• şənbə, 27 Aprel, 00:33
  • Baku Bakı 14°C

Özgə qapılara dikilən ümidlər

01.09.16 17:58 1367
Özgə qapılara dikilən ümidlər
Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra hərbi çevriliş yolu ilə iqtidara gələn, lakin cəmisi bir il sonra səriştəsiz və səbatsız idarəetmə nəticəsində ölkəni xaosa, vətəndaş müharibəsinə sürükləyən hazırkı müxalifət o zaman hakimiyyəti qoyub qaçmaqla xalqın ümidlərini puça çıxardı. Həmin gündən etibarən Azərbaycan xalqının AXC-Müsavat cütlüyünə, eləcə də onların tör-töküntülərinə inamı itdi. Məhz bu səbəbdən 1993-cü ildən indiyə qədər keçirilən bütün seçkilərdə ölkə əhalisi radikal müxalifət liderlərinin şirin vədlərinə deyil, Azərbaycanı bütün bəlalardan xilas edənə, onun sabahını düşünən əsl liderə dəstək nümayiş etdirməkdədirlər. Hər dəfə seçkilərdə radikal müxalifət liderləri biabırçı şəkildə məğlub olur, olan-qalan elektoratlarını da itirə-itirə gedirlər. Həmin "liderlər” artıq Azərbaycan vətəndaşlarının dəstəyini ala bilməyəcəklərini yəqin etdiklərindən ümidlərini yad qapılara dikiblər.
Misal üçün, sonuncu prezident seçkiləri öncəsi xarici qüvvələrin təsiri altında Ziyalılar Forumu, "EL” Hərəkatı, Milli Şura təsis edən müxalifətçilər aldıqları təlimat, ən əsası isə böyük məbləğdə maliyyə vəsaiti müqabilində heç bir siyasi fəaliyyəti olmayan, kinodramaturq kimi tanınan, cibində ikili vətəndaşlıq pasportu gəzdirən Rüstəm İbrahimbəyovu özlərinin vahid namizədi seçdilər. Ümid edirdilər ki, Rusiyada yaşayan və oradakı "Milyarderlər İttifaqı”nın üzvü olan R.İbrahimbəyov Şimal qonşumuzun dəstəyi nəticəsində prezident seçiləcək, AXCP-Müsavat liderləri və tərəfdarları da "ağ günə” çıxacaqlar. Ancaq ağı qaradan seçməyi yaxşı bacaran müdrik Azərbaycan xalqı öz qətiyyətini və iradəsini ortaya qoyaraq, xarici dairələrə satılmış radikal müxalifət liderlərinin və onların havadarlarının planlarını pozdu. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin layiqli davamçısı, öz təşəbbüsləri və həyata keçirdiyi siyasi kursla liderliyini dəfələrlə sübut etmiş İlham Əliyevi dəstəkləyərək, məhz onu yenidən ölkə prezidenti seçdi. Beləliklə də müxalifətçilər daha bir sarsıdıcı zərbə alaraq, növbəti dəfə məğlub duruma düşdülər.
Amma təəssüflər olsun ki, milli və dövlətçilik maraqlarını düşünməyən, öz şəxsi maraqları naminə kiminlə gəldi əməkdaşlığa hazır olan radikal müxalifət, xüsusən də AXCP sədri Əli Kərimli, onun Milli Şura dəstəsi, həmçinin bu şəxslərin ətrafında cəmləşənlər həyatın verdiyi dərslərdən nəticə çıxarmır, reallığı acı da olsa olduğu kimi qəbul edə bilmirlər. Belə ki, seçkidən-seçkiyə "fəallaşaraq” gündəmdə qalmağa cəhd edən, hətta xarici dairələrin əlində maşa olmaqdan belə çəkinməyən bu qüvvələr 26 sentyabr referendumu öncəsi də səs-küy salmağa başlayıblar. Diqqət çəkən məqam burasıdır ki, bu dəfə onlar Şimaldan deyil, okeanın o biri tayından – Qərbdən özlərinə havadarlar axtarmağa başlayıblar.
Dünən haqqin.az saytında yer alan məlumatlardan da aydın olur ki, avqustun 15-də saat 10.00-da "Ümid” partiyasının funksionerləri Ənvər Ağazadə və Elmar Abbaszadə Fransa səfirliyinə baş çəkiblər. Avqustun 17-də ABŞ səfirliyi öz qapılarını radikal REAL təşkilatının fəallarına - Rəsul Cəfərova və Erkin Qədirliyə açıb. Onları səfirliyin hansısa sıravi əməkdaşı, hətta ştatlı diplomatı deyil, səfir Robert Sekuta özü şəxsən qəbul edib. Avqustun 18-də saat 16.50-də Xədicə İsmayıl Fransa səfirliyinə yollanıb. O, saat 18.30-a qədər, demək olar ki, iki saat səfirlikdə olub və oradan birbaşa ADİSAD hüquq firmasının ofisinə yollanıb. Avqustun 19-u 14.40-da isə AXCP sədri Əli Kərimli özü Böyük Britaniya səfirliyinə yollanıb. Üç gün sonra bu səfirliyə radikal REAL təşkilatında təmsil olunan Erkin Qədirli və Azər Qasımlı baş çəkiblər. Onları da səfir Kerol Krofts şəxsən özü qəbul edib. Bu hadisələrdən cəmi 3 gün sonra, daha dəqiq desək, avqustun 23-də, saat 15.10-da AXCP sədri Ə.Kərimli və Milli Şura sədri Cəmil Həsənli ABŞ diplomatik missiyasının apartamentlərinə yollanıblar. Ertəsi gün C.Həsənli yenidən Amerika səfirliyinə gedib. Avqustun 25-də isə Britaniya səfirliyində Müsavat Partiyasının sədri Arif Hacılı peyda olub. O, britaniyalıların qəbuluna 10.25-də gəlib və 11.35-də oranı tərk edib. Təxminən bir saat sonra, 12.45-də britaniyalıların hüzuruna İsa Qəmbərin oğlu - NİDA fəallarından biri Turqut Qəmbər gəlib və o, təxminən bir saata yaxın səfirlikdə məsləhətləşmələrdə iştirak edib. Avqustun 25-də yenidən A.Hacılı ABŞ səfiri Robert Sekutanın qonağı olub. Ən nəhayət, avqustun 30-da AXCP sədri Ə.Kərimli Avropa İttifaqının səfiri Malena Martın qəbulunda olub.
Bu faktlardan da göründüyü kimi, müxalif cəbhədə toplaşan bir qrup insan siyasi hakimiyyətə gəlmək üçün Azərbaycan xalqının etimadını, vətəndaşın səsini qazanmaq, sivil qaydada siyasi mübarizə aparmaq əvəzinə, ümidlərini ABŞ, Fransa, İngiltərə və Avropa İttifaqı qapılarına bağlamaqdadırlar. Məhz bu qapılarda aldığı təlimatlara uyğun olaraq, AXCP sədri Ə.Kərimli sosial şəbəkə üzərindən müraciət yayaraq tərəfdarlarını referendum öncəsi mitinqə, Azərbaycan iqtidarına, siyasi hakimiyyətə etiraz etməyə səsləyib. Ancaq tam əminliklə demək olar ki, radikal müxalifətin xarici ölkə səfirliklərinin məsləhət-məşvərəti ilə həyata keçirmək istədiyi bu plan da iflasa uğrayacaq. Hər dəfə olduğu kimi, bu dəfə də meydanda tək qalan, Azərbaycan xalqının dəstəyini ala bilməyən radikal müxalifət liderləri əvvəlcə məğlubiyyətin şokunu yaşayacaq, daha sonra bir-birinin ünvanına küçə söyüşləri yağdırmaqla, düşdükləri duruma görə bir-birini ittiham edəcəklər.

Alpər TURAN
banner

Oxşar Xəbərlər