• şənbə, 27 Aprel, 00:56
  • Baku Bakı 14°C

Zelenski kadr inqilabına hazırlaşır

25.07.19 15:55 14809
Zelenski kadr inqilabına hazırlaşır
Ukraynada irimiqyaslı kadr dəyişikliklərinə hazırlıqlar gedir. Ali Radaya keçirilən seçkilərdə çoxluğu əldə edən prezident Vladimir Zelenskinin komandası dövlət idarəçilik sisteminə yeni insanları cəlb etmək niyyətindədir. Proses parlamentin ilk iclasından bir ay sonra başlanılacaq. Qanuna görə, Mərkəzi Seçki Komissiyası avqustun 5-ə qədər təkmandatlı dairələr üzrə nəticələri elan etməlidir. Ayın 10-da isə onları rəsmən təsdqiləməlidir. Artıq səslərin 99 faizi hesablanıb və nəticələr dəyişməyib. Zelenskinin "Xalqın qulluqçusu” partiyası 43,17 faiz səs toplayıb. Seçkilərdə qalmaqallar bir sıra majoritar dairələr üzrə baş verib. Xüsusi təyinatlılarla etirazçılar arasında Donetsk vilayətində qarşıdurma yaşanıb. Maraqlı və sensasion olan həm də odur ki, majoritar dairələrdə heç kimin tanımadığı sadə vətəndaşlar avtoritar siyasətçi və nüfuzlu biznesmenlərə qalib gəlib. Məsələn, şənliklərdə şəkil çəkən Sergey Ştepa ("Xalqın qulluqçusu”nun namizədi) "Motor-Siç” şirkətinin rəhbəri Vlaçeslav Boquslayev üzərində qələbə qazanıb. "Ukrainskaya pravda” nəşri majoritar dairələr üzrə qaliblərin siyahısını analiz edərkən diqqəti çoxsaylı faktlara da yönəldir: Oliqarx Konstantin Jevaqo 25 yaşlı Zelenski tərəfdarı olan Aleksey Movçana uduzub. Odessa Hüquq Akademiyasının rektoru, MSK-nin keçmiş rəhbəri Sergey Kivalov da deputat seçilə bilməyib. Ali Radada Poroşenkonun ən nüfuzlu tərəfdarları Aleksandr Qnanovski və İqor Kononko da olmayacaq. Poroşenkonun başqa bir nüfuzlu tərəfdarları - Aleksandr Tretyakov və Ali Radanın keçmiş rəhbəri Vladimir Litvin də parlamentə düşməyib. Ümumiyyətlə, deputatların böyük əksəriyyəti yenilərdir. 450 deputatdan 323-ü yenidir (onlardan 167-si partiya siyahısı, 156 majoritar yolla seçilib).
Hazırda ekspertləri Zelenskinin yeni baş nazir vəzifəsinə kimin namizədliyini irəli sürəcəyi maraqlandırır. Prosedura görə, parlament çoxluğu prezidentə hökumət başçısı vəzifəsinə öz namizədini təklif edir. Əgər o razıdırsa, onda namizəd təsdiq üçün Ali Radaya göndərilir. Zelenskinin ətrafı bildirir ki, bir neçə namizədin müzakirəsi gedir. "Nezavisimaya qazeta” yazır ki, hələlik yekun qərar qəbul edilməyib. Lakin böyük ehtimalla bu şəxs siyasi ambisiyaları olmayan, əvəzində iqtisadi təcrübəsi zəngin bir şəxs olacaq. Mənbənin sözlərinə görə, Zelenski komandasında ikinci yenilik vəzifələrə hansısa bir kvota (partiya, fraksiya, dost, oliqarx və s.) üzrə təyinetmədən imtinadır. Eyni zamanda nazirliklərin və idarələrin sayının 19-dan 11-12-dək azalması nəzərdə tutulur. Bunu hazırkı baş nazir Vladimir Qroysman da bu günlərdə bildirib. Ötən gün baş nazir bildirib ki, indiki kabinet Ali Radanın birinci iclasından sonra öz səlahiyyətini itirəcək. İlk iclasın isə avqustun 24-də, Ukrayna müstəqilliyinin ildönümündə keçirilməsi nəzərdə tutulub.
Vəzifəsini tərk etməyə hazırlaşan baş nazir bildirib ki, bir ay ərzində kadr rotasiyasına qədər hər bir nazirlikdə xüsusi qruplar formalaşdırılacaq. Onlar yeni komandanın işləyib fəaliyyət göstərməsi üçün hər bir zəruri hazırlıqları aparacaqlar.
Bu günə qədər Ukrayna prezidenti onlarla yerli məmuru vəzifəsindən uzaqlaşdırıb. Yayılan məlumatlara görə, V.Zelenskinin administrasiyası Kiyev meri Vitali Kliçkonu da istefaya göndərməyi planlaşdırır. Bu məlumatı öz feysbuk səhifəsində "Obozrevatel” saytının şef-redaktoru Orest Soxar paylaşıb. O, artıq Prezident Administrasiyasının rəhbəri Andrey Boqdanın Nazirlər Kabinetinə Kliçkonun qovulmasına hazırlıq aparılmasıyla bağlı məktub göndərdiyini bildirib.
Qeyd edək ki, Kliçko hakim orqanlarda öz vəzifəsini indiyə qədər qoruyub saxlayan yeganə Maydan lideridir. Baş nazirin mətbuat katibiVasili Ryabçuk də bildirib ki, belə bir müraciət var və indi ona müəyyən olunmuş qaydada baxılır. "Ukrainskaya pravda” yazır ki, Kliçkonun qovulmasını prezident tələb edib. Bununla bağlı o, hökumətə müraciət də edib. Zelenskinin ofisində Kliçkonun kiminlə əvəzlənəcəyi məlum deyil. Çox güman ki, təyinat sentyabrdan tez olmayacaq. Lakin Ukrayna KİV-ləri artıq həmin şəxsin kimliyini müəyyən ediblər. Bu şəxs "1+1” telekenalının rəhbəri, Zelenskinin yaxın dostu Aleksey Tkaçenko olacaq. Bütün bunlardan sonra Kliçko bildirib ki, prezident onun səlahiyyətlərinin bir hissəsini almaq istəyir. Bununla da şəhər yerli özünüidarəetmə hüququndan məhrum ola bilər: "Mənim ötən gün prezidentlə görüşüm oldu. O, yayılan şayiləri – şəhərin idarə edilməsi üzrə səlahiyyətlərin azaldılmasını təsdiq etdi. Mer vəzifəsinə də öz adamını təyin etməyə hazırlaşır. Seçkili merin səlahiyyətlərinin azaldılması Yanukoviçin idarəçiliyi dövrünə qayıdışdır. Heç bir Avropa ölkəsində, heç bir şəhərdə belə bir şey yoxdur. Mən dedim ki, əgər şəhərdə öz adamını mer görmək istəyirsə, qoy seçki keçirsin və əhali də kimə etibar edirsə onu mer seçsin”.
Bəzi məlumatlara görə, Kliçko barəsində təhqiqat da başlayıb. Onu torpaq satışı ilə bağlı maxinasiyalara yol verməkdə ittiham edirlər. Lakin mer bunu təkzib edib.
Məmurları qovmaqla Zelenski komandası bir hədəfi güdür - yerli özünüidarəetmə orqanlarına da növbədənkənar seçkilər keçirmək. Məqsəd də yerli şuraların tərkibini yeniləmək və merləri yenidən seçməkdir. Özü də seçkilər baş prokurorun dəyişməsindən sonra keçirilməlidir. Zelenski komandası baş prokuror Yuri Luçenkonu vəzifəsindən uzaqlaşdırmaqda israrlıdır. İyulun 22-dən məzuniyyətdə olan bu şəxsin yerinə son vaxtlara qədər korrupsiyanın qarşısının alınması üzrə Milli Agentliyə rəhbərlik etmiş Ruslan Ryaboşapkanı təyin etməyə hazırıq gedir. Onun namizədliyi də Ali Radaya təqdim ediləcək. Jurnalistlərin bununla bağlı sualına cavabında prezident bu variantın nəzərdən keçirildiyini bildirib: "Prezident seçkiləri kampaniyamın ilk günündən bildirirdim ki, Ryaboşapka güclü mütəxəssisdir və onu əsas namizədlərdən biri hesab edirəm”.
Xatırladaq ki, bu şəxs rəhbərlik etdiyi qurumdan qalmaqallı şəkildə istefa verib. Səbəb isə vəzifəli şəxslərin gəlirlərinin elektron bəyannaməsinin yoxlanılması ilə bağlı fikir ayrılıqları olub.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər