• cümə, 26 Aprel, 08:36
  • Baku Bakı 12°C

Yeni strategiyanın iş planı gənclərə tapşırılıb

07.02.15 05:28 1210
Yeni strategiyanın iş planı gənclərə tapşırılıb
Bu günlərdə Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na həsr olunmuş tədbiri baş tutub. Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov da iştirak ediblər. A.Rəhimov çıxışında prezident tərəfindən imzalanan yeni sərəncamın “dövlət gənclər siyasətinin inkişaf strategiyası” deyil, “Azərbaycan gənclərinin inkişaf strategiyası” olduğuna diqqət çəkib.
Ə.Həsənov isə xatırladıb ki, gənclər siyasətinə hər zaman xüsusi diqqət göstərilib və Gənclər Fondunun yaradılması ilə 1865 layihəyə dəstək verilib, 608 gənclər təşkilatının, 1197 fərdi gəncin layihəsinə maliyyə ayrılıb: “Bu gün iclasında iştirak etdiyimiz İctimai Şuranın toplantısı göstərir ki, dövlətimiz gənclər siyasətini bilavasitə gənclərin iştirakı ilə formalaşdırır. Azərbaycan dövləti həm gənc nəslə etibar edir, qayğıları ilə məşğul olur, həm də gənclərin təkliflərini strategiyalara çevirir. Gəncləri yeni strategiyanı təhlil etməyə çağırıram. Çünki sizin təkliflər əsasında fəaliyyət planları hazırlanacaq və 10 il sonra yeni Strategiya qəbul edərkən bu Strategiyanın uğurla həyata keçdiyini qeyd edəcəyik”.
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən gənclər sözügedən strategiyanın iş planının qurulmasında üzərlərinə böyük məsuliyyət düşdüyünü, eyni zamanda, bu məqamın onlara göstərilən etimad olduğunu söylədilər.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov “Kaspi”yə açıqlamasında dedi ki, strategiya vasitəsilə ilk olaraq, hazırda gənclərin üzləşdiyi problemlər həllini tapmalıdır: “Strategiyada qeyd olunan 32 vəzifənin həyata keçirilməsi aidiyyəti qurumlarla yanaşı, gənclər təşkilatlarının da üzərinə qoyulub. Mən bunun böyük etimaddan irəli gələn addım olduğunu düşünürəm. Tədbirdə də bu barədə geniş müzakirə aparıldı. Məlumdur ki, sonuncu gənclər strategiyası on ilə hesablanıb və bu, çox təqdirəlayiq haldır. Burada ən diqqət çəkən məqam isə strategiyanın adı ilə bağlıdır. Belə ki, o, dövlətin deyil, Azərbaycan gənclərinin inkişaf strategiyasıdır. Gənclərin yaradılan fürsətdən necə istifadə etməsinə gəlincə isə, düşünürəm ki, gənclər təşkilatları və birlikləri birgə təhlillər apararaq qərara gəlməlidirlər. Məncə, bütün hallarda ən önəmli və önə çıxarılmalı olan məsələ azərbaycançılıq ideologiyasıdır. Tədbir zamanı da gənclərin vətənpərvərlik ruhda tərbiyəsi ilə bağlı təkliflərimizi səsləndirdik. Məlum məsələdir ki, Azərbaycan hazırda müharibə şəraitindədir. Torpaqlarımızı müharibə yolu ilə azad etmək haqqına malik olsaq da, hər zaman sülh tərəfdarı olduğumuzu elan etmişik. Ona görə də ölkəmiz dünyada tolerantlıq nümunəsi kimi tanınır. Amma buna baxmayaraq, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsinə və böyüdülməsinə diqqət etməliyik. Hazırda dünyada informasiya müharibəsi gedir və istərdim ki, strategiya çərçivəsində gənclərin virtual lobbiçilik fəaliyyəti təmin edilsin. Düşünürəm ki, KİV-də də vətənpərvərlik mövzusuna daha çox yer ayrılmalı, Azərbaycan tarixinə, milli-mənəvi dəyərlərə, xüsusilə də işğal olunmuş torpaqlara aid maarifləndirici proqramlar hazırlanmalıdır. Bizim əsas təklifimiz budur ki, günün tələblərinə uyğun olaraq, insanların şüuruna daha çox təsir imkanına malik olan sosial video-çarxlar hazırlansın və şəhərin mərkəzi küçələrində icra hakimiyyəti orqanları tərəfindən yerləşdirilsin”.
M.Seyidovun fikrincə, müharibə şəraitində olduğumuzdan, hərbi xidmətə çağırılan gənclərdə öncədən müəyyən baza biliyi və döyüş bacarığı formalaşdırılmalı, psixoloji hazırlıq keçdikdən sonra hərbi xidmətə yola salınmalıdır: “Bunun üçün gənclərə hərbi akademiyalarda könüllü əsaslarla təcrübələr keçirilə bilər. Düşünürəm ki, strategiya üçün hazırlanacaq təkliflər paralel şəkildə bir neçə gənclər təşkilatları tərəfindən işlənilməlidir. Təbii ki, bu, ciddi məsuliyyət yükü olan işdir. Əminəm ki, gənclər yaradılmış imkanlardan yaxşı istifadə edə biləcəklər. Məncə, regionlarda və paytaxtda yaşayan gənclərlə ünsiyyətdə olub təklifləri birbaş onlardan almalıyıq”.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı da əsas diqqət verilməli olan məsələnin vətənpərvərlik mövzusu olduğunu dedi: “Bir gənc kimi, bu sənədi olduqca yüksək qiymətləndirirəm. Düşünürəm ki, Azərbaycan belə strategiya tərtib etməklə həm Cənubi Qafqazda lider dövlət olduğunu, həm də dünyada özünəməxsusluğu ilə seçildiyini bir daha ortaya qoydu. Çünki hazırda bir çox ölkələrin iqtisadi problemləri var. Ona görə də onlar heç 2-3 il sonranı proqnozlaşdıra bilmirlər. Azərbaycan isə 10 ilə hesablanmış mövqe nümayiş etdirir. Bu da dövlətimizin özünə əminliyindən, həm də gəncliyinə olan yüksək diqqət və qayğısından irəli gəlir. Yeni strategiya çox mühüm sənəddir. Bu strategiya vasitəsilə gənclərin sosial problemləri həllini tapacaq. Həmçinin onların potensialı artırılaraq inkişafları təmin ediləcək. Məlum olduğu kimi, sərəncamı prezident imzalayıb. Amma onun icra mexanizmi müvafiq nazirliklərlə yanaşı, gənclərə də tapşırılıb. Bizim əsas təklifimiz televiziyalarda vətənpərvərliklə bağlı verilişlərin sayının çoxaldılması və onların televiziyanın ən çox izlənildiyi vaxtlara salınmasıdır. Onu da istəyirik ki, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması üçün şərtlər daha da sadələşdirilsin. Təbii ki, təkliflərimiz müvafiq qurumlara təqdim olunacaq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər