AZE | RUS | ENG |

“Yeni dünya nizamının formalaşması zərurəti yaranıb”

“Yeni dünya nizamının formalaşması zərurəti yaranıb”
Nəzakət Məmmədova: “Qərb tarixi şəraitdən doğan qlobal missiyanın öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkir”

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin səfirləri ilə keçirdiyi müşavirədə dünyada baş verən coğrafi-siyasi dəyişikliklər səbəbindən Qərbin hegemonluğunun başa çatdığını dilə gətirib. O, şəraitin dəyişdiyini diqqətə çatdıraraq qeyd edib ki, bu, ilk növbədə, yeni dövlətlərin mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. E.Makronun sözlərinə görə, hazırda dünyada Çin ilk sıraya çıxıb, Rusiya öz strategiyasında böyük uğur qazanır. Fransa prezidenti əlavə edib ki, ölkəsi üçün Rusiya ilə münasibətlərə yenidən baxmaq və daha güclü əlaqələr qurmaq zəruridir. Onun qənaətincə, Fransa Avropada yerləşir və əgər Rusiya ilə yeni münasibətlər yaradılmasa, bu zaman ölkəsi gərginlik, "dondurulmuş” münaqişələr, "soyuq müharibə”nin nəticələri ilə üz-üzə qala bilər. E.Makron deyib ki, gündəlik olaraq bu istiqamətdə addımlar atılmalıdır. Fransa prezidenti vurğulayıb ki, Rusiyanın iştirakı olmadan Avropada etimad mühitinin və təhlükəsizliyin olduğu yeni arxitektura qurmaq mümkün deyil. Mövzu ilə bağlı "Kaspi” qəzetinin suallarını politoloq Nəzakət Məmmədovacavablandırır.

- Nəzakət xanım, Fransa prezidenti E.Makronun Qərbin hegemonluğunun başa çatması barədə fikirlərinə münasibətiniz necədir? Qeyd edilənlər reallıqdırmı?
- Makron hakimiyyətə gələrkən çoxları onun qlobal işgüzar dairələrin marioneti olacağını düşünsələr də, ancaq zaman keçdikcə, o, öz fəaliyyəti ilə hiperatlantizmə qarşı qətiyyətli mövqedən çıxış edən, Avrosentrist baxışlı dövlət başçısı olduğunu sübut edə bildi. Onun xarici siyasəti, xüsusilə Rusiyaya münasibəti də bir çox məsələlərdə De Qollun siyasətinə çox oxşayır. De Qoll da hakimiyyəti dövründə Rusiya ilə yaxınlaşmağa meyl göstərmiş, Makrona qarşı "sarı jiletlilər" üsyanına bənzər etirazlara 1967-ci ildə Paris küçələri şahidlik etmişdi. Fransa tellurokratiyanın, yəni materik dövlətləri blokunun ən önəmli təmsilçilərindən biridir və fransız geopolitikləri talassokratiyaya - yəni ABŞ, İngiltərə kimi dəniz dövlətlərinin Avrasiyadakı hegemonluğuna müqavimət göstərmək üçün Rusiya ilə ittifaqı zəruri hesab ediblər. Görünür, Makron bu tövsiyələri xarici siyasətinə tətbiq etməyi öz ölkəsi və ümumilikdə Avropa həmrəyliyi üçün vacib hesab edir. Rusiyada da hər zaman Fransaya, onun mədəniyyətinə heyranlıq və ehtiram olub. Ümumiyyətlə, Napoleon müharibələri istisna olmaqla, Rusiya və Fransa tarix boyu, dövlət kimi təşəkkül tapdıqları dövrdən etibarən daima müttəfiqlik münasibətlərində olublar. Son dövrlərdə isə Fransa ilə ABŞ arasında bir çox beynəlxalq məsələlərə yanaşmada daha çox ziddiyyətlər yaranıb, nəinki Fransa və Rusiya arasında. Rusiya ilə Fransanı həm də böyük enerji və biznes maraqları birləşdirir, "Şimal axını-2" layihəsinin ən mühüm tərəfdaşı Almaniya ilə bərabər Fransadır, İrana münasibətdə Paris və Moskva Vaşinqtona qarşı oxşar mövqedədir və sair. Cənubi Qafqazda, xüsusilə Gürcüstanda Fransa və Rusiya həmrəyliyi müşahidə olundu, keçmiş Fransa vətəndaşı Zurabişvili Rusiyanın dəstəklədiyi İvanişvilinin partiyası tərəfindən prezidentliyə namizəd olaraq göstərildi və qələbə qazandı, Fransa Gürcüstana hava hücumundan müdafiə sistemləri satdı. Təbii ki, Rusiyanın razılığı olmadan bu, mümkün olmazdı. Halbuki ABŞ prezidentinin müşaviri Bolton regiona səfəri zamanı ölkəsinin Cənubi Qafqazın silah bazarına daxil olmaqda maraqlı olduğunu bəyan etmişdi. Fransa öz tarixinin önəmli bir qismini hegemon dövlət olaraq yaşayıb və ABŞ-ın liderlik etdiyi birqütblü dünya nizamını, qloballaşmanı, fransızların təbirincə desək, mondiallaşmanı qəbul etmək istəmir. Sosializm ideyalarının Avropada ən güclü siyasi-ideoloji dayaqlarının olduğu, demokratiyanın beşiyi hesab olunan, "Azadlıq, bərabərlik, qardaşlıq" ideyasının vüsət aldığı bir dövlət anqlo-sakson mədəni hegemonluğuna qarşı frankofon ekspansiyasını alternativ kimi dünyaya təqdim etməklə, həm də çoxqütblü dünya qaydasının tərəfdarı olduğunu göstərir və burada tərəfdaşlardan biri olaraq Rusiyanı görür. 

- Fransanın Şərqə doğru yön almasına səbəb olan amillər də bunlardırmı?
- Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ və NATO müttəfiqləri, xüsusilə Fransa arasında ziddiyyətlər gərginləşib. Avropalı müttəfiqlərin ümumdaxili məhsulun 2 faizini Alyansın büdcəsinə üzvlük haqqı olaraq keçirməyəcəkləri təqdirdə, Vaşinqtonun "Soyuq müharibə” dövründə olduğu kimi, onları Rusiya təhdidindən öz çətiri altına almayacağı ilə hədələməsi Fransanı və bəzi digər NATO üzlərini Şərqə doğru üz çevirməyə vadar edib. ABŞ-ın SSRİ ilə olan müqavilələri denonsasiya etməsi Avropanı ABŞ-ın himayəsindən məhrum edərək, onu Rusiya ilə təkbətək qoyub. Belə olan təqdirdə, görünür, ABŞ ilə anlaşa bilməyən Avropa təhdidin mənbəyi ilə yaxınlaşmağı üstün tutur. Makronun da qeyd etdiyi kimi Qərbin hegemonluğu başa çatıb, ən azından ona görə ki, Qərb özü hazırda parçalanıb, vahid düşərgədə təmsil olunmayıb və beynəlxalq sistemdə Rusiya, Çin kimi güc mərkəzləri çoxqütblü dünya nizamının tərəfdarı kimi çıxış edirlər. Bu, bir reallıqdır və Makron bunu aydın şəkildə dərk edərək, Rusiya ilə konfrontasiyaya getməkdənsə, əməkdaşlığa üstünlük verir. Son Böyük Yeddilik sammitindəki fikir ayrılıqları bunu bir daha təsdiq edir.

- Qərbin hegemonluğunun başa çatması bundan sonra dünya düzənində hansı dəyişikliklərə səbəb ola bilər?
- Qərbin hegemonluğunun başa çatması beynəlxalq münasibətlər sistemində yenidən çoxqütblü dünya nizamının təşəkkül tapmasına səbəb ola bilər. Burada Qərb deyərkən biz ABŞ və Qərbi Avropanı ayrılıqda nəzərdən keçirməli oluruq. Çünki yuxarıda qeyd etdiyimiz kimi ABŞ və Avropa arasında artıq "Soyuq müharibə” dövründə olduğu kimi həmrəylik yoxdur, əksinə, Qərbdə Avrosentrizm və Amerikanosentrizm tərəfdarları arasında qarşıdurma kəskinləşib. Üstəlik, Rusiya və Çin qlobal hegemonluq iddialarını gücləndiriblər. ABŞ-ın Yeni dünya qaydası planları hələ ki, baş tutmayıb. Çin planetin əhalisinin 62 faizinin yaşadığı bir coğrafiyanı əhatə edən "Bir qurşaq, bir yol" layihəsini həyata keçirərək Avropa ilə meqalayihələr vasitəsilə kommunikasiya yaratmağa nail olub. Vladimir Putinin Münhen Təhlükəsizlik Konfransındakı məşhur nitqindən, Rəcəb Tayyib Ərdoğanın Davosdakı demarşından sonra regional və beynəlxalq münasibətlər sistemində bir çox əsaslı dəyişikliklər baş verib. Artıq aparıcı dünya ölkələri, güc mərkəzləri birmənalı surətdə çoxqütblü dünya sisteminin bərqərar olmasında israr edir. Çünki bu, bir fövqəldövlətin planetar miqyasda hegemonluğuna qarşı ən real çıxış yolu kimi göstərilir. Əslində, Qərbin hegemonluğu mövcud idimi?! Bəli, "Soyuq müharibə”nin başa çatmasından sonra qısa bir müddətdə ola bilsin ki, bu, baş verdi. Lakin Qərb bu missiyanın öhdəsindən gələ bildimi?! Buna birmənalı cavab vermək çətindir. Lakin regional münaqişələrin alovlanması, bir çox münaqişələrin həll olunmaması, separatizmin güclənməsi, qızğın silahlanma, terror təhdidinin bütün dünyanı ağuşuna alması və sair göstərdi ki, Qərb tarixi şəraitdən doğan bu qlobal missiyanın öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkir. Odur ki, yeni dünya nizamının formalaşması zərurəti yaranıb. Burada Rusiya, Çin kimi qlobal gücə çevrilmək iddiasında olan dövlətlərin maraqları da nəzərə alınmalıdır.

- Sizcə, Qərbin bu tendensiyaya müqaviməti olacaqmı, yoxsa reallıqla barışacaq?
- Qeyd etdiyimiz kimi, Qərbin özündə çoxqütblülük və təkqütblülük, eləcə də bir çox məsələlərdə dərin fikir ayrılıqları mövcuddur. ABŞ və Avropa bir sıra məsələlərə tam fərqli mövqedən yanaşırlar. Avropa intellektualları avropalıların və amerikalıların ümumi strateji mədəniyyətinin olmaması fikrində yekdildirlər. Onların fikrincə, avropalılardan fərqli olaraq, ABŞ güc tətbiqinə çox həvəs göstərir və diplomatik cəhdlərə az meyllidir. Beynəlxalq məsələlərin həllində amerikalılar bütün problemləri dərhal həll etmək istəyirlər. Onlar beynəlxalq siyasətdə unilateralizmi, yəni təkbaşına hərəkət etməyi üstün tuturlar. ABŞ BMT kimi bütün dünya dövlətlərinin təmsil olunduğu təşkilatlarla getdikcə daha az hesablaşır, ümumu məqsədlərə çatmaq yolunda başqa ölkələrlə daha az əməkdaşlıq edir, beynəlxalq hüquqa getdikcə daha çox skeptikcəsinə yanaşır və lazım gələndə həvəslə ondan kənara çıxır. Avropalılar iddia edirlər ki, problemlərin həllinə onların yanaşma tərzi daha mürəkkəb və nüanslarla zəngindir. Amerikalılardan fərqli olaraq, onlar diplomatik uğursuzluğa düçar olduqda buna dözümlə yanaşırlar. Onlar adətən problemlərin sülh yolu ilə həllinə meyillidirlər və diplomatiyanı, danışıqları, inandırmanı məcburetmədən üstün tuturlar. Konfliktlərin həlli zamanı onlar beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara və ictimai rəyə tez-tez istinad edirlər. İkinci Dünya müharibəsi Avropa dövlətlərinin supergüc kimi beynəlxalq münasibətlərdəki rolunu məhdudlaşdırdı və onların Asiya, Afrika və Yaxın Şərqdəki müstəmləkələrinin itirilməsinə səbəb oldu. Bu, bəlkə də tarixdə ən genişmiqyaslı güc itkisi idi. Lakin "Soyuq müharibə” dövründəki unikal geopolitik şərait sayəsində Avropanın zəifliyi nəzərə çarpmırdı. Kommunizm və demokratik kapitalizm arasındakı qlobal mübarizədə mərkəzi strateji arenada yer tutan Avropanın həyati əhəmiyyətli strateji missiyası öz ərazisini heç olmasa amerikalılar gələnədək mümkün sovet təcavüzündən qorumaq idi. Avropa öz mərkəzi strateji rolunu "Soyuq müharibə”nin sona yetməsi ilə itirdi. 90-cı illərdəki "Balkan müharibəsi” Avropa qitəsinin strateji və NATO-nun həyati əhəmiyyətli aktuallığı məsələsini yenidən gündəmə gətirdi. NATO-nun "Soyuq müharibə” dövründə Varşava Müqaviləsi Təşkilatına üzv olmuş ölkələrin hesabına genişlənməsi Avropaya siyasi səhnədəki yerini qoruyub saxlamağa kömək etdi. Diplomatiya, tolerantlıq, iqtisadi əlaqələrin möhkəmlənməsi, siyasi əməkdaşlıq, sanksiyalar əvəzinə şirnikləndirmə, müvəffəqiyyət naminə ambisiyalardan imtina etmək – Fransa və Almaniyanı yaxınlaşdırıb. Sonrakı Avropa inteqrasiyasına təkan vermiş bu amillər, bugünkü Avropanı öz missiyasını gücə malik olmaqla əlaqələndirmək fikrindən uzaqlaşdırıb.

