AZE | RUS | ENG |

“Özümü şanslı sayıram” - Fotolar

“Özümü şanslı sayıram” - Fotolar
British Coincil-un Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Uayt azərbaycanlıların onu mehribanlıqları və qonaqpərvərlikləri ilə təəccübləndirdiklərini deyir

Dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstərən British Council-un Azərbaycan nümayəndəliyi  ölkəmizdə fəaliyyətini uğurlu hesab edir. Bu gün British Council - Birləşmiş Krallıq və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin ayrılmaz və mühüm hissəsi hesab olunur. "Kaspi” qəzetində "Bizim qonaq” olan British Coincil-un Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Uayt  "Azərbaycanda fəaliyyətimizin əsas hədəfi ingilis dili bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq miqyasda tanınan imtahanların təmin olunması, incəsənət əməkdaşlığa töhfə verilməsi və ali təhsil müəssisələri və vətəndaş cəmiyyətinin potensialının artırılmasından ibarətdir”, - deyə bildirir.
 
Mən dövrümün övladıyam

- Xanım Elizabet, bu gün informasiya resurslarının bolluğunda ilkin məlumatı haradan alırsınız? 
- Mən öz dövrümün, nəslimin övladıyam. Qəzet adamıyam və qəzetlərlə böyümüşəm. Atamın 90 yaşı var və Fransada yaşayır. O, həmişə qəzet oxuyur. Mən də internetdən əvvəl dünyaya gəlmişəm. Ona görə kağız üzərində çap olunmuş hər şeyə önəm verirəm. Bu fikrim bütün qəzetlərə, jurnallara aiddir. Hər gün qəzet oxuyuram. Bütün qəzetlərin ənənəsinə hörmətlə yanaşıram. Hesab edirəm ki, gündəlik informasiyanı qəzetlərə azacıq nəzər yetirməklə də almaq olar. Hər hansı bir hadisə haqqında məlumat öyrənmək istəyirəmsə, onda güvəndiyim qəzetlərlə yanaşı, başqa mənbələrdən oxumağa da üstünlük verirəm. Elə qəzetlər var ki, onlara güvənirəm. Onların yazdıqları daha əhatəli olur. İngiltərədə çox məşhur media, yəni insanlar tərəfindən çox sevilən qəzetlər və intellektual qəzetlər var. Ümumi məlumatım olsun deyə, hər iki qəzetlərdən istifadə edirəm. Azərbaycanda isə qəzetləri daha çox dil bilgilərimi inkişaf etdirmək üçün oxuyuram. Qəzetləri şərh etmək fikrim yoxdur. Hesab edirəm ki, tezliklə Azərbaycan dilini öyrənməyim mənə bu dildə oxumağa və yerli qəzetlərdə yazılanları müzakirə etməyə imkan verəcək.

Veteranın qızılgülü

- Siz Azərbaycana yeni gəlib British Council-un rəhbəri kimi ictimaiyyətə təqdim olunanda «Mən Rusiyada, Qazaxıstanda, ərəb ölkələrində işləmişəm. Ancaq Azərbaycanda işləmək üçün özüm müraciət etmişəm» - dediniz. Sizi Azərbaycanda cəlb edən nə idi? Ölkəmizlə tanışlığınızın hər hansı bir tarixi vardımı?
- Mən British Council-un jurnalistlər üçün həyata keçirdiyi layihə çərçivəsində İngiltərəyə gələn media işçiləri ilə Londonda tanış olmuşdum. Bu, mənim Azərbaycan haqqında ilk təəssüratlarım oldu. Lakin tək bu səbəb deyil. Keçmişlə də bağlı səbəblər var. Mənim babam şotland əsilli biznesmen olub. Mən onu görməmişəm. Çünki anamın 11 yaşı olanda babam vəfat edib. Onun haqqında olan yeganə təəssüratım şotland paltarında çəkdirdiyi şəkli idi. O, anam üçün bəzi kitablar və şəkillər yadigar qoymuşdu. Bu şəkillərin çoxu səyahət zamanı çəkilən fotolar idi. Onlarda mənzərə, binalar, şəhərlər, təbiət təsvirləri vardı. Üzərlərinə də heç nə yazılmamışdı. Şəkillərin birində isə babamın başında iri papaq var idi, siqaret çəkirdi və əlində qəzet tutmuşdu. Arxa fonda isə dəniz var idi. Həmin şəklin altında «Cimmi Bakıda» sözləri yazılmışdı. O, həmin vaxt neft şirkətinin işçisi kimi Bakıya gəlib. Kim bilir, bəlkə babamın əlindəki elə «Kaspi» qəzeti imiş. Özümü çox şanslı hiss edirəm ki, Azərbaycanda işləməklə bağlı təklif olanda məmnuniyyətlə razı oldum. Buna görə özümü bəxti gətirmiş sayıram. 


