• şənbə, 27 Aprel, 01:58
  • Baku Bakı 14°C

Özümlə təzaddayam

02.05.18 09:40 1533
Özümlə təzaddayam
Səmimidir. Mehribandır. Nərmin, Səma və Fuaddan danışanda özünü unudur. Gözəl xanım və gözəl anadır. Bunu onun hər kəlməsindən, hətta üz cizgilərindən görmək mümkündür. Davranışlarında sadə və təbiidir. Şəhid ailələrindən danışanda özünü onların yerinə qoyur. Sadəcə bu məqam belə, haqqında yazmaq üçün tutarlı səbəbdir.Müsahibim səmimiyyəti, təəssübkeşliyi ilə seçicilərin hörmətini qazanan, mənim də doğulub böyüdüyüm Şəmkir rayonunun deputatı Sona xanım Əliyevadır:
-Sona Əliyeva özünü necə xarakterizə edər?
- Sona Əliyeva hər şeydən əvvəl, anadır və düşünürəm ki, yaxşı anadır.
- Kimin anası?
- Nərminin, Səmanın və Fuadın.
- Olmaq istədiyi mərtəbəyə gəlib çatıbmı, analıq məsələsində? Yoxsa ürəyində qalan nələrsə var?
- Təbii ki, ideal həyat və ideal arzular yoxdur. Müəyyən məsələlər hələ də kəsikdir.
- Sizin bir rəsmi titulunuz var, bir də ailədəki yeriniz. Bunlar çatışırmı?
- Qətiyyən.
- Uşaqlığınızdan danışaq...
- Şəmkirdə anadan olmuşam, orda böyüyüb, təhsil almışam. Uzaqlara getmək arzum olub, amma vəzifə cəhətdən bura qədər gələcəyimi düşünməmişəm.
- Adınızı kim qoyub?
- Nənəm.
- Sizə nə ifadə edir?
- Atamın nənəsinin adı olduğunu.
- Deyirlər insanın adı onun xasiyyətindən və gələcəkdə kim olacağından xəbər verir...
- Mən elə düşünmürəm.
- Çoxmu yol gedirsiniz?
- Baxır kiminlə.
- Yola getməkmi əsasdır, yol getməkmi?
- Yola getmək əsasdır.
- Baxır kiminlə... Ali təhsiliniz...
- (gülür) Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsini bitirmişəm.
- Müəlliməsiniz?
- Olmuşam.
- Həm də əməkdar müəllimə...
- Bəli!
- Əməkdar müəllimə ilə normal müəllimənin arasında nə fərq var ki? Bəyəm o biri müəllim və ya müəllimə əmək sərf eləmir?
- Vicdanlı olan hər bir müəllim(ə) əməkdardır.
- Hər müəllimə vicdanlıdırmı?
- Doğrusunu demək lazımdırsa, yox. Amma böyük əksəriyyəti əməkdardır.
- Əməkdar müəllimə Sona xanım Əliyeva vicdanlı deputatdırmı?
- Düşünürəm ki, bəli.
- Vicdanlı müəllimə idimi?
- Tamamilə.
- Çətinə düşdüyünüz məqamlar varmı? Hansı ki, orda gücsüzsünüz.
- Həyatda tam olan heç nə yoxdur.
- Köməyinizə kim çatır?
- Yenə özüm. Dediyim kimi, tam olan heç nə yoxdur.
- Yarım qalan nədir?
- Yarım qalan çox şey var.
- Misal üçün...
- Problemlər, duyğular...
- Sizi hansı film, hansı mahnı və ya hansı kəlmə xarakterizə edir?
- "Küləklə sovrulanlar”.
- Hansı obraz?
- Scarlett.
- Bədii ədəbiyyat oxuyursunuzmu?
- Çox.
- Misal üçün.
- "Sonuncu kamyon”. Sevdiyim yazıçılar Düma, Drayzerdir. "Ovod” ən çox sevdiyim bədii əsərdir.
- Etel Lilian Voyniç... Nə çəkir sizi "Ovod”da?
- Mübarizlik.
- Siz mübarizsinizmi?
- Bəli.
- Azərbaycan qadınını dünya qadınlarından fərqləndirən daşlaşmış dəyərlərdən birinin adını çəkə bilərsinizmi?
- Boyun əymək.
- Beləmi olmalıdır?
- Xeyr.
- Bəs niyə elədir?
- Tarixən formalaşmış ənənədir.
- Dəyişdirməyə gücünüz çatmırmı?
- Hələ ki, yox.
- Ailə sizin üçün nədir?
- Cənnət.
- Sizi fərqli qılan hər hansı bir xüsusiyyətiniz varmı?
- Çoxdur.
- Məsələn?
- Ziddiyyətli adam olmağım. Özüm özümlə təzaddayam.
- Ən çox hansı xasiyyətləriniz bir-biri ilə çatışır?
- Həddən artıq sərt və həddən artıq yumşaq olmağım.
- Bu, sizin mandatınıza problem yaratmır ki?
- Xeyr.
- Seçicilər sizi çoxmu incidir?
- Yox. Bizim münasibətlərimiz qarşılıqlıdır.
- Millətin vəkilimi, millət vəkili olmaqmı?
- Millətin vəkili olmaq əsasdır. Ola bilsək.
- Arasındakı fərq nədir?
- Çətin sual oldu bir az. Millətin vəkili olmaq çox çətindir, çünki başa düşən var, düşməyən var, savadlı var, cahil var, hər tip personajla, hər cür insanla rastlaşırsan. Ona görə də millətin vəkili olmaq çətindir, amma millət vəkili olmaq da çətindir.
- Tez-tez gülümsəyirsiniz?
- Son zamanlar xeyr.
- Niyə? Yorulubsunuz?
- Ola bilər.
- Nədən?
- Həyatdan.
- Sizin həyatınıza qibtə edən o qədər insan var ki...
- Bilirəm.
- Nədən narazısınız?
- Narazı deyiləm, yorğunam.
- Dincəlmək üçün nə lazımdır?
- Övladlarım, mən və on gün istirahət.
- Harda?
- Fərqi yoxdur, dünyanın harası olursa olsun, təki onlar mənimlə olsun.
- Belə çıxır ki, sizin üçün dünyanın mərkəzi övladlarınızdır...
- Həyatımın iki mərkəzi var. İşim və uşaqlarım, ailəm.
- Elə bir hal olubmu ki, özünüzü seçicilərin yerinə qoyubsunuz?
- Çox olur.
- Yollarda nə fikirləşirsiniz?
- Adətən dincəlirəm.
- Heç kimin bilmədiyi bir xüsusiyyətiniz varmı?
- Çözülən bir insan olmaq istəmirəm.
- Nəyi saxlayıbsınız o qılafın arxasında?
- Saxlamağa çalışmamışam, amma oxunan bir insan olmağı sevmirəm.
- Çox gülərüz, səmimi və maraqlı bir auranız var. Amma söhbətimizdən belə çıxır ki, arxada çox şey saxlayıbsınız.
- Kim necə görür.
- Kimin sizi görməyini istəyirsiniz?
- Heç kimin.
- İddialı söz oldu. Jurnalistlərdən niyə xoşunuz gəlmir?
-(gülür) Bu sözü bir dəfə də demişəm, indi də təkrarlamaq istəyirəm. Çox sevdiyim yaşam koçu İrina Xakamadanın bir sözü var, o deyir ki, jurnalistlər mənə özgə paltarı biçiblər və mən ömrümün axırına qədər o libasda gəzməyə məcburam.
- Nə libasıdır o elə?
- Jurnalistlər bilir.
- Mən bilmirəm.
- Onlar məndən nə lazımdır soruşublar, hətta lazım olmayanı belə.
- Maraqlıdır. Neçə ildir millət vəkilisiniz?
- İki il yarım.
- Özünüzü nə vaxtdan dərk eləməyə başlayıbsınız?
- Bu, bir az fəlsəfi sualdır. Mən inanmıram kimsə deyə bilər ki, mən özümü tam mənası ilə dərk eləmişəm. İnsan özünü hər gün yenidən dərk edir.
- Ən çox kimin yanında tək qalırsınız?
- Özümün.
- Sizi çətinə salan nə var bu həyatda?
- İnadkarlığım.
- Güzəştə getmədiyiniz nələr var?
- Həddindən artıq çox şey.
- Sizi bu həyatda sizin istədiyiniz qədər sevən kim var?
- Yəqin ki, övladlarım.
- Vicdan nədir?
- Narahatçılıq.
- Ona borcunuz çoxdurmu?
- Düşünmürəm.
- Siz çox gənc, cavan və gözəlsiniz. Tez ailə qurub, övlad sahibi olubsunuz, eyni zamanda da önəmli bir vəzifədəsiniz. Məsuliyyəti ağır deyil ki?
- Mən həmişə həyatımın və işimin məsuliyyətini dərk eləmişəm.
- Özünüzə nəzarəti harda itirirsiniz?
- Əsəbiləşəndə. Hər insan kimi.
- Sevdiyiniz musiqi.
- Retro mahnıları çox sevirəm.
- Fonda səslənir.
- Hə, gözəldir.
- Yeməklərlə aranız necədir?
- Çox yaxşı.
- Ən çox hansı yeməkdən xoşunuz gəlir?
- Ən çox sevdiyim qida, düyü, kartof və un məmulatlarıdır.
- Görünüşünüzdən hiss olunmur...
- Genetikdir.
- Genetikaya çox şey borclusunuz. Bəs hansı yeməyi hazırlamağı daha çox sevirsiniz?
- Özümün yox, uşaqlarımın ən sevdiyi yeməkləri hazırlamağı daha çox sevirəm.
- Onlardan çoxmu aralı qalırsınız ki, belə həsrətlə bəhs edirsiniz...
- Yox. Biz həmişə bir yerdəyik. Həftənin ən az üç günü onların yanındayam. Sadəcə, sevgidəndir.
- Seçici olsaydınız deputat Sona Əliyevanı seçərdinizmi?
- Bilmirəm.
- Buna nə vaxt cavab verməyə hazır olacaqsınız?
-(gülür) Beşillik tamam olanda.
- İnşallah. Həddən artıq səmimiyyət problem yaratmır ki?
- Yaradır.
- Nə kimi, məsələn?
- Qəbul olunmamaq kimi.
- Azərbaycan...
- Vətən.
- Başqa?
- Bağlılıq. Sözlərin ifadə etməyə gücü çatmayan hiss.
- Başqa hara sizi özünə çəkir?
- İstanbul. Oranın sehri, aurası, enerjisi var. Daxili bir bağlılıq var o şəhərlə.
- Tribuna adamı olmadığınızın fərqindəsinizmi?
- Hay-küyə ehtiyacım olduğunu düşünmürəm. Olduğum kimi, mən mənəm. Pisimlə-yaxşımla.
- Bunu qarşınızdakına ötürə bilirsinizmi?
- Təbii ki, həmişə yox.
- Son vaxtlar kəndçi-şəhərli söhbəti gündəmdən düşmür...
- Vallah mən artıq ikisi arasında bir fərq görmürəm.
- Şəmkirdə, yoxsa Bakıdamı daha rahatsınız?
- Şəmkirdə.
- Niyə?
- Bir dəfə alman səfiri məndən soruşmuşdu ki, Şəmkir sizin üçün nə ifadə edir? Ona cavabım "Azərbaycan mənim vətənim, Şəmkir isə evimdir” olmuşdu. Adam evində rahat olar.
- Evinizi kimə əmanət edirsiniz?
- Xalqıma.
- Siyasi cavab oldu. Ən çox sevdiyiniz rəng.
- Hal-hazırda qırmızı. Enerji verir.
- Gələcək planlarınız...
- Şəxsi sferada övladlarımın ali təhsil almağı, gələcəkdə doğrudan da həm vətəndaş, həm də yaxşı mütəxəssis olmaları. Mənim bütün böyük arzularım övladlarımla bağlıdır. İşimə gəlincə, düşünürəm ki, pedaqoji fəaliyyətimi bərpa edəcəyəm.
- Dərs demək...
- O başqa hissdir, gözəldir. Ümumiyyətlə, insan nəyisə öyrədəndə, aldığı həzz onu qürurlandırır.
- Oxuculara gələcəkdə stimul olacaq nələr deyə bilərsiniz?
- Mən çox arzu edirəm ki, gənclər yaxşı təhsil alsınlar, dünyagörüşləri geniş olsun, vətənə sahib çıxsınlar, qurulan bir ölkəni çiyinlərində daşısınlar. Nəsillərdən miras qalanı davam etdirsinlər. Yəni qurulan və qoyulan nə varsa, onu gələcəyə çatdırmağı bacarsınlar.
- Bizim buna gücümüz çatarmı?
- Çox çalışsaq, əlbəttə.
- Müstəqillik nədir?
- Mücərrəd mənada azad olmaq deməkdir. Leninin bir yaxşı sözü var, deyir, cəmiyyətdə yaşayıb azad olmaq qeyri mümkündür.
- Nəyi danışmadıq?
- Məncə, düşüncəmizdə nə varsa hamısını bölüşdük. Oxuculara sözüm isə odur ki, hər yazılana inanmasınlar. Həqiqət təkdir.
Nigar İsfəndiyar
banner

Oxşar Xəbərlər