AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yazmağı və sevməyi öyrədən adam

Yazmağı və sevməyi öyrədən adam

Mədəniyyət
20 Mart 2021, 10:00 388
Novruz bayramı günlərində jurnalistika fakültəsinin ilk dekanı, yazıçı-jurnalist Nurəddin Babayevin anadan olmasının 100 ili tamam olur
 
Ürək xatirə kitabına bənzəyir. Onun "səhifə"lərinə daha çox geridə qalan illərin salnaməsi yazılır. Təbii ki, əzizlərimizlə, dostlarımızla, iş yoldaşlarımızla bağlı o kitabda olan səhifələri tez-tez "oxumalı" oluruq. Əlimizdən tutaraq ilk dəfə "ana", "vətən" yazdıran ilk müəllimlərimizi, seçdiyimiz peşəni bizə həvəslə öyrədən, həyata hazırlayan işıqlı insanları, vicdanlı pedaqoqlarımızı da unuda bilmirik. Ona görə ki, onlar təkcə öz tələbələrinin həyatında deyil, eyni zamanda, xalqın mənəvi yüksəlişində, mədəniyyətimizin, tariximizin dünyaya tanıdılması yolunda xidmətlər göstəriblər, sabahımız üçün dəyərli mənəvi irs, əsərlər qoyub gediblər. Belə insanlardan biri baharın ilk günündə dünyaya gələn yazıçı-jurnalist, görkəmli pedaqoq Nurəddin Həsən oğlu Babayevdir. 

 Azərbaycanın mətbuatının və jurnalistikasının inkişafında onun böyük xidmətləri var. N.Babayev dövrünün ən populyar yazarlarından biridir. Otuza yaxın müxtəlif səpgili kitabları nəşr edilib. Bu əsərlər faşizmə qarşı mübarizədə igidlik göstərən Azərbaycan oğullarının, çoxlarına bəlli olmayan döyüş yolundan, Xəzər neftçilərinin fədakar əməyindən, müasir gəncliyin mənəvi dünyasından bəhs edir. Əsərlərinin bir çoxunun sənədli olması, onların bədii dəyərini azaltmayıb. Sənətşünaslıq doktoru Mehdi Məmmədov Nurəddin Babayevin "Oğluma məktublar” kitabına yazdığı ön sözdə qeyd edir ki, atalardan oğullara irs qalan təkcə həyatın nemətləri, maddi sərvətləri deyil. Tərbiyə, əxlaq yüksək mənəviyyat da zəngin bir irsdir. Bu irsiyyət olmasa, tərbiyə və mərifətin, əxlaqın, zehniyyətin gözəl ənənələri qorunmasa və inkişaf etdirilməsə, varislər ruhən qüvvətli və həqiqətən xoşbəxt ola bilməzlər. Övladlarını xoşbəxt görmək istəyənlər bunu unuda bilməzlər! Bu fikir Nurəddin Babayevin bütün əsərlərinin əsas ideya xəttini təşkil edir.

Həmin əsərlər ("Ulduzlar sönmür”, "Əgər sən olmasaydın”, "Ürəklər bir olanda”, "Səni unutmuruq”, "İşıq və məhəbbət”, "Qızlar, sözüm sizədir”, "Oğluma məktublar” və sair) öz dövründə həvəslə oxunub, bəzən bir neçə dəfə çap edilib, geniş müzakirələrə səbəb olub və milyonların stolüstü kitabına çevrilib.
 
  Gəncədən başlanan ömür yolu
 
  Bir vaxtlar Babayevlər nəsli Gəncədə yaxşı tanınıb. Nurəddin müəllimin böyük əmisi çar ordusunun generalı olub. Kiçik yaşlarında olarkən ailəsi Bakıya köçüb və orta təhsilini 134 saylı məktəbdə alıb. Ədəbiyyata və sənətə marağı ilə yaşıdlarından seçilib. Ədəbi yaradıcılığa çox gənc ikən başlayıb. Faşizmə qarşı müharibədə ön cəbhələrdə vuruşub və döyüşlərin birində ağır yaralanıb. Cəbhədən baş leytenant rütbəsi ilə qayıdan Babayev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1945-ci ildə "Əbədi qəhrəmanlıq” adlı ilk kitabı çap olunub.  Müharibənin son illərində "Kommunist” qəzetində şöbə müdiri, "Azərbaycan müəllimi”ində redaktor müavini, "Uşaqgəncnəşr” və C.Cabbarlı adına "Azərbaycanfilm”də baş redaktor işləyib. Eyni zamanda o, "Azərbaycan elmi” (1969), "Bacarıqlı əllər” (1963), "Nizami yurdu” (1968), "Həyatın mənası” (1979), "Axtaran tapar” və başqa elmi-sənədli filmlərin ssenarilərini yazıb.  N.Babayev Azərbaycan ədəbiyyatında  bədii oçerk janrının nəzəri əsaslarını yaradıb və ilk nümunələrini yazıb. Dövrünün ən populyar yazıçılarından olan Nurəddin Babayev Azərbaycan Yazıçılar İttifaqında oçerk və publisistika Şurasının sədri, 1954-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü, oçerk və publisistika Şurasının üzvü, Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, Əməkdar incəsənət xadimi, neçə-neçə mükafatın laureatı olub.   Nurəddin Babayev 1991-ci il sentyabrında, uzun sürən xəstəlikdən sonra vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.
 
Görüşlə görüş
 
 Tanınmış heykəltəraş Görüş Babayev Nurəddin müəllimin böyük oğludur. İşlədiyi heykəllər Bakıda (Dədə Qorqudun), Gəncədə (Mirzə Şəfi Vazehin), Ərzurumda (Atatürkün), Sankt-Peterburqda (Nizami Gəncəvinin) , Sumqayıtda (Nizami Gəncəvinin) və digər şəhərlərdə meydanları bəzəyir. Görüş bəylə bir vaxtlar Nurəddin müəllimin yaşadığı mənzildə görüşdük.  Mənzildə sıxlıq idi. Diqqətimi ilk cəlb edən divardakı yağlı boya ilə işlənmiş əsərlər, müxtəlif illərin fotoları, kitab bağlamaları və Görüş bəyin böyük ölçüdə yarımçıq qalmış rəsmləri oldu. O kitabların arasında Nurəddin müəllimin də əsərləri vardı. Bu məkan, mənzildən çox, rəssam emalatxanasına bənzəyirdi. Kiçik dairəvi stolun üstünə kətan süfrə salınmış, oraya bayram şirniyyatı düzülmüşdü...  Görüş bəydən ötən illərə qayıtmağı, atalı-analı illərini bir yada salmağı xahiş etdim. Müsahibim gülümsəyib dedi ki, bilməmiş olmazsan, rəssamların çoxu danışmağı sevmir, elə mən də. Amma atamın yazdığı "Oğluma məktublar”ı  hər dəfə oxuyanda  onun necə saf, böyük ürək sahibi olduğunu xatırlayır, xəyalən onunla həmsöhbət oluram:

- Atamla anam həm orta məktəbdə, həm də universitetdə bir oxuyublar. Sevgiləri də orta məktəbdən başlayıb. Amma anam Azərtac xanım, demək olar ki, işləməyib. Səbəb də biz - üç qardaş olmuşuq. Anamın atamızı çox sevdiyini mən böyüyəndən sonra başa düşdüm. Bizim atamıza sevgimizin çoxluğuna səbəb də anamın onun haqqında söhbətləri olub. Atam səfərlərdə çox olurdu, eyni zamanda universitetdə dərs deyirdi. Onun gəlişini maraqla gözləyirdik. Hər səfərindən sonra maraqlı söhbətlər edirdi. Axşamlar da, adətən, biz yatandan sonra stol arxasına keçib yazırdı. Onun ilk oxucusu anam idi.

İşinin çox olmasına baxmayaraq, bizi arabir gəzməyə aparırdı. Özümüzdən xəbərsiz müəllimlərimizlə əlaqə saxlayır, necə oxuduğumuzu öyrənirdi. Atamın ən yaxın dostları - yazıçı-alim Mir Cəlal Paşayev, bəstəkar Fikrət Əmirov, heykəltəraş Cəlal Qaryağdı, aktyor, sənətşünaslıq doktoru Mehdi Məmmədov olublar. Cəlal müəllim mənim yaxşı əl qabiliyyətim olduğunu bilirdi və heykəltəraş olmağımda onun rolu çox olub. Atam bizim peşə seçimimizə mane olmayıb. Qardaşımın biri həkim, kiçiyi isə şərqşünas olub. Anam və qardaşlarım da rəhmətə gediblər...

 Görüş bəy ailə albomunu gətirmək üçün qonşu otağa keçdi. Mən yenə otağı "səyahətə" çıxdım. Otağın yuxarı başında Nurəddin müəllimin portreti asılmışdı. Mənə elə gəldi ki, o, bayaqdan onun haqqında söhbətimizi dinləyirmiş... Sonra üzü Hökumət Evinə, dənizə açılan aynabənddən uzaqlara baxdın. Yəqin ki, bir vaxtlar Nurəddin müəllim bu balkonda dayanıb övladları, dostları, yeni yazacağı əsəri haqqında, onun qəhrəmanları haqqında düşünüb...  
 Görüş bəy şəkilləri gətirdi. O şəkillərdə Nurəddin müəllimim Azərtac xanımla gənc yaşlarında qoşa çəkdirdikləri  bir neçə şəkil də vardı. Eyni zamanda albomda o dövrün, belə demək olarsa, qaymaq ziyalılarının çoxunun şəkilləri vardı və o fotoların çoxu çap üzü görməyib...
 
 "O, mənim də müəllimim olub"
 
 Nurəddin Babayev 1953-cü ildə universiteti bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətə başlayıb və filologiya fakültəsi nəzdində fəaliyyət göstərən jurnalistika kafedrasında baş müəllim işləyib. 1958-ci ildə "Azərbaycanda bədii oçerkin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

 1969-cu ildə tanınmış alim və yazıçıların, o cümlədən, N.Babayevin səyi nəticəsində universitetdə "jurnalistika” fakültəsi yaradılıb və o, burada ilk dekan olub. Azərbaycan Jurnalistlər İttifaqının təşkil olunması üçün də Nurəddin müəllim çox çalışıb. Bu günlərdə müəllimim olmuş, filologiya elmləri doktoru Cahangir Məmmədliyi zəng vurmuşdum. Məqsədim "Bizim alın yazımız" adlı kitabım barədə rəyini bilmək, məsləhətlərini almaq idi. Söhbət əsnasında o, qarşıdan Nurəddin müəllimin yubileyinin gəldiyini də xatırlatdı.  BDU-da jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri olan Cahangir müəllim Nurəddin Babayevin mətbuatımızdakı xidmətləri barədə danışdı:

- Əvvəlcə deyim ki, Nurəddin Babayev mənim də müəllimim olub. Həsən Şahgəldiyevdən sonra bu kafedraya Nurəddin müəllim rəhbərlik edib. Bu kafedra təkcə Bakı Dövlət Universitetində deyil, bütövlükdə ölkənin media mühitində öz yeri və tədrisi, elmi praktik səviyyəsi ilə seçilən qurumdur.

 Nurəddin müəllim öz yaradıcılıq fəaliyyətində nəzəriyyə ilə təcrübəni birləşdirən, bəlkə də, yeganə jurnalistdir. Onun qələmə aldığı çoxsaylı bədii oçerklər öz dövrünün əmək və elm adamlarının portreti olmaqla yanaşı, həm də dərs dediyi tələbə-jurnalistlərə bu janrı öyrənmək üçün gözəl nümunədir. O, məhsuldar yazar idi və oxucunu yaxşı duyurdu. Buna görə də yazdığı əsərlər, mübaliğəsiz, çoxlarının stolüstü kitabına çevrilirdi.

 Əminliklə deyə bilərəm ki, Nurəddin müəllim dekan, kafedra müdiri işlədiyi illərdə heç bir tələbə və müəllim ondan inciməyib. Çünki o, yüksək mədəniyyətə malik insan, şəxsiyyət idi. O, hər kəsə həssaslıqla yanaşır, kiminsə problemi olanda onun həll edilməsi üçün çalışırdı. Nurəddin Babayev doktorluq dissertasiyası yazmayıb, ancaq çoxsaylı kitablarına və səmərəli elmi axtarışlarına görə ona professor adı verilib.

 Vacib olan bir məsələni də qeyd etməyi borc bilirəm. Jurnalistika fakültəsi universitetdə mənəvi iqliminə, təmizliyinə görə həmişə seçilib. Çünki bu fakültənin təməlini qoyan və yüksəlişinə nail olan şəxsiyyətlər - Həsən Şahgəldiyev, Nurəddin Babayev, Nəsir İmanquluyev, Şirməmməd Hüseynov fakültənin şərəfini ləyaqətlə qoruyublar, orada saf, şəffaf atmosfer yaradıblar. Bu fakültədə heç bir müəllim qiymətə görə tələbədən təmənna ummayıb və bu gün də belədir. Onlar mətbuatımızın, jurnalistikamızın fədailəridirlər. Ruhları şad olsun!

N.Babayev iki cildlik "Jurnalistika məsələləri” dərs vəsaitinin elmi redaktoru və əsas müəlliflərindəndir. "Jurnalistika məsələləri” kitabına görə 1966-cı ildə "Qızıl qələm” mükafatına layiq görülüb. Onun bir sıra əsərləri ondan çox Avropa ölkəsində nəşr edilib.
 
 Sonu olmayan sonluq
 
  Biz tələbə olan illərdə Nurəddin müəllim jurnalistika fakültəsinin dekanı deyildi. O, bizə jurnalistikanın nəzəri problemlərindən mühazirələr oxuyur, eyni zamanda peşə etikasından, jurnalist şəxsiyyətindən və işlədiyi illərdə şahidi olduğu maraqlı həyat hekayələrindən və sair mövzulardan bəhs edirdi. Onun dedikləri bizim üçün yalnız dəftərə yazacağımız mühazirə deyil, eyni zamanda Vətənə, insanlara sevgi dərsi idi. Buna görə biz onun söylədiklərinin çoxunu dəftərə yox, ürəyimizə yazırdıq. Çünki o, bu söhbətləri ilə  gələcək jurnalistlərə təkcə yazmağı yox, insanları sevməyi öyrədirdi. Tənəffüslərdə də biz onunla həmsöhbət olmağa can atırdıq. İllər sonra həyat yoldaşım Səidə xanımla hər dəfə universitet illərindən söhbət edəndə Nurəddin müəllimin bütün tələbələri kimi, onu minnətdarlıqla xatırlamış, onun tələbəsi olduğumuza görə qürur duymuşuq...
Ruhun şad olsun, Nurəddin müəllim!

    Səməd MƏLİKZADƏ