• cümə axşamı, 02 may, 01:20
  • Baku Bakı 15°C

Ya müharibə, ya da danışıqlar

29.07.19 19:40 14761
Ya müharibə, ya da danışıqlar
Yeni parlamentdə çoxluğu əldə edən Ukrayna prezidenti Vladimir Zelenskinin qarşısında əsas prioritet sözsüz ki, Donbasda münaqişəni həll etməkdir. Artıq onun qarşısında bir neçə həll variantı var. Parlamentdə deputat sayına görə ikinci olan "Müxalifət platforması - Həyat uğrunda” fraksiyası Minsk razılaşmalarının siyasi hissəsinin yerinə yetirilməsində israr edir. Ötən həftə sonu Kiyev və Luqanskda olan ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volker bildirib ki, sülh yoluna ilk addımı Rusiya atmalıdır. "Yaddan çıxarmaq lazım deyil ki, insanların bu torpaqlarda əzab və əziyyət çəkməsinin əsas səbəbi Rusiya işğalı və müdaxiləsidir”, - deyə Volker vurğulayıb. Bununla da bir daha təsdiq edib ki, ABŞ-ın münaqişənin başlama səbəbləri ilə bağlı mövqeyi dəyişməyib. Kurt Volker onu da bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a rəsmi səfər edəcək. Onun sözlərinə görə, səfərin dəqiq vaxtı yaxın zamanda açıqlanacaq. "Vladimir Zelenskiyə Donald Tramp tərəfindən dəvət göndərilib. Biz prezidenti ABŞ-da gozləyirik”, – Kurt Volker deyib. O bildirib ki, hazırda ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Vilyam Teylor Vladimir Zelenskinin komandası ilə gözlənilən səfərin gündəmi üzərində çalışır.
Rusiya, özünü, bəlli olduğu kimi, Minsk razılaşmasında tərəf saymır. Bəyan edir ki, Ukraynanın şərqində baş verən münaqişədə iştirak etmir. Ukraynada məsələ ilə bağlı ən müxtəlif nöqteyi-nəzərlər mövcuddur. Əhalinin 60 faizi hələ də Rusiyanı işğalçı dövlət hesab edir. Nüfuzlu iş adamı İqor Kolomoyski bu yaxınlarda verdiyi müsahibədə Donbasda "vətəndaş münaqişəsi gedir” deyə riskli bir açıqlama ilə çıxış edib. Onun qənaətincə, Rusiya bu münaqişədə tərəflərdən birini müdafiə edir: "Rusiya indi də oradadır, Rusiya texnikası və silahı ordadır. Münaqişə davam edənə qədər Rusiya texnikası orda olacaq. Bu, reallıqdır”.
Ukrayna cəmiyyətində isə müharibəni necə başa çatdırmağın yolları barədə vahid mövqe yoxdur. "Müxalifət platforması – Həyat uğrunda”nın sədri Viktor Medvedçuk hesab edir ki, separatçı qurumlarla birbaşa danışıqlara getmədən, münaqişəni həll etmək mümkün deyil. "112 Ukrayna” telekanalına müsahibəsində o bildirib ki, səbəb birdir: sülhə aparan yollarda köklü məsələlərin olmaması. Bundan əvvəlki hakimiyyət separatçılarla hər hansı danışıqların aparılmasının əleyhinə idi. Kiyev qəti şəkildə separatçı qurumların ləğv edilməsinin tərəfdarıdır. Poroşenko komandasının ideyası Minsk razılaşmalarının iki hissədən ibarət olmasına söykənirdi. Birinci mərhələdə təhlükəsizliklə bağlı məsələlərin həlli əks olunurdu. İkinci mərhələdə isə siyasi məsələlər əks olunurdu. Lakin separatçılar hər iki bəndi qəbul etmirlər. Separatçılar Rusiya kimi, Kiyevdən Minsk razılaşmalarını yazılan formada yerinə yetirməyi tələb edirdilər. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə Ukrayna və Rusiya Minsk razılaşması ilə bağlı "yol xəritəsi”nin qəbulunda bir addım olsun irəli gedə bilməyiblər. İndi isə bir qədər fərqli vəziyyət yaranıb. Belə ki, Vladimir Zelenski Ali Radada səslərin çoxuna malikdir. Müxalifət də Zelenskiyə Minsk razılaşmalarına qayıtmağı təklif edir. Medvedçuk bildirib ki, onun üçün əsas olan odur ki, Zelenski və komandası sülhün bərqərar olması üzərində iş aparsınlar. Burada əsas olan Minsk razılaşmasının siyasi hissəsinin yerinə yetirilməsidir. Medvedçukun qənaətincə, bu, Donbasa xüsusi statusun verilməsi ilə bağlı konstitusiyaya dəyişikliklərin edilməsidir. Bu da Kiyevin nəzarəti altında olmayan ərazilərin sakinlərini geri dönməyə inandıra biləcək. Lakin məsələ ondadır ki, əhalinin 50 faizdən çoxu Donbasa xüsusi statusun verilməsinə qarşıdır. Əvvəlki hakimiyyət partiyası da buna qarşı idi. Poroşenkonun tərəfdarları bildirirdilər ki, separatçı Donbas və Luqanska muxtariyyətin verilməsi federallaşmaya, bu da sonradan Ukraynanın parçalanmasına gətirib çıxaracaq. V.Medvedçuk onu da deyib ki, Zelenski komandasının Krımın muxtariyyətini müdafiə etməyə hazır olduğunu oxuyub: "Mən hesab edirəm ki, Donbasın da muxtariyyətini müdafiə etmək gərəkdir. Heç bir fərq görmürəm”.
Onu da qeyd edək ki, Ukraynanın bir sıra ictimai təşkilatları, politoloq və hüquq-müdafiəçiləri Zelenskiyə bir neçə məsələni həll etməyi təklif ediblər. Əvvəlcə yeni parlamentdə müvəqqəti işğal edilən ərazilərlə bağlı müvəqqəti komitə yaratmaq irəli sürülüb. Komitənin tərkibində keçid dövrü üçün ədalət məhkəməsi ilə məşğul olacaq işçi qrup yaratmaq, bundan əlavə yeni hökumətin strukturunda dəyişiklik edilməsini də təklif edirlər – informasiya siyasəti üzrə nazirliyi müvəqqəti işğal edilən ərazilər nazirliyi ilə birləşdirmək. Onların bazası əsasında yeni nazirlik - reinteqrasiya və milli birlik nazirliyi yaratmaq. Paralel olaraq hərbi-mülki administrasiyalar haqqında qanuna dəyişikliklər etmək də əks olunub. Bu arada rusiyalı iqtisadçı Slava Rabinoviç "Apostol”a açıqlamasında bildirib ki, Vladimir Zelenskinin Ukraynadakı prezident seçkisindəki qələbəsində Kremlin də təsiri var: "Zelenski hazırda etibar prezumpsiyasından yararlanır ki, Poroşenkonun bacarmadığı lazımi islahatları keçirsin. Onun, bunun üçün bütün vasitələri var. Putinin həqiqətən Ukraynadakı seçkiyə təsir proqramı vardı. O, bu işdə tam olmasa da, qismən uğura nail oldu. Partiyanın açıq seçki proqramı yox idi. Partiyanın uğuru teleserial sayəsində yaradılıb və bunun nəticəsində Radaya təcrübəsiz insanlar düşüb. İkinci nəticə odur ki, fraksiyada Putin agentləri də yer aldı. Bütün bunları seçkiyə Putinin müdaxiləsi adlandırmaq olar”. O, Zelenskinin hakimiyyətdən hər an devrilmək ehtimalının olduğunu da söyləyib: "Əgər Zelenski etibar prezumpsiyasından istifadə edə bilməsə, onun fraksiyasından çoxlu sayda ayrılmalar olacaq ki, bu da partiyanın çoxluğu itirməsi deməkdir. İkincisi, impiçment prosesi başlaya bilər. Üçüncüsü isə ukraynalılar üçün hər zaman ehtiyat mexanizm var: küçəyə çıxmaq və hakimiyyəti dəyişmək”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər