AZE | RUS | ENG |

Özü göl, dərdi dəniz Xəzər

Özü göl, dərdi dəniz Xəzər
Ramiz Məmmədov: “Həmin saxta məlumatlar dünyanın Azərbaycan neftinə marağını öldürmək məqsədi daşıyır”

Xəzər dünən, bu gün, sabah. Bu mövzuda suallarımızı cavablandırmaq üçün bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyası  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik, xəzərşünas alim, professor, Dövlət mükafatı laureatı Ramiz Məmmədovla onun iş otağında görüşdük.  Çox səmimi atmosferdə  keçən söhbətin əsas məqamlarını təqdim edirik.
 
Xəzər - dünyanın nadir su hövzəsi. 
Xəzər - zəngin karbohidrogen gölü. 
Xəzər - nadir balıqların vətəni. 
Xəzər - suyu, qumlu sahilləri can dərmanı, sağlamlıq mənbəyi. 
Xəzər - mavi dalğaların daim şahə qalxdığı, qasırğalı məkan. 
Xəzər - üzərində dünyada ilk şəhər salınan dəniz. 
Xəzər - bu günümüzün siyasət dənizi. 
Xəzər - şairlərin ilham qaynağı. 
Xəzər - ekoloji məngənəyə salınmış canlı.
 
  Adi çəkiləndə ilk anda gözlərimiz önündə böyük neft gölü, bitib-tükənmək bilməyən qaz anbarı və bir az mübaliğə ilə desək, müxtəlif qitələrə işıq, rahatlıq, inkişaf paylayan kəmərlər canlanır. Zəngin təbii sərvətləri ilə Xəzərin dünyaya meydan oxuduğu dövr başlanmışdır. 
Xəzər son onilliklərdə, bir növ, siyasət dənizinə çevrilib. Böyük dövlətlərin maraq dairəsində olan Xəzərin siyasi statusu da elə bununla bağlı düyünə düşmüşdü. Şükür ki, Azərbaycan rəhbərliyinin böyük səyi nəticəsində  bu problem  həllini tapdı. 
Xəzəryanı beş ölkə arasında dənizlə daha sıx təmasda olanı Azərbaycandır. Təəssüf ki, təbii sərvətləri sürətlə istismar olunan Xəzər, hədsiz çirklənib. İndi onun sinəsində ölü sahələr mövcuddur... 
 
- Ramiz müəllim, istərdik ki, söhbətə, əvvəlcə, bu dənizin tarixinə və coğrafiyasına qısa qiyabi səyahətlə başlayaq. Alimlər bu barədə söhbət açarkən, ilk növbədə, deyirlər ki, Xəzər həm unikaldır, həm reliktdir. Bu unikallığı və reliktliyi sübut edən göstəricilər hansılardır?
-  Əvvəlcə deyim ki, Xəzər öz tarixi dövründə üç əsas mərhələni keçib. Birincisi, Çar Rusiyası dövründə Xəzər dənizinin loqosu, xəritə və onun üstündə iri nərə balığı olub. Yəni nərə balığı bu dənizin simvolu idi. Vaxt keçdi, XIX əsrin ortalarından başlayaraq, Xəzərdə axtarışlar aparıldı, neft çıxarılmasına başlanıldı və dənizin simvolu neft buruqları oldu. Bu, Xəzərin tarixində ikinci mərhələdir. Artıq Xəzərdə nərə balığı çox azalıb. Neft isə hələ çoxdur. Amma bu gün Xəzər dənizi neftdən və nərədən çox, siyasət dənizidir. Çünki fövqəldövlətlərin hamısının burada marağı var.
İndi sizin sualınıza qayıtmaq istəyirəm. Deyirlər Xəzər dənizi həm reliktdir, həm də unikal. Unikallığı özünü coğrafi hidroiqlim şəraiti və biomüxtəlifliyi ilə təsdiq edir. Məsələn, Xəzər suitisi ancaq bu dənizə məxsusdur. İkincisi, dünya nərə balıqları ehtiyatının 80 faizə qədəri Xəzər dənizindədir. Bu iki göstərici kifayətdir ki, biz Xəzəri unikal adlandıraq. Amma unikallığı sübut edən başqa göstəricilər də var. Məsələn, elə beş balıq növü də var ki, ancaq Xəzər dənizindədir və sair. Bu dənizin biotası çox zəngindir. 

- Bəs reliktliyi nədədir? 
- Dünyada relikt, yəni Yerin inkişafının tarixini özündə yaşadan 15-20 ərazi qalıb. Onu da deyim ki, Yerin ən cavan dövrü, yəni dördüncü mərhələsi bizim yaşadığımız dövrdür. Bu dövrün yaşı təqribən 500 min ildir. Üçüncü dövrə, yəni dinozavrlar yaşayan dövrə aid bitki aləmi Xəzərətrafı ərazilərdə, dəqiq desək, Hirkan meşəsində - Astara-Lənkəran rayonları ərazisindəki meşə, bir hissəsi İrana gedib çıxır - qalıb. Həmin meşənin təxminən 70 milyon il yaşı var. Bu faktın özü Xəzərin reliktliyini sübut edir. 
Yadımda ikən bir məqama toxunum. Mənim fikrimcə, Xəzər türk dənizidir. Fikrin təsdiqi üçün gəlin Xəzərin ətrafında yaşayan xalqları gözdən keçirək. Bu dəniz ətrafında yaşayanların, demək olar ki, hamısı türk və türk kökənlidirlər. 
 Lev Qmılyov məşhur passionarizm nəzəriyyəsini türklərin tarixi əsasında işləyib. Onun fikrincə, Xəzər dənizinin səviyyəsi qalxanda türk xalqları da inkişaf edir. Bu gün Xəzərin səviyyəsi yüksəkdir və məlum olduğu kimi, türk xalqları da müstəqildirlər, yaxşı inkişaf edirlər. Demək, bunlar Qmılyovun passionarizm nəzəriyyəsinin təsdiqidir.

- Xəzərin  neft və qaz ehtiyatları nə qədərdir və həmin sərvətdən Azərbaycanın qismətinə təxminən nə qədər düşür?
- Mən ancaq neft haqqında fikir söyləyə bilərəm. Ümumiyyətlə, neft var: ehtiyat olan, təsdiq olunan və çıxarıla bilən. Bunlar ayrı-ayrı anlayışlardır. İndi ehtiyat olanı qiymətləndirmək də çətindir. Ancaq təsdiq olunana görə, Xəzər dənizində 10 milyard ton neft var. Bu, çox böyük rəqəmdir.
Xəzərdəki təsdiq olunan neftin 3 milyardı Azərbaycanın payına düşür. 5 milyard tonu Qazaxıstan sektorunda, 2 milyardı da Türkmənistan, Rusiya və İran şelflərindədir. 
Araşdırmalar Xəzər neftinin ehtiyatlarını yenidən qiymətləndirməyi tələb edir. Bizdə ən dərin quyu - "Saatlı” yatağında 8 km-dir. Ola bilsin ki, daha dərində də neft var.
 Qaz barədə dəqiq göstərici söyləmək çox çətindir. Çünki son vaxtlar bir-birindən zəngin qaz yataqları kəşf edilib. Yəqin ki, yeniləri də tapılacaq...

- Deyilənlərə görə, Bakı, Xəzərin ən çirkli hissəsində yerləşir. Elə isə siz yay aylarında çimmək üçün Xəzərin hansı sahilinə gedirsiniz?
- Mən Xəzərə çimməyə getmirəm. Bir vaxtlar çimmək üçün  dənizin şimal sahili, yəni Nabran tərəf əlverişli idi. Artıq mən öz ailəmə, dostlarıma o yerlərə getməyi də rəva bilmirəm. Son illər oralarda addımbaşı istirahət yerləri tikilib, çoxunun da təmizləyici qurğusu yoxdur. Çirkab suları da ya dənizə, ya da meşəyə axır. Oralar infeksiya mərkəzinə çevrilir. Bu gün Xəzərin nisbətən təmiz yerləri Lənkəran-Astara sahilləridir. 

