AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yaşadan YAŞAT

Yaşadan YAŞAT

Cəmiyyət
27 Fevral 2021, 09:30 706
"Əl-ələ verib, ehtiyacı olanların Fondla əlaqəsini təmin etməliyik”
 
 
Ötən il dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – "YAŞAT” Fondunun yaradılması ilə bağlı fərman imzalandı. Qısa müddətdə artıq bu istiqamətdə işlərin görülməsi ilə bağlı xəbərlər almağa başladıq. Tez-tez mətbuatda Fondun fəaliyyəti ilə bağlı məlumatlar dərc olunur, xoş fikirlərlə rastlaşırıq.

Dəstəyə ehtiyacı olan çox idi və onlar üçün hər kəs nələrsə edilməsini istəyirdi. Bunun üçün mərkəzləşdirilmiş qaydada işlərin görülməsi ehtiyacı olanlar qədər hər bir azərbaycanlını sevindirir. Ancaq bəzən sosial şəbəkələrdə "YAŞAT” Fondu deyir ki, biz qaziləri müalicəyə göndərmirik, onların müalicəsi ilə maraqlanırıq”. YAŞAT Fondu qazilərin müalicəsinə biganə yanaşır” kimi paylaşımlara da rast gəlirik.

Həm uğurlu işləri nəzərə alaraq, həm də narazılıq yaradan məqamlarla bağlı suallara cavab tapmaq üçün Fond haqqında yazı hazırlamaq qərarına gəldik. Bununla bağlı ilk olaraq Fondun saytına baş çəkdik.
 
İlk olaraq "Faydalı” bölməsi diqqət çəkdi və orda YAŞAT Fondu nədir? – sualının cavabı daha ətraflı verilib:

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların (əlilliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş şəxslər) və şəhid ailələrinin (ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr) təminatına dəstək məqsədilə yaradılmış ianə fondudur”.
 
Qeyd olunur ki, Fonda dəstək almaq üçün aşağıdakı şəxslər müraciət edə bilər:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvləri;
- işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşları və ya həlak olmuş əməkdaşların ailə üzvləri;

Fondun fəaliyyəti çərçivəsində görüləcək işlərin 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə və müharibə əlilliyi statusu alan şəxslərə aid olmasına gəlincə, qeyd olunub ki, Fondun dəstək tədbirləri Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olan şəxslərin ailə üzvlərinə və müharibə əlili statusu olan bütün şəxslərə aid edilir.

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

"1700-dən artıq şəhid ailəsinə ödəniş həyata keçirilib”

Digər suallarımızla bağlı isə Fondun rəhbəri Elvin Hüseynovla söhbətləşdik. İlk olaraq Fondun qısa müddətdə gördüyü işlər haqqında danışdıq: "Fond 2020-ci il dekabrın 8-də ölkə başçısının fərmanı ilə yaradıldı və həmin andan etibarən əməli fəaliyyətə başladı. Çox qısa müddətdə 69 qrup formalaşdırıldı. Bu qruplardan 68-i regionlarda fəaliyyətə başladı. Regionlardakı 68 qrup bütün rayonları qəsəbə-qəsəbə, kəndbəkənd, evbəev gəzərək şəhidlərin ailə üzvləri ilə onların ünvanlarında görüşlər keçirdi, problemləri gözləri ilə gördülər və şəhid ailə üzvlərinin dilindən həmin problemləri eşidib onlara təyin olunmuş planşetlər vasitəsilə elektron sistemin bazasına ötürdülər. Həmin məlumatlar tərəfimizdən təhlil olunur və bu günə qədər 1700-dən artıq şəhid ailəsinə ödəniş həyata keçirilib və bu proses davam edir.

Eyni zamanda, YAŞAT Fondunun əməkdaşları tərəfindən ağır vəziyyətdə olan qazilərimizlə də görüşlər keçirildi, onların problemləri öz dillərindən dinləndi, həlli istiqamətində əməli fəaliyyətə başlandı və bu istiqamətdə mühüm addımlar atılıb.

Bununla yanaşı, Fond yeni bir layihəyə start verdi. Bu layihə 27 sentyabrdan sonra dünyaya gələn şəhid övladları ilə bağlı idi. Həmin tarixdən sonra dünyaya gələn şəhid övladlarının anasına 1000 manat birdəfəlik yardım edildi. Bu, dünyaya gələn körpənin ilkin ehtiyaclarını qarşılamaq üçün bir vəsait idi. Eyni zamanda həmin körpə balalar üçün "YAŞAT” Fondu 5000 manat məbləğində depozit müəyyənləşdirib. Dünyaya gələn körpə 16 yaşına çatana kimi bu pul onun hesabında olacaq və 16 il müddətində üzərinə faizi gələcək. 16 yaşa çatdıqdan sonra o vəsaiti sərbəst şəkildə istifadə edə biləcək”.
 
"Hər bir müraciətə fərdi yanaşılır”

Əvvəldə qeyd etdiyimiz narazılıqlarla bağlı danışan E.Hüseynov bildirdi ki, bu fikirlər həqiqəti əks etdirmir: "Fond kifayət qədər qazilərimizin həm ölkə daxilində, həm ölkə xaricində müayinə, müalicə və əməliyyat xərclərini qarşılayıb. Qazilərimizin ölkə daxilində aparılan kifayət qədər ağır əməliyyatları tərəfimizdən maliyyələşdirilib. Eyni zamanda 20-dən çox qazimiz Türkiyəyə yola salınıb. Bu proses davam etdiriləcək. Bununla yanaşı, YAŞAT Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirildi. Heyətin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var idi. Türkiyəli yüksək ixtisaslı həkimlər 3 gün ərzində Vətən müharibəsində ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsini həyata keçirdilər. Ağır yaralı olan qazilərimizin həkim rəyi əsasında xaricə göndərilməsi də Fond tərəfindən təmin ediləcək. İstər şəhidlərin ailə üzvləri, istər də qazilərin müraciətləri tərəfimizdən ən qısa müddətdə cavablandırılır. Hər bir müraciətə fərdi yanaşılır. Çalışırıq ki onlara ən qısa yolla çataq, onlar üçün ən doğru qərarları verək, onların problemləri çox qısa müddətdə həll olunsun”.
 
E.Hüseynov bildirdi ki, fondun fəaliyyət istiqamətindən kənar müraciətlərdə Fond kömək edə bilmir, ancaq bu müraciətlər aidiyyəti qurumlar üzrə yönləndirilir: "Fonda indiyə qədər 30 milyon manata yaxın vəsait ianə olub. Bunun 10 milyona yaxını 4 fəaliyyət istiqaməti üzrə istifadə edilib. Fondun 4 fəaliyyət istiqaməti var. Bunlar istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, məişət şəraitinin yaxşılaşdırılması, təhsil və tibbi xərclərin ödənilməsidir. Fond yalnız bu istiqamətlər üzrə maliyyələşməni həyata keçirir. Bundan kənar müraciətlər fəaliyyət istiqamətimizə aid olmadığı üçün maliyyə ayıra bilmirik. Amma həmin müraciətləri aidiyyatı qurumlara yönləndiririk ki, cavabsız qalmasın”.
 
Fonda müraciət yashat.gov.az saytı üzərindən onlayn yolla həyata keçirilir. E.Hüseynov qeyd etdi ki, qeydiyyat problemi yaşayanlara yardım edilir və bu, müraciətlərlə bağlı problem yaratmır: "Saytda özü qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər 8110 qısa nömrəsinə zəng etməklə bunu bildirirlər və bu zaman əməkdaşlarımız onlara qeydiyyatdan keçməkdə köməklik göstərirlər. Fondun sosial şəbəkə hesabları var, həmin hesablar üzərindən də daxil olan müraciətlər tərəfimizdən cavablandırılır, əlaqə saxlanılır, problem dinlənilir, qeydiyyatdan keçməsinə köməklik göstərilir”.
 
"Like” yığmaq üçün insanların hissləri ilə oynamayın”
 
Fondun Himayəçilik Şurası da fəaliyyət göstərir. Şuranın tərkibinə ölkədə və xaricdə yaşayan önəmli 11 simanı görə bilərik. Fondun Himayəçilik Şurasının üzvü, xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyir ki,  YAŞAT Fonduna dəstək üçün "ASAN Xidmət”in əməkdaşlarından təşkil edilmiş komanda çox peşəkardır və qısa müddətdə yaxşı iş ortaya qoymağı bacarıblar: "Fondun yaradıldığı uzun müddət deyil, amma qısa zaman kəsiyində az iş görülməyib. Burda mən bu işi icra edən komandanın rolunu xüsusi vurğulayardım. Fondun bağlı olduğu "ASAN Xidmət” işçiləri öz xidmətləri ilə bütün Azərbaycanın sevgisini və hörmətini qazanıb. "ASAN Xidmət” öz təcrübəsini YAŞAT Fondunun da işində tətbiq edir. Qısa müddətdə minlərlə şəhid ailələri və yaralılarla təmas quruldu, problemləri araşdırıldı, yardım edilməsi üçün çox əmək sərf edildi. Fond ianələr hesabına maliyyələşir və insanlar üçün bu vəsaitin kimlərə və necə xərclənməsi də maraqlıdır. Fondun saytına daxil olaraq bu hesabat haqqında məlumatları görmək mümkündür. Hesaba gələn bütün vəsaitin nəyə, kimlərə xərclənməsi hamısı aydın, şəffaf şəkildə əks etdirilib”.
 
C.Novruzov deyir ki, müraciət edən şəxslərə Fondun səlahiyyətləri çərçivəsində yardım edilir: "Mənə də müraciət edən yaralı və şəhid ailələri olur. Uzaqda olmağıma rəğmən bəlkə də 50-60 yardıma ehtiyacı olan şəxsin müraciətini Fonda yönəltmişəm. Müraciət edən insanlara prosesi izah edirəm, mənə məlumat göndərirlər və onu Fondun əməkdaşlarına yönəldirəm. Onlar da əlaqə saxlayırlar, görüşürlər, lazım olan köməyi göstərirlər. Lazım olan kömək dediyimdə, müraciət edən şəxslərə Fondun fəaliyyət istiqaməti və səlahiyyətləri çərçivəsində yardım edilir”.
 
C.Novruzov qeyd etdi ki, Fond fəaliyyətə yeni başladığı vaxtlarda onun işinə kölgə salmaq, haqqında mənfi rəy yaratmaq istəyənlər də oldu: "Bir qadın 2 itkin oğlu ilə gündəmə gəldi. Deyirdi ki, onunla maraqlanan yoxdur. Amma sonra məlum oldu ki, onun heç övladı yoxdur. Fondun adından istifadə edib insanlardan pul yığmağa cəhd göstərənlər də oldu. Mənfi rəy yaratmağa çalışanlar çox az idi, amma ona da rast gəldik. Fondu gözdən salmaq üçün, Fondun artıq yardım etdiyi adamların köhnə şəkillərini paylaşıb "YAŞAT Fondu hardasız?” yazanlar da oldu. Mən onlara deyirəm ki, şəklini internetdən götürdüyünüz, amma haqqında hansısa məlumatınız olmayan yaralının şəklini paylaşıb "like” yığmaq üçün insanların hissləri ilə oynamayın. Amma əslində o yayılan şəkillərdəki yaralıların bir çoxlarına kömək etdiyimiz ortaya çıxdı. Bu, xoş hal deyil. Yaxud problemi olan şəxs haqqında məlumat paylaşıb "Baxın, nə haldadır” demək yerinə, adam haqqında məlumat versinlər, əlaqə üçün telefon və ünvan yazsınlar, ona kömək etməmiz üçün bizə dəstək olsunlar. Bununla ona kömək etmiş olarlar”.
 
C.Novruzov Azərbaycan rayonlarındakı yerli icra hakimiyyətlərinə müraciət də etdi: "Yerlərdəki bəzi icra hakimiyyətləri vətəndaşlara, ehtiyacı olan şəxslərin müraciətlərinə çox qaba və etinasız münasibət göstəriblər. Sanki bu millətin övladı deyillər. Yardım etmirlər, heç olmasa yönləndirsinlər. İnternet çıxışı olmayan kəndlər var ki, orda Fondun yardımından yararlana biləcək şəxslər yaşayırlar və bizimlə necə əlaqə yaradacağını bilmirlər. İcra hakimiyyətləri üçün bu adamları yönəltmək elə də ağır iş deyil. Kimlərin müharibədə iştirak etdiyini, kimlərin hansı köməyə ehtiyacı olduğunu müəyyənləşdirib dəstək olmaq vacibdir. Əl-ələ verib bu işdə ehtiyacı olanların Fondla əlaqəsini təmin etməliyik. Bu vətən övladları bizə itirilmiş torpaqlarımızı qanları, canları bahasına qaytardılar. Yəni isti yerindən qalxıb onları araşdıraraq tapıb YAŞAT Fonduna xəbər vermək çox ağır işdirmi? Biz hamımız onlara həyatımız boyu borcluyuq".
 
Aygün