• cümə, 29 Mart, 11:44
  • Baku Bakı 5°C

“Yaxşı ki bu sənətdəyəm”

08.06.16 12:29 5374
“Yaxşı ki bu sənətdəyəm”
"70-lə zarafat etmək olmaz. Heç bilmirəm illər necə gəlib keçdi. Təkcə onu bilirəm ki, həmişə amalım yaxşılıq etmək olub. Böyük sənətkarlardan dərs almışam. Bu illər ərzində heç vaxt musiqidən uzaq olmamışam. Həyatımdan razıyam. Əsas odur, özün olmayanda haqqında müsbət danışsınlar. Onda sən xoşbəxtsən”. Tanınmış tarzən, Prezident mükafatçısı, Əməkdar artist Vamiq Məmmədəliyev "Kaspi”yə müsahibəsində sənətini yenə də əvvəlki şövqlə sevdiyini və davam etdirdiyini deyir.

"Görən çala biləcəyikmi?”

- Vamiq müəllim, 70 yaşınızı qeyd edirsiniz. Bu illər ərzində tarı sinədə saxlamaq da yəqin o qədər asan olmayıb.

- Əlbəttə, asan olmayıb. Tar həmişə mənim dostum, yoldaşım olub. Müəyyən vaxtlar olub ki, pulum az olub, uşaqlar üçün ruzi gətirməkdən ötrü toylara getmişəm. Tarın hesabına ac qalmamışam. Tar məni həmişə vəziyyətdən çıxarıb.

- Bəs tarla dostluğunuz nə vaxtdan başlayıb? Qardaşınız Vasim Məmmədəliyev elm aləmini seçib. Bu sahədə tanınmış alimdir. Siz niyə musiqini seçdiniz?

- Musiqiyə sevgi mənə ailəmdən keçib. Ata-anam həkim idi. O vaxt ziyalılar evə tar alıb qoyur, tar çalmağı da özləri öyrənirdilər. Atam mahnı çalanda biz sevinərdik. Atamın o zaman aldığı tar indi mənim evimdədir. Bu il onun 90 yaşı tamam olur. İkinci tarımı isə mənə görkəmli tarzən Sərvər İbrahimov bağışlayıb. Həmin tar isə 1910-cu ilin alətidir. Bu tarlar mənim üçün çox əzizdir. Biz həmişə tara baxıb: «Görən bunu çala biləcəyikmi?»,- deyə düşünərdik. 1956-cı ildə kəndimizdə dərnək açıldı. Dərdayil Aydəmirov adlı müəllim tarı ilk dəfə dərnəyə gətirdi. Vasim və digər iki qardaşım tar dərnəyinə getdi, ancaq evdən məni qoymadılar. Mən solaxay idim, tarı isə sağ əllə çalmaq lazım idi. Nəhayət, mənim də tar dərnəyinə getməyimə icazə verildi. Əvvəlcə çox əziyyət çəkirdim. Ona görə də sağ əllə çalmağa başladım. O zaman Vasim də yaxşı tar çalırdı. Əgər o tar çalsaydı, mən çala bilməyəcəkdim. Onun tar çalmamağı mənim yolumu açdı. 1961-ci ildə mən artıq tar çalmağı öyrənmişdim. Hərbi xidmətə getməmişdən əvvəl kənddə «Bahar» adlı ansambl təşkil etdim. O zaman özfəaliyyətin böyük hörməti vardı. Hər yerdə bizi hörmətlə qarşılayırdılar. Hərbi xidmətə gedəndə tarımı da özümlə apardım. Əsgərlikdən qayıdandan sonra Mədəni-Maarif Texnikumunda xor dirijorluğu fakültəsini bitirəndən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldum. Tanınmış tarzən Əhməd Bakıxanov mənə qulaq asdı və: «Sən təhsil almalısan», - dedi. Mən o böyük tarzənin tələbəsi oldum və ondan çox şey öyrəndim. Not müəllimim isə Adil Gəray idi. Sonra Bəhram Mansurovun sinfinə keçdim. Konservatoriyada oxuyanda not müəlimim Oqtay Quliyev idi. İkinci kursda oxuyanda tələbə konfransında çıxış elədim və birinci dərəcəli diploma layiq görüldüm. Həmçinin radionun fonduna «Xalis Segah», «Bayatı Şiraz» və «Rahab» muğamlarını, daha sonra «Humayun» və «Bayatı Qacar» muğamlarını yazdım. 1988-ci ildə Konservatoriyada muğam sinfi açılanda rəhmətlik Süleyman Ələsgərovla Oqtay Quliyev məni o sinifə muğamdan dərs deməyə dəvət etdilər. 1992-ci ildə isə muğam ixtisas kimi keçirilməyə başladı. Mən artıq meydanda idim.

