• cümə, 26 Aprel, 23:34
  • Baku Bakı 22°C

“Yurd”çuların “möhtəşəm” tarixinə ekskursiya

17.01.14 09:15 2059
“Yurd”çuların “möhtəşəm” tarixinə ekskursiya
Bir zamanlar AXC tərkibində, hazırda isə müstəqil partiya kimi fəaliyyət göstərən Müsavat və AXCP arasındakı qarşıdurma davam edir. Tərəflər bir-birini ən şiddətli şəkildə təhqir edir, köhnə palan içi tökməklə ziddiyyətli məqamları qabardırlar. Təbii ki, didişmələrdə “Yurd” birliyi məsələsindən yan keçilmir, bu haqda da müəyyən fikirlər gündəmə gətirilir. Yeri gəlmişkən, bu günlərdə əlimizə “XALQ CƏBHƏSİNİN "YURD" HƏQİQƏTLƏRİ” adlı kitab keçib. Kitab Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin 07 iyul 2002-ci il tarixli qərarına əsasən nəşr edilib. Qeyd edək ki, "XALQ CƏBHƏSİNİN "YURD" HƏQİQƏTLƏRİ Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki «Yurd» İctimai Birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiyanın hesabatı" AXCP Ali Məclisinin 03 sentyabr 2000-ci il tarixli qərarına əsasən yaradılmış Xüsusi Komissiyanın iki ilə yaxın müddətdə topladığı sənədlərə əsasən hazırlanmış hesabatı və AXCP mərkəzi orqanlarının "Yurd"la bağlı qəbul etdiyi qərarlar toplusudur. Burada «Yurd» İctimai Birliyinin pozuculuq fəaliyyətini yoxlamaq üçün Xüsusi Komissiyanın yaradılmasına, daxilində fəaliyyət göstərən və ya onun içərisində formalaşıb sonralar ayrılaraq müstəqil fəaliyyətə başlayan və bu gün Azərbaycanın ictimai-siyasi həyatının əhəmiyyətli hissəsini təşkil edən onlarla təşkilatlardan fərqli olaraq "Yurd"la əlaqədar bu addımın atılmasına Xalq Cəbhəsini məcbur edən səbəblər əksini tapıb. İlkin fakt kimi, Xalq Cəbhəsi ilə bağlı olan təşkilatlar içərisində "Yurd"un milli demokratik sistemin gerçəkləşməsinə mane olan, Xalq Cəbhəsini hədəflərindən yayındıran, sistemli olaraq Elçibəyə qarşı uzunmüddətli təxribat aparan təşkilat olduğu vurğulanır. Onu da deyək ki, AXCP daxilindəki «Yurd» birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiyanın sədri hazırda Milli Şurada Əli Kərimli ilə birlikdə təmsil olunan Bəybala Əbil olub. Kitabda diqqətimizi çəkən maraqlı məqamları oxucularımıza təqdim edirik.
- AXC yarandığı vaxtdan onun içərisində çoxlu ictimai təşkilatlar (Bakı Kəndlər Birliyi, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti, "Yurd" birliyi,...) və siyasi partiyalar (Xalq Azadlıq, Sosial Demokrat, Demokrat, Milli İstiqlal, Müsavat, ...) fəaliyyət göstərməyə başladı. Təşkilat bu prosesə nəinki təbii baxır, hətta həmin təşkilatların formalaşmasına və inkişaf etməsinə qayğı göstərirdi. Nizamnamə səviyyəsində həmin təşkilatlara AXC-nin ali orqanlarında təmsilçilik imkanı yaradılırdı. AXC içərisində yaranan bu təşkilatlar inkişaflarının müəyyən mərhələsində Xalq Cəbhəsindən ayrılaraq ayrıca təşkilat kimi fəaliyyətə başlayırdılar. Lakin elə təşkilatlar var idi ki, bunların ayrıca təşkilat kimi fəaliyyət göstərməsinə şərait yaranmasına baxmayaraq, bu addımı atmırdılar. Bunlardan biri də "Yurd" birliyi idi. AXC-AXCP-nin daxilində fəaliyyət göstərən heç bir təşkilat "Yurd" qədər təşkilatın üzvləri arasında və orqanlarında narahatlıq yaradaraq mübahisə və müzakirə mənbəyi olmayıb. Səbəb isə "Yurd"un, başqa təşkilatlardan fərqli olaraq AXC daxilində daha çox gizli fəaliyyət göstərməsi idi. Bu isə "Yurd"un təşkilat olaraq xarakterindən, məqsədindən doğurdu. Bunu hələ "Yurd"un tam təsiri altına düşməmiş "Azadlıq"ın səhifələrində görmək olurdu: "... unutmaq lazım deyil ki, "Yurd" təşkilati cəhətdən ölkədə mövcud olan başqa təşkilatlardan fərqlənirdi. Bütün mahiyyəti ilə mason bir təşkilat olan bu birliyi konkret olaraq hakimiyyətdə kimin olması qətiyyən maraqlandırmır. Təki bu hakimiyyət onların mənafelərinə xidmət etsin. ("Azadlıq" qəzeti, "Ölkənin bütün cəbhəçiləri, birləşin!" 22.01.1994).
- "Yurd" Xalq Cəbhəsinin hüquqi bazasında və normativ sənədlərində, təşkilat işlərində, maliyyə məsələsində çox ciddi problemlər yaratmış, təşkilatın öz qəzetini ("Azadlıq") özünə qarşı çevirməklə kifayətlənməyərək Xalq Cəbhəsinə və Elçibəyə qarşı muzdlu yazarlar dəstəsi təşkil edib.
- "Yurd"çulardan təşkil edilmiş Ali Məclisin Rəyasət Heyəti təşkilatın bütün orqanlarının səlahiyyətlərini mənimsəyərək mərkəzi və yerli orqanların fəaliyyətinə maneçilik törədərək, Xalq Cəbhəsinin əsas güc mənbəyi olan rayon (şəhər) şöbələrini zəiflədərək sıradan çıxarmaq məqsədilə: şöbələrin bərpa edilməsinə və təşkilatlanmasına maneçilik törətməklə, saxtakarlığa rəvac verməklə, süni şikayətlər təşkil etdirməklə, şöbə rəhbərlərini natəmiz üsullarla ələ keçirməyə cəhd göstərərək süni qarşıdurma yaratmaqla, AXC Məramına və Elçibəyə sadiq şöbələri və cəbhəçiləri daim təzyiq altında saxlamaqla, Elçibəyə qarşı yerlərdə təbliğat aparmaqla AXC-AXCP-nin təşkilat işlərində ciddi problemlər yaradıb.
- "Yurd" Xalq Cəbhəsinin orqanı olan "Azadlıq"ı ələ keçirərək onu təşkilata və təşkilatın sədri Elçibəyə qarşı çevirməsi ilə kifayətlənməyib, çirkin məqsədlərini həyata keçirmək üçün ayrı-ayrı qəzetlərin yaradılması və fəaliyyət göstərməsinə yardım göstərib (bunlardan bəziləri "Azadlıq"ın redaksiyasında fəaliyyət göstərib.
- Əvvəl "yurd"çuların təşkilat olaraq özlərini danmaqları ilə əlaqədar mətbuatdakı çoxsaylı müsahibələrindən bir neçəsini təqdim edək:
"Əli Kərimov: ...Mən fəxr edirəm ki, 1987-ci ildə, Sovet imperiyasının mənəm-mənəm deyən vaxtında belə bir birliyi yaratmışıq. Sonradan AXC yarananda biz hamımız cəbhəçi olmuşuq. İndi biz sadəcə AXCP-nin üzvləriyik, "Yurd" birliyindəki fəaliyyətimiz keçmişdə qalıb. Biz keçmişimizi danmırıq və danmayacağıq da...". ("Avrasiya" qəzeti, 31 avqust 1997, Əli Kərimov: "Yurd" birliyini yaratdığım üçün fəxr edirəm")
İndi isə "Yurd"un varlığı və onun təbliğat mexanizmi ilə bağlı bəzi etirafları, faktları nəzərinizə çatdıraq:
- 1999-cu ilin axırına kimi "Yurd"un fəallarından olan Mahir Səmədovun "Yurd"la bağlı etirafları. "ŞƏRQ" qəzeti:
Mahir Səmədov: Əli Kərimov Elçibəyin başının altına yastıq, ayağının altına qumbara qoyanlardandır... Onun dəstəsi Elçibəyin ünvanına müxtəlif imzalarla 100-lərlə məqalələr yazdırıb. Əgər onun mənə irad tutmağa könlü var idisə, bəs inhisarında saxladığı "Azadlıq" qəzetində AXCP sədrinin əleyhinə gedən yazıların qarşısını niyə saxlamırdı və indi də niyə saxlamır?
Elçibəyin mətbuat xidmətinin rəhbəri Ədalət Tahirzadə: Deyirlər ki, cəbhədə iki qüvvə var: biri "islahatçılar", digəri "klassiklər". Mən bu bölgünü qəbul etmirəm. Cəbhədə iki qüvvə var. Biri "yurd"çular, biri cəbhəçilər. Mən "Yurd"u Cəbhə saymıram. ...Bu, özünün geniş təbliğat şəbəkəsi olan müstəqil partiyadır. Cəbhə o partiyanın yerləşdiyi geniş qurumdur. Onun rəhbəri Elçibəy idi. Heç kəsə gizli deyildi ki, "Yurd" Elçibəyi qəbul etmirdi... Elçibəy dünyasını dəyişdiyi günə qədər onu təhqir edənlər məhz "Yurd"-un təsir dairəsində olan qəzetlər idi. Ən ağrılı nöqtələrinə məhz "Yurd"un təsir dairəsindəki qəzetlər sancırdılar.
- İfşa olunduğunu görüb NTK üzvlərinə və "Yurd"u tənqid edən cəbhəçilərə şər atmağa başlayan Ə.Kərimov Elçibəy tərəfindən susduruldu. O, Ə.Kərimova hansı rayonlarda, hansı formalarda cəbhə üzvlərini və fəallarını "yurd"a cəlb etməsini xatırlatdı. Özünə bəraət qazandıra bilməyən Əli Kərimov göz yaşları axıtdı. Ə.Kərimovun səmimiyyətinə inanmayan M.Mirəlioğlu "Kələki göz yaşlarına inanmır" dedi. Bu ifadə sonralar mətbuatda gedən yazılarda öz əksini tapdı.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər