AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Zərgərlik bazarında statistika ilə real göstəricilər arasındakı ciddi fərq

Zərgərlik bazarında statistika ilə real göstəricilər arasındakı ciddi fərq

İqtisadiyyat
19 Fevral 2020, 09:00 1555
Və ya zahiri parıltının altında xoş olmayan mənzərə

"Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən iştirakçıların fəaliyyətlərinin qanuni əsaslarla həyata keçirilməsi təmin edilməlidir”. Bunu "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, dövlət bazar iştirakçılarına bu sahədə dəstək olmağa hazırdır.

"Təəssüf ki, sektorda şəffaflığın təmin edilməsi bu gün bir məsələ olaraq qalır. Zahiri parıltının altında çox da xoş olmayan mənzərə mövcuddur. Azərbaycanda zərgərlik bazarının real vəziyyəti qiymətli metallar, qiymətli daşlar istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, həmçinin müvafiq idxal-ixrac əməliyyatları ilə bağlı durum bu sahədə bir sıra tədbirlərin görülməsini zəruri edir. Bu tədbirlərin bəziləri, hesab edirəm ki, təxirəsalınmazdır" - deyə nazir qeyd edib.

O əlavə edib ki, statistika ilə real göstəricilər arasında ciddi fərqlər mövcuddur: "Bir çox hallarda kölgə iqtisadiyyatının bu sahədə maksimum azaldılmasına nail olmalıyıq və yadda saxlamalıyıq ki, güzəştlər o şəxslərə verilir və veriləcək ki, onlar şəffaf fəaliyyət göstərəcəklər".

Nazir həmçinin bildirib ki, Azərbaycanda zərgərlik bazarı ilə bağlı aparılan təhlillər bir sıra çatışmazlıqların olduğunu göstərir. Onun sözlərinə görə, bazar iştirakçıları tərəfindən xammal və məmulatların idxalında qeyri-rəsmi əməliyyatların geniş hal kimi yayılması, ikinci əl məmulatların rəsmi qaydada almaq imkanının bir çox halda olmadığı, affinajın (qızılın təmizlənməsi) bir neçə böyük bazar iştirakçıları tərəfindən kiçik həcmlərdə həyata keçirilməsi, bazarın ixrac imkanlarına da, bazarın vəziyyətinə də ciddi dərəcədə zəiflədir.  "Qızıl və qiymətli daşların keyfiyyətinə nəzarətin istənilən səviyyədə olmamağı, həmçinin maliyyələşdirilmə və stimullaşdırma mexanizmlərinin yoxluğu, həm istehlakçıların hüquqlarına, həm də bizim strateji hədəflərimizə zərbə vuran məqamlardan biridir. Sirr deyil ki, sektorda qeyri-şəffaf əmək münasibətləri hallarına da tez-tez rast gəlinir. Düşünürəm ki, bu çatışmazlığı aradan qaldırılması istiqamətində birgə iş aparılmalıdır" - deyə nazir bildirib. 

Daha sonra çıxış edənDövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib ki, zərgərlik sahəsində problemlərin nə qədər ciddi olduğunu bilirik: "Bu sahədə idxal, yerli istehsal, ixrac əməliyyatlarımızda potensial yüksək olduğu halda, biz öz fəaliyyətimizi təşkil edə bilmirik. Kölgə iqtisadiyyatı ilə mübarizəni vahid komanda şəklində aparsaq, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdır. Qanunsuz fəaliyyətlə məşğul olan yerli və idxalçıların bazarlarının yaradılması bizim üçün qaçılmazdır. Rəqəmlərə və statistik göstəricilərə nəzər salsaq, görürük ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Bu tədbir Prezident İlham Əliyevin Vergi Xidməti və DGK qarşısında qoyduğu kölgə iqtisadiyyatı ilə bağlı mübarizənin əsas prioritetlərindən biri kimi sayıla bilər. Bu sahədə böyük vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin yuxarı qaldırılması ilə bunu tənzimləmək mümkün deyil. Bunun yolu, gələcəyə yönəlmiş təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılığa qarşı birgə mübarizə aparmaqdır. Sahibkarlara münbit şəraitin yaradılması da təmin edilməlidir. Dövlət və özəl sektor bu sahədə birgə tədbir görməzsə, hansı verginin azaldılmasından və artırılmasından asılı olmayaraq, bu bazarın inkişaf etdirilməsi mümkün deyil”. 

Sədr həmçinin qeyd edib ki, gömrük sahəsi ilə bağlı qanunvericilikdə də problemlər var: "Qanunvericilikdə idxal əməliyyatları üzrə vergi və rüsumların həddən artıq çox olması, leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yolu ilə mallarını gətirməsinə şərait yaradır və bu məsələlərlə bağlı mübarizəmizi çətinləşdirir. Həm emal, həm də idxalda şəffaflığın təmin olunmasında sahibkarların yanındayıq”. 

"Son zamanlar ölkə əhalisinin tələbatı daha çox xaricdə istehsal olunmuş və ölkəyə idxal edilən zərgərlik məmulatları hesabına ödənilir. Lakin bu məhsulların idxalı üzrə son illərin statistik göstəriciləri hesab edirik ki, reallığı əks etdirmir. Belə ki, 2019-cü il ərzində ölkəyə idxal olunan zərgərlik məmulatlarının dəyəri 15,6 milyon ABŞ dolları təşkil edib. Biz isə təxmin edirik ki, real bazar həcmindən dəfələrlə aşağı göstəricidir”.

Bu sözləri isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib: "Hesab edirik ki, göstəricilərin bu səviyyədə olması, idxal rüsumlarının çoxluğu, məhsul idxalçılarının vergidən yayınma məqsədilə əməliyyatların qeyri-leqal yollarla həyata keçirməsi ilə bağlıdır. Bir zamanlar, yəni 2000-ci illərin ilk onilliyində bütün Qafqaz regionunda zərgərlik məmulatlarının əsas satış bazasını Azərbaycan təşkil edirdisə, indi bu bazar itirilmiş vəziyyətdədir və ölkəmizin bu bazar payı daha çox Körfəz dövlətlərinə, Türkiyə və digər MDB ölkələrinə ötürülüb, hətta bəzi yerli şirkətlərimiz belə öz bizneslərini həmin ölkələrə köçürüb". 

Maraqlıdır, zərgərlik bazarında şəffaflığı təmin etmək üçün hansı addımlar atılmalıdır?

Bazarla bağlı məlumat əldə etmək üçün ilk olaraq zərgərlərlə həmsöhbət olduq. Zərgərlər hazırda bazarda durğunluq yaşandığını bildirirlər: "Qızıl istər baha olsun, istər ucuz, toy edən mütləq almalıdır. Amma məsələ burdadır ki, əvvəlki alıcılıq qabiliyyəti yoxdur. Çünki qiymətlər bahadır və bu qiymətlər də bizim ölkəmizdə yox, dünyada tənzimlənir. Alıcılıq qabiliyyətini artırmaq üçün yerli istehsalat olmalıdır. Qızılın istehsalında istifadə edilən bir aparat var ki, onun qiyməti çox bahadır. Əgər hökumət dəstək göstərərək güzəştli kreditlər tətbiq edərsə, gömrük rüsumu azalarsa, qızılın qramında 2-3 dollar fərq olar. Digər tərəfdən müəyyən qədər də olsa, bu sahədə olan monopoliya aradan qalxmalıdır. Nəzarətə gəlincə, respublika üzrə bütün qızıl bazarına nəzarət etmək mümkün deyil. El dilində istifadə edilən "qara bazar” yenə olacaq”. 
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sahədə ciddi problemlərin yaşandığını bildirir: "Çox təəssüf ki, qızıl və qızıl məmulatları Nazirlər Kabinetinin qərarına görə, dəyişdirilməyən və qaytarılmayan mallar sırasındadır. Yəni bu malları aldınsa, onu nə qaytara, nə də dəyişdirə bilərsən. Bu, istehlakçılar üçün ciddi problem yaradır və iki il öncə maliyyə nazirinin yanında Dövlət Əyyar Palatası ləğv olundu. O vaxta kimi palata Azərbaycana gələn qızıl məmulatlarının yoxlayıb üzərinə romb nişanı vururdu və istehlakçılar da baxırdılar ki, bu nəzarətdən keçirilib, yoxlanılıb. Əyyar Palatası da demək olar ki, qızıl bazarına nəzarət edirdi. Bu, istehlakçı üçün əhəmiyyətli bir məsələ idi. Loqonu görürdülər və inanırdılar. İndi isə bu da yoxdur. Hökumətin sahibkarlar üçün yaratdığı toxunulmazlıq siyasətindən, çox təəssüf ki, bəziləri sui-istifadə edir. Belə ki, bizə verilən məlumata görə, ölkənin qızıl bazarına hər cür saxta, keyfiyyətsiz qızıl və qızıl məmulatları gətirilir. Biz Azad İstehlakçılar Birliyi olaraq vətəndaşlarımıza bu sahədə hər cür hüquqi xidməti təmənnasız göstərməyə hazırıq. Şəffaflığı təmin etmək üçün ciddi şəkildə monitorinqlər aparılmalıdır. Qızılın alıcılarının hüquqlarını qoruyan bir təşkilatın yaradılması da yaxşı olardı”. 
 
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, bu sahədə təhlil və monitorinq işləri aparılmalıdır: "Ölkəmizdə qızıl hasilatı hələ illər öncə təşkil edilib. Bu sahədə müvafiq şirkətlər fəaliyyət göstərir, dünya bazarlarına məhsul ixrac edirik. Bu sahədən yaxşı gəlir əldə edirik. Lakin acınacaqlı vəziyyət ondan ibarətdir ki, yerli zərgərlik fəaliyyəti çox zəif inkişaf edib. Hətta mən deyərdim ki, bu sahədə təşəkkül tapmış sahibkarlar, istehsalçılar qrupu mövcud deyil. Həqiqətən təəssüfləndirici haldır. Biz bu gün istənilən zərgərlik məhsulu satan şəbəkəyə yaxınlaşsaq, görərik ki, həmin məhsulun hamısı kənardan idxal edilib. Xüsusilə də Türkiyə, Ərəbistan, İtaliya, Rusiya kimi ölkələrdən gətirildiyini demək olar. Çünki həmin məhsulların ölkəyə idxal edilməsi, satışının təşkil olunması bu sahədə yerli istehsala məxsus məmulatların satışından daha ucuz başa gəlir. Bunun isə vergi və gömrük rüsumlarının tətbiqi ilə bağlı nə dərəcədə əlaqəli olduğunu demək çətindir. Ona görə ki, bu istiqamətdə təhlil və monitorinq işləri aparılmalıdır. Amma real vəziyyət budur ki, xaricdən gələn məhsul maya dəyərindən ucuz bazara daxil olduğu üçün onlar yerli zərgərlik məmulatlarını bazardan sıxışdırıb çıxardır. Ona görə də, İqtisadiyyat naziri Mikayıl Cabbarovun, DSX sədri Səfər Mehdiyevin dediyi kimi, bu sahədə müvafiq tənzimlənmələrə, idarəetməyə ehtiyac var. Bu istiqamətdə vahid mexanizm yaratmaq lazımdır. Yerli istehsalçıların maraqlarını qorumaq əsas şərt təşkil etməlidir. Ölkəmizdə bu sahədə fəaliyyət göstərəcək kifayət qədər mütəxəssis var və onların əməyindən, təcrübəsindən istifadə etmək lazımdır. Son olaraq belə nəticəyə gəlmək olar ki, burada problem gömrük, vergi rüsumları ilə bərabər, həm də istehsal xərcləri, maya dəyəri ilə bağlıdır. Bunları növbəti mərhələdə tənzimləməyi bacarsaq, bazarda inkişaf əldə etmək olar”.  
 
Günel Azadə