• cümə, 26 Aprel, 17:17
  • Baku Bakı 23°C

Zeynəb Xanlarovadan Rəqsanəyə: “Öz reklamını tanınmışların adı ilə qurub“

23.06.15 16:28 2268
Zeynəb Xanlarovadan Rəqsanəyə: “Öz reklamını tanınmışların adı ilə qurub“
Xəbər verildiyi kimi, müğənni Rəqsanə İsmayılova ötən həftə televiziya kanalının efirində bildirib ki, o, sentyabrda Heydər Əliyev Sarayında xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə bir səhnədə konsert proqramı ilə çıxış edəcək.
Z.Xanlarova Rəqsanənin bu fikrinə münasibət bildirib.
Lent.az-ın məlumatına görə, sənətkar aznews.az-a deyib ki, bu xəbər mətbuatda yer alan vaxt o, Türkiyədə olub.
Millət vəkili bu xəbəri ciddi qarşılamadığını desə də, sosial şəbəkədə gedən yazıların diqqət çəkməsindən sonra əsəbiləşdiyini bildirib:
“Əvvəla, bütün yaradıcılığı boyu heç kimlə, hətta dünyanın ən ünlü sənətkarları ilə belə səhnəsini paylaşmayan Zeynəb Xanlarova niyə indi kiminləsə onun öz ansamblı ilə çıxış etməlidir? İkincisi, öz reklamını tanınmışların adı ilə qurub tamaşaçıya yalan söyləmək nə qədər etikdir? Bu yağışdan sonra göbələk kimi artan şou müğənniləri hansı kimyəvi gübrələrlə yetişdirilirlər ki, belə məsuliyyətsizcəsinə tamaşaçını, xalqı aldadırlar, rahat bir şəkildə onlara yalan danışırlar? Bununla da xalqın hissləri ilə oynadıqlarını, onları təhqir etdiklərini anlamırlarmı? Bu, nə geri zəkalıqdır? Axı onlar bu xalqın çörəyini yeyir, bu xalqın içində yaşayır. Xalqı necə aldatmaq, necə ona yalan danışmaq olar. Mən bunu anlaya bilmirəm?”.
Z.Xanlarova vurğulayıb ki, bu xəbərdən onu sevən tamaşaçılar da narahat olublar:
“Tamaşaçılar çox tələbkardır, onlar tükü-tükdən seçir. Tamaşaçı əslində nəyin yalan, nəyin doğru olduğunu həmən hiss edir. Evimə, yaxınlarıma tamaşaçılar tərəfindən edilən çox saylı telefon zənglərindən sonra mən bu məsələdən xəbər tutdum. İnsanlar çox həyəcanlı idilər. Bu məsələnin doğru olmadığına inandıqlarını söyləyir, mənimlə görüşmək istədiklərini bildirirdilər. Mən onların hisslərini yaxşı anlayıram. Tamaşaçı sənətkarını hansı zirvəyə qaldırırsa, onu həmişə orda görmək istəyir”.
Xalq artisti həmişə tamaşaçısını sevdiyini deyib:
“Məni sevən Azərbaycan xalqının qızıyam və hər bir addımımda onu sevdiyimi sərgiləmişəm. Ötən il Amerika Birləşmiş Ştatlarında bir ay boyunca konsertlərim oldu. Siz zaldakı insanların neçə coşqu ilə “Azərbaycan” deyə səsləndiklərini görsəydiniz… Bu səhnələr mənim yaddaşıma köçür, məni daha məsuliyyətli edir”.
Ünlü sənətkar şou-biznes əhlinə müraciət edərək, zirvəyə öz sənətilə çatdığını qeyd edib:
“Onlar da müxtəlif fəndgirliklə özlərini gündəmdə saxlamaq, ünlü olmaq istəyirlərsə, bu, onların öz işidir. Amma tamaşaçını aldatmağı, onların duyğuları ilə oynamağı nə tamaşaçılar onlara, nə də adı ilə reklam qurduqları sənətkarlara bağışlayar”.
Xatırladaq ki, müğənni Rəqsanə İsmayılova xalq artisti Zeynəb Xanlarova ilə birgə konsert verəcəyi haqda məlumatı telekanalların birində yayımlanan “Gündəlik” verilişində bildirib.
Müğənni Rəqsanə İsmayılova da xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın onun haqqında söylədiyi fikirlərə münasibət bildirib.
Lent.az-ın məlumatına görə, ifaçı Axşam.az-a "Zeynəb Xanlarova ilə konsert verəcəyəm" sözlərini işlətmədiyini deyib:
“Gündəlik” verilişində qonaq olarkən xalq artistlərindən biri ilə konsert verəcəyimi bildirdim. Dedim ki, onun mahnılarını oxuyacam, eyni səhnəni bölüşəcəm. Aparıcı Mətanət Əliverdiyeva isə “Yəqin bu, Zeynəb Xanlarovadır” deyə fikir bildirdi. Mən onun bu sözünü təsdiqləməmişəm, Zeynəb Xanlarovanın adını çəkməmişəm. Bu, aparıcının öz fərziyyəsi idi. Mən yalnız “Zeynəb xanımı çox sevirəm” deyə, cavab vermişəm. Mənim tək günahım orada aparıcının sözlərini inkar etməmək oldu. Bu xəbəri Zeynəb Xanlarovaya başqa formada çatdırıblar, o da əsəbiləşib. Əgər verilişi izləsələr, hamı görəcək ki, mən Zeynəb xanımın adını hallandırmamışam”.
banner

Oxşar Xəbərlər