• cümə, 26 Aprel, 06:21
  • Baku Bakı 12°C

YARAT –da “Məddah”-ı göstərəcəklər

02.11.18 10:37 683
YARAT –da “Məddah”-ı göstərəcəklər
YARAT yaradıcılıq məkanı noyabrın 13-də kinosevərləri "Məddah” filminə baxmağa dəvət edir."Məddah” türk seriallarında uzun müddət icraçı prodüser və koordinator kimi çalışmış, bir neçə filmdə ssenarist və rejissor kimi işləmiş Batur Emin Akyelin ilk müstəqil filmidir. O, bu filmin həm ssenari müəllifi, həm prodüseri, həm də rejissorudur.

Film sənətsevərlərin xüsusi rəğbətini qazanıb və maraqla qarşılanıb. Filmin yaradıcısı Batur Emin Akyel bu yaxınlarda Azərbaycanın ilk turizm və iş dünyası kanalı olan Qafqaz TV-nin xüsusi dəvətilə ölkəmizə səfər edəcək.
Qafqaz TV-nin və Çölçü Klubunun rəhbəri, rejissor Eltən Qədimbəyli sənət adamının Azərbaycana səfəri də bu baxımdan faydalı olacaq. O, Qafqaz TV-nin kollektivi ilə görüşlər keçirəcək, kinematoqrafiya sahəsindəki təcrübəsini bölüşəcək, maraqlananlara ustad dərsləri keçəcək. Eyni zamanda noyabrın 18-də Batur Emin Akyelin Çölçü Klubunun təşkil etdiyi Çölçü Obasına Axına qoşulacağı - Qubanın İspik meşəsinə səfər edənlərə yol yoldaşlığı edəcəyi gözlənilir. Klubun rəhbərinin sözlərinə görə, türkiyəli qonağı bu axına dəvət etməkdə məqsəd çölçülərə yol boyu fotoqrafiya və kinematoqrafiya dərsləri verməklə səfəri daha da maraqlı və faydalı etməkdir. Batur Emin Akyelin məşhur "Çöldə yaşam öyüdləri” verilişinin də qonağı olacağı gözlənilir.
Məlumat üçün bildirək ki, Batur Emin Akyeli Türkiyənin Denizli şəhərində anadan olub. Ege Universitetinin jurnalistika fakültəsinin televiziya və kino bölməsini bitirib. Hələ təhsil aldığı illərdə Türkiyənin TV, reklam və kino sənayesinin mərkəzi olan İstanbula gəlib. Burada Osman Sınav başda olmaqla bir sıra tanınmış rejissorların yanında işləyərək sevdiyi peşənin sirlərinə yiyələnib. 2000-ci ildə Koliba kino istehsalı şirkətini yaradıcılarından biri olub və 2013-cü ilə qədər şirkətin baş direktoru vəzifəsində çalışıb. Əvvəldə də qeyd etdiyimiz kimi, bu müddət ərzində o, Avcı (Kanal D), Kuzenlerim (TRT), Görünmez adam (ATV), Maki (Show TV), Hayat Türküsü (TRT), Geniş Zamanlar (Star TV), Aşk Kapıyı Çalınca (Star TV), Dağlar Delisi (Star TV), Köprü (Star TV), Beni Unutma (TRT), Gece Sesleri (Show TV), Maskeli Balo (StarTV), Canan(FOX TV), Firar (StarTV), Evlerden Biri (StarTV), Bir Ferhat ile Şirin Hikayesi (FOX TV) ve Fatih-Harbiye (ShowTV) adlı tele-seriallarda icraçı prodüser olaraq çalışıb. Eyni zamanda bu filmlərin əksəriyyətinin ssenarisinin yazılmasında və rejissor işində də yaxından iştirak edib.
banner

Oxşar Xəbərlər