• cümə, 26 Aprel, 08:00
  • Baku Bakı 12°C

“Özümə lənət oxuduğum zamanlar da olub” - Fotolar

11.01.18 09:30 1404
“Özümə lənət oxuduğum zamanlar da olub” - Fotolar
Türkiyənin tanınmış sənətçisi Gökan Türkmən uzun müddətdən sonra sükutu pozaraq, "Akşam” qəzetinə müsahibə verib. Açıqlamaları ilə gündəmi zəbt edən ifaçı, Türkiyənin meqa-starı Tarkanın fəaliyyətini pisləyərək, onu ifaçı kimi tanımadığını bildirib.
- Gökan Türkmən deyəndə insanın ağlına "Son bahar” mahnısı gəlir.
- Daha çox həzin, eşq mahnıları ifa etdiyim üçün insanların ağlına belə şeylər gəlməsi normaldır.
- Gördüyümüz qədəri ilə xoşbəxtsiniz. Yaxşı, bəs nə üçün hər zaman kədərli mahnılar ifa edirsiniz?
- Bunun səbəbini bilmirəm. Deyəsən, bu, mənim beynimin içərisindəki suallar və dünya görüşümlə bağlıdır. Mən eşq və romantizm mövzusundan uzaqlaşmağa çalışıram. Amma təbii ki, mahnılar həzin olanda mövzudan yayına bilmirəm. Əlimdən gəldiyi qədər bu mahnılarla bərabər, yüksək enerjili və tempolu mahnılar da ifa etməyə çalışıram.
- Dinləyicilər mahnılarınızın akustik formasını daha çox sevirlər. Bu mövzuda çox uğurlusunuz. Akustik daha rahat ifa edəcəyiniz tərzdir?
- Akustik ifanı ayaq üstə deyil, oturaraq ifa etmək daha rahatdır. Zarafat bir yana, akustik performansın tamaşaçılara ötürdüyü duyğular və hislər daha çoxdur. Tam açıq şəkildə tamaşaçıya ötürülür. Əslində, akustik performansı tamaşaçıya ötürmək çox çətindir. Məsələn, dostlarımla bir mahnını tək gitara ilə oxuyuram. Albom çıxandan sonra deyirlər ki, kaş bu mahnını gitara ilə ifa edəydin. Yəni, musiqinin içinə başqa alətlər və səslər daxil olarsa, mahnının bütün forması dəyişir.
- Buna görə də dinləyicilərin bir çoxları sevdiyi ifaçının konsertinə gedəndə, xəyal qırıqlığına uğrayırlar.
- Bəli, ancaq zənnimcə, onlar bu formanı daha çox bəyənirlər, çünki artıq xətalar, əlavələr insanlara daha xoş gəlir. Hazırda təbiilik dünyada ən önəmli şeylərdəndir. Əvvəllər olduğu kimi qüsursuz olmaq çox önəmli deyil. İnsanıq, təbii ki, qüsurumuz var. Studiyada mahnı yazdırarkən insan olduğumuzu xatırlamaq lazımdır. Yəni, indi inanılmaz səslər o qədər də diqqət çəkmir. Ya çox yaxşı olacaqsan, məsələn, Seline Dion kimi, ya da dinləyənlərə bir şeylər hiss etdirə biləcəksən. Bunlar arasında böyük fərq var. Onsuz da "texnik mahnı söyləyən, yoxsa qəlbdən söyləyənmi daha uğurludur” müzakirəsi hər zaman var.
- Dediyiniz kimi, dinləyici xətaları sevə bilər, amma musiqşiçilər bunun tam tərsini deyirlər...
- Artıq musiqiçilər hər şeydə bir xəta axtarırlar. Dediyiniz kimi, heç birimiz qüsursuz deyilik. Əvvəllər zilə çıxmaq, mahnı ifa edərkən bağırmaq daha uğurlu idi, indi isə elə deyil.
- Duyğular musiqini bəsləyən amildir. Amma zamanın gətirdiyi bir vəziyyət də var. Duyğuların funksiyası azalmağa başlayır.
- Bəli, təəssüflər olsun ki, texnologiya bizi bu nöqtəyə gətirib. İnsanlar sosial media vasitəsi ilə münasibət qurur, bir-birlərini canlı şəkildə görməsələr belə, aşiq olurlar. Bu, çox kədərlidir.
- Konsertlər də texnologiyaya qurban gedir.
- Konsert elədir ki, səhnəyə çıxırsan və mahnını ifa edirsən. Ancaq artıq dövr elə dəyişib ki, bir platforma formalaşdırırsan və internet üzərindən canlı konsert qurursan. Bu da çox sağlam deyil. İnternet üzərindən evlənmək də səfehcə atılmış bir addım deyilmi? Bir neçə il bundan əvvəl "necə yəni, internetdə tanış oldunuz?” deyərək, təəccüblü reaksiyalar verirdik. Burda çox psixoloji bir vəziyyətdən söhbət gedir. Çünki internet vasitəsi ilə tanış olduğunuz insan, xəyalını qurduğunuz kimi olmaya bilər.
- Siz özünüzü necə bir sənətçi olaraq görürsünüz?
- Yaxşı insanam, amma möhtəşəm bir musiqiçi deyiləm.
- Niyə?
- Məndən daha yaxşı musiqiçilər var.
- Misal üçün, kim?
- Misal üçün, Murad Dalkılıç, Edis… O qədər də tanınmış biri olmalarına ehtiyac yoxdur. Küçə ifaçılarının belə adlarını çəkə bilərəm. Əvvəllər burnu ilə gitara çalan adama təəccüb edirdik, indi təəccüblənmirik. Bəli, mən musiqidən anlayıram, amma bu mövzuda peyğəmbər deyiləm.
- Keçən ay «Kelebek ödülleri» verildi. Orada hər kəsin "Tarkan” deyib durduğunu müşahidə etdim. Mükafatlandırma gecəsində o qədər sənətçinin içərisində təkcə bir ifaçının adının qabardılması doğrudurmu?
- Tarkan illərdir bu sektorda çalışıb və xidmət edib. Çox hörmətli və kübar bir insandır. Bizim nəsil heç vaxt onu inkar edə bilməz. Bu günə qədər Tarkanın heç bir tərbiyəsizliyi ilə də rastlaşmamışıq. Amma iş musiqi mövzusuna gələndə, vəziyyəti yaxşı anlayıram. Tarkan yaxşı bir insan olduğu üçün sevilir. Tarkan elə-belə bir insan olsaydı, bir neçə tərbiyəsiz hərəkətlər etsəydi, onun musiqisini heç kim dinləməzdi.
- Tarkanın bir yeniliyi yoxdur. Hər il eyni performansı təqdim edir.
- Heç kim məni pis başa düşməsin. Amma Tarkanın cəsarəti, istiqamət vermək bacarığı yoxdur. Yəni, mən Tarkan olacağam, bütün dünyanın tanıdığı bir adam olacağam, amma beynəlxalq bir musiqi ifa etməyəcəyəm. Türkiyədə Tarkana səcdə edirlər. Ancaq Tarkan heç bir şey etmir. Tarkanın «Kuzu-kuzu» mahnısından sonra musiqi dinləmədiyi, hətta musiqini tərk etdiyini düşünürəm. Güman edirəm ki, onun gündəmdən düşmə qorxusu var. "Qoy mən risk etməyim” deyir. Tarkan yeni bir ifaçı da gündəmə gətirmir. Hər il eyni konserti verir, dəyişən bir şey yoxdur. Səhnəyə çıxıb "bu gənci dəstəkləyirəm” desə, pis olar? Hətta Ajda Pekkan kimi simalar da bura daxildir.
- Sosial mediada mükafat müzakirəsi aparıldı. Bu mükafatlar haqqında siz nə düşünürsünüz?
- Mən "Altın Kelebek” mükafatlandırma gecəsində ikinci albomumla "Ən yaxşı çıxış edən sənətçi” mükafatını aldım. Hər şeyi anlayın. Artıq bu mükafatların nə qədər boş bir şey olduğunu bilirəm. Artıq hər bir şirkət öz mükafatlandırma gecəsini keçirir. Bir salon tuturlar və öz sənətçilərinə mükafat verirlər. Məncə, bunu hər kəs bacarar.
- Hər bir insan bəzən "kaş bu işi görməsəydim” deyərək, təəssüflən bilər. Siz necə, heç peşmanlıq hissi keçiribsiniz?
- Bəli, özümə lənət oxuduğum zamanlar da olub.
- Dünyanı izləyirsinizmi? Misal üçün, "bu ölkənin sənətçisi olsaydım” dediyiniz anlar olubmu?
- Əslində bu istək istehsal etdiyin musiqi ilə də bağlıdır. Mənim ifa etdiyim musiqilər bir az İngiltərəyə bağlıdır. Ancaq İsveçrə də ola bilər, Avstriya da. Özünü sərbəst və azad hiss edə biləcəyim hər yer. Azadlıq küçənin ortasında öpüşmək deyil mənim üçün. Mən düşüncə olaraq rahat olmaqdan danışıram.
- Hər yeni mahnınız əvvəlkindən yaxşımı olmalıdır? Özünüzü belə bir standartın içərisinə salırsınızmı?
- Mən çox darıxdırıcı insanam. Hərdən elə olur ki, öz tipimdən də yoruluram. Hər zaman yeniliklər edirəm. Bu hal musiqidə də keçərlidir. Əlbəttə hər bir mahnım əvvəlkindən daha yaxşı olmalıdır. Buna görə də cəsarət və risk bizim ən önəmli işimizdir. Özüm üçün hər hansı bir işi görərəmsə, o, sənət deyil, ticarət olar. Sənət üçün bir şeylər edirəmsə, risk almaq və cəsarətli olmaq məcburiyyətindəyəm.
- Sizi sosial layihələrdə də görürük. Sənətçinin belə bir məsuliyyəti olmalıdırmı?
- Sənətçi dediyimiz tayfanın bəzilərinin prodüserləri deyir ki, sosial layihələrdə də görsənmək vacibdir. Sənətçilər də bu fikirlərə önəm verərək, sosial layihələrdə yer alırlar. Belə ki, məktəb açırlar, yaşlılara kömək edirlər. Bir də baxırsan ki, bununla bağlı qəzetlərdə «Şok! Şok!” başlıqlı xəbərlər yayılır. Əgər bu, dövlət tərəfindən bir göstərişdirsə, təbii ki, bunu etməlisən. Ancaq bu, göstəriş deyilsə və ürəyinizdən gəldiyi üçün edirsinizsə, o zaman bunu reklam etməyinizin nə mənası?
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər