Özündə müasir liderin əsas keyfiyyətlərini birləşdirən siyasətçi
Prezident İlham Əliyevin ad günü ilə bağlı Rusiya,
Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrin mediasında çoxsaylı materiallar
dərc edilir. Bu materiallarda prezident İlham
Əliyevin yürütdüyü siyasətin öz bəhrəsini verdiyi, Azərbaycan tək regionda
deyil, dünyada söz sahibi olan bir dövlətə çevrildiyi, ölkədə hərtərəfli sabitliyin
təmin olunduğu əsas xətt kimi keçir. Ən əsası, Azərbaycanın təhlükəsiz,
geosiyasi problemlər vəd etməyən cəlbedici ixrac mənbəyinə, enerji və nəqliyyat
xabına çevrildiyi bildirilir. Rusiyanın nüfuzlu "Moskva-Baku” portalında dərc
olunan məqalədə bu məsələlərdən bəhs edib. "İlham Əliyev - qloballaşan
dünyanın müasir liderinin etalonudur”, - deyə müəllif məqaləsini məşhur yazıçı
Çingiz Aytmatovdan sitat gətirməklə başlayıb. "Əlbəttə, İlham Əliyev
birdən-birə lider və ya lider üçün etalona çevrilməyib. Bütün bu aspektlər hər
zaman istedad, iti ağıl və yüksək mədəniyyətlə möhkəmlənib”.
Məqalədə qeyd
edilir ki, İlham Əliyev "Əsrin müqaviləsi”nin hazırlanması və həyata
keçirilməsinə böyük töhfə verib: "Müqavilə 1994-cü ildə imzalanıb. Burada əsas
rolu Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan oynayıb. 23 il sonra 2017-ci
ilin 14 sentyabrında Bakıda "Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinə dair
yeni "Əsrin müqaviləsi” imzalandı. Müqaviləyə əsasən, Azərbaycanın iştirak payı
11.6-dan 25 faizə qədər artdı. Yüksək peşəkarlıq, diplomatik qabiliyyət –
müasir liderin əsas keyfiyyətləridir. Məhz bunlar İlham Əliyevin siyasi
karyerasının fərqli və cəlbedici xüsusiyyətləri sırasındadır. Prezidentlik
dövrünün ilk günlərindən etibarən İlham Əliyev neft amilini xalqın və müstəqil
Azərbaycanın mənafeyi naminə istifadə edir”. Məqalə müəllifi yazır ki, sonradan
prezident bu məsələ barəsində belə deyirdi: "Biz "qara qızıl”ı insan kapitalına
çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və
bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft
yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində
yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir.
Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün
Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın
formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.
Uzun illər Azərbaycan ictimaiyyətini narahat edən
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi İlham Əliyevin daimi diqqət
mərkəzindədir. O dəfələrlə qeyd edib ki, Azərbaycan Qarabağsız ola bilməz.
Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll olunması – dövlət başçısının birmənalı mövqeyidir. Azərbaycan
prezidenti birmənalı və qəti şəkildə bildirib: "Nə 5 il, nə 10 il, nə 15 il
sonra, hətta 100 il sonra belə Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaq.
Prezident olduğum müddətdə buna imkan verməyəcəyəm”. İlham Əliyev hər yerdə
novator və islahatçı yanaşmasını nümayiş etdirir. Dünyada baş verən proseslər
və dəyişikliklərin məntiqinə əsaslanaraq Azərbaycanın daimi inkişafını
sürətləndirən vacib addımlar atır. Azərbaycanla Aİ arasındakı yeni müqavilənin
bağlanması üzrə danışıqlar prosesini başladan Brüssel səfəri, Nyu Yorkda
BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə çağırış etdiyi Baş
Assambleyadakı çıxışı, Avropa ilə Asiyanı birləşdirən ən qısa yol olan Bakı-Tbilisi-Qars
dəmiryolunun açılışı ilə əlaqədar Bakı Beynəlxalq Dəniz Ticarəti limanındakı
təntənəli mərasim, Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə
üçtərəfli sammit, "Şimal-Cənub dəhlizi”nin yaradılmasına dair plan daxil
olmaqla enerji və nəqliyyat sahələrində geniş layihələrin müzakirəsi və s.
İlham Əliyevin "prezidentlik xronikası”nın yalnız bir hissəsidir. İlham Əliyev
uğurlu və özünəməxsus bir şəxsiyyətdir. Zəngin insani dəyərləri, kübar
davranışı, rasional düşüncə tərzini, sarsılmaz vətənpərvərlik, praqmatizm və
milli mentaliteti özündə birləşdirərək Azərbaycanın ictimai həyatına və
siyasətinə yeni bir nəfəs, müasirlik və intellektualizm gətirir”.
Portalda dərc olunan məqalədə o da qeyd edilir ki,
"İlham Əliyev atası Heydər Əliyevin mənəvi-siyasi və dövlətçilik irsini davam
etdirən şəxsdir. O, ümummilli liderin siyasi kursuna tamamilə sadiqdir.
Prinsiplərə sadiqlik, intellektual parıltı, cəmiyyətə qarşı açıqlıq,
tolerantlıq, səmimiyyət və humanizm kimi keyfiyyətləri atasından miras qalıb.
Heydər Əliyev kimi qətiyyət, enerji, zehni potensial və təşəbbüsə sahibdir.
İdarəetmə keyfiyyətlərinə sahib olmaq, bu və ya digər problemin müzakirəsində
fəal iştirak, müasir Qərb liderlərinə xas imic və ən əsası, qüsursuz avtoritet
Heydər Əliyev fenomeninin əsas göstəriciləri idi. İndi isə həmin keyfiyyətlər
məhz İlham Əliyevi xarakterizə edir. Ata və oğul xarakter cəhətdən səmimi
insanlardır. Səmimiyyət sadə vətəndaşlarla ünsiyyət zamanı daha parlaq şəkildə
özünü büruzə verir. Bütün müdrik dövlət xadimləri kimi İlham Əliyev də hər
kəslə ümumi dil tapmağı, sadə vətəndaşlarla istənilən psixoloji baryeri aradan
qaldırmağı bacarır. Öz siyasi komandasının üzvlərinə qarşı münasibətdə də
dövlət başçısı səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan ünsiyyət
tərəfdarıdır. Lakin bütün bunlar dövlət başçısının kifayət qədər sərt qərarlar
qəbul etməsini də istisna etmir. Xarizmatik lider olan İlham Əliyev özünə qarşı
da tələbkardır. İctimai fikirdə İlham Əliyev özünənəzarət və qanunun aliliyinin
təminatçısı kimi tanınır. Sərt intizam və yüksək məsuliyyət hissi dövlət
başçısının bütün fəaliyyətini əhatə edir”.
Öz növbəsində Birləşmiş Ərəb Əmirliklərinin
ərəbdilli "samanews” və "kolalarab” xəbər agentliklərində, "eremnews” internet
portalında, həmçinin ingilis, çin və rus dillərində nəşr olunan "Avia Most”
qəzetində "İlham Əliyev: Müsəlman dünyasının birliyə və həmrəyliyə ehtiyacı var”
sərlövhəli məqalə dərc olunub. Məqalədə son illərdə Azərbaycanın Birləşmiş Ərəb
Əmirlikləri sakinlərinin səfər etdikləri ən sevimli məkanlardan birinə
çevrildiyi bildirilir. Ölkəmizin mənzərəli yerlərindən, qış və yay istirahət
mərkəzlərindən, mülayim iqlimindən, ləziz mətbəxindən söhbət açılır. Azərbaycan
xalqının Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərə olan mehriban
münasibətindən bəhs olunur. Yazıda vurğulanır ki, Azərbaycan Cənubi Qafqaz
regionunun lider ölkəsinə çevrilib. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli
addımların atıldığı bildirilir. Qeyd olunur ki, enerji sektorunun inkişafı ilə
yanaşı, qeyri-neft sektorunun da müsbət dinamikasını təmin etmək məqsədilə
nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye, azad iqtisadi zonaların
yaradılması və digər sahələr təşviq edilməkdədir.
Bildirilir ki, Xəzər dənizində
yerləşən "Azəri-Çıraq-Günəşli” neft yatağının gələcəkdə işlədilməsi ilə bağlı
dünyanın aparıcı neft şirkətləri ilə 2050-ci ilə qədər yeni müqavilə imzalanıb.
2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub.
Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi dörd böyük layihədən
ibarətdir ki, onların üçü - "Şahdəniz-2”
qaz yatağının işlədilməsi, Cənubi Qafqaz Kəməri və TANAP layihələri üzrə işlər
yekunlaşıb, sonuncu olan TAP layihəsinin böyük bir hissəsi icra olunub. Yazıda
strateji baxımdan mühüm məkanda - Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat
dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın əsrlər boyu özünəməxsus körpü
rolunu oynadığı vurğulanır. Məqalədə 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir
yolunun açılış mərasiminin keçirildiyi bildirilir. Qeyd edilir ki, Avrasiya
məkanı üçün yeni yüksəliş layihəsi olan sözügedən dəmir yolu xətti qədim İpək
Yolunun polad magistrallar vasitəsilə bərpası deməkdir, bu isə öz növbəsində
Mərkəzi Asiya ölkələrinin, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına
çıxışını asanlaşdıracaq. Yeni dəmir yolu xətti regionda turizmin inkişafına da
güclü təsir göstərəcək. Eyni zamanda, məqalədə vurğulanır ki, yaxın gələcəkdə
Cənub-Şimal dəmir yolunun da istismara verilməsi nəzərdə tutulur. Bu nəqliyyat
dəhlizi vasitəsilə Cənubi Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən
Rusiya və Şimali Avropa ölkələrinə nəqli asanlaşdırılacaq. Bütün bunlarla
yanaşı, Azərbaycan Respublikası Çin Xalq Respublikasının təşəbbüsü olan "Bir
Kəmər - Bir Yol” layihəsini də dəstəkləyir.
Yazıda Xəzər dənizinin hüquqi statusu haqqında
Konvensiya barədə də bəhs edilir. Bu sənədin imzalanmasının regionda əməkdaşlıq
proseslərinə təkan verilməsi, dənizin bioresurslarının, ətraf mühitin qorunması
və təhlükəsizliyin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətli olduğu qeyd
edilir.
Məqalədə Azərbaycanın müxtəlif sivilizasiyalar və
mədəniyyətlərin qovşağında yerləşən nadir bir dövlət olduğu bildirilir.
Azərbaycanın humanitar məsələlərin müzakirəsinə çox böyük əhəmiyyət verdiyi,
ölkədə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlərin
keçirildiyi vurğulanır. Bu tədbirlərdən sonuncusu 2018-ci ilin oktyabrın 25-də
VI Bakı Beynəlxalq Humanitar Forumu olub. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş forumun
açılış mərasimində Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 90-dan artıq
ölkədən 400-dən çox xarici qonaq iştirak edib. Yazıda qeyd olunur ki,
Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək
futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku,
Formula 1 kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. 2017-ci ildə
Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı,
1000-dən çox komanda rəsmiləri iştirak edib. Bu vaxtadək İslam Həmrəyliyi
Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Bu Oyunları
50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.
Yazıda, İslamın Azərbaycanda hələ 7-8-ci əsrlərdə
yayıldığı bildirilir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi
dövrdə ölkədə İslam dəyərlərinin inkişafı istiqamətində böyük işlərin
görüldüyü, yeni məscid və məbədlər tikildiyi bildirilir. Xüsusi qeyd olunur ki,
əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda
onların sayı 2200-ə yaxınlaşır. Bütün bunlarla yanaşı, Müsəlman dünyasının
üzləşdiyi problemlərin gündəmə gətirilməsi, həll olunması istiqamətində də
Azərbaycan səylərini əsirgəməyib. Prezident İlham Əliyev İƏT-in rəsmi mətbuat
orqanı olan "OIC Journal”da dərc olunmuş "İslam həmrəyliyinin gücləndirilməsi
zamanın çağırışıdır” sərlövhəli məqaləsində bildirib: "Bu gün müsəlman
dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və
həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi
İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır”.
Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin
ölkədə apardığı inamlı siyasət Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır
və dəstəklənir. Təsadüfi deyil ki, 2018-ci il aprelin 11-də keçirilmiş
prezident seçkilərində İlham Əliyev seçicilərin 86 faizdən çox səsini qazanaraq
yenidən prezidenti seçilib.
Türkiyənin "Hüriyyet” qəzeti də İlham Əliyevin
doğum günündən bəhs edib. Xəbərdə dünya dövlətlərinin liderlərinin, o cümlədən
Rusiya prezidenti Vladimir Putinin İlham Əliyevə təbrik məktubu göndərməsi,
telefonla zəng etməsini xüsusi qeyd edib.
Kamran