AZE | RUS | ENG |

Ziyalılar təxribatçıların əməllərini pisləyir

Ziyalılar təxribatçıların əməllərini pisləyir
Arif Babayev: “Bu planı hazırlayanların hədəfində Azərbaycan dövlətçiliyi, müstəqilliyi dayanır”

Gəncədə radikal dini yönümlü bir qrup şəxsin şəhər İcra Hakimiyyətinin inzibati binası önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhdi və nəticədə iki rütbəli polis zabitinin öldürülməsi hadisəsi Azərbaycan ictimaiyyət tərəfindən qətiyyətlə pislənilir. Xalq  Gəncədə baş verən təxribatlara qarşı öz barışmaz mövqeyini ortaya qoydu. Ölkənin tanınmış ziyalıları, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə fəallıq göstərən vətəndaşlarımız təxribat əməllərini kəskin şəkildə pisləyərək, öz dövlətinə sahib çıxdığını nümayiş etdirdi.
Xalq artisti Arif Babayev Gəncədə baş verən hadisələri pisləyərək ölkənin sabitliyinə, inkişafına qarşı yönələn cinayət adlandırır: "Bu kimi hadisələr ölkəmizə qarşı yönələn təxribatlardan qaynaqlanır. Bu planı hazırlayanların hədəfində Azərbaycan dövlətçiliyi, müstəqilliyi dayanır. Bu hadisəni törədənlər faktiki olaraq terrorçulardır. Onlar Azərbaycan dövlətinə qarşı terror törədiblər”. Xalq artisti bildirir ki, müxtəlif ölkələrdə baş vermiş qanlı hadisələri, ssenariləri Azərbaycanda da təkrarlamaq istəyən, ölkəmizdə qarışıqlıq törətmək niyyətində olan bu cür təxribatçıların məqsədi Azərbaycanda xaos və qarşıdurma yaratmaqdır: "Ancaq Azərbaycan dövlətçiliyi əmin əllərdədir. Xalqımız öz prezidentinin ətrafında möhkəm birləşib. Son prezident seçkiləri də bunu təsdiqlədi. Bu terrorçular və təxribatçılar öz istəklərinə çata bilməyəcəklər”.
Professor Şahlar Əsgərov Gəncədə baş verən hadisələrdən, iki polis zabitinin vəhşicəsinə öldürülməsindən üzüldüyünü bildirir: «Bunlar çox ağır hadisələrdir. Bu cür hadisələrdən nəticə çıxarılmalıdır. Baş verən hadisələr zamanı təhlükəsizlik orqanlarının, o cümlədən Azərbaycan polisinin yüksək vətənpərvərlik, peşəkarlıq nümayiş etdirməsi diqqətçəkən məqamdır. Qətiyyətli Azərbaycan polisi ən çətin məqamlarda belə öz dövlətinə, dövlətçiliyimizə sədaqətlə xidmət edir. Azərbaycan polisi bir daha sübut etdi ki, xalqımızın, dövlətimizin təhlükəsizliyini qorumaq üçün öz canını qurban verməyə, pozucu qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirməyə hazırdır”. Professor hesab edir ki, Azərbaycanın inkişafı, onun beynəlxalq səviyyədə əldə etdiyi uğurları Ermənistanla bərabər bəzi xarici dairələri də ciddi sürətdə narahat edir: "Xalqımız öz prezidentinin ətrafında daha da sıx birləşməlidir. İnanıram ki, dövlətimiz bu cür təxribatların öhdəsindən gələcək”.
 
Nurəddin Mehdixanlı: "Bu hadisələrə dəstək verənlər Azərbaycanı istəməyənlərdir”
 