- Seçiminiz özünü doğrultdumu? Azərbaycan sizi nə ilə təəccübləndirdi?
- Əlbəttə, gözləntilərim özünü doğrultdu. Mən burada maraqlı həyatla qarşılaşdım. Artıq dörd ildir ki, Azərbaycanda yaşayıram. Bu ölkənin tarixinə, mədəniyyətinə, adətlərinə bələdəm. Həmçinin Azərbaycan dilini öyrənmişəm. Azərbaycana gəlməmişdən əvvəl ümid edirdim ki, maraqlı və uğurlu iş mühitinə düşəcəyəm. Bundan əvvəl Livanda işləmişdim. İlk dəfə Bakıya gələndən sonra elə həmin gün oteldən çıxdım. Bulvarda bir xeyli təkbaşına gəzdim. «Burada həyatım necə olacaq» - deyə öz-özümə sual verirdim. 9 may bayramı günü idi. Pencəyinin yaxası medallarla dolu olan bir veteranla rastlaşdım. 80-dən çox yaşı olardı. Düm ağ saçları vardı. Ona yaxınlaşıb rus dilində: "Təbrik edirəm, bayramınız mübarək. Siz vətəniniz uğrunda döyüşmüsünüz» kimi veteranlar üçün lazım olan bütün xoş sözləri söylədim. O, təəccüblə mənim üzümə baxdı, qorxmuş kimi oldum: "Bəlkə nəyisə düz demədim”, - deyə düşündüm və uzaqlaşmaq istədim. Veteran: "Ay qız, yaxın gəl” – deyə məni çağırdı. «Sən qızılgülləri xoşlayırsan?» soruşanda «Əlbəttə» dedim. O, əlini cibinə salaraq bir qızılgül çıxarıb mənə verdi. Bu gül cənnət kimi qoxuyurdu. Bu, mənim Bakıda yaşadığım ilk təəssürat idi. Azərbaycanlılar məni öz mehribanlıqları və qonaqpərvərlikləri ilə təəccübləndirdilər. 
 
 

Azərbaycanda xeyli iş görmüşük

- Birləşmiş Krallıqla Azərbaycan arasında mədəniyyət və təhsil əlaqələrini inkişaf etdirmək üçün bir sıra layihələrə imza atacağınızı demişdiniz. İdeyalarınızı gerçəkləşdirə bildinizmi? Bu günə kimi gördüyünüz işlər sizi qane edirmi?
- Mənim həmişə yüksək gözləntilərim olur. Gördüyümüz işlərdən tam qane olduğumuzu deyə bilmərəm. Bununla belə, biz Azərbaycanda xeyli iş görmüşük. Böyük Britaniya Konsulluğunda işləməyimin başqa bir yaxşı səbəbi bizim bütün ölkələr üzrə standart proqramlarımızın olmamasıdır. O proqramları nə biz, nə də London seçir. Konsulluğun həyata keçirdiyi proqramlar insanların düşüncəsinə, kəşflərinə uyğun seçilir. Azərbaycanda fəaliyyət göstərdiyim müddət ərzində təhsillə və mədəniyyətlə bağlı çoxlu və fərqli layihələr həyata keçirmişəm. Bu günlərdə Qəbələdən qayıtdıq. Orada peşə məktəbinin açılışında iştirak etdik. Son illərdə Azərbaycanda turizm həqiqətən inkişaf edib. Bu baxımdan, bu sahədə peşə təhsilini dəstəkləyirik. Təkcə kurikulum baxımından deyil, həm də şagirdlərə praktiki bilik çatdırmağa çalışırıq. Biz Azərbaycanda 24 otellə işləyirik, bilik mərkəzimiz var. Həmin otellərdə işləmək istəyənlər 4 gün ərzində bu mərkəzdə təhsil alırlar. Beşinci gün isə onlar beşulduzlu otellərə təcrübəyə gedirlər. Həmçinin ingilis dilinin inkişaf etdirilməsi ilə bağlı digər bir layihəmiz var ki, bu, Azərbaycanın 11 rayonunda həyata keçirilir. Layihənin məqsədi həmin rayonlarda müəllimlərin ingilis dilini inkişaf etdirməkdir. Mən özüm Londondan deyiləm, İngiltərənin şimalındanam. Düşünürəm ki, İngiltərə təkcə Londondan ibarət olmadığı kimi, Azərbaycan da təkcə Bakıdan ibarət deyil. Ona görə təkcə Bakını deyil, həmçinin regionları da layihələrimizlə əhatə etdiyimizə sevinirəm. Regionlarda yaşayan təkcə uşaqlar deyil, həmçinin yaşlı müəllimlər də ingilis dilini öyrənməyə həvəslə gəlirlər. 
 