- O dövrün tanınmış xanəndələrini müşayiət etmək də asan məsələ deyildi. Necə oldu ki, bu çətin işi inanıb sizə tapşırdılar?

-Xanəndə müşayiəti məndə çox güclüdür. Özfəaliyyətdə olanda elə xanəndələri müşayiət edirdim. Tələbə olarkən Hacıbaba Hüseynovun sinfində dörd il təmənnasız konsertmeystr işlədim və orada çox şey öyrəndim. O zaman xeyir işlərə də çalmağa gedirdim. 1977-ci ildə yaşadığım Kürdəxanı qəsəbəsində bütün xanəndələri toylara mən aparırdım. Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev kimi xanəndələri müşayiət edirdim. Daha sonra Ağaxan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Könül Xasıyeva, Qəndab Quliyeva və başqa xanəndələri müşayiət etdim. Toylar mənim üçün böyük məktəb idi. Həm pul qazanır, həm də öyrənirdim. Onda camaat muğamata qulaq asırdı. Toylarda oynamaq az olurdu. Toyda 6-7 dəsgah ifa edirdik, hər dəsgah da 30-35 dəqiqə çəkirdi. Xanəndələr məndən çox razılıq edirdilər. Yaxşı tarzən muğamı yaxşı bilməlidir ki, xanəndəni oxutdursun. O dövrdə Əhsən Dadaşov, Sərvər İbrahimov, Hacı Məmmədov kimi tarzənlər var idi. Elə virtuoz sənətkarların yanında çalmaq hər kişinin işi deyildi. Mən Hacı Məmmədovun ansamblında aparıcı tarzən işlədim. Ona görə deyirəm ki, nə yaxşı mən bu sənəti öyrənmişəm. Cabbar Qaryağdıoğlu həmişə deyirdi ki, sənətini öyrən, lap dağın dibində də olsan, səni gəlib tapacaqlar. Məni də tapdılar. İndi daha toylara lazım gələndə qonaq kimi gedirəm, çox xahiş edəndə hərdənbir müşayiət edirəm. Amma yenə fəaliyyətdəyəm. Əgər məni gecə yuxudan oyadıb «Çoban bayatı” çal desələr, sözsüz ki, çalacam, çünki bu, mənim qanımdadır. Tar çalan gərək idmançı kimi olsun. O vaxt Sərvər İbrahimov: "Hər gün ən azı iki saat məşq elə. Evdə uşaq ağladı, yıxıldı, qapını bağla, hesab elə ki, heç nə eşitmirsən, məşq elə”- deyə mənə tövsiyə etdi. Mən bu sənətdə həmişə özümə «sağ ol» demişəm. Yaxşı ki bu sənətdəyəm. Həmçinin Milli Konservatoriyada və Mədəniyyət və İncəsənət Universitetində müəllimliklə məşğulam.

Tara xələl gətirmək olmaz

- Siz çox görkəmli sənətkarların adını sadaladınız. Əhməd Bakıxanov, Bəhram Mansurov, Adil Gəray, Sərvər İbrahimov, Hacı Məmmədov… İndi bu insanlar həyatda yoxdur. Onlar üçün darıxırsınız?

- Onlar heç vaxt yaddan çıxmaz. Əksinə, xoş təəssüratdır. Əgər biz onları görməsəydik, bu cür yetişməzdik. Onlar da vaxtilə kimlərisə görüblər. O müəllimlər bizim üçün xatirə kimi qalacaq. O müəllimlərdən başqa mən Qurban Pirimovu görmüşəm. Onun çalğısına qulaq asmışam, ona görə onu da özümə müəllim hesab edirəm. Mən onunla söhbət etmişəm. Tar-xanəndə-kamança – bu, üçlükdür. Bir-birimizə iradlarımızı deyə-deyə püxtələşmişik. Yeri gələndə bizi xarici ölkələrə göndərirdilər, vətənimizi layiqincə təmsil edirdik. Çünki bizə inanırdılar. Xatirələr çoxdur...

- Bəs Sərvər İbrahimovun tarı sizin əlinizə necə düşdü?