Xalq Artisti Nurəddin Mehdixanlı Gəncədə baş verən hadisələri birbaşa Azərbaycan dövlətinə qarşı törədilən cinayət adlandırır: "Baş verənlər sıradan bir hadisə deyil. Gəncə hadisəsi zamanı ölkənin iki yüksək rütbəli polis zabiti vəhşicəsinə qətlə yetirilib. Bu, heç bir çərçivəyə sığacaq hadisə deyil. Bundan əvvəl Gəncədə baş vermiş hadisə bizim pusquda yatan düşmənlərimiz üçün sanki bir fürsət imiş. Ətrafımızda bizi istəməyən güclər ki, var dərhal özlərinin gizli casus şəbəkələrini hərəkətə gətirdilər. Onlar Azərbaycanda anarxiya, xaos yaratmağa cəhd göstərdilər. Mənə elə gəlir ki, ölkənin vətəndaşı olan, həqiqi mənada azərbaycanlı olan hər bir şəxs indiki həssas məqamda Azərbaycanda qarşıdurma yaranmasına heç bir halda razı olmaz. Deməli, bu hadisələrə dəstək verənlər Azərbaycanı istəməyənlərdir”. Xalq artisti hesab edir ki, Azərbaycanda müəyyən qanunlarda dəyişiklik etmək vacibdir. Belə ki, Azərbaycanda heç bir halda dini fanatizmə imkan vermək olmaz: "Dini fanatizmin tüğyan etdiyi ölkələrin aqibətinin nə halda olduğunu biz görürük. Xaos, anarxiya, dövlət çevrilişləri, qətllər, cinayətlər... Azərbaycanda heç bir halda bu cür hadisələrin baş verməsinə imkan vermək olmaz. Onsuz da bunu istəyənlərin arzuları gözlərində qalacaq”. Ancaq bu hadisə ciddi şəkildə narahatedicidir. Ətrafımızda kifayət qədər ciddi hadisələr baş verir. Bəzi qonşularımızın özlərinə məxsus maraqları var. Baş verən hadisələr də onların maraqlarına xidmət edir. Nədən qaynaqlanır qaynaqlansın bu gün Azərbaycanda heç bir halda daxili qarşıdurma yaratmaq olmaz. Bunu istəyənlər yalnız bu xalqın düşmənləridir. Bu mənada hesab edirəm ki, Azərbaycan qanunları bu cinayəti törədənlərə qarşı sərt üzünü göstərməlidir. Azərbaycan dövləti bu cinayətkarlara açıq şəkildə anlatmalıdır ki, bu ölkədə qanunlar işləyir və hər kəs bu dövlətə qarşı olacaqsa, qarşısında onun cəzalarını görəcək və zərbəsini alacaq. İndi həmişəkindən daha sıx, bir-birimizin, dövlətimizin, bayrağımızın yanında olmağa ehtiyac var”. N.Mehdixanlı bildirir ki, 20 faiz ərazisi düşmən işğalı altında olan bir millət bu cür hallara imkan verə bilməz: "Çünki pusquda dayanan düşmənlərimiz də bunu istəyirlər. Düşmənlərin maraqlarına xidmət edənlər isə onlarla əlbirdirlər və düşmən dəyirmanına su tökürlər. Azərbaycan dövləti güclüdür. Bir vətəndaş olaraq inanıram ki, Azərbaycan dövləti öz gücünü göstərəcək, bu cinayəti törədənlər Azərbaycanın və qanunlarımızın sərt üzünü görəcəklər”.
 
Tənzilə Rüstəmxanlı: "Prezidentin, polisin yanındayıq”
 
Azərbaycan-Türkiyə Evinin sədri (ATEV) Tənzilə Rüstəmxanlı hesab edir ki, bu cür hadisələrin Azərbaycanı xaosa sürükləməsinə və qarşıdurma yaratmasına imkan verilməməlidir: "Gəncə şəhərində baş verən hadisələr diqqətə alınmalıdır. Düşmənlərimiz bu olayları Azərbaycanın əleyhinə istifadə etməyə çalışacaqlar. Baş verən hadisəyə hüquq çərçivəsində baxılmalıdır, cinayət varsa, günahkarlar mütləq mühakimə olunub cəzalandırılmalıdır. Sadəcə, ədalətin və hüququn üstünlüyünün təmin edilməsini saxlamaq lazımdır. Hadisə nəticəsində iki nəfər yüksək rütbəli polis əməkdaşı şəhid oldu. İlk növbədə, bununla bağlı bütün Azərbaycan xalqına başsağlığı verirəm. Onlar xalqımızın mərd oğulları idi və xalqın rifahı naminə, sabitliyi qorumaq yolunda canlarından keçdilər. Bu xalqa görə, bu xalqın insanlarına görə, dövlətimizə görə şəhid oldular. Polislər Azərbaycanı daxildəki düşmənlərdən qoruyur”. T.Rüstəmxanlı xalqımızın birliyinin bu cür təxribatlara ən böyük zərbə olduğunu bildirir: "Biz Azərbaycan Prezidentinin, Azərbaycan polisinin yanındayıq. Hər birimiz ölkəmizin sabitliyi üçün onun yanında olmalıyıq. Dedi-qodu səviyyəsində gəzən söhbətlər, çox zaman təxribat yaratmaq məqsədi daşıyır, biz bu hadisələrin dövlətimizə və xalqımıza zərər verməsinə izn verməməliyik”.
Müharibə veteranı Fatma Səttarova xalqımızı prezident İlham Əliyevin ətrafında daha da sız birləşməyə çağırır: "Biz Azərbaycanın müstəqilliyi ilə qürur duyuruq. Ancaq bəzi gözügötürməyən qüvvələr düşmən dəyirmanına  su tökürlər. Onlar ölkəmizdə sabitliyi pozmaq istəyirlər”. Müharibə veteranı bildirir ki, ölkəmiz müharibə vəziyyətində olan dövlətdir. Onun arxa cəbhədə çalışan zabitinə hücum edilməsi və onların vəhşicəsinə öldürülməsi Azərbaycan xalqına qarşı cinayətdir”.
 
"Azərbaycan ideyalarına sahib çıxmalıyıq!”
 
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli Gəncədə baş verən hadisələri qətiyyətlə pisləyir: "Bu hadisələr dövlətə qarşı cinayətdir və dövlətin sabitliyini pozmağa yönəlib. İstər Nardaranda, istər respublikanın başqa yerlərində islam radikallığı adı altında bu cür hərəkətlər törədirlər. Təəssüf ki, bu cür hadisələr zamanı polislərimiz şəhid olur. Bu hadisələri törədənlərin əsas məqsədi Azərbaycanın müstəqilliyinə qarşı təxribat yaratmaqdır”. İB sədri deyir ki, iyunun 26-da Bakıda Milli Ordu Gününə həsr olunan və Azərbaycan ordusunun gücünü nümayiş etdirən möhtəşəm hərbi parad düşmənlərimizi daha da qıcıqlandırıb: "Hamı görür ki, Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir. Ölkəmizdə sabitlik və inkişaf var. Müstəqil siyasəti istəməyən bəzi dairələr ölkəmizdə sabitliyi pozmaq istəyir, Azərbaycanı Suriyaya çevirmək istəyirlər. Təbii ki, Azərbaycanı sevənlər və onun vətəndaşlarının böyük bir hissəsi belə əməlləri kəskinliklə pisləyirlər. Cüzi bir faiz - xarici dairələrə işləyən, Azərbaycanın milli maraqlarına xidmət etməyən, ölkəmizin müstəqilliyini istəməyən, "5-ci kolon” rolunu oynayan adamlar onların maraqlarına xidmət edir. Ehtiyatda olan zabitlər, müharibə veteranları, Qarabağ qaziləri, şəhid ailələri, Azərbaycan gəncliyi və başqaları isə belə hadisələri qətiyyətlə pisləyirlər. Təsəvvür edin, Azərbaycan dövləti güclü olmasaydı və o, insanların əlində silah olsaydı onlar vətəndaşlara qarşı daha hansı cinayətlər törədərdilər! Bu hadisə bir daha onu göstərdi ki, həm xaricdə yaşayan Əlikram Hümmətov kimi mənəviyyatı olmayan, xarici kəşfiyyat orqanlarının əlində alət olan adamlar Azərbaycan dövlətinə qarşı sistemli iş aparır, həm də Azərbaycan dövlətinin içərisində Yunis Səfərov kimi onların tətikçiləri var. Biz cəmiyyət, dövlət və xalq olaraq - Azərbaycanı sevən insanlar, xüsusən Azərbaycan gəncliyi bu hadisələrə qarşı birləşməlidir. Bu hadisələr onu göstərdi ki, biz hər an ayıq-sayıq olmalı, millətimizi və dövlətimizi qorumalıyıq. 100 yaşlı Cümhuriyyətimizə, Azərbaycan ideyalarına sahib çıxmalıyıq!”
 
Təranə Məhərrəmova
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191