 
 
Teatr, təhsil, media...

- British Council-un Azərbaycan teatrları ilə bağlı tərəfdaşlıq layihələri olub. Azərbaycan teatrları hələ də Şekspiri unutmayıblar. Fərqli ənənələr, quruluşlar haqqında fikirləriniz maraqlıdır.
- Mən Şekspirin əsərlərinin Azərbaycan teatrlarında səhnəyə qoyulması ilə həqiqətən fəxr edirəm. Keçən il görkəmli dramaturqun xatirəsinin 400 illiyi qeyd edildi. «Kral Lir» «Hamlet» və digər əsərlər səhnəyə qoyuldu. Şekspir sağ olsaydı özü də bununla fəxr edərdi. Biz sevinirik ki, keçən il London Teatrı Azərbaycana gəldi və Şekspirin əsərini Milli Dram Teatrında oynadı. Zalda çoxlu tamaşaçılar vardı və onlar dayanmadan alqışlayırdılar. Gələn il aprelin 24-də bizim Şekspirlə bağlı yenə də tədbirimiz olacaq. Həmin tədbirdə gənclər və dizaynerlər üçün yarışma təşkil edəcəyik. 
 
 

- Britaniya təhsil sistemi dünyanın ən qabaqcıllarındadır. İndiyə qədər nə qədər azərbaycanlı tələbə Britaniyada təhsil alıb? Ölkənizin təhsil sisteminin formalaşmasına British Council-un töhfəsi nə olub?
- Azərbaycandan çox sayda gənc Britaniyada həm bakalavr, həm də magistr təhsili alırlar. Sizin xaricdə təhsillə bağlı Dövlət Proqramı çox uğurlu idi. Proqram üzrə tələbələrin ən çox seçimi Britaniya universitetləri olurdu. Britaniya səfirliyinin də Böyük Britaniyada oxumaq üçün təqaüdü var. Biz növbəti il üçün seçimləri yenicə bitirdik. Ümumilikdə Böyük Britaniyada təhsil almaq istəyən gənclər üçün məlumat verdik. Çünki bu, çox vacibdir. Təhsil naziri ilə görüşümüzdə də cənab nazir «Vacib deyil ki, biz gəncləri burdan Böyük Britaniyaya yola salaq. Bizim başqa məqsədimiz universitetləri Azərbaycan daxilində də genişləndirməkdir» - deyə vurğuladı. Universitetlərdə məzunların məşğulluq fəaliyyətini artırmağa ehtiyac var. Ali məktəblərdə təhsilin səviyyəsini inkişaf etdirmək üçün bizim Təhsil Nazirliyi ilə sıx əlaqələrimiz var. Azərbaycan və Böyük Britaniya universitetləri arasında mübadilə proqramlarını həyata keçirməyə çalışırıq. Eləcə də orta məktəblərdə ingilis dilinin tədrisi ilə bağlı ümumtəhsil məktəbləri ilə yaxın əlaqələrimiz mövcuddur. 
 
 

- British Council-un PaşaBank-la birgə jurnalistlər üçün həyata keçirdiyi "Biznes jurnalistikası” layihəsində çoxlu media təmsilçisi iştirak etdi. Həmin layihə uğurla başa çatdı. Ancaq hələ də "biz həmin layihəyə necə qoşula bilərik?” deyə jurnalistlərin sualları eşidilir. Jurnalistlər üçün hər hansı layihələr düşünürsünüzmü?
- Dediyiniz kimi "Biznes jurnalistikası” layihəsi çox uğurla başa çatdı. Bu, gerçəkdən maraqlı və əhəmiyyətli layihə idi. 7 il davam edən layihə müddətində çox sayda jurnalist ondan faydalandı. Layihə çərçivəsində onların Londona səfərləri böyük təcrübə oldu. Təəssüf ki, biz bu layihəni bitirmək məcburiyyətində qaldıq. İlk növbədə bunun iqtisadi səbəbləri var idi. Bizim jurnalistlərlə əməkdaşlığımız isə yenə də davam edir.   
 
 
 
90 yaşa çatanda

- Azərbaycanda yaşadığınız 5 ildir. Əgər vaxtı geri qaytarmaq və bu illəri sizin həyatınızdan çıxmaq mümkün olsa, nələri itirilmiş hesab edərdiniz?
- Mən ağlayardım… Britaniya konsulluğu elədir ki, ora iş üçün müraciət edəndə, əgər qəbul olunursansa səni müxtəlif yerlərə göndərirlər. Olduğun ölkələrdə işləyə-işləyə çox şeylər öyrənirsən: faydalı olan nədir, insanlar necə yaşayırlar? İstər-istəməz hər bir ölkə sənə yaşamaq üçün əhəmiyyətli olan şeyləri öyrədir. İndiyə qədər Hindistanda, Meksikada, Peruda işləmişəm. Hər ölkədə çox şeylər öyrənmişəm. Azərbaycanda da ölkənin mədəniyyəti, cəmiyyəti haqqında lazım olanları öyrənmişəm. Ona görə bu 5 ili həyatımda əhəmiyyətli hesab edirəm. Mən burada Azərbaycanın işığını gördüm, çayının dadını hiss etdim. Bu, mənə Azərbaycan haqqında qəzetlərdə oxuduğumdan, internetdə əldə etdiyim materiallardan çox-çox artıq bilgilər verdi. 
 
 

- Ofisləri dünyanın yüzdən artıq ölkəsində olan bir təşkilatın ölkəmizdəki rəhbərisiniz. Daimi səfərlər, layihələr, tədbirlər – bir qadın üçün yorucu deyilmi?
- Deyərdim ki, bu, orta yaşlı qadın üçün doğurdan da çətindir. Ancaq bunun çox böyük üstünlükləri də var: hansısa ölkəyə gedəndə məni çox xoşluqla qarşılayırlar. Biləndə ki, bu vəzifədə işləyirəm, çox hörmətlə yanaşırlar. Digər tərəfdən, insan öz işindən zövq almalıdır. Fikrimcə, hər adamın həyatında üç vacib amil olmalıdır: ev tikmək, ailə və ağac əkmək. Məsələn, Siz «Kaspi» qəzetini nəşr etdirməklə böyük bir iş ortaya qoyursunuz. 
 
 

- Doğrudurmu, siz evinizdəki televizoru kiməsə bağışlamısınız – özünüz isə televizorsuz qalmısınız. Demək olarmı, qadınlar daha mərhəmətlidir?
- Mən televizorumu ona görə hədiyyə verdim ki, o böyük "qara qutuya” onsuz da baxmırdım. Qadınların əliaçıqlığına gəlincə, çox yerdə mərhəmətli insanları tanımışam. Mərhəmət hissi bəlkə də xarakterdən asılıdır. 

- Sosial şəbəkələrdən istifadə edirsinizmi? Sizcə iş qadını mütləq sosiallaşmalıdırmı?
- Sosial şəbəkələrdə hesablarım var. Ancaq o qədər də aktiv istifadəçi deyiləm. Buna baxmayaraq, dostlarımın paylaşımlarını izləyirəm. Hesab edirəm ki, 90 yaşıma çatanda və boş vaxtım daha çox olanda sosial şəbəkələrdə aktiv olacağam (gülür). 
 
Təranə Məhərrəmova
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000