• şənbə, 27 Aprel, 06:07
  • Baku Bakı 12°C

Yaxın Şərqdə nə baş verir?

08.06.17 10:30 2736
Yaxın Şərqdə nə baş verir?
Bir neçə il əvvəl Yaxın Şərqdə yaranmış böhran yenidən bu regionun digər dövlətlərində baş qaldırmağa başlayıb. Belə ki, son günlər iki ərəb dövləti - Qətərlə Səudiyyə Ərəbistanı arasında yaranmış problem dünyanın diqqətini yenidən bu bölgəyə cəlb edib. Bunun ardınca isə ötən gün İranda parlament və digər mühüm obyektlər terror hücumlarına məruz qaldı. İslam ölkələrində baş verən hadisələrin regionun digər dövlətlərinə də təhlükə yaratması şübhəsizdir. Ümumiyyətlə, Yaxın Şərqdə nə baş verir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, sözün həqiqi mənasında Yaxın Şərq hər zaman bir barıt çəlləyinə bənzəyir: "Bu regionun stabil, sakit dövrünü xatırlamaq özü çətin məsələdir. Xüsusilə, 2010-cu ildən başlayaraq Yaxın Şərqdə "ərəb baharı” başlandı və bütün regionu silkələyən proseslərin əsası qoyuldu. Son günlər Qətər ətrafında yaranmış vəziyyət heç şübhəsiz, çoxsaylı suallar yaradıb. Çünki bu ölkə 1981-ci ildə yaradılmış Fars Körfəzinin Ərəb Dövlətləri Liqasının üzvüdür. Bütövlükdə bu liqanın üzvləri ABŞ-ın müttəfiqləri sayılır və onların hər birində Birləşmiş Ştatların hərbi bazaları yerləşir. Birdən-birə Qətər ilə Fars Körfəzi regionu ölkələrinin, eyni zamanda Misirin və digər dövlətlərin münasibətlərinin bu qədər korlanmasını proqnozlaşdırmaq çətin məsələ idi. Lakin bu reallaşdı”.

E.Nəsirov əlavə etdi ki, indi isə İranla bağlı çox ciddi proseslər getməkdədir: "Xüsusilə, İran parlamentində baş verən son hadisələr, həm də daxili stabilliyin pozulması onu göstərir ki, artıq regionda yeni bir "bahar”ın əsası qoyulur. "Ərəb baharı”nın əhatə etmədiyi ölkələr onun növbəti hədəfinə çevrilib. Yəni, "ərəb baharı” haradan istiqamətlənirdisə, hansı güc mərkəzləri həyata keçirirdilərsə, indi də yeni dövlətlər onun orbitinə daxil edilməkdədir. Hesab edirəm ki, Qətərdə və İranda baş verən hadisələrə məhz bu kontekstdə qiymət vermək lazımdır. Baş verən hadisələr çox uzağa gedən siyasi nəticələrə və kataklizmlərə gətirib çıxara bilər. Biz onun başlanğıcının şahidi oluruq. Bu nöqteyi-nəzərdən onsuz da olduqca mürəkkəb olan bir regionda əslində elə bir proseslər baş verməkdədir ki, onun ağır fəsadlarını və nəticələrini gələcəkdə müşahidə edə bilərik. Hesab edirəm ki, region ölkələri və böyük dövlətlər son dərəcə ehtiyatlı bir davranış nümayiş etdirməlidirlər. Çünki söylədiyim kimi, Yaxın Şərq bir barıt çəlləyinə bənzəyir və regionun böyük dövlətlərinin böhrana cəlb edilməsi, siyasi kataklizmlərin əhatə edəcəyi ölkələr kimi seçilməsi nəticə etibarilə çox dəhşətli fəlakətlərə gətirib çıxara bilər”.

Millət vəkili Sahib Alıyev bildirdi ki, bəzi ekspertlər Səudiyyə Ərəbistanı ilə Qətər arasında baş qaldıran ziddiyyətlərin İranın marağına xidmət etdiyi və ABŞ-ın regionda mövqelərini zəiflədə biləcəyi düşüncəsindədirlər: "Əslində bu, yanlış yanaşmadır. Unutmayaq ki, Qətər deyəndə göz önünə ilk gələn Birləşmiş Ştatların Əl-Udeyddəki hərbi bazası olur. Yaxın Şərqdə 11 min nəfərlik heyəti olan və 17 ölkənin hava marşrutlarını nəzarətdə saxlayan ən böyük hərbi bazanı Amerika boşuna Qətərdə yerləşdirməyib. Sözügedən baza 2003-cü ildə məhz Səudiyyə Ərəbistanından köçürülüb ki, bununla da rəsmi Vaşinqton bölgədə kimi özünə daha yaxın müttəfiq saydığını ortaya qoyub. Ona görə də başda Səudiyyə olmaqla, bir neçə ərəb dövlətinin Qətəri boykot etmələri heç də onun təklənməsinə aparıb çıxarmayacaq. Bu qarşıdurma prosesi də Amerikanın nəzarəti altındadır və elə həm də maraqları çərçivəsindədir”.

S.Alıyevin sözlərinə görə, ərəblər arasında ziddiyyətlərin qızışmasının kökündə indi də təriqət fərqliliyi durur: "Bəli, məzhəb də deyil, təriqət. Demək, müsəlmanların məzhəb fərqliliyinə görə 2 yerə parçalanması azlıq edir. Yeri gəlmişkən, Mursi devrilərkən baş verən hakimiyyət dəyişikliyinə Səudiyyə Ərəbistanı ilə Qətərin fərqli yanaşması və Misirlə regionun adını çəkmək istəmədiyimiz başqa bir böyük dövlətinin arasında ziddiyyətlərin yaranması da elə bundan qaynaqlanırdı. Bir sözlə, Yaxın Şərq ölkələri məzəb ayrılığından sonra indi də təriqət fərqliliyi çəkişmələrinə baş vurublar və bu da Qərbdəki bəlli çevrələrin heç də maraqlarının əleyhinə yönəlməyib, əksinə, elə maraqlarına xidmət edir. İranın Qətəri guya öz qanadları altına almağına gəldikdə isə, Qətər çoxdan qanad altındadır. Rəsmi Tehran da bunun yaxşı fərqindədir. Sadəcə, Qətərə dəstək bəyanatları verməklə, məzhəb davası apardığı Səudiyyəni qıcıqlandırmağa çalışır”.

Politoloq Fikrət Sadıxov qeyd etdi ki, Tehranda baş verən terror aktları müəyyən xarici qüvvələr tərəfindən təşkil olunub: "Düzdür, artıq bu teraktı İŞİD öz üzərinə götürüb. Bütövlükdə bu, Yaxın Şərqdə baş verən hadisələrin acı nəticələridir. İlk növbədə, Qətərə qarşı sanksiyalar, bu ölkə ilə bir sıra ərəb dövlətlərinin diplomatik əlaqələri kəsməsi baş verdi. Onu da bilirik ki, Qətər İranla yaxın münasibətlərə malikdir. Qətər bir neçə dəfə bəyan edib ki, İranla münasibətləri inkişaf etdirməkdə maraqlıdırlar və bu istiqamətdə addımlar atacaqlar. Təbii ki, bu bəzi qüvvələri qıcıqlandırır və narahat edir. Təsadüfi deyil ki, Qətərlə bir sıra ərəb dövlətləri arasında münasibətlər qırıldıqdan sonra Tehranda terror hadisəsi baş verdi. Bu olaylardan bir neçə nəticə çıxarmaq olar. Çox təəssüflər olsun ki, indiki hadisələr islam həmrəyliyinə zərbədir. Eyni zamanda, bu amillər müsəlman dünyasını parçalayan məqamlardır. Hesab edirəm ki, biz regionda gərginliyin artmasını hələ bir müddət müşahidə edəcəyik”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər