seçilmək hüququ verilib, qadınlar dövlətin, cəmiyyətin idarə olunmasında
iştirak ediblər. Halbuki, superdövlət sayılan ABŞ-da qadınlar 1848-ci ildən
başlayaraq, seçkidə iştirak hüququ tələbi ilə çıxış etsələr də, buna yalınız 72
il sonra nail olublar. Bir çox hallarda "demokratiyanın beşiyi” kimi təqdim
edilən Fransa qadınların seçki hüququnu 1944-cü ildə tanıyıb.
1918-ci ildə yaradılan
AXC-nin ötən il 100 illiyini qeyd edən Azərbaycanda isə indi də bütün insan
hüquq və azadlıqları təmin olunub. 100 il öncə və bu gün Azərbaycan
vətəndaşları dininə, dilinə, irqinə, dərisinin rənginə, sahib olduğu
mədəniyyətə, həyata baxışlarına görə ayrı-seçkiliyə məruz qalmayıb. Müasir və
müstəqil Azərbaycanın Konstitusiyasına görə bütün ölkə vətəndaşları bərabər
hüquqlara sahibdirlər. Vəzifəsindən, kimliyindən asılı olmayaraq, bütün
Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdirlər. Azərbaycanda sərbəst
toplaşma, söz-mətbuat, fikir, din, vicdan və sair azadlıqlar təmin olunub.
Ölkədə demokratik prinsiplərə riayət edilir, mütərəqqi dəyərlərə önəm verilir.
Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçisidir və hər kəs
düşüncələrini azad şəkildə yaza, yaya, ictimailəşdirə bilir. Bunun üçün hər
hansı məhdudiyyət yoxdur.
Lakin əfsuslar olsun ki,
bəzi hallarda bu azadlıqlardan sui-istifadə edilir, demokratiya, azadlıq
məfhumu özbaşınalıq kimi qəbul edilərək qanun pozuntularına yol verilir. Bəzən unudulur
ki, hər kəsin azadlığı bir başqasının azadlığının, hüququnun başlandığı yerə
qədərdir. Bir sıra hallarda onlayn media, sosial şəbəkələr üzərindən ayrı-ayrı
şəxslər barəsində bilməyərəkdən, yaxud da məqsədli şəkildə yanlış məlumatlar
paylaşılır, insanların işgüzar nüfuzuna xələl gətirilir, kiminsə şəxsiyyətinə
toxunacaq ifadələr işlədilir, kiməsə şər-böhtan atılır. Əlbəttə ki, bütün
bunlar yolverilməzdir və qanuna görə belə əmələ yol verənlər məsuliyyət
daşıyırlar. Azərbaycan hüquqi dövlət olduğu üçün belə məsələlərə məhkəmə
müstəvisində də qiymət verilir. Son günlər mediada adı tez-tez hallanan və
hazırda həbsdə olan Mehman Hüseynov adlı gəncin üzləşdiyi situasiya buna bir
nümunədir.
Xatırladaq ki, M.Hüseynov
2017-ci il yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin
əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci
(polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi
rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb.
M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında yalan
danışaraq bildirib ki, saxlanılarkən guya polislər ona işgəncə veriblər. Daxili
İşlər Nazirliyi onun bu açıqlamasını təkzib edib və M.Hüseynovun böhtan atdığı
barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilib ki, M.Hüseynovun polisi
ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi
üçün DİN tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisiMusa
Musayevxüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi
M.Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham
etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını
istəyib. Şikayət məhkəmə baxışına qəbul edilib, M.Hüseynov barəsində başqa yerə
getməmək haqda iltizam tədbiri seçilib.
Ötən il mart ayının 3-də Suraxanı
Rayon Məhkəməsində şikayət üzrə məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısı
M.Hüseynovun 3 il müddətinə həbs edilməsini tələb edib. Məhkəmə onun 2 il
müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. 2018-ci il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan
edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi
axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin
Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli
Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib,
fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda
olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı cinayət işi başlanıb.
Faktlardan
da göründüyü kimi, M.Hüseynov hansısa jurnalist fəaliyyətinə, siyasi əqidəsinə
görə deyil, məhz polisin qanuni əmrinə tabe olmamaq, böhtan atmaq, hakimiyyət
nümayəndəsinə zor tətbiq etmək kimi cinayət
əməlinə yol verib. Ancaq anti-milli qruplar və onların xaricdəki
havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün
fürsət kimi istifadə edirlər. Məsələ elə təqdim edilir ki, guya M.Hüseynov quru
aclıq keçirir, səhhəti kritik durumdadır. Halbuki, Ədliyyə Nazirliyinin
Penitensiar Xidməti məlumat yayaraq bəyan edib ki, M.Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır. Onun
qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi
məlumatda təsdiqini tapıb. Bundan başqa, İnsan Hüquqları üzrə
Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi
Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər.
MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu
müəssisədə saxlanılan M.Hüseynov da konfidensial qaydada qəbul olunub,
müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti
özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb.
Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır,
gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır. Başçəkmə
çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılması
üçün Baş Prokurorluğa göndərilib.
Bütün bunlara baxmayaraq,
xüsusi komanda ilə fəallaşan "5-ci kolon”un fəalları, o cümlədən AXCP sədri Əli
Kərimli, Milli Şura rəhbəri Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu,
Orduxan Temirxan, Tural Sadıqlı və digərləri gerçəkliklərə siyasi don
geyindirərək, onu fərqli formada ictimaiyyətə sırımağa, Azərbaycan barəsində
beynəlxalq aləmdə yanlış rəy formalaşdırmağa çalışırlar. Bununla onlar
ermənipərəst dairələrin, Azərbaycanın uğurlarına, müstəqil, demokratik, hüquqi
dövlət kimi inkişafına qısqanclıqla yanaşan güc mərkəzlərinin sifarişini yerinə
yetirirlər. Halbuki, demokratiya və insan haqlarından dayanmadan danışan bu
ünsürləri demokratik dəyərlər deyil, aldıqları və alacaqları qrantlar
düşündürür. Antimilli ünsürlər öz havadarlarının, maraqlı dairələrin dəstəyi
ilə M.Hüseynovun əhvalatından şou düzəldirlər. Onlar "aclıq aksiyası” adı
altında toplumsal çatışmalar yaratmaq, mediadan, sosial şəbəkələrdən, o
cümlədən, bəzi beynəlxalq təşkilatlardan təzyiq vasitəsi kimi istifadə etmək
niyyəti güdürlər. Söhbət o beynəlxalq təşkilatlardan gedir ki, onlar mənsub
olduqları dövlətlərin gözlərində tirləri görmür, başqa dövlətlərin gözündə çöp
axtarır, qarışqadan fil düzəltmək, yaxud olmayan bir şeyi dezinformasiya ilə
şişirtməyə cəhdlər edirlər.
Hələlik son olaraq Fransada
baş verən aksiyalar, etirazçıların fiziki zorakılığa, polis işgəncələrinə məruz
qalmaları, hətta öldürülmələri, həbs olunmaları və belə bir fonda sözügedən
beynəlxalq qurumların susqunluğu acı gülüş doğurur. Öz gözlərində tiri görməyən
Fransanın Xarici İşlər Nazirliyi Mehman Hüseynovun tezliklə azad ediləcəyinə
ümid bəslədiyini bildirib. Adamlar öz daxillərində hər gün yüzlərlə insanı
saxlayır, həbs edir, cərimələyir, fiziki güc tətbiq edirlər, sonra da
Azərbaycanda 2 il əvvəl həbs olunmuş Mehmanının müdafiəsinə qalxırlar. Adama
deyərlər, əvvəl özünə umac oymağı öyrən, sonra başqasına əriştə kəs də...
Burada analoji sual yaranır
ki, nəyə görə özlərini demokratiyanın beşiyi adlandıran Qərb dövlətlərində,
eləcə də Avropada belə hallar baş verərkən heç kim - hüquq müdafiə
təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti BMT-nin
əlaqədar qurumları səslərini çıxarmır? Amma Azərbaycanda baş verən hər hansı kiçik
bir hadisə, yaxud kiminsə qanun qarşısında məsuliyyət daşıması xüsusi qaydada
qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə
antidemokratiyada ittiham olunur. Əslində bununla onlar hadisələrə obyektivlik
prizmasından deyil, ikili standartlardan, şəxsi maraqları çərçivəsindən
yanaşdıqlarını, qərəzli olduqlarını nümayiş etdirirlər.
Alpər
TURAN