“Özbək kino günləri” başladı

“Özbək kino günləri” başladı

Mədəniyyət
19 Noyabr 2019, 10:07 359
"Azərbaycan və özbək xalqları çoxəsrlik tarixə malikdir. Xalqlarımız arasında möhkəm dostluq əlaqələri var. Bu münasibətlərin kökündə dilimiz, dinimiz, ənənələrimiz durur. Bu gün Özbəkistan və Azərbaycan sarsılmaz dostluğun nümunəsidir”.
 
Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin və "Özbəkkino” Milli Agentliyinin təşkilatçılığı ilə noyabrın 17-24-dək keçirilən Azərbaycanda Özbəkistan Kino Həftəsinin açılışında səslənən bu fikirlər iki ölkə arasında mədəni əlaqələrin də kifayət qədər sıx olduğunu təsdiqlədi. Mədəniyyət nazirinin müavini Vaqif Əliyev "Özbək kino günləri”nin açılışında çıxış edərək bu cür mədəni tədbirlərin böyük faydası olduğunu bildirdi: "Kino günləri xalqların bir-birinin mədəniyyətini daha yaxından tanınmasına təkan verir. Hər iki ölkədə kinonun inkişafı üçün zəmin var və bu istiqamətdə dövlət başçılarının təşəbbüsü ilə işlər görülür. Belə tədbirləri daha intensiv keçirmək lazımdır”.
 
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ş.Fayziyev kino günlərinin keçirilməsini iki ölkə arasında əhəmiyyətli mədəni hadisə kimi dəyərləndirdi. Bildirdi ki, bu cür tədbirlər mədəni humanitar sferada ikitərəfli münasibətlərin möhkəmlənməsində vacib amildir: "Kino günləri formatı müasir kinematoqrafiyanın durumunu nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Bu, təkcə işlərlə tanışlıq deyil, həmçinin tamaşaçılarla vacib dialoq üçün platformadır. Qeyd etməliyəm ki, Özbəkistanda müasir kino sənayesi dinamik inkişaf edir. Milli kinematoqrafiyanın inkişafı son illər ölkə prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə daha da sürətlənib. Ölkədə dövlət xətti ilə maliyyələşən filmlər çəkilir, eyni zamanda 100-dən artıq özəl kinoşirkət fəaliyyət göstərir. Bir çox filmlər nüfuzlu festivalların iştirakçısı olur. Bunların bir neçəsi xarici kinoprokatlar tərəfindən alınır”.
 
Səfir qeyd etdi ki, "Özbək kino günləri”, o cümlədən sentyabr ayında Daşkənddə "Azərbaycan kino günləri”nin keçirilməsi ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirməyə xidmət edən mədəni hadisələrdir”.
"Özbəkkino" Milli Agentliyinin Baş direktorunun müavini, professor Şuxratullo Rizayev "Nəhayət Azərbaycanda öz dostlarımızı gördük” deyərək, ölkəmizdə olmaqdan məmnunluğunu dilə gətirdi: "Bizi Azərbaycana bağlayan bağlar çox dərindir. Bizim xalq neçə əsrlər əvvəl Nizamini, Füzulini tanıyıb. Azərbaycanda Nəvaini seviblər. Biz Rəşid Behbudovun mahnılarını dinləyirik. "Arşın mal alan”, "Qayınana”, "O olmasın bu olsun” filmlərini bizim televiziyalarda demək olar ki, hər ay göstərirlər. Xalqlarımız arasında tarixi ənənələr bu gün də davam edir”.
 
Daha sonra "İmom Abu İso Muxamməd Termiziy" adlı bədii filmi nümayiş olundu.
Qeyd edək ki, Özbək Kino günləri çərçivəsində həftə ərzində Azərbaycan tamaşaçıları 6 bədii, 4 sənədli filmlərlə tanış olacaqlar. Filmlər arasında sevgi, vətənpərvərlik və sədaqətdən bəhs edən tarixi və dramatik janrlarda ekran əsərləri var. Həmçinin uşaqlara yönəlik özbək xalq nağıllarının motivləri əsasında çəkilən cizgi filmləri də nümayiş olunacaq.
 
Nümayəndə heyəti Azərbaycanın bölgələrinə - Şəki, İsmayıllı və Qəbələyə də gedəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaqlar. Bölgələrdə özbək filmləri nümayiş etdiriləcək. Filmlərə baxış pulsuz olacaq. Festival noyabrın 24-dək davam edəcək.
 
Təranə Məhərrəmova