Yüz ilin tarixi  - Fotolar

Yüz ilin tarixi - Fotolar

Mədəniyyət
18 Noyabr 2019, 12:12 419
"Bir əsrin xəzinəsi-Bakı Dövlət Universiteti 100 il” kitabı təqdim olunub
 
Noyabrın 15-də Bakı Dövlət Universitetində Siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin Bakı Dövlət Universitetinin 100 illik tarixinə həsr olunan  "Bir əsrin xəzinəsi-Bakı Dövlət Universiteti 100 il” adlı kitabın təqdimat mərasimi keçirildi.
 
Tədbiri giriş sözləri ilə açan Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov kitabı universitet haqda gözəl bir müntəxəbat kimi qiymətləndirdiyini bildirdi: "Bu gün Bakı Dövlət Universiteti üçün əlamətdar bir gündür. 1919-cu ilin noyabrın 8-də  Azərbaycan Dövlət Universitetinin yaradılmasına dair qərar verildi. 1919-cu ilin noyabrın 15-də universitetdə dərslər başladı. İndi biz universitetimizin 100 illiyini qeyd edirik. Doğma universitetimizin  rektoru Elçin Babayev bu gün elmi şuranın iclasında hər birimizi təbrik etdi. Həyəcanımız və sevincimiz çox yüksəkdir. UNESCO xətti ilə bütün dünyada universitetin 100 illik yubileyinə dair tədbirlər keçirilir. Təqdimatına yığışdığımız kitabda doğma təhsil ocağımızın tarixi haqda ətraflı məlumat verilib. Kitabın tərtibatı və dizaynı çox xoşuma gəldi. Kitab o qədər gözəl hazırlanıb ki, adam dönə-dönə oxumaq istəyir. Hər şeydən əvvəl onu deyim ki, kitabı vərəqləyərkən 1919-cu ildə indiki İstiqlaliyyət küçəsində olan binası yada düşür. Mən ilk müəllimlik fəaliyyətim də 1955-ci ildə bu universitetdə başlamışam. Kitab həm də ona görə dəyərlidir ki, müəllif, imkanları daxilində bütün əməyini sərf edib. Auditoriyada tələbələrimə sual verərkən görürəm ki, onlar universitet haqqında tam məlumatlı deyillər. Bu kitab universitetimiz haqda gözəl bir müntəxəbatdır. İstədiyin dövrə aid istədiyin məlumatı əldə edə bilərsən. Universitetin rektorları haqda da burada ətraflı qeydlər var. Onların hər biri bu elm məbədinin tarixində əvəzsiz rol oynayıb. Müəllifə təşəkkür edir və ona uğur arzulayıram”. 
 
 

Millət vəkili Hadi Rəcəbli bildirdi ki, bu kitab fədakarlıq məhsuludur: "Hər dəfə bu universitetə gələndə elmə olan məhəbbətimiz bir qədər də artır. Hər dəfə bu təhsil ocağının ölkəmiz üçün nə qədər vacib olduğunu daha yaxşı başa düşürük. Bakı Dövlət Universiteti böyük bir elm mərkəzidir. Bu kitabın təqdimatını çox yüksək qiymətləndirir və hesab edirəm ki, bu,  fədakarlıq məhsuludur. Günel xanım sözün əsl mənasında böyük arxiv materialları toplayaraq çap etdirib. Bu da, böyük zəhmət tələb edir. Onun elmi rəhbəri olduğum üçün çox sevinirəm. Hər dəfə mən də öz məsləhətlərimi verir, rəy bildirirəm. Mənim üçün ən önəmli məsələ gənclərin elmə, təhsilə, seçdiyi peşəyə  fədakar yanaşmasıdır. Bu, ən yüksək göstəricidir. Bu kitabı çap etmək və ərsəyə gətirmək böyük məsuliyyət tələb edir. Şanslıyam ki, mənim də bu universitetdə dərs demək imkanım olub. Günel xanıma bu kitaba və əziyyətinə  görə təşəkkür edir, ən xoş arzularımı çatdırıram. Bakı Dövlət Universiteti hər zaman yüksək keyfiyyətli kadrlar hazırlayaraq, digərlərinə də örnək olub”.
 
 

Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə də çıxış edənlər arasında idi: "Günel Məlikli təhsil aldığı müddətdə fəal tələbələrdən olub. Tez-tez məqalə və mühazirələrlə çıxış edirdi. Bu gün biz onun üçüncü kitabının təqdimatına yığışmışıq. Onun bu uğuruna sevinir, əziyyətini yüksək qiymətləndiririk. Təqdimatına yığışdığımız bu kitabı böyük bir zəhmətin bəhrəsi kimi qiymətləndirmək olar. Günel xanıma yeni-yeni uğurlar arzu edirəm”.

Kitabın müəllifi, Siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli qeyd etdi ki, Bakı Dövlət Universitetinin fəaliyyəti Azərbaycan elminin inkişafında böyük rol oynayıb: "Mən də universitetin minlərlə məzunundan biriyəm və bununla hər zaman fəxr edirəm. BDU hər zaman elm mərkəzi olub. Əksər elm ocaqları öz başlanğıcını bu universitetdən götürüb. Ulu öndər Heydər Əliyev də BDU-nu yüksək qiymətləndirir, onun yarandığı günün əlamətdar bir hadisə olduğunu söyləyirdi. Universitetimiz Prezident İlham Əliyevin dövründə isə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Biz gənclər də doğma universitetin adını uca tutmalıyıq”. 

Şəbnəm Mehdizadə