• çərşənbə, 08 May, 18:13
  • Baku Bakı 18°C

Yeni əsrin müqaviləsi imzalandı

17.12.13 16:13 1995
Yeni əsrin müqaviləsi imzalandı
"Bu gün müasir Azərbaycanın tarixində tarixi gündür". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib. Dövlət başçısının sözlərinə görə, "Şahdəniz 2" enerji layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycanın uzunmüddətli uğurlu iqtisadi inkişafını təmin edəcək.
Azərbaycan Prezidenti bildirib: "Şahdəniz 2" layihəsi dünyada ən iri enerji layihəsidir. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi, bu tarixi layihəyə cəlb olunmuş ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıq layihəsidir". Dövlət başçısı 19 il əvvəl - Azərbaycanın enerji strategiyasının həyata keçirilməyə başladığı 1994-cü ildə baş verən hadisələri xatırlayıb.
Azərbaycan Prezidentinin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində müstəqilliyin əldə edilməsindən cəmi üç il, Azərbaycanda vətəndaş müharibəsinin başa çatmasından bir il və Ermənistanla atəşkəs rejimi haqqında razılığın əldə olunmasından dörd ay sonra Azərbaycan əcnəbi tərəfdaşlarla birgə "Əsrin müqaviləsi"ni imzaladı. Bu müqavilə ilk dəfə olaraq Xəzər regionunu xarici investisiyalar üçün açdı və Azərbaycanın uğurlu iqtisadi inkişafını təmin etdi.
Prezident İlham Əliyev bildirib ki, bu, 20-ci əsrin müqaviləsi idi. Dövlət başçısının sözlərinə görə, "Şahdəniz" layihəsi, çox güman ki, 21-ci əsrin layihəsi adlandırılacaq: "Lakin bugünkü mərasimə qədər müstəqil Azərbaycanın inkişafı tarixində bir neçə vacib mərhələ olub. 1996-cı ildə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə müqavilə imzalandı. Daha sonra, 1999-cu ildə Qara dənizlə Xəzər dənizini birləşdirən və Bakıdan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan ilk boru kəməri inşa edildi". Dövlət başçısı qeyd edib ki, daha sonra - 2006-cı ilin mayında Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verildi: "Bu kəmər ilk dəfə olaraq Xəzər regionunu beynəlxalq bazarlarla, o cümlədən Aralıq dənizi bazarları ilə birləşdirdi. 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən və "Şahdəniz 2" layihəsinin bir hissəsi olan Cənubi Qafqaz qaz kəməri tikildi".
Prezident İlham Əliyevin sözlərinə görə, 2011-ci ildə Azərbaycan və Avropa İttifaqı strateji enerji əməkdaşlığına dair memorandum imzaladı ki, bu sənəd Azərbaycanın enerji strategiyasının inkişafına kömək etdi, enerjinin şaxələndirilməsini və Avropaya qaz ixracını təmin etdi: "2012-ci ildə biz Türkiyə ilə Trans Anadolu qaz kəməri - TANAP üzrə tarixi saziş imzaladıq. Bu il, 2013-cü ildə Trans Adriatik boru kəməri (ТАР) əsas ixrac marşrutu kimi seçildi və indi biz "Şahdəniz 2" üzrə yekun investisiya qərarını imzalayırıq".
Dövlət başçısı qeyd edib ki, bu, Azərbaycanda ən böyük qaz yataqlarından birinin tammiqyaslı işlənməsi yolunda belə mühüm hadisələrin yalnız kiçik nümunəsi olmaqla, tarixin inikasıdır. Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək.
İlham Əliyevin sözlərinə görə, Azərbaycanın qaz ehtiyatları onları gözləyən bazarlara ixrac olunacaq. Azərbaycan Prezidenti bildirib ki, qiymətləndirmələrə görə, Azərbaycanın ümumi qaz ehtiyatları təqribən üç trilyon kubmetr təşkil edir: "Şahdəniz -2", TANAP və TAP dünyanın iri enerji layihələridir. Biz ən azı 45 milyard dollar həcmində investisiyalar və dəhliz boyunca ən azı 30 min yeni iş yeri gözləyirik. Və əlbəttə ki, bu layihənin böyük əlavə səylərə ehtiyacı var".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan ölkənin birgə səylərlə həyata keçirəcəyi nəhəng layihənin yalnız ilkin mərhələsindədir: "Mən bütün Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik etmək istərdim. Bu, ölkəmizin uzunmüddətli davamlı iqtisadi inkişafını təmin edəcək. Eyni zamanda, mən "Şahdəniz" konsorsiumuna Azərbaycana sadiqliyinə görə öz minnətdarlığımı bildirmək istərdim. Xüsusilə strateji tərəfdaşlara və Azərbaycanın enerji layihələrinin iki liderinə - ARDNŞ və BP-yə xüsusi minnətdarlığımı bildirmək istərdim. ARDNŞ və BP arasında tərəfdaşlıq 20 illik tarixə malikdir və bu gün imzalanan investisiya qərarı bizə bu strateji tərəfdaşlığı ən azı daha 40 il, ola bilsin ki, daha da çox davam etdirməyə imkan verir".
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycanın enerji siyasəti ölkə iqtisadiyyatını dəyişdirməyə, onu şaxələndirməyə imkan verib. Azərbaycan müstəqillik əldə etdiyi anda özəl sektorda ÜDM-in həcmi sıfır səviyyəsində idi. Bu gün iqtisadiyyatın 85 faizi özəl sektorda formalaşır: "Biz işsizliyin səviyyəsini 4,8 faizə, yoxsulluğun səviyyəsini 5,5 faizədək azaltmağa nail olmuşuq, xarici borcumuz ölkənin ÜDM-nin yalnız səkkiz faizini təşkil edir, maliyyə vəziyyəti sabit saxlanılır və biz bu gün iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-enerji sektoruna fəal şəkildə investisiyalar yatırırıq". Dövlət başçısının sözlərinə görə, ona görə də enerji siyasəti, beynəlxalq institutlar arasında sıx əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu inkişafın əsas elementləridir.
Prezident İlham Əliyev qeyd edib: "Hesab edirəm ki, Azərbaycan özünü, necə deyərlər, "holland sindromu"ndan qoruya bildi. Biz neftin, indi də qazın xalqın səadəti naminə ölkəyə xidmət etdiyinin nümunəsini göstərdik". Azərbaycan Prezidenti bunun səbəblərindən biri kimi beynəlxalq əməkdaşlığı göstərib. İlham Əliyevin sözlərinə görə, Azərbaycan beynəlxalq əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirir, çünki xarici neft şirkətlərinin bilik və təcrübələri ölkə üçün çox vacibdir: "Beləliklə, indi bu əməkdaşlıq daha böyük formatda davam etdiriləcək. Bu gün biz əməkdaşlığın daha çox ölkəni və şirkəti əhatə edəcək yeni formatına başlayırıq. Və mən əminəm ki, "Şahdəniz 2" layihəsi gələcəkdə bu gün gözləniləndən daha böyük istiqamətləri əhatə edəcək. Lakin biz bu gün diqqəti, əlbəttə, öz qazımızı Avropa bazarlarına vaxtında çatdırmaq imkanına malik olmaqdan ötrü TANAP, TAP layihələrinin tikintisinə cəmləşdirmişik". Azərbaycan Prezidenti qeyd edib ki, bunun üçün Azərbaycanla Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan - hazırda "Şahdəniz"in ilkin mərhələsinin əhatə etdiyi ölkələr - arasında çox fəal əməkdaşlıq lazım gəlir. Daha sonrakı mərhələdə Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlıq başlanacaq.
Dövlət başçısının sözlərinə görə, bu boru kəmərinin Balkanlara qədər genişləndirilməsi planları mövcuddur. Prezident İlham Əliyev eyni zamanda, yaxın illərdə Azərbaycanın Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşları ilə boru kəmərinin həmin təyinat məntəqələrinə qədər genişləndirilməsi üçün fəal işləyəcəyinə ümidini ifadə edib: "Buna görə bizim böyük planlarımız var və boru kəməri konsepsiyası da bu planlara yarayır. Gələcəkdə biz tikiləcək boru kəmərləri üçün istehsal edə biləcəyimiz qədər qaz nəql edəcəyik. Və əlbəttə, "Şahdəniz 2" enerji təhlükəsizliyi layihəsidir".
Dövlət başçısının sözlərinə görə, istənilən ölkənin enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrıla bilməz: "90-cı illərdə, "Şahdəniz" layihəsi üzrə müqavilə imzalananda qarşıda bu məsələ durmurdu, amma bu gün bu, belədir. Və enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Bu, bügünkü vəziyyətdir və o, yaxın illərdə dəyişməyəcək".
Azərbaycan Prezidenti hesab edir ki, buna görə enerji təhlükəsizliyi, enerji marşrutlarının şaxələndirilməsi Azərbaycan kimi istehsalçılar, eləcə də tranzit ölkələr və istehlakçılar üçün vacibdir: "Əminəm ki, biz istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında düzgün maraq tarazlığını birlikdə tapacağıq. Biz hamımız üçün sərfəli olacaq əməkdaşlıq formatı yarada biləcəyik. Bizim enerji strategiyamız dostluğa, əməkdaşlığa və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan öz tarixi ərzində heç vaxt öz enerji potensialından başqa məqsədlər üçün deyil, yalnız əməkdaşlığın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin daha məhsuldar qurulması və öz tərəfdaşlarının qarşılıqlı dəstəklənməsinin nümayişi üçün istifadə etməyə çalışıb".
banner

Oxşar Xəbərlər