• cümə, 26 Aprel, 12:35
  • Baku Bakı 23°C

Yalançının yaddaşı olmur

20.02.18 12:15 1157
Yalançının yaddaşı olmur
Azərbaycanda yalançıya, yalançılığa aid kifayət qədər atalar sözləri var. İllərin, əsrlərin sınağından çıxmış bu atalar sözləri yalan danışan, buna meyl göstərən insanların psixoloji portretini, aqibətini qısa və konkret şəkildə ortaya qoyur. Belə atalar sözlərindən biri də, "Yalançının yaddaşı olmur” el misalıdır.
Bu məsəli o kəslərə şamil edirlər ki, onlar nə danışdıqlarını, harada danışdıqlarını bilməz, xatırlamazlar. Buna səbəb isə onların danışdıqlarının həqiqətdən uzaq olmasıdır. Belə adamlar özlərini gözə soxmaq, yaxud istənilən məqamda hansısa məqsəd naminə, o cümlədən kimlərəsə xoş gəlmək üçün uydurduğu bir "həqiqəti” söyləyər, "biləndərlik”lərini nümayiş etdirməyə çalışarlar. Lakin müəyyən vaxt keçdikdən sonra tamamilə başqa bir situasiyada əvvəlki fikirlərini təkzib edəcək yeni bir mövqe ortaya qoyar, onu "həqiqət” kimi ətrafındakılara sırımağa cəhd edərlər.
Qeyd edilən atalar sözünü və onun şamil olunduğu insanları heç də təsadüfdən xatırlatmadım. Bu el məsəlinin müdrikliyini müasir dövrümüzdə radikal müxalifət funksionerlərinin timsalında dəfələrlə müşahidə etmişik, bu gün də etməkdəyik. Misal üçün, bir neçə gün bundan öncə AXCP sədri Əli Kərimli sosial şəbəkə üzərindən canlı yayımda müsahibə verərkən bir sıra ziddiyyətli fikirlər səsləndirib. Azərbaycanda indiyə qədər keçirilən bütün seçkilərdə biabırçı şəkildə məğlub olan, yaxud xalqın ona etimad göstərməyəcəyini əvvəldən bildiyi üçün "boykot” adı altında seçkidən yayınan Ə.Kərimli sosial şəbəkənin imkanından yararlanaraq öz yalanlarını tirajlamağa başlayıb. O bildirib ki, 2013-cü ildə Azərbaycanda 20 nəfərə yaxın siyasi məhbus var idisə, hazırda bu rəqəm 160-dır.
Təbii olaraq AXCP sədrinin bu fikirləri sosial şəbəkələrdə ciddi etiraz doğurub. Çoxları ona yaxın çevrənin beş il öncə hazırladığı siyahıları paylaşıb, yaxud da Ə.Kərimlinin 2013-cü ilin prezident seçkiləri öncəsi etdiyi çıxışdan sitat gətiriblər. Nümayiş etdirilən faktlardan açıq şəkildə görünüb ki, beş il bundan əvvəlin prezident seçkiləri öncəsi Ə.Kərimlinin də daxil olduğu Milli Şuranın seçki kampaniyasında təbliğat vasitəsi kimi ən çox istifadə edilən üsullardan biri "siyasi məhbuslar” məsələsidir. Həmin vaxt Ə.Kərimli və ətrafındakılar ölkədə "siyasi məhbus” sayının çox olduğunu hər addımbaşı nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxıblar. Bu məqsədlə hazırlanan "siyahılar”a hətta 142 nəfərin adını da salıblar. Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, radikalların təmsil olunduğu düşərgə üzvləri tərəfindən 2013-cü ildə bir neçə "siyasi məhbus siyahısı” ictimaiyyətə təqdim edilib. Həmin "siyahılar”da adları qeyd edilən şəxslərin sayı Ə.Kərimlinin bir neçə gün əvvəl dilə gətirdiyi 20 rəqəmindən dəfələrlə çoxdur. Sosial şəbəkə istifadəçiləri tərəfindən ifşa olunan, yalanı üzə çıxarılan Ə.Kərimlinin bu davranışı "Facebookda” geniş müzakirəyə çıxarılıb. Bir çoxları AXCP sədrinə sual ünvanlayaraq, ondan nə üçün 2013-cü ildə səsləndirdiyi fikirləri indi xatırlamamasını soruşub. Cavabsız qalan bu suallara verilən ən tutarlı cavab isə "yalançının yaddaşı olmur” atalar sözüdür.
Yazıya əlavə olaraq onu da xatırladaq ki, demokratik prinsiplərin inkişaf etdiyi Qərb ölkələrində belə, siyasi məhbus kriteriyası yoxdur. Yəni, inkişaf etmiş heç bir Avropa ölkəsində, hətta ABŞ-ın özündə siyasi məhbus anlayışının tərifi, xüsusi çərçivəsi, bunu tənzimləyən qanun-qayda yoxdur. Bu səbəbdən istənilən cəmiyyətdə az-çox tanınan kimlərəsə, xüsusən də ictimai statusundan, yaxud vəzifəsindən sui-istifadə edərək konkret cinayət əməlinə yol vermiş, buna görə məsuliyyətə cəlb olunmuş şəxs və ya şəxslərə "siyasi məhbus” yarlığı yapışdırmaq absurddur. Əgər bir şəxs özünə qarşı hər hansı qanunsuzluğun yol verildiyini, hüquqlarının pozulduğunu, barəsində düzgün araşdırılma aparılmadığını, ədalətsiz qərar çıxarıldığını hesab edirsə, bununla mübarizə üçün məhkəmələr var.
Bütün demokratik ölkələrdə, o cümlədən Azərbaycanda məhkəmə qaydasında hər bir kəs öz hüquqlarının müdafiəsinə qalxa bilər. Bu, hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur. Hətta özünü müxalifətçi, siyasi fəal, blogger və sair kimi təqdim edən şəxs də aşağı məhkəmə instansiyasının onun barəsində çıxardığı qərardan şikayət edə bilər. Qanunla o, hüquqlarını qorumaq üçün Apelyasiya, Ali və Konstitusiya məhkəmələrinə, həmçinin Avropa Məhkəməsinə müraciət edə bilər. Əgər həmin vətəndaş aşağı məhkəmə instansiyasının onun barəsində çıxardığı qərarla razılaşırsa, belə şəxsin günahsız olduğunu necə iddia etmək olar?
Doğurdan da, o özünü günahsız hesab etsəydi, məntiqlə barəsində çıxarılan qərardan şikayət edər, sona qədər mübarizə aparar, adına ləkə gəlməsinə yol verməzdi. Amma biz bir çox hallarda bunu müşahidə etmirik. Bu səbəbdən də müxalifətçi adı altında ictimai asayişin, sabitliyin pozulmasına yönəlik əməllərə yol verən, başqasını təhqir edən, onun işgüzar nüfuzuna xələl gətirən, yaxud hansısa cinayət əməli törədən və buna görə məhkəmə qaydası ilə müəyyən edilən cəzanı qəbul edən şəxslər barəsində "siyasi məhbus” ifadəsini işlətmək obyektivlikdən çox uzaqdır.
Alpər TURAN
banner

Oxşar Xəbərlər