• şənbə, 27 Aprel, 08:27
  • Baku Bakı 12°C

Yazın depressiya dərdi

24.04.15 06:53 1889
Yazın depressiya dərdi
Yazın gəlişi ilə bir çox insanların həyat eşqi də yüksəlir, işləmək, yaratmaq həvəsi artır. Bəzi insanlarda isə biz bunun əksini müşahidə edirik. Havalar isindikcə onlarda yorğunluq hiss olunmağa başlayır, işləməkdən daha çox yatmağa meyilli olurlar. Belə insanlar həmişə yaz gələndə bu cür problemlə üzləşdiklərini, işləmək istəmədiklərini, ancaq yatmaq istədiklərini deyirlər. Həkim və psixoloqlar isə bu depressiyanın psixoloji və fizioloji səbəblərdən yarandığını deyirlər.
Türkiyəli psixoloq İhsan Öztekin yaz fəslində yaranan yorğunluq halları haqqında danışarkən bildirib ki, bu vəziyyət ciddiyə alınmasa, sonradan stress və depressiya halları yarada bilər. Üsküdar Universiteti isə bu xəstəliyi "bahar sindromu" adlandırıb.
Psixoloq Vəfa Rəşidova qəzetimizə açıqlamasında bildirdi ki, yazın gəlişi ilə əlaqədar təbiətlə yanaşı, insan orqanizmində də müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklər isə fizioloji və psixoloji aspektdə olur: “İnsan bütün qışı soyuq havada sabit həyat tərzi keçirir. Yazın gəlişi ilə insan öz bədənində müəyyən dəyişikliklərin getdiyini anlayır. Yaz fəslində bir çox xanımlarda xüsusilə saçların tökülməsi müşahidə olunur. Orqanizmdə vitaminsizlik olanda, beyində serotonin maddəsi azalanda depressiya özünü göstərir”.
Psixoloq deyir ki, yaz depressiyasının kökündə insanların bu fəsildən gözləntilərinin çox olması və onların yerinə yetməməsi durur: “Bir çox insanın yaz fəslindən psixoloji olaraq şüuraltı gözləntiləri olur. Xüsusən də bu, xanımlarda daha çox özünü göstərir. Yazda güllər açır, gözəl dəniz havası olur. Bu cür gözəlliklərlə yanaşı, insanlar həm də yaz fəslindən yeni tanışlıqlar gözləyirlər. Hər bir insanın gözləntisi var və onun kökündə bir ümid dayanır. Gözlənti isə baş verməyəndə depressiya hallarına gətirib çıxara bilir. Kiminsə sevgilisi yoxdursa, şüuraltı düşünürlər ki, yazda dəyişikliklər baş verəndə yeni tanışlıqlar da olacaq. Bunlar reallaşmadıqda yaz depressiyası baş qaldırır”.
V.Rəşidovanın sözlərinə görə, sonradan daha ağır fəsadlarla üzləşməmək üçün istənilən halda depressiya vaxtında aradan qaldırılmalıdır: “Depressiyanın yüngül, ağır və s. bir çox növləri var. 50-60 il depressiya ilə yaşayan insanlar var. Bəzən artıq bunun insanın xarakteri olduğunu düşünürlər. Əslində isə müayinə zamanı məlum olur ki, həmin adam nə qədər deyib-gülən olsa da, 40-50 ildir depressiyadadır. Çünki bir dəfə də olsun müayinədən keçməyib və o həyat tərzinə sanki öyrəşib. Bunun kökündə duran əsas məsələ yüngül olan variantında depressiyanın qarşısının alınmamasıdır. Problemlə vaxtında mübarizə aparılmadıqda daha ciddi simptomlara gətirib çıxarır. Zaman keçdikcə isə problem daha da kəskin xarakter alır”.
Psixoloq deyir ki, yaz depressiyasından qurtulmaq istəyənlər özləri aktiv olmalıdırlar: “Depressiyadan əziyyət çəkən insanlar daha çox günəşdə olmalıdır. Mühiti dəyişmək üçün idman, dil kurslarına gedə bilərlər. Həyatlarına yeni insanlar daxil etməyə çalışmalıdırlar. Bir sözlə, hər zaman etdiklərindən fərqli nələrsə düşünüb reallaşdırsınlar. Bu, insana çox müsbət təsir göstərir. Depressiya yüngül formadadırsa, insan bununla özü də mübarizə apara bilər. Əgər artıq bu illərin depressiyasıdırsa, insan özü bununla tək mübarizə apara bilmirsə, o zaman dərman müdaxiləsi, mütəxəssis köməyinə mütləq ehtiyac olur”.
V.Rəşidova onu da bildirdi ki, depressiyaya meyilli insanlar fəsil dəyişkənliyi zamanı daha çox bu problemdən əziyyət çəkirlər: “Elə insan var ki, genetik olaraq depressiyaya meyillidir. Amma elə insan da var ki, depressiyaya meyilli deyil, nə qədər çətin vəziyyət olsa, çıxış yolunu tapır, pozitivə köklənir. Neqativə köklənənlər isə depressiyaya daha tez məruz qalırlar. Əgər bir insan hər fəsil dəyişkənliyində depressiyaya düşürsə, bunun kökündə illərin depressiyası dayanır”.
Həkim terapevt Məlahət Abbasova bildirir ki, yaz depressiyası termini artıq bir çox dillərdə mövcuddur. Amma bu o demək deyil ki, hər kəs yaz aylarında bu depressiyadan əziyyət çəkir. İmmun sistemi, psixikası zəif insanlarda belə hallar daha çox olur: “Bu depressiya bədənin immun sistemi zəif olanda, insan həyat fəaliyyətini, gündəlik rejimini düzgün qurmayanda, qışdan yaza uyğunlaşa bilməyəndə yaranır. Amma normalda bu problem yaşanmamalıdır”.
Həkim deyir ki, yaz depressiyasından əziyyət çəkməmək üçün bədənin immun sistemini fəslin gəlişinə öncədən hazırlamaq lazımdır: “İlk öncə bədənin immun sistemini qadırmaq lazımdır. İkincisi, insanın psixikasında dəyişikliklər olmalıdır. Psixoterapevtik kitablardan istifadə edə bilərlər. Açıq havada gəzməli, vitaminlərdən istifadə etməli, idmana xüsusi diqqət ayırmalıdırlar. İnsan gündəlik rejimini düzgün qurduqda depressiya ehtimalını azaltmış olur. Vitaminlərlə zəngin meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır. Çuğundur, kök, kələm bədənin immun sistemini möhkəmləndirir və vitamin balansını zənginləşdirir. Yerli və təbii meyvələrdən, onların şirələrindən istifadə etmək daha yaxşıdır. Yumurta və ətin də burada əhəmiyyəti var”.
Sosioloq Asif Bayramov isə deyir ki, yazın gəlişi ilə oyanış baş verdiyi üçün hər işdə aktivlik hiss olunmalıdır. Depressiyaya məruz qalanlar, işləməyə həvəsi olmayanlar isə sağlamlıqlarını diqqətə saxlamayanlardır: “Yaz aylarında bütün təbiətdə hər bir şey aktivləşdiyi vaxt insan niyə passivləşməyə doğru getsin ki? Bu problem insanın orqanizmində müvafiq qida ehtiyatlarının tükənməsi ilə bağlıdır. Yaz gələndə orqanizmdə vitamin çatışmazlığı baş verir və insanda halsızlıq, zəiflik yaradır. Ona görə də göyərti məhsulları yeməklə bu halsızlığın qarşısını almaq olar. Yaz gələndə qida rasionunda göyərtinin miqdarını dəfələrlə artırmaq lazımdır. İş qabiliyyəti o zaman aşağı düşür ki, insan fiziki cəhətdən zəif olur. Fiziki cəhətdən zəifliyin təməlində isə əsasən vitaminlər və minerallar dayanır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər