“Özümü şahzadə kimi hiss edirdim” - Fotolar
"Məşhurların gözəllik sirrləri” rubrikamızın qonağı
istedadlı aktrisa, hind mahnılarının peşəkar rəqs ifaçısı Oksana Rəsulovadır.
Aktrisa hər zaman medianın və tamaşaçıların diqqət mərkəzində olub. Biz də onun
gözəllik sirrlərini öyrənmək üçün suallarımızı ünvanladıq.
- Oksana Rəsulova
gözəlliyini nəyə borcludur?
- Özümü gözəl hesab etmirəm. Çünki həyatda məndən
də gözəl xanımlar var. Mən ki, gözəl deyiləm... O ki qaldı sualınıza, xarici görünüşümü
öncə Allaha, daha sonra valideynlərimə borcluyam. Valideynlərim çox yaraşıqlıdır.
- Gözəl,
cazibədar və baxımlı olmağın avantajları nələrdir?
- İnsan simasının gözəl olmasını istəyirsə, ilk
növbədə daxilini təmizləməlidir. Daxilində olan paxıllığı, pis niyyətliliyi
təmizləsə, bu onun simasına da yansıyacaq. Mənim üçün ilk növbədə xarici
görünüş deyil, insanın daxili gözəlliyi önəmlidir. Hər bir qadın özünə baxmalı
və baxımlı olmalıdır. Bəzən deyirlər ki, filankəsin imkanı var deyə gözəldir.
Mən bu fikirlərlə razı deyiləm. Gözəllik pula baxmır. Elə ucuz vasitələr var
ki, onlarla da istədiyiniz nəticəni əldə edə bilərsiniz. Hər kəs öz cibinə görə
özünə baxmalıdır.
- Uzun müddətdir
ki, sizi tanıyırıq və hər zaman efirdə, gündəmdə, mediada sizi fit, formada,
baxımlı görürük. Bunlara necə nail ola bilirsiniz? Və rəqsin bu işdə hansı rolu
var?
- Əlbəttə ki, rəqs insanı hər zaman cavan göstərir.
Rəqslə sağlam olmaq və istədiyin bədən formasında qalmaqda mümkündür. Ancaq mən
fiquramı qorumaq üçün fitnesə gedirdim. Hazırda fasilə vermişəm. Bir neçə aydan
sonra yenidən fitneslə məşğul olacağam. Onu da deyim ki, indiyə qədər heç bir dietadan
istifadə etməmişəm. Dieta saxlamamışam. Hər bir insanın bədən forması onun
genindən asılıdır. Bizim ümumiyyətlə nəslimizdə kök insan olmayıb. İnsan
yaşlandıqca kökəlir. Hər şey yemək lazımdır. Mən özümü heç nədən məhrum
etmirəm, hər şey yeyirəm, amma çox az miqdarda. Bədəni buna öyrəşdirmək
lazımdır. Dərim və saçlarıma qulluq edirəm.
- Hindistanda
keçirilən festivalda "Müsabiqənin ən gözəl qızı” tituluna layiq görüldünüz. Sizcə,
efir üçün gözəllik nə qədər önəmlidir?
- Bu, tamaşaçıların seçimi idi. Ekran tələb edir
ki, aktrisanın üzü baxımlı, saçları parlaq, dərisi şəffaf olsun. Ümumiyyətlə,
efirə çıxan hər bir insan bu qaydalara riayət etməlidir. Səhnə gözəllik tələb
edir. Tamaşaçının gözü tərəzidir. Göz də baxanda efirdə gərək istirahət etsin.
Aktrisalar, müğənnilər gərək gözəl formada, geyimdə, şəffaf olsunlar. Tamaşaçı
onlara baxanda valeh olsun, onlar da gözəl görünməyə çalışsın. Efirə çıxan hər
bir insan tamaşaçıya müsbət emosiyasını, qüvvəsini ötürməlidir. Amma elə kök adamlar
var ki, min arıq insana dəyər. Kök olmaq ayıb bir şey deyil. Elə kök xanımlar
tanıyıram, daxilləri o qədər gözəldir ki, köklüyü o qədər də üzə vurmur. O,
həmin çəki ilə də qəbul edilir və sevilir.
- Sosial şəbəkədən
izlədiyimiz qədəri ilə, hər zaman stilist Nura xanımla çalışırsınız. Simanızı başqa
stilistlərə etibar etmirsiniz?
- Mən Nura Babayeva ilə 10 ildir ki, işləyirəm. Ona
qədər bir çox stilistlər mənə müraciət etmişdilər ki, sizinlə çalışaq və yeni
imic yaradaq. Mən o təkliflərin heç birinə razı olmamışam. Çünki Nuranın işi
məni qane edir. O, öz işinin peşəkarıdır. İşini bilir, onun dünya şöhrətli
işləri var. Nurayla işləmək hər bir tanınmış sima üçün fəxrdir. O mənimlə uzun
müddətdir ki, işləyir və artıq üz cizgilərimə bələddir. Harada necə görünmək
lazım olduğunu yaxşı bilir. Əvvəllər onun yanına gedəndə düşünürdüm ki, onunla bundan
sonra işləməyəcəm. Ancaq gördüm ki, başqa stilistlər də ya şaçımı yandırır, ya
da üz cizgimə yaraşmayan makiyaj edir. Nuranın işlərini isə nəinki mən,
tamaşaçılarım da bəyənir. Onun müştəriləri mənim şəklimi göstərib, həmin cür
makiyaj olunmaqlarını istəyirlər. Nura eyni zamanda gözəl insandır, onunla
işləmək mənim üçün böyük həzdir. Bir-birimizi başa düşürük, artıq rəfiqə olmuşuq.
Onu bir bacı kimi çox istəyirəm.
- Əvvəllər sizi
hind rəqslərinin mahir ifaçısı kimi tanısaq da, sonradan aktrisa kimi
məşhurlaşmağa başladınız. Xanım həmkarlarınızdan sizə paxıllıq edənlər varmı?
- Son 4 ildir ki, aktrisa kimi fəaliyyətə
başlamışam, təbii ki, rəqqasəlik də öz yerində. Paxıllıq edənlər yəqin ki, var,
ancaq onların kim olduqlarını bilmirəm. Paxıllıq, qısqanclıq daxildən gələn bir
şeydir. Nəinki tanınmış sima, adi insanların yanında, ətrafında belə paxıl insanlar
olur. Gərək o insanlara baş qoşmayasan. Çevrəmdə bu tip insan olanda, onlara əhəmiyyət
vermirəm. Əsas odur ki, sən özün paxıl olma, qalanı boş şeydir.
- Dost seçərkən ən
çox hansı keyfiyyətlərə üstünlük verirsiniz?
- Mənim üçün dost seçmək dövrü artıq gecdir. Neçə
illərdir ki, dostluq etdiyim insanlar var. Hazırda onlar mənim ətrafımdadır.
Artıq seçilmişik və onlar da seçiliblər. Bundan sonra ətrafımda olan insanlarda
mərdliyə, dürüstlüyə, sirr saxlamaq bacarığına, sözübütövlüyə daha çox önəm
verirəm. İnsan gərək ətrafında nə danışdığını bilsin. Çünki sabah sən onunla
münasibətlərini bitirdikdə, siz dost olmasanız belə, bu insan sənin haqqında artıq-əskik
danışmasın. Amma indiki zamanda dost çox azdır, demək olar ki, yoxdur. Ona görə
də dostları diqqətlə seçmək lazımdır. 2 yaxın dostun olsun, amma əsil dost
olmağı bacaran insan olsun.
- Ötən mövsüm Xəzər
televiziyasında ən baxımlı seriallardan olan, "Oksi media” tərəfindən çəkilən "Lal
yuxu” serialının davamı olacaqmı?
- Əfsuslar olsun ki, bu mövsüm onu verə bilmədik.
Əslində bu mövsüm davam etməli idi. Serialın davamının çəkilişləri üçün sponsor
çətinliyimiz oldu. Məhz bu səbəbdən çəkilişlərimiz yarımçıq qaldı. Ona görə
"Lal yuxu” serialının davamı olmayacaq. Sponsor tapılsa, ola bilsin ki, çəkdik.
Amma hələ ki çəkilişlər dayandırılıb.
- "Oksi
media” hazırda hansı işləri görür?
- Hazırda bir neçə reklam işləri görürük. Gələn il
komediya filmi çəkməyi düşünürük. Filmin ideyası artıq hazırdır, ssenarisi isə
hələ ki yazılmayıb. 2019-cu ilin yayında filmin çəkilişlərinə
başlayacağıq.
- Yeni çəkilən "Qaragöz”
filmində əsas obrazlardan birini canlandırırsınız. Bu filmdə bizi nələr
gözləyəcək və siz orada necə bir obraz təqdim edəcəksiniz?
- Ekran işinin rejissoru Orxan Mərdan, ssenari
müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru isə Elman
Əliyevdir. Bu filmdə Elməddin Cəfərovla birlikdə çəkildik. Bundan əvvəl onunla
6 ay ərzində "Bacanaqlar” serialında çəkilmişəm. Yaxşı komandamız var idi.
Gözəl filmdir, komediya janrındadır. Film haqqında danışmağa icazə yoxdur. Amma
onlarla işləməkdən həzz aldım. Özümü şahzadə kimi hiss edirdim. Böyük hörmət,
izzət gördüm. Çəkiliş prosesləri də gözəl keçdi. Oktyabrın 18-də təqdimatı
olacaq.
- O dinamik
həyatınıza nə zaman qayıdacaqsınız?
- İnşallah, dinamik həyatıma bu il oktyabr ayından qayıtmaq
fikrindəyəm. Lap dinamik həyatıma isə yanvardan qayıdacam. İki yeni premyeramız
olacaq. Xatırladım ki, "Qış nağılı” filmində də rol almışam. Ümumiyyətlə rol
aldığım hər iki film çox gözəl komediyalardır.
- Həyatınızda
şansın, uğurun yeri haradadır?
- Onu deyə bilmərəm, uğur Allahdan gəlir, insan gərək
məqsədə çatmaq üçün işini sevsin. Qarşısına qoyduğu məqsədə doğru iri
addımlarla getsin ki, nəticə əldə edə bilsin. Şans insanın qapısını oturduğu
yerdə döymür. Bu, çox nadir hallarda olur. Amma mənə aid olan şey deyil. Yəni oturduğum
yerdə uğur əldə etməmişəm, çalışmışam, əziyyət çəkmişəm. Biz hər şeyi özümüz
etmişik, çətinliklərlə nəyəsə nail olmuşuq. Şikayətimiz yoxdur, qoy belə də davam
eləsin. Çəkişməsən bərkişməzsən.
- Həyatınızı gizli
yaşamağa qərar vermisiniz. Sizi bu addımı atmağa nə vadar etdi?
- Tanımış simalar daha çox danışılır, müzakirə
olunur. İnsanların bizimlə maraqlanması normal haldır. Sadəcə, şəxsi həyatımı artıq
heç kimlə bölüşmək istəmirəm. İndiyə qədər özəl həyatımı hər kəslə yetərincə bölüşdüm, yetərincə uğursuzluqlarla
qarşılaşdım. Hamı bilir ki, mənim ailə həyatımda nələr olub... Bundan sonra istəmirəm
mənim özəl həyatımı bilsinlər. Ailə mənim şəxsi həyatımdır, bu heç kimi
maraqlandırmasın. Xahiş edirəm ki, şəxsi həyatımla bağlı sual verməyin. "Ərim
kimdir?”, "hardadır?”, "nəçidir?”, "nə problemi var?” kimi suallar lazım deyil.
Bəsdir, artıq çox gündəmdə oldum, şəxsi həyatımla bağlı ona görə də xoşbəxtlik
əldə edə bilməmişəm. İndi də istəmirəm bununla bağlı mətbuatda yazılsın. Sizin vasitənizlə
media nümayəndələrinə demək istəyirəm ki, yaradıcılığımla bağlı nə sual olsa
verin, mən hazıram, amma ailəmlə bağlı heç bir sualı cavablandırmayacam.
Xəyalə Rəis