- Dünyada güc mərkəzlərinin dəyişməsi Azərbaycanın yerləşdiyi regiona necə təsir edə bilər?
- Bizim yerləşdiyimiz region artıq böyük güclərin regional savaş poliqonuna çevrilib. Yaxın Şərqdə, Şərqi Avropada öz qarşılıqlı iddialarının toqquşması üzərindən razılığa gələ bilməyən böyük dövlətlər üzlərini Cənubi Qafqaza çeviriblər. Bunun bir sıra səbəbləri var. İran məsələsinin beynəlxalq ziddiyyətlərin toqquşma nöqtəsinə çevrilməsi, Ukrayna və Gürcüstanın yaxın gələcəkdə Qara dəniz akvatoriyası tərkibində NATO-ya üzvlüyünün müzakirə olunması, Ermənistanda baş verən proseslər, Mərkəzi Asiya və Xəzər hövzəsinin ABŞ, Rusiya, Çin rəqabətinin bir halqasına çevrilməsi, İŞİD-in Əfqanıstana təxliyə olunması şübhələri səbəbindən regionun MDB-nin cənub sərhədlərinin təhlükəsizliyində oynadığı rol və sair. Azərbaycan hazırda dünyada və regionda gedən bu mürəkkəb proseslər fonunda həyata keçirdiyi bütün güc mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan uğurlu siyasət yeridir. Bununla yanaşı, ölkənin geosiyasi mövqeyi, zəngin maddi və mənəvi potensialı yeni dünya düzəninin formalaşması məsələsində Azərbaycanı açar ölkəyə çevirib. Rusiya tarixən özünün həyati əhəmiyyətli maraq zonası hesab etdiyi Cənubi Qafqazda bu gün bir sıra digər böyük fövqəlgüclərlə qarşı-qarşıya gəlib. Yaxın Şərqdəki münaqişənin səngiməsindən sonra dünyanın diqqət mərkəzinə çevrilən bölgələrdən biri məhz Cənubi Qafqazdır. Azərbaycanın qlobal əhəmiyyətli enerji və nəqliyyat-kommunikasiya layihələri həyata keçirməklə, beynəlxalq mədəniyyət və idman yarışları təşkil etməklə beynəlxalq güc mərkəzləri arasında xoşməramlı əməkdaşlığa töhfə verməyə çalışır. Azərbaycanın bu səylərindən fərqli olaraq, Ermənistan de-yure müttəfiqi, de-fakto forpostu olduğu Rusiya ilə hesablaşmadan, rəsmi Moskvanı Cənubi Qafqazda digər böyük güclərlə qarşı-qarşıya gətirərək, buranı geosiyasi mərkəzlərin toqquşma məkanına çevirmək istəyir. Belə bir şəraitdə, Azərbaycanın konstruktiv, balanslaşdırılmış mövqeyi həlledici amil kimi regionun əməkdaşlıq, yoxsa qarşıdurma poliqonuna çevrilməsində önəmli rol oynaya bilər. Bölgənin və yeni dünya düzəninin Cənubi Qafqaz istiqamətindəki arxitekturası baxımından, hazırkı proseslər olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycanla yaxın münasibətlər Cənubi Qafqazda Rusiya, ABŞ, Avropa Birliyi, Çin, Türkiyə üçün xüsusi strateji əhəmiyyət daşıyır.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982