- Məlumdur ki, Xəzəri çirkləndirən, əsasən, çaylardır. Bu çaylar Rusiya, Ermənistan, Gürcüstan və digər ölkələrdən keçərək Xəzərə qovuşur. Təbii ki, həmin çaylar keçdikləri ərazilərdəki sənaye tullantılarını bu dənizə gətirir.
- Doğrudur. Öncə deyim ki, Xəzərin çirklənmə mənbələri minlərlədir. Onlar təsnifata görə beş yerə bölünür. Çirklənmə mənbələri arasında birinci yeri çaylar tutur. Ən böyüyü də Volqadır. Demək, Rusiya sənayesinin, eyni zamanda əhalisinin 70 faizi Volqa çayı üzərindədir. Həmin obyektlərin,  demək olar ki, heç birində müasir texnologiya yoxdur. Bircə rəqəm deyim: Volqa ilə ildə Xəzərə 75 min ton neft məhsulları gəlir. 
Yaxşı ki, dənizin özünütəmizləmə qabiliyyəti çox yüksəkdir. O olmasaydı, artıq biz üfunət içərisində yaşayardıq. 
Xəzəri çirkləndirməkdə ikinci yeri Bakı buxtası tutur. Bakı, ətrafında yerləşən şəhər, qəsəbə, sənaye obyektləri və neft emalı müəssisələri çirkləndirmədə öncüldürlər. 

- Xəzərin ekologiyası ilə bağlı xeyli yerli və beynəlxalq qurumlar  fəaliyyət göstərir. Onlardan hansının işi sizi qane edir? 
- Yəqin xatırlayırsınız ki, 2010-cu il ölkəmizdə "Ekologiya ili” elan olunmuşdu. Bundan əvvəl bu mövzuda Prezident iki sərəncam vermişdi. Birincisi, 1996-2010-cu ildə Abşeron və Xəzər ətrafında ekologiyanı yaxşılaşdırmaq və digəri, Xəzər dənizinin çirklənmədən qorunması barədə idi. Təbii ki, bir neçə sərəncam və qərarla bu məsələni həll etmək olmaz. Amma bu, yaxşılığa doğru bir addımdır. Yadımdadır, bu mövzuda çıxışlarının birində Prezident İlham Əliyev belə demişdi: "Ac Afrikada ətraf mühiti mühafizə haqqında fikir söyləmək mənasızdır...” Yəni ac adam, birinci növbədə, bir tikə çörək barədə düşünür. Yaxud, əgər sən balası soyuqdan donan adama deyirsənsə ki, meşəni qırma, bunun faydası olmaz. Çünki o insan hansı yolla olur-olsun, uşağını qorumaq üçün meşəni qıracaq. 
Artıq Azərbaycan bir çox problemlərini həll edib. Elə mərhələyə gəlib çıxmışıq ki, avropalılar kimi biz də ətraf mühitin mühafizəsi barədə fikirləşməliyik, başqa yolumuz yoxdur. Çünki davamlı inkişafın alternativi yoxdur. Bunun da əsası təbiəti mühafizədir. Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi xeyli işlər görür. Amma daha böyük işləri Milli Elmlər Akademiyası görür. Təəssüf ki, elmin maliyyələşdirilməsi respublikamızda, hələlik, lazımi səviyyədə deyil.

- Ramiz müəllim,  indi Xəzərdə balıqçılığın vəziyyəti necədir? 
-  Xəzərətrafı dövlətlər yığışıb bu dənizdən balıq tutulmasına qadağa qoyublar. Təşəbbüs də Azərbaycandan olub. Artıq bir kiloqram da olsa nərə balığı tutmaq olmaz. Bu təşəbbüsü ilk dəstəkləyən də  Rusiya oldu. Yalnız İran tərəfi buna razı olmayıb və indi də ovu davam etdirir. Onu da deyim ki, bir müddət  Azərbaycanın balıqyetişdirmə zavodu olmadı. 1992-ci ildə Dünya Bankının maliyyəsi ilə  Neftçala rayonu ərazisində Xıllı Balıqyetişdirmə Zavodu fəaliyyətə başladı. Orada ildə təxminən 15-18 milyon ədəd xırda balıq yetişdirilib dənizə tökülür. Rusiya, İran, Qazaxıstan da bu işi görür. Buna baxmayaraq, hesab edirik ki, Xəzərdən hələ balıq tutmaq olmaz. Çünki dənizdə balıq  azdır.  

- Xəzərin okeana, demək olar ki, çıxışı yoxdur. Amma Qara dənizin var. Bəs necə olur ki, Xəzərdə təbii sərvətlər oradan çoxdur?
- Biosərvətlərin zənginliyi okeana çıxışlarla bağlı deyil. Qara dənizin problemi böyükdür. Onun dibində sanki bir karxana işləyir və daimi hidrogen-sulfit istehsal edir. Bu, canlıların çoxunu öldürür. 

- Bəzən Qərb mətbuatında informasiyalar gedir ki, Azərbaycan nefti  tezliklə tükənəcək. Bu nə dərəcədə doğrudur?
- Məsləhət görürəm ki, belə məlumatları oxuduqda onun mənbəyini öyrənin. Bu informasiyaların əksəriyyəti siyasi xarakter daşıyır. Həmin saxta məlumatlar dünyanın Azərbaycan neftinə marağını öldürmək məqsədi daşıyır.

- Bəs satış üçün neft ehtiyatlarımız neçə il bəs edər?
- 15-20 il. Amma özümüzə 100 ildən çox bəs edəcək neftimiz olacaq. 
Fikrimcə, tarixi və milli baxımdan Xəzər dənizinin ətraf xalqlara xeyri elə onun ətrafındakı istirahət zonaları, bağlardır. Ona görə də Xəzəri qorumaq lazımdır. Buradakı təbii zənginlikləri məhv etmək olmaz. Yəni bu xalqlar daimidir.  Heç kəs neft çıxarılmasının əleyhinə deyil, amma dediyim zənginlikləri də qorumalıyıq. Mən düşünürəm ki, xalqımızın Xəzərdən gördüyü ən böyük xeyirlərdən biri daş karxanalarıdır. Həmin daş kubiklərlə bütün ölkəni tikirik. Bu da Xəzərin böyük sərvətidir. 
 
- Bəzən müxtəlif səbəblərdən dənizə böyük həcmdə neft axır,  Digər tərəfdən Abşeron, Xəzər hövzəsi seysmik aktiv ərazidir. Güclü yeraltı təkanlar baş versə və neçə il əvvəl Meksikada BP-nin başına gələnlər burada təkrarlansa, həmin faciənin qarşısını almaq üçün lazımi hazırlıq görülübmü?
- Bu işlə məşğul olmaq Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Amma bununla bağlı təhlükə var. Ona görə ki, eyni texnologiyadır, eyni operatordur. Orada da BP işləyir, burada da. Yəni orada olan qəzanın burada da təkrarlanması ehtimalı var. Müəyyən hazırlıqlar gedir. Qısaca desəm, burada çalışan xarici şirkətlərin qəza hallarına hazırlığı məni qane etmir. Bunu isə hökumətin səlahiyyətli qurumları deməlidir. 
 
- Ramiz müəllim, Xəzərin əsas problemlərindən biri suyun səviyyəsinin dəyişməsidir. Məsələn, haçansa Xəzərin səviyyəsi indikindən 18 metr yüksək olub. Sonralar da dəyişmələr çox olub. Bu barədə söhbət açmağınızı istərdik.
- Obrazlı desək, Xəzərin tarixi onun qalxıb-enmə tarixidir. Bir vaxtlar Xəzər Qara dənizlə birləşmiş olub. Sonra elə vaxt olub ki, su tamam çəkilib - Abşeron yarımadasından yuxarıda su olmayıb, ancaq cənub hissədə olub. Əyani olması üçün bir fakt deyim: 1978-ci ildən 1995-ci ilə kimi Xəzər dənizinin səviyyəsi 2 metr qalxıb. Onda Azərbaycanın sosial-iqtisadi həyatına, ətraf mühitinə birbaşa dəyən ziyan 2 milyard ABŞ dolları təşkil etdi. O vaxt Azərbaycanın illik büdcəsi yarım milyard dollar idi. Təkcə Dərin Özüllər Zavoduna 200 milyon dollar ziyan dəymişdi. Həqiqətən də, ekoloji problemlə yanaşı, böyük sosial-iqtisadi problemlər əmələ gəlmişdi. Azərbaycanda çoxlu ekoloji qaçqınlar yaranmışdı. 
Bu barədə təkliflər müxtəlifdir. Birincisi, gərək biləsən ki, suyun səviyyəsi necə dəyişəcək. Bu proqnozu vermək də çox çətindir. Çünki bu, daha çox iqlim dəyişmələri ilə bağlıdır. Elm də bu gün iqlimin proqnozunu geniş verə bilmir. Maksimum 6 aylıq proqnoz verilə bilir. Buna görə də, sahil zonasını mənimsəyəndə bunu mütləq nəzərə almalısan. Sahil zonasının mənimsənilməsinin bir strategiyası olmalıdır. 

-  Xəzərə tökülən çaylardan, sənaye müəssisələrində istifadə, suvarma və digər məqsədlər üçün hər il çoxlu su götürülür. Əgər həmin sular da dənizə tökülsəydi, nə baş verərdi?
- Xəzərin su balansı var - gəlir hissəsi və çıxar hissəsi. Gəlir hissəsi çayların gətirdiyi sudur, bir də səthinə düşən yağıntı. Bir də yeraltı axınlar; bunlar azdır. Çıxar hissəsi səthindən buxarlanmadır. Bunların arasında tarazlıq pozulsa, yəni gələn su çox olsa, səviyyə qalxır, yaxud əksinə olanda səviyyə aşağı düşür. Sizin dediyiniz məsələni də araşdırmışıq. Məlum olub ki, sovet hökumətinin inkişaf dövründə, yəni 50-60 ildə Xəzər dənizinə axan çaylardan ildə 50 kubkilometr su götürülüb. Əlavə edim ki, Kür çayı dənizə ildə 15 kubkilometr su verir. Belə deyək ki, təxminən üç  Kürün suyu gəlib Xəzərə çatmayıb. Onu da deyim ki, Xəzərə 4 kubkilometr su töksən, dənizin səviyyəsi bir santimetr qalxar. Demək istədiyim odur ki, insanlar özləri də bilmədən müəyyən fəlakətin qabağını alıblar. Yəni həmin su çaydan götürülməsəydi, səviyyə indikindən 1,5-2 metr yuxarı olacaqdı. Bu o deməkdir ki, Bakı bulvarının bir hissəsi suyun altında qalacaqdı. 
Son illər gələn suyun həcmi götürüləndən lap çoxdur. Məsələn, elə il olub ki, təkcə Volqa ilə ildə 300 kubkilometr su gəlib. Elə il də olub ki, həmin göstərici cəmi 140 kubkilometr təşkil edib. Kürlə bəzən 18 kubkilometr gəlib. Yəni gələn su, götürüləni xeyli üstələyib, ona görə də səviyyə qalxıb. 
İldə Xəzər dənizinin səthindən bir metr su buxarlanır. Əgər dənizin üstünü bağlamaq mümkün olsaydı, onda səviyyə ildə bir metr qalxardı.

- Bəs Xəzərdə çirklənmə buxarlanmaya necə təsir edir?
- Hazırda Xəzərdə təqribən 1500-2000 kvadratkilometr ərazi daimi neft təbəqəsi ilə örtülüdür. Həmin ərazilər, belə demək olarsa, ölü nöqtələrdir. Xəzər dənizinin ümumi sahəsi isə 370-400 min kvadratkilometr arasında dəyişir, 1500-2000 kvadratkilometr onun qarşısında nədir ki. Yəni neft tullantılarının buxarlanmaya təsiri azdır. Amma bir şey var: suyun özünün tərkibi dəyişəndə buxarlanması azalır. Belə ki, təmiz su çox buxarlanır. Ancaq dənizə tökülmüş neft ekoloji şəraitə böyük təsir göstərir. 

- Eşitdiyimə görə, Abşeron yarımadası ildə 5 millimetr yatır. Bu tərəfdən də Xəzər qalxır.  Belə davam etsə, yarımadanın sabahkı taleyi necə olar?
- Əlbəttə, Abşeronun taleyi üçün problemlər yaranır və artıq xeyli problemlər mövcuddur. Bibiheybət nə vəziyyətdə idi? Son illər ora çoxlu torpaq daşındı və qurunun səviyyəsi qaldırıldı. O vəziyyət yatmanın nəticəsi idi. Yəni sizin dediyiniz 5 millimetr yeni bəlalar gətirir. Çünki bəzi yerlərdə qrunt sularının səviyyəsi qalxır. 
Onu da deyim ki, Abşeronun ildə 5 millimetr yatması qeyri-adi şey deyil. Ümumiyyətlə, Yer kürəsində heç nə yerində stabil durmur. Məsələn, Böyük Qafqaz ildə bir santimetr böyüyür. Cavan dağdır, arta-arta gedir. 

- Qəribədir.
- Bəli, təbiət qəribəliklərlə doludur.

- Xəzərin problemlərindən danışdıq.  Bəs bu problemlərin həllinə kömək edəcək hansı tədqiqatlar aparılır, yeni layihələr həyata keçirilir?
- Bu yaxınlarda bir araşdırma aparmışam. Nəticədə məlum oldu ki, Xəzər dənizinə biganəlik, həqiqətən, çox olub. Ancaq o da ortaya çıxdı ki, dünya dənizləri içərisində ən çox diqqət mərkəzində olan da  Xəzər olub. Dünyanın heç bir dənizi bu qədər tədqiq olunmayıb. Lakin bunun hamısı bizim müstəqilliyimizə qədərki dövrə, daha çox sovetlər dövrünə aiddir. SSRİ dağılandan sonra hamı çəkildi öz qınına. Hamı çalışır ki, neft çıxarsın, qazansın. Amma ətraf mühit haqqında heç kəs fikirləşmir. Fikirləşirlər ki, beynəlxalq təşkilatlar gəlib kömək eləsin. Halbuki Avropadan, Amerikadan, Fransadan gələn tədqiqatçılar qrantlarla iş görürlər. Mənim fikrimcə, qrant qonşudan gələn bir boşqab paydır. Onunla doymaq olmaz. Yaxşı nümunə var - Baltika dənizi. Baltika dənizinin, demək olar ki, heç bir problemi yoxdur. Çünki ətraf ölkələr dənizin qorunmasında birgə işləyirlər. Qara dənizdə də vəziyyət yaxşılaşıb. Amma Xəzərətrafı ölkələr status məsələsində ortaq məxrəcə gəlsələr də, bu sahədə iş görmək istəmirlər. 

- Bəs Xəzərətrafı ölkələr bu məsələdə niyə ortaq məxrəcə gələ bilmirlər? 
- 2003-cü ildə Tehranda Xəzər konvensiyası imzalanıb. Konvensiyanın imzalanmasından  görün neçə il keçib. Hamı çəkilib oturub evində. Hələ bunlar konvensiyanın katibliyinin harada oturacağını müəyyənləşdirə bilməyiblər. Yəqin bilirsiniz ki,  bu konvensiya Xəzərin ətraf mühitinin mühafizəsinə aiddir. Bunun status məsələsinə dəxli yoxdur. O məsələdə də pərdəarxası söhbətlər var. Söhbət Xəzəri bölməkdə deyil ha, məqsəd kiməsə mane olmaqdadır. Kiminsə bura gəlməsini istəməməkdədir. Hər halda, Xəzərin ətraf mühitinin mühafizəsi ilə məşğul olmaq lazımdır. 

-  Sizin fikrinizcə, Xəzərin çirklənməsi azaldılsa, dəniz neçə ilə sağlamlaşar?
- Bəzən belə deyirlər ki, Xəzəri təmizləyək. Bu, Don Kixotluqdan başqa bir şey olmaz. O qədər ərazini necə təmizləmək olar?  Bəs nə etməli? Bayaq qeyd etdik ki, dənizin özünütəmizləmə qabiliyyəti var, o, köməyə gəlir. Əgər "sıfır tullantı” şüarı irəli atılsa, yəni bütün çirkab mənbələri kəsilsə, Xəzərin ilkin halına qayıtmasına təqribən 40 il lazımdır.

- Ramiz müəllim, bir neçə il əvvəl mətbuatda Xəzərin suyunun şirinləşdirilməsi ilə bağlı bəzi işlərin görüldüyü haqda informasiya getmişdi.  Amma sonralar nədənsə bu barədə söhbət getmədi. 
- Xəzərin suyundan istifadə barədə pilot layihə var. Bu fikri də Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb. Məqsəd Xəzər dənizinin suyunu şirinləşdirərək istifadə etməkdir. Amma elə fikirləşmək lazım deyil ki, həmin suyu təmizləyib, bu gün haradasa istifadə edəcəyik. Yox. Hələ ki buna elə də ehtiyac yoxdur. Lakin unutmayaq ki, təbiətdə gedən iqlim dəyişmələri və onun nəticələri göstərir ki, arid, yəni quraq yerlərdə yağıntının miqdarı getdikcə azalacaq, nəm, rütubətli yerlərdə isə yağıntının miqdarı bir qədər də artacaq. Azərbaycan ərazisinin 60 faizi ariddir. Artıq su qıtlığı hiss olunur. Doğrudur, səmərəli istifadə etsək, mövcud su mənbələri bəsdir. Təəssüf ki, səmərəli istifadə etmirik. Bir də unutmayaq ki, tarixən dünyada müharibələrin çoxu su üstündə olub. Bir ayrı fakt da var: gör sənin suyunun başında duranlar kimlərdir? - Ermənistan, Gürcüstan, Rusiya. Deməli, problem getdikcə böyüyə bilər. İndi Xəzərin suyunun şirinləşdirilməsi bir pilot layihədir. Sabah qara gün olanda bu təcrübədən istifadə edib kimsəyə möhtac olmaqdan qurtarmalıyıq. Bu layihə çox lazımlıdır.

- Bir neçə il əvvəl rəhbərlik etdiyiniz institutun əməkdaşları  Xəzərin  hidrometeoroloji atlasını hazırlamışdılar. Onun çapına nail ola bildinizmi? 
- Bəli, Dövlət Neft Şirkətinin  maliyyə vəsaiti hesabına və Kanada hökumətinin dəstəyi ilə çap etdirdik.

- Bu məsələdə Kanadanın marağı nə idi ki?
- Onlar bizdən fərqli olaraq hər hansı ekoloji problemə qlobal yanaşırlar. Çünki  Xəzərdə, Aralda, yaxud Baykalda  baş verən hər hansı xoşagəlməz hadisə bütün dünyaya sirayət edə bilər.

- Ramiz müəllim, bu yaxınlarda sizinlə qısa telefon söhbətimiz oldu. Sözarası dediniz ki, Türkiyəyə səfərə hazırlaşıram. Elmi konfransa gedirdiniz, yoxsa dincəlməyə?
- Həmin səfər də elə Xəzər dənizi ilə bağlı idi.
  Bilirsiniz, indiyədək Xəzərlə bağlı aparılan elmi araşdırmaların nəticələri informasiya bazasında yerləşdirilməlidir ki, sonra onlardan istifadə mümkün olsun. Müasir Avropa stilinə uyğun bir məlumat bazası yaradırıq. Bunun üçün Rusiya, Qazaxıstan, Türkiyə, Niderlanddan da nümayəndələr çalışırlar. Türkiyə ona görə bura qatılıb ki, onların bu işdə təcrübəsi var - Qara dəniz üçün onlar həmin bazanı yaradıblar. 

- Söhbətin əvvəlində dediniz ki, Xəzər türk dənizidir.  Bəs türkdilli dövlətlərin alimləri niyə bu nadir su hövzəsinin ortaq coğrafiyasını yazmırlar? Ümumiyyətlə, sizcə, Türk dünyası coğrafiyasının yazılması üçün hansı işlər görülüb və görülməkdədir? 
- Bir xəzərşünas kimi mən bu mövzuda  bir neçə kitab və çoxsaylı elmi, nəzəri məqalələr yazmışam. Şübhəsiz, başqa alimlərimiz də Xəzərlə bağlı araşdırma və düşüncələrini çap etdiriblər. Amma, mənim fikrimcə, Xəzər daim axtarış və elmi araşdırma obyekti olmalıdır.
Əlavə edim ki, Coğrafiya İnstitutunun səyi ilə bu yaxınlarda "Türk dünyasının coğrafiyası və etnosu” adlı üç cildlik kitabın birinci cildi -"Fiziki coğrafiya" işıq üzü görüb. Kitabın yazılmasında Coğrafiya İnstitutu ilə yanaşı, AMEA Geologiya və Geofizika İnstitutunun, Bakı Dövlət Universitetinin, Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutunun alimləri  də iştirak ediblər. Kitabın bir bölməsi türk dünyasının daxili sularına həsr edilib. Buraya Aral-Xəzər daxili hövzəsi də daxildir.
Onu da deyim ki, keçən il Bakıda Türkiyə Coğrafiyası günləri keçirildi. Sonra biz İzmirə getdik. Orada Azərbaycan Coğrafiyası günləri oldu. İzmirdə Ege Universitetindəki çıxışımda Türk Dünyası Coğrafiya Vəqfinin yaradılmasının vacibliyini irəli sürdüm. Türk alimləri bu fikri dəstəklədilər. Amma onu deyim ki, belə bir qurumun yaradılması  tez başa gələn iş deyil. Güman edirəm ki, "Türk dünyasının coğrafiyası və etnosu” adlı üç cildlik kitabın nəşri bu istiqamətdə atılmış ilk addımdır. 
 
- Son sualım Xəzərlə bağlı deyil. Amma güman edirəm ki, cavabınız oxucular üçün maraqlı olacaq. Siz dünyanın çox ölkəsini gəzibsiniz. .Həmin ölkələrin hansında özünüzü daha rahat hiss edibsiniz? 
- Finlandiyada. O ölkəyə girəndə adam özünü çox rahat hiss edir; əsəbləri də sakitləşir. Çəmən, göl, meşə, təmizlik, sakitlik çoxdur orada. İnsanları da çox qayğısız kimi görünürlər. 

- Ramiz müəllim, Xəzərlə bağlı maraqlı söhbətə görə sağ olun. Sizə bundan sonra da uğurlu elmi axtarışlar, rahatlıq və könül xoşluğu arzulayırıq.  Ümid edirəm ki, xoş günlərin birində Xəzərin sahilində görüşüb bu mövzuda daha nikbin söhbət edəcəyik.
- İnşallah, mən də bu ümiddəyəm...

 Söhbətləşdi Səməd Məlikzadə
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779