“Özümü səhnəsiz təsəvvür edə bilmirəm...” - Fotolar
Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət
Mərkəzinin dərnəkləri sırasında rəqs dərnəyinin xüsusi yeri var. Burada daha
çox özbək uşaqları məşğul olur. Mərkəzin rəqs dərnəyinin divarlarını
Azərbaycanla bağlı fotolar bəzəyir. İstər-istəməz, bu otaqda Azərbaycan
mühitinə düşdüyünü hiss edirsən. Otağın girişində oturan valideynlər oğul və qızlarının
əllərindən tutaraq bu dərnəyə gətirirlər. Burada onlara Özbəkistanın,
Azərbaycanın milli rəqsləri ilə yanaşı, başqa xalqların da rəqsləri öyrədilir. Onların
məşq prosesini izləyə-izləyə bu uşaqların gələcəkdə yaxşı incəsənət ustası ola
biləcəyinə şübhə etmirsən.
Tanınmış rəqqasə, Özbəkistanın və Azərbaycanın Əməkdar artisti Kökəb Əliyeva uşaqlara
bu sənətin incəliklərini həvəslə öyrədir. O, Mərkəzin nəzdindəki "Azəri qızları” rəqs ansamblının bədii
rəhbəridir.
82 yaşlı Kökəb xanım ömrünü bu sənətə uşaqlıqdan bağlayıb. Elə rəqs
dərnəyində yerləşən otağının divarları onun bütün yaradıcılıq fəaliyyətindən
söz açır. Gənclik dövrlərini əhatə edən fotolardan füsunkar rəqqasə boylanır.
Həmçinin divarlarda baletmeystr, ölkə incəsənətinin inkişafı ilə bağlı gördüyü
işləri əbədiləşdirən fotoları yer alıb. Haqqında yazılan qəzet və jurnalların
sayı-hesabı yoxdur. Elə təkcə onunla bağlı bu otaqda yer alan əşyalar zəngin
bir ömürdən xəbər verir.
Stolun üzərində aldığı fəxri fərmanlar, mükafatlar,
çoxsaylı medallar diqqət çəkir. Azərbaycanın
və Özbəkistanın Əməkdar artisti Kökəb xanım, həmçinin Özbəkistanın "Dostluq”,
"Şöhrət” və "Müstəqillik” ordenləri ilə təltif olunub.
O zaman 10 yaşım
vardı...
Kökəb xanımın atası Miri Əliyev əslən Xocalıdandır.
Ancaq İranda çalışdığı illərdə siyasi hadisələr onun da həyatından yan ötməyib.
1948-ci ildə ailəsi ilə birlikdə İrandan qaçaraq əvvəlcə Aşqabada, daha sonra Özbəkistana
pənah aparıb: "Biz 5 uşaq və anamla birlikdə yük maşınında Aşqabada, daha sonra
Özbəkistana gəldik” deyə Kökəb xanım xatırlayır: "O zaman mənim 10 yaşım vardı.
Baş verən hadisələri o qədər anlamırdım, amma bunların yaxşı olmadığını başa
düşürdüm. Böyüdükcə kökümüzün Azərbaycandan olduğunu öyrəndim və bu ölkəni
sevdim”.
Kökəb xanım taleyini rəqs sənətinə uşaqlıqdan
bağlayıb. Pionerlər evinin rəqs dərnəyinə gedib: "Özfəaliyyət dərnəklərində
rəqs etməyə başladım. Bu mənim üçün ilk rəqs səhnəsi oldu. Daha sonra Daşkənd Dövlət Xoreoqrafiya məktəbini
bitirməklə ömrümü həmişəlik bu sənətə həsr etdim. Mənim ifalarımı görüb
Özbəkistanın Estrada Orkestrinə dəvət etdilər. Özbəkistanda tanınmış Batır Zakirovun Estrada Orkestrində
işləməyə başladım. 1956-cı ildə ilk dəfə böyük səhnəyə çıxdım”. Gənc
rəqqasənin Moskvaya ilk qastrol səfəri də uğurlu olur. İfa etdiyi ərəb rəqsi
təkcə çoxsaylı tamaşaçıları məftun etmir, həmçinin yeni iş təklifləri ilə yadda
qalır: "Moskvada konsertdə "Şələbiyyə” ərəb mahnısına qurulan rəqsi ifa etdim.
Səhəri gün Qızıl Meydandakı Mərkəzi univermağa gedəndə bütün adamların mənə
diqqətlə baxdığını gördüm. Artıq bu rəqsdən sonra məni tanımağa başlamışdılar.
Elə Moskvada ikən Oleq Lundstrem
məni özünün estrada orkestrinə rəqqasə kimi dəvət etdi. Etiraz etmək
istədim, "əmək kitabçam Özbəkistandadır» dedim. «Bizə əmək kitabçası lazım
deyil» - deyə məni birbaşa öz ansamblına qəbul etdi. İki il orada çalışdım.
Sonradan yenidən atamın təkidi ilə Özbəkistana qayıtdım. Dövlət Uşaq Rəqs
Ansamblı ilə işləməyə başladım. Batir Zakirovun vəfatından sonra isə mən solo
ifalarımla fəaliyyət göstərməyə başladım. Çamadanımı, rəqs paltarlarımı götürüb
qastrollara yollanırdım...”
Kökəv xanım Özbəkistanın incəsənəti üçün çox
çalışıb. Rəqqasə kimi dünyanı gəzib. Solo ifaları ilə müxtəlif ölkələrin
möhtəşəm səhnələrində çıxışlar edərək tamaşaçıları heyran qoyub. Ərəb, hind,
Azərbaycan, özbək və s. ölkələrin rəqslərini özünəməxsus tərzdə ifa edib: «Bir
dəfə hind rəqsi ifa etməyə hazırlaşırdım. Başmaqlarımı geyinəndə, içərisinə
sındırılmış şüşələrin töküldüyünü gördüm” - deyə xatırlayır: "Ayaqlarım qana
boyandı, yeriyə bilmədim. Təcili yardım çağırıb məni xəstəxanaya apardılar. Bir
müddət müalicə aldım. Sənətdə bu cür qısqanclıqlarla da qarşılaşırdım”.
Rəqqasənin ifasında «Şələbiyyə» rəqsi Özbəkistanın
Qızıl Fonduna daxil olub: "Bu rəqs dünyanın bir çox ölkələrinə gedib çıxdı.
Azərbaycanda da bu rəqsi yaxşı tanıyırlar”.
"Bakını
istəyirik...”
Kökəb xanım Moskvada işlədiyi illərdə bir çox
ümumittifaq miqyaslı konsertlərdə çıxışlar edib. «Lujniki» stadionunda konsert
keçirilirdi” - deyə xatırlayır: "Rəşid Behbudov, Lyudmila Zıkina da konsertdə
iştirak edirdi. Sonra da mən səhnəyə çıxdım. Rəşid Behbudov «Sən
azərbaycanlısan, Özbəkistanda nə edirsən, gəl gedək Azərbaycana» - deyə məni
dəvət edirdi”. K.Əliyeva dəfələrlə Rauf Hacıyevin rəhbəri olduğu Azərbaycan
Estrada Orkestrinə də dəvət alır. Ancaq atası razı olmadığından işləmək üçün
Azərbaycana gələ bilmir. Lakin fəaliyyəti dövründə dəfələrlə Bakıya qastrola
gəlir. Azərbaycanın Əminə Dilbazi kimi məşhur rəqqasələri ilə iş birliyində
çalışır: «Əminə Dilbazi də Özbəkistana gəlib burada Azərbaycan rəqsləri
qururdu. Bir-birimizə rəqslərin disklərini göndərir və əməkdaşlıq edirdik. O
zaman onun «Çinar» ansamblı çox məşhur idi».
Kökəb xanımın Bakıya ilk gəldiyi gün isə ömürlük
yaddaşına yazılıb: «Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyev Özbəkistana
gəlmişdi. Bizim dövlət uşaq ansamblı onun qarşısında çıxış etdi. O, konsertdən
sonra qızları yanına çağıraraq «arzunuz nədir» - deyə soruşdu. Uşaqlar sevinclə
«Bakıya getmək istəyirik» dedilər. 10 gündən sonra 25 nəfərlik ansamblla Bakıya
dəvət olunduq. 15 gün konsertlər verdik. İstirahət etdik, muzeyləri gəzdik,
sərgilərdə iştirak etdik. Bakı səfəri hamımızın yaddaşına ömürlük yazıldı.
Sonradan mənim Bakıya bir neçə dəfə də qastrollarım oldu. Hər bir səfər
soydaşlarımın səmimiyyəti, məhəbbəti və alqışları ilə yadımda qaldı”.
Kökəb Əliyevanın Azərbaycan Mədəniyyət Mərkəzinin
açılışı zamanı Daşkənddə səfərdə olan prezident İlham Əliyevlə görüşdən də xoş
xatirələri var: «Azərbaycanın dövlət başçısı Mərkəzimizə gəldi və burada çalışanların
hər biri ilə mehribanlıqla görüşdü, məni qucaqladı. Prezident bizim
fəaliyyətimizlə yaxından maraqlandı. Azərbaycanın Əməkdar artisti fəxri adını
da onun sərəncamı ilə aldım”.
"Azəri qızları”
Görkəmli baletmeystr hazırda rəhbəri olduğu "Azəri
qızları” rəqs ansamblından həvəslə söz açır: "Ansamblda 45 uşaq məşğul olur.
Mən onları məktəblərdən toplayıram. Bir-bir təhsil ocaqlarını gəzərək rəqs etməyi
bacaran və həvəsli uşaqları cəlb edirəm. Onlar üçün kostyumlar tikilir.
Mərkəzin rəhbəri Samir Abbasov bütün xahişlərimi yerinə yetirir. Ansamblda
əsasən özbək uşaqları oynayır. Onlar Azərbaycanı sevirlər. Mən öz vətənimə olan
sevgimi bu uşaqlara ötürürəm. Dünyanın çox ölkələrini gəzmişəm.
Görüb-götürdüklərimi indi bu uşaqlara öyrədirəm. Daşkənddə yaşayan
azərbaycanlılar da öz uşaqlarını dərnəyə həvəslə gətirirlər. Onlar birlikdə
Azərbaycan milli rəqslərini həvəslə öyrənirlər”.
K.Əliyeva, həmçinin yetimxanalarla işləyərək
baletmeyster kimi rəqslər qurur. Bu yaxınlarda «Yetimlər oynayacaq» adlı
festival da keçirməyi düşünür: "Mən o uşaqlar üçün sponsorlar axtarıb tapıram,
hədiyyələr alıram. Hər bir uşağa hədiyyə verilir. Samir Abbasov da mənə çox
kömək edir. O həmişə 300-dən çox uşaq üçün hədiyyə təşkil edir. Bundan əlavə,
hər bir uşaq evinə televizor, paltaryuyan maşın və s. məişət əşyaları alıb
hədiyyə edirəm. Bu uşaqlar bu gün rəqs dərnəklərinə gəlməklə böyüyəndə ölkənin
incəsənətinə töhfə verəcəklər. Əminəm ki, onların üzərindəki əməyim itməyəcək”.
K.Əliyeva 2002-2005-ci illərdə "Özbəkistan – bizim ümumi evimizdir” festivallarının laureatı olub. Hazırda "Mexrijon” xeyriyyə fondunun həmsədridir. Rəqqasənin sənətinə olan sevgisi
tükənmir. "Heyf ki, qocaldım” - deyə təəssüfünü dilə gətirsə də, "amma
yenə də gücüm var. Nə zaman səhnəyə çıxıram, özümü lap cavanlıqdakı kimi hiss
edirəm” sözlərini təkcə təsəlli kimi demir: "Özümü səhnəsiz təsəvvür edə bilmirəm. Mən ömrümü
səhnəyə həsr etmişəm. Təkcə rəqslər qurmuram ki, həm də mahnılar oxuyuram.
Həmişə deyirəm ki, mən səhnədə öləcəyəm...”
Təranə Məhərrəmova
Daşkənd-Bakı