- Bir gün xeyir işə gedirdim. Tarımın üzü bir qədər köhnəlmişdi. Sərvərdən bir günlük tarını istədim. «Sənətkardan tar istəmək olmaz. Amma sənin xətrini gör nə qədər istəyirəm ki, tarı sənə verirəm. Götür, apar çal, ancaq qoru». Onun tarı xoşuma gəldi. Bir dəfə də: «İstəyirəm bu tarı sənə bağışlayım”, – dedi və 1990-cı ildə tarı mənə bağışladı. Bu, sədəfli tardır, mən hər yerdə də bu tarın Sərvər müəllimin tarı olduğunu deyirəm.

- Tarda aparılan yeniliklərlə bağlı fikirləriniz də maraqlıdır.

- Mən həmişə deyirəm ki, Qurban Pirimov 11 simlə çaldı, heç nə əlavə etmədi. Hacı Məmmədov, Bəhram Mansurov 11 pərdə ilə çaldı, heç nəyi dəyişmədi. Tara xələl gətirmək olmaz. Nəsə dəyişiklik edəndə bayağı notlar alınır. Tar köklənən alətdir. Maestro Niyazi deyirdi ki, tarı yarım saat köklə, 5 dəqiqə çal. Bu otaqdan çıxıb o biri otağa gedəndə tarın səsi dəyişir. Həm də gərək tara bələd olasan. Bu, çox şıltaq alətdir. Tarı necə ki Sadıqcan tətbiq etmişdi – 12 sim, 22 pərdə – elə də çalmaq lazımdır. Tar çətin alətdir.

- Bəs bu gün bu çətin alətə tələbələr arasında meyl necədir?

- İndi tara və kamançaya böyük meyl yaranıb. Düzdür, tələbələr müəyyən müasirliyə can atırlar. Mən onlara həmişə deyirəm ki, sənət öyrənmək üçün gərək arxaya baxasan. Əgər arxaya baxmasan, sənətkar olmazsan. Çünki qarşıda heç nə yoxdur. Muğamın öz texnikası, öz ritmi var. Yaşa doduqca elə bil muğamı dərk edirsən. Muğamda yalan yoxdur. Ora nəsə yalan qatsan, dərhal hiss olunacaq. Ancaq öz üslubunla çalmalısan. Çünki hər əl, barmaq və bilək başqadır. Ona görə müğam ölmür ki, hər dəfə ifa etdikcə təzələnir. Həmçinin ifa zamanı insanın xarakteri də hiss olunur. Adam var ki, əsəbidir. Onun ifası da əsəbi olacaq. Kimin xasiyyəti necədirsə, alətə münasibəti də o cürdür.

- Eşitmişəm ki, həyətinizdə mis qablardan ibarət muzey açmısınız. Düzü, mənə maraqlı gəldi...

- Evimizdə çoxlu mis qablar vardı. Onlardan muzey yaratmaq fikrinə düşdüm. Özüm də harasa gedirdimsə, mis qablar alırdım, ya da hədiyyə verirdilər. İndi onların sayı 300-ə yaxındır. Mis camlar, qablar, məcməyilər, aftafalar. Onlar hamısı əntiq qablardır. Bu, mənim şəxsi muzeyimdir. Səhər yuxudan qalxıb onları görəndə mənə ləzzət verir.

- Bəzən elə məqamlar olur ki, insan özünə yer tapa bilmir, özünü nəyləsə ovutmaq istəyir. Belə anlarda tarınız köməyinizə çatırmı?

- O qədər… Tarı götürüb kökləyən kimi ani olaraq hər şey yadımdan çıxır. Mən, ümumiyyətlə, həmişə evdən çıxanda tarlarımı kökləyib çıxıram. Tarım köklənmiş olanda mənim kefim də kök olur. Tarı qabdan çıxarıb ona bir mizrab vuranda o məni yaşadır.
Evdə də mənim sənətimə həmişə dayaq olublar. Uşaqlar evdə olmayanda mən məşq edə bilmirdim. Onların səsi məni yormurdu. Səs də olsa, öz məşqimi edirdim. Mənim bütün arxivim internetdə yerləşdirilib. Niyə mənim evimdə yatıb qalsın, qoy ondan öyrənsinlər, istifadə etsinlər. Hər ağızda bir dua var. Bəlkə məni o dualar yaşadır...





Söhbətləşdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər