• çərşənbə axşamı, 19 mart, 14:18
  • Baku Bakı 8°C

Zatulinin səfəri tənqidlə qarşılandı

23.10.19 17:49 1456
Zatulinin səfəri tənqidlə qarşılandı
Rusiya mediası və blogerləri arasında Dövlət Dumasının deputatı Konstantin Zatulinin işğal altında olan Azərbaycan torpaqlarına səfəri geniş müzakirə olunmaqdadır. Bəllidir ki, bu şəxs Rusiya parlamentinin aşağı palatasında kifayət qədər yüksək postda - MDB işləri üzrə komitənin sədr müavini vəzifəsində çalışır. Bu səbəbdən də onun səfəri çoxları tərəfindən təxribat kimi dəyərləndirilir. Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı Rusiyaya etiraz notasını təqdim edib. Bu narazılığı bir qədər səngitmək üçün Zatulin öz saytında bəyanatını yerləşdirib. Özünü təmizə çıxarmağa çalışan deputat bildirib ki, separatçı quruma "sülh konfrasında” iştirak etmək üçün gedib və çıxışı da sırf Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi barədə olub. Bundan əlavə, Zatulin qarşılıqlı ittihamla çıxış etməkdən də çəkinməyib və bildirib ki, Xankəndinə ABŞ-dan, Fransadan da parlamentarilər gəlib. Lakin rəsmi Bakı onlara sərt etirazını bildirməyib. Rusiyalı deputatın səfərini "Moskva-Bakı” portalına müsahibəsində millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov şərh edib. "Zatulinin səfəri Moskvanın Qarabağ məsələsində tutduğu kursda korrektələrə nail ola bilərmi” sualını cavablandıran ekspert bildirib ki, Zatilin çoxdan bəridir ki, işğal altında olan Azərbaycan torpaqlarında yaradılan qondarma quruma müstəqillik verilməsini istəyir. "Lakin bu dəfə layiq olduğu reaksiyanı aldı. Onun səfərinə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova tərəfindən etiraz bildirildi. Açıq şəkildə bildirdi ki, Konstantin Zatilinin səsləndirdiyi fikirlər sırf ona məxsusdur və Kremlin mövqeyi ola bilməz. Bununla da Zaxarova mesaj göndərmiş oldu – nə danışırsa danışsın, ona fikir verməmək gərəkdir. Zatulin mövqelərini itirir. Moskvada hər kəsə aydındır ki, Zatulin Azərbaycan torpaqlarının ayrılmasını istəyən qüvvələrin lobbi maraqlarına xidmət edir. Bu səbəbdən də Zatulinin Qarabağda səsləndirdiyi sülh çağırışlarına Rusiyada münasibət heç də birmənalı deyil”.
Yeri gəlmişkən, buna qədər Rusiya xarici işlər naziri Sergey Lavrov da uzun sürən fasilədən sonra Yerevanın ünvanına sərt ittihamlar səsləndirib. Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistanındır və nöqtə” bəyanatını sərt tənqid edib. Rusiyalı ekspert hesab edir ki, "tamamilə aydındır ki, Paşinyanın timsalında Ermənistan rəhbərliyinin mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Rəsmi Moskva gözəl anlayır ki, Dağlıq Qarabağ münaqişəsində qarşıdurma qaynar mərhələyə daxil olarsa, bu, nələrə gətirib çıxara bilər. Rusiya əldə olunan beynəlxalq razılaşmalara ciddi əməl olunmasına sadiqdir. Hüquqi nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycan deməkdir və işğal problemini danışıqlar, sülh yolu ilə həll etmək gərəkdir. Ermənistan isə bu vəziyyətdə xaosun dəstəklənməsi üçün bütün səylərini işə salır. Əvvəllər Ermənistan hər zaman Rusiyanın müttəfiqi olub, indi isə əlindən gələni edir ki, Moskva ondan üz döndərsin”.
Yeri gəlmişkən, Rusiya mediası diqqəti ona yönəldir ki, Xankəndində keçirilən tədbirə Qərb ölkələrinin də nümayəndələri qatılıb. Lakin nədənsə Zatulinlə bağlı narazılıq onlara qarşı nümayiş etdirilməyib. Elə ermənipərəst deputat da bunu xüsusi vurğulayıb. Rusiyalı ekspert hesab edir ki, Qərbin hakim dairələrinin nümayəndələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində elə də əhəmiyyətli fiqur deyillər: "Zatulin isə hər zaman qatı ermənipərəst mövqedən çıxış edib. Bu isə Moskva və Bakı arasında formalaşan miqyaslı iqtisadi və siyasi münasibətlərlə bir araya sığmır. Bizim çoxəsrlik əlaqələrimiz var, çoxsaylı birgə layihələrimiz mövcuddur. Rusiyada böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Onlar Azərbaycanla yanaşı, Rusiyanın da iqtisadiyyatına ciddi töhfələr verirlər. Bu səbəbdən də Zatulinin birtərəfli mövqeyi Azərbaycanda başa düşülmür. Doğrudanmı, Rusiya Federasiyasının rəhbərliyi deputatı səsləndirdiyi fikirlərə görə susdura bilmir”.
Belə bir fikir də var ki, Zatulinin səfəri N.Paşinyana dəstək deməkdir. Ya da ola bilsin ki, əksinə, Paşinyanın düşmən münasibətdə olduğu "Qarabağ klanı” ilə həmrəylik əlamətidir. Rusiyalı mütəxəssisin qənaətincə, "Azərbaycanla münaqişə məsələsində Paşinyan hazırda separatçı qurumun mövqeyi ilə eyni fikir səsləndirir. Lakin onların arasında qarşıdurma qalır. Əlbəttə ki, Ermənistan baş nazirinin ətrafında yaxşı bilirdilər ki, Zatulin işğal altında olan Azərbaycan torpaqlarına səfər edəcək. Lakin mən bir faktı istisna etmirəm ki, "Qarabağ klanı” Paşinyandan yan keçməklə birbaşa Moskvaya çıxmaq istəyir və öz oyununu aparır. Lakin bu gün işğal altında olan Azərbaycan torpaqlarında elə insanlar var ki, onlar mövcud durumun nizamlanmasını istəyirlər. Hesab edirəm ki, Qarabağın sadə insanları hansısa bir muxtariyyət əldə edib sülh şəraitində yaşamaq istəyirlər. Ola bilsin onları nə "Qarabağ klan”ınn idarəçiliyi, nə Yerevan, nədə ki, digər qüvvələrin siyasəti qane edir. Sözsüz ki, indi sadə vətəndaşlara yaxınlaşmaq üçün birbaşa əlaqələr yaradılması zəruridir. Eyni zamanda, münaqişədən Azərbaycan torpaqlarının geri qaytarılması üçün "Qarabağ klanı” ilə Paşinyan arasındakı gərginliyin qızışması üçün istifadə etmək zəruridir”.
Ekspert Paşinyana Rusiyada rəsmi dəstəyin səviyyəsi ilə də bağlı sualı cavablandırıb. "Sadə vətəndaşlar barədə danışsaq, hamıya aydındır ki, Paşinyanın və onun komanda üzvlərinin bütün addımları Rusiya ilə münasibətlərin kəsilməsinə yönəlib. Lakin Rusiyada yaşayan bir çox ermənilər erməni baş nazirin siyasətini dəstəkləmir. Şəxsən mənə də bu aydın deyil. Mən belə insanlara deyirəm: əgər siz Rusiya vətəndaşısınızsa, onda Rusiyanın siyasətini dəstəkləməlisiniz. Bizim mətbuatı izlədikdə ermənipərəst əhval-ruhiyyənin kəskin şəkildə aşağı düşdüyünü müşahidə edirəm. Bu da az əhəmiyyətli deyil. Daha çox Yerevanın ünvanına tənqidlər səslənir. Lakin bir qədər ehtiyatla. Belə ki, hələ də ümid var ki, Paşinyan ağlını başına yığıb müttəfiqlik münasibətlərinə uyğun siyasət aparacaq”, - deyə ekspert fikrini tamamlayıb.

Azər

banner

Oxşar Xəbərlər