• cümə, 26 Aprel, 14:03
  • Baku Bakı 23°C

Yaradıcı gənclərə stimul verən festival

19.06.14 09:08 1301
Yaradıcı gənclərə stimul verən festival
İyunun 17-də 2-ci “No Smoking” Film Festivalının final gecəsi keçirildi. Gecədə festivalın finalına vəsiqə qazanmış 18 film nümayiş olundu. Nümayişdən sonra münsiflərin səsverməsinin hesablandığı zaman səhnəyə ukraynalı müğənni Andrey Yurets təşrif buyurdu. Müğənni öz repertuarındakı mahnılarla bərabər, qonaqlar üçün “Səndən nigaranam” mahnısını ingilis dilində ifa etdi.
Kino sahəsində çalışan gənclərin həyəcanla gözlədiyi həmin gecədə onlar öz əməklərinə görə mükafatlandırıldılar. Belə ki, festivalın baş mükafatına Elçin Telmanoğlu layiq görüldü. Qran Pri və pul mükafatını Elçin Telmanoğluya ötən ilki “No Smoking” Film Festivalının qalibi Nərmin Knyazlı təqdim etdi. Bundan başqa, festivalda “Ən yaxşı rejissor işi” - Elvin Abdullayev, “Ən yaxşı ssenari” - Müşfiqə Hüseynli, “Ən yaxşı ideya” - Cavanşir Eladisoy, “Ən yaxşı aktyor oyunu” - Fidan Cəfərova, “Ən orijinal film” - İbrahim Baxşıyev nominasiya və qalibləri də açıqlandı.
Orada hər kəs qalibdir
“Addım” Yaradıcı Gənclər Təşkilatının sədri, “No Smoking” Film Festivalının direktoru, fəlsəfə elmləri doktoru Hüseyn Cavadzadə bizimlə söhbətində qeyd etdi ki, sözügedən festival yalnız yaradıcı rejissorları axtarıb üzə çıxarmaq üçün təşkil edilməyib: “Bu festivalda demək olar ki, hər kəs qalibdir. Çünki orada hamımız siqaretə qarşı mübarizə aparırıq. Hazırda siqaret dünyanın ən böyük problemlərindən biridir. Siqaretin insan sağlamlığına və cibinə ziyanı hədsiz çoxdur. Niyyətimiz festivalla gənclərin diqqətini bu mövzuya yönəltmək və onları bu zərərli vərdişdən daşındırmaqdan ibarətdir. Festivalda əsas məsələ odur ki, ideyanı düzgün şəkildə çatdıra bilək. Festivalda kifayət qədər istedadlı gənclər və maraqlı filmlər iştirak edirdi. Bu il bizə yerli filmlərlə bərabər, xarici filmlər də göndərilmişdi. Təəssüf ki, biz onları müsabiqə proqramına daxil edə bilmədik. Ancaq qeyd edim ki, bundan sonrakı festivalda onların filmlərini də qəbul edəcəyik. Gələn il bu festivalın beynəlxalq səviyyədə olması da gözlənilir”.
Festivalda iştirak edən gənclərin hər birinin özünü “Qran Pri” mükafatına layiq gördüyü, onların sosial şəbəkələrdə bəyənildiyi, mətbuatda geniş şəkildə yer aldığı barədə sual etdikdə, layihə rəhbəri belə halların normal olduğunu vurğuladı: “Biz də zamanında festivallarda iştirak etmişik. Belə hallarla tez-tez rastlaşmışıq. Gənclər öz filmlərini reklam etmək üçün müxtəlif vasitələrə əl atırlar. Bu, normal haldır. Festivalda münsiflər heyəti peşəkar təşkilat komitəsi tərəfindən izlənilib və düzgün, qərəzsiz qərar verilib. Biz filmlərə Youtube-dakı baxış sayına və sosial şəbəkədə bəyənilməyə görə qiymət vermirik. Bunları süni şəkildə artırmaq olar. Ola bilsin ki, “Qran Pri” mükafatını qazanan iştirakçının sosial şəbəkədə bəyənilmə sayı az ola bilər. Biz festivalda nəticələri elan etməmişdən öncə bildirdik ki, festivalda iştirak edən gənclər səsvermənin hesablanmasında iştirak edə bilərlər. Səsvermədə hər şey açıq və rahat şəkildə aparıldı. Əsas odur ki, səsvermə demokratik və haqlı olsun”.
“Addım” Yaradıcı Gənclər Təşkilatının bu il bir sıra təlimlər təşkil etdiyini söyləyən Hüseyn Cavadzadə bu layihəni tərtib etməklə insanların onları ölümə sürükləyən siqaretdən imtina etmələrini istədiklərini və əsas da gənclərin buna meyl göstərdiyini dedi: “Biz gəncləri bu yoldan çəkindirməyə çalışırıq. Bu layihə həm də bir növ PR vasitəsidir. Azərbaycanlıları siqaretdən uzaqlaşdırmağa çalışırıq”.
Qran Pri mükafatının qalibi Elçin Telmanoğlunun sözlərinə görə, bu mükafata layiq görülməsi onun üçün gözlənilməz olub: “Festivalda qalib olacağımı düşünürdüm, amma buna əmin deyildim. Festivala təqdim olunan filmlər dram janrında olduğu üçün mənim filmim fərqliliyi ilə seçilirdi. Mən bu mövzuya komik üslubda yanaşmışam. Çox şükürlər olsun ki, filmim qalib gəldi. Festival elədir ki, burada heç nəyi öncədən bilmək olmur. İçimdə qalib olacağıma dair inanc var idi. Buna görə Hüseyn Cavadzadəyə və layihədə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Nəticələr məni çox qane etdi”.
“1200” filmi ilə festivala qatılan Cavanşir Eladisoy “Ən yaxşı ideya” nominasiyasında qalib olub. Bizimlə sevincini bölüşən C.Eladisoy bu kimi layihələrin həyata keçməsini təqdirəlayiq hesab edir və belə layihələri dəstəklədiyini deyir: “Festivala bir-birindən maraqlı filmlər təqdim olunmuşdu. Mənim fikrimə gəlincə isə, düşünürəm ki, Qran Pri mükafatı Elvin Abdullayevə verilməli idi. Həmin mükafata layiq görülən iştirakçını biz film təqdim edən gənclər arasında nədənsə görə bilmədik. Festivalda dəyərli münsiflər heyəti iştirak edirdi. Onların qərarlarına hörmət edirik. Festival bitdikdən sonra nəticələri dostlarımla müzakirə etdik. Belə bir qənaətə gəldik ki, Qran Pri alan şəxs bu nominasiyaya layiq deyildi”.
Bütün rejissorların arzusu
Festivala qısametrajlı “Sınlay” filmi ilə qatılan aktrisa Zarina Qurbanova isə “Ən yaxşı iştirakçı” nominasiyasının qalibi adına layiq görülüb. Gənc rejissor bizimlə söhbətində rejissorluq fakültəsini bitirsə də, fəaliyyətinə aktrisa kimi başladığını dedi: “Belə bir festivalın keçiriləcəyini biləndə ağlıma maraqlı bir ssenari gəldi və onu ekranlaşdırmaq qərarına gəldim. Beləliklə, istedadlı aktyor Qərib Nəsibovun iştirakı, operatorumuz Fuad Tofiqoğlunun yardımı ilə 2-ci “No Smoking” film festivalı üçün ilk qısametrajlı filmimi çəkdim. İlk işim maraqlı aktyor oyununa görə tamaşaçılar tərəfindən maraqla qarşılandı və bəyənildi. Təkcə mənim deyil, tərəf müqabilim Qərib Nəsibovun oyunu tamaşaçıları heyran etdi. Seçim zamanı tamaşaçılar mənə yaxınlaşaraq təbrik etdilər. Özümü çox xoşbəxt hesab edirəm. Çünki mənim üçün tamaşaçı fikri daha önəmlidir. Bundan sonra da fəaliyyətimə rejissor kimi də davam edəcəm”.
Rejissor Elvin Abdullayevin “Santa Mariya gəmisi” filmi “Ən yaxşı rejissor” nominasiyasında qalib gəlib. E.Abdullayev festivala təqdim etdiyi filmin böyük marağa səbəbə olduğunu deyir: “Filmimə internetdə 300 min dəfədən çox baxılması, əksər xəbər portallarının və informasiya agentliklərinin bizdən yazması filmə olan marağın göstəricidir. Sözün düzünə qalsa, ictimai diqqətin bizə cəlb olunmasının Qran Pri mükafatının bir növ təminatı olduğunu düşünürdük. Onu da qəbul edək ki, “Ən yaxşı rejissor işi” nominasiyası bəlkə də o festivalda olan bütün rejissorların arzusu idi. Filmin üzərində böyük əziyyətimiz var. Komandanın rəhbəri olaraq, əziyyət çəkən dostlarıma ən yaxşı mükafatı təqdim etmək istəyirdim. Nəticə etibarı ilə biz o mükafata layiq görülmədik. Münsiflər heyətində illərdir bu sənətdə meydan oxuyan insanlar cəmləşmişdi. Onların qərarlarına böyük hörmətimiz var. Nədənsə mənə elə gəlir ki, o heyətdə məhz incəsənətlə məşğul olan insanlar bizi dəstəkləyib. Ola bilər ki, düşünüblər ki, biz hələ öpüşmə səhnələrinə hazır deyilik və ya adını erotik film qoyaraq filmin əsas mövzusundan uzaqlaşmışıq”.
Elvin Abdullayev festivalın layihə rəhbəri Hüseyn Cavadzadəyə təşəkkürünü bildirməyi də unutmadı: “Festivalın direktoru Hüseyn Cavadzadəyə təşəkkürümü bildirirəm ki, o belə layihələri ilə gənc rejissorlara böyük stimul verir”.
Qeyd edək ki, “No Smoking” Film Festivalı “Addım” Gənclər Təşkilatının, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin dəstəyi ilə həyata keçirilib.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər