Xoş sifətləri sevməyən ağır təbiətli Müller - Fotolar
"Sakitcə
qocalmaq və ləyaqətlə ölmək lazımdır”. Son müsahibəsində belə söyləyən Leonid
Bronevoy vəfat etdi. "Leonid Sergeyeviç istənilən rolu ürəyindən, qəlbindən
keçirirdi” - deyə Valentin Qaft xatırlayır: "Ona görə də əfsanəvi aktyorun ürəyi
tab gətirmədi”. Rusiya prezidenti Vladimir Putin aktyorun ölümü ilə bağlı
başsağlığı verib: «Bronevoyun ölümü «Lenkom» teatrı və bütün ölkə mədəniyyəti
üçün böyük itkidir».
Rusiya
mətbuatı aktyorun ölümü haqda yazır: "Tanımadığın insan dünyadan köçəndə təəssüflənirsən.
Ancaq bütün şüurlu həyatın boyu səninlə bərabər olan bir insan həyatı tərk edəndə,
bunu şəxsi ağrın kimi hiss edirsən. Sözsüz ki, bu gün bir çox tamaşaçılar –
Leonid Bronevoyu sevənlər həmin ağrılı hissləri keçirirlər...»
Aktyorun
uzun illər çalışdığı "Lenkom” teatrının direktoru qeyd edir: "Axır vaxtlar
Leonid Bronevoy ağır xəstələnmişdi. Təəssüf ki, biz onu itirdik. Bu günlərdə isə
onun 88 yaşı tamam olacaqdı”.
L.Bronevoyun
ağır təbiəti vardı. Müsahibə verməyi o qədər də xoşlamırdı. Sözü üzə sərt
deyirdi. Ancaq onu bağışlayırdılar – istedadına görə, müstəsna yumor hissinə
görə... Onun sərt həqiqətinin işin
xeyrinə olduğunu da bilirdilər. Bronevoyun baxışından yayınmaqdansa, onun yaxşı
sözlərinə layiq olmağa çalışırdılar. "Bu gün artıq o, həyatda yoxdur. Səhnədən,
teatrın divarları arasından guruldayan o səsi daha eşitməyəcəyik. Buna inanmaq
olmur. Onun həyat, insanlar haqında düşüncələri bizə lazım idi” - deyə sənət
dostları kədərlərini bölüşürlər. "Lenkom”un aktrisası Yelena Şanina "insan
ömrünün sona yaxınlaşması bəzən öncədən məlum olur” - deyə xatırlayır: "Leonid
Sergeyeviç qəfildən teatrın sürücüsündən ona dondurma almağı xahiş etdi. Bu,
sadə, uşaq arzusu idi. Arxada çətin, əzablı günlər qalmışdı, indi isə sadəcə
dondurma arzusu vardı. Bizim keçmiş direktor ölümündən qabaq qızardılmış
kartof, Çexov isə şampan şərabı istəmişdi. Leonid Sergeyeviç isə dondurma...”
88
yaşlı L.Bronevoy uzunmüddətli xəstəlikdən vəfat edib. O, düz bir ay Moskva xəstəxanasında
ölüm-olum mübarizəsi aparıb. "Leonid Sergeyeviç çoxdan xəstə idi. Hər dəfə də
müalicəsi ilə bağlı vaxtı uzadırdı. Bir dəfə qastrol zamanı o, oteldə yıxıldı və
çiynini sındırdı. 5 il əvvəl isə doğma Kiyevdə qastrol zamanı infarkt keçirib xəstəxanaya
düşdü. Orada əməliyyat olundu, həkimlər onun həyatını xilas etdilər. Bu
enerjisi ona bir neçə il bəs etdi. Hətta bundan sonra da Leonid hər axşam
sevimli «Lenkom»un səhnəsinə çıxmaqda davam etdi” - deyə teatrın direktoru qeyd
edir: "Sonra Leonid müalicəsini Moskva xəstəxanalarında davam etdirdi.
Ayaqlarında problem yarandı. Nə etmək olar: yaş, xəstə orqanlar... Qışda evdən
çıxanda ona şəpit geyinmək lazım gəlirdi. Çünki ayağına başqa ayaqqabı
olmurdu”.
Xalq düşməninin oğlu
L.Bronevoy
1928-ci il dekabrın 17-də Kiyevdə doğulub. Nüfuzlu yəhudi ailələrində olduğu
kimi, onu da David Bertin adına Konservatoriyanın skripka sinfinə göndəriblər.
Ancaq 8 yaşında həmin xoş həyat bitir. Atası inqilabdan sonra sovet hökumətində
vəzifə sahibi idi. 1936-cı ildə Leonidin atası Solomon Bronevoy trotskiçilikdə
günahlandırılaraq cəzalandırılır. Bundan sonra onun valideynləri ayrılırlar.
«Valideynlərim kristal kimi təmiz insanlar idi. İndi bu cür adamlar tapmaq çətindir,
hətta gülməli səslənir. Onlar işıqlı ideyalara, inqilaba inanırdılar. Atama
"NKVD”-də işləməyi təklif etdilər. Anam ona "sən vəkillik xətti üzrə işlə. O
zaman adamlar səni müdafiə edər. Ancaq "NKVD”-də səni başqa işlərlə məşğul
olmağa məcbur edərlər. Sən də müdafiəsiz qalarsan” - deyə məsləhət görsə də,
atam qulaq asmadı. 1935-ci ildə o, işdən qovuldu və həbs olundu. 1954-cü ildə
atam azad olsa da, ailəsinin yanına qayıtmadı, Rostovda yaşadı. Atam 2003-cü
ildə bəraət alanda, artıq həyatda yox idi. Təbii ki, atama görə bizim də həyatımız
çətin keçdi... Mən təkcə müharibə dövrünün uşağı olmadım. Həm də repressiya illərinin
sərtliklə əzdiyi uşaq idim. Bu acıları isə daha çox sonralar anlayacaqdım...”
Leonid
Bronevoyun şöhrətə gedən yolu da asan olmayıb. O, aktyorluğa çarəsizlikdən gəlmişdi.
Dəfələrlə öz pərəstişkarlarına "mən kinoda, teatrda təsadüfi adamam” deyirdi. Əslində
diplomat və ya jurnalist olmaq istəyirdi. Amma Daşkənd Ali Teatr Məktəbi yeganə
yer idi ki, orada valideynlər haqda anket doldurmaq lazım gəlmirdi: "Axı
1937-ci ildə atamı «xalq düşməni» adı ilə həbs etmişdilər. Nəticədə bütün ailə
Kirov vilayətinə sürgün olunmuşdu. Yalnız 1941-ci ildə bizə qayıtmağa icazə
verilmişdi. Hərbi vəziyyətə görə ailəmizi Qazaxıstanın Çimkent şəhərinə təxliyə
etmişdilər. Burada mən 10 saylı məktəbdə oxudum və çörəkçi yanında şagird,
kukla teatrının tikiş sexində fəhlə və s. işlərdə işlədim”.
L.Bronevoy
1950-ci ildə A.N.Ostrovski adına Daşkənd Bədii-Teatr İnstitutunu bitirdikdən
sonra A.S.Puşkin adına Maqnitoqorsk Dram Teatrının aktyoru kimi səhnəyə çıxır.
Sonra N.Qorki adına Orenburq vilayətinin Dram Teatrında işləyir. 1953-cü ildə
V.İ.Nemiroviç-Dançenkonun adına Moskva Bədii Teatrının məktəb studiyasının 3-cü
kursuna daxil olur. İki il sonra Qroznı Dram Teatrının aktyoru kimi çalışır.
Daha sonra İrkutsk, Voronej, Moskva dram teatrlarında səhnəyə çıxmaqla 7 teatr
dəyişir. 1988-ci ildən çalışdığı «Lenkom» Teatrı isə ömürlük həyatını bağladığı
iş yeri olur.
L.Bronevoy
tamaşaçıların pərəstiş etdiyi görkəmli aktyor idi. «Pokrov darvazası»ndakı
Velyurov, «Məhəbbət disturu»ndakı həkim, «Həminki Münhauzen»dəki hersoq və əlbəttə
ki, «Baharın 17 anı»ndakı Müller... Hətta onun oynadıqları baş qəhrəmanlar
olmasa da, rolları həmişə parlaq və xarizmatik olurdu. Leonid Bronevoy 50-dən
çox filmdə rol alıb. Bütün karyerası boyu bircə dəfə baş rolda oynamasa belə,
Rusiya kinoaktyorları arasında onun məşhurluğuna tay ola biləcək aktyor tapmaq
çətin idi.
Həyatın dərsləri
«Baharın
17 anı» filmi ekranlara çıxan kimi, şan-şöhrət də filmlə bərabər gəldi. Amma əvvəlki
illərdə əyalət teatrlarında sərgərdan həyat tərzi və pulsuzluq ondan əl çəkmirdi.
Balaca qızını yedirtmək üçün pulla domino oynayır, əlavə qazanc üçün akkordeonda
çalır, hətta başqalarının repertuarlarını mənimsəməyə məcbur olurdu. O,
moskvalı Valentina Blinova ilə evli idi. Onunla Qroznı teatrında işləyərkən
tanış olmuşdu. Həyat yoldaşı xərçəng xəstəliyindən vəfat edəndən sonra o, 4
yaşlı qızını tək böyütməli oldu. Bəxtini sınamaq üçün Moskvaya gələndə, gələcək
xalq artistini paytaxtın heç bir teatrında qəbul etmədilər. Məşhurluq isə onun
həyatına 45 yaşında gəldi. Tale ona qarşı o qədər də mərhəmətli deyildi. Sınaq
və tələfat illəri aktyora çox dərslər öyrətmişdi. «Mən xoşsifət insanları heç
vaxt sevməmişəm. Mən onlara etibar etmirəm. Kim ki həmişə qaşqabaqlı, acı
gülüşlüdür - o insanlara etibar edirəm» - deyə Leonid Bronevoy etiraf edirdi:
"Xoş sifətlər çox vaxt səmimi olmur. Onların təbəssümünün arxasındakı niyyətlərə
şübhə edirəm. Mənə həyatı sərtlik öyrədib. Onun acılarından dərs almışam. Bu təcrübəmdə
səhv edəcəyimə inanmıram”.
Onun
xarakteri soyadı kimi sərt idi. Bəzən mehriban, səmimi ola bilirdi, ancaq birdən
sanki göyün üzünü bulud alırdı. Hətta bir çox aktyorlar onunla səhnəyə çıxmağa
ehtiyat edirdilər. Belə vəziyyətdə o, səmimiyyətlə etiraf edirdi: «Heç kimi
incitməməyə çalışıram, ancaq hamını sevməyə borclu deyiləm. İllər boyu mənə ətrafımla
sadə davranmaq ona görə mümkün olub ki, məndə aqressiya üçün az güc qalıb”. Bu
fikirlər, heç şübhəsiz, ağır keçən həyatın dərsləri idi.
"Bir rolun aktyoru”
«Mən
bu peşəni dəhşətli hesab edirəm, ona görə ki, ürəyə yatmaq, xoşa gəlmək qadın
xislətidir. Təyyarəçi uçur – ona bəyənilməsi heç də vacib deyil, şaxtaçıya da,
poladəridənə də bu, lazım deyil. Amma artistin, bəstəkarın mütləq bəyənilməsi
lazımdır. Bu peşədə qadın xisləti gizlənir, bu, kişilər üçün deyil» - deyə
aktyor söyləməkdən çəkinmirdi. O, teatra təsadüfi düşdüyünü dəfələrlə
tamaşaçılarına söyləsə də, onlar hər çıxışdan sonra Bronevoyu gurultulu
alqışlarla yola salırdılar. Tamaşaçıları çaşdırmaq olmaz...
«Siz
isə Ştirlis, xahiş edirəm, qalın» sözləri bütün ölkənin dilində əzbərə
çevrilmişdi. O vaxtdan onu «Bir rolun aktyoru» adlandırırdılar. Ancaq bu, Bronevoya
qarşı ədalətsizlik idi. "Məni küçədə görəndə «Baxın, Müller gəlir» - deyirdilər.
Hərdən bu mənə toxunurdu. Mən o filmə qədər 20-dən artıq rolda oynamışdım.
Teatrda isə 100-dən çox rolum vardı. Ancaq tamaşaçılar məni yalnız «Baharın 17
anı» ilə tanıyırdılar. Sonralar başa düşdüm ki, bu cür hallar aktyorların həyatında
olur. O yüzlərlə rol oynasa da, bir rolla tanınır”.
"Siz isə... xahiş edirəm,
qalasınız”
2012-ci
ilin 17 sentyabrında teatrın Kiyevə qastrolu zamanı 83 yaşlı aktyor ağır
infarkt keçirərək reanimasiyaya düşür. Şəhər mərkəzində onu ürəyindən əməliyyat
edirlər. «Lenkom»un səhnəsinə isə o, 20 aydan sonra - 2014-cü ildə qayıdır.
A.P.Çexovun «Albalı bağı» əsəri əməliyyatdan əvvəl və xəstəxanadan çıxdıqdan
sonra onun oynadığı tamaşa olur.
Ukrayna
hadisələri aktyoru narahat edirdi. «Biz yoldaşımla Kiyevdən Maydan hadisəsindən
iki gün əvvəl - vaxtında köçmüşdük» - deyə danışırdı: "Mən həmişə Putin tərəfdarı
olmuşam. Mən Kremldə olanda Vladimir Vladimiroviçə dedim ki, əgər lazım gələrsə,
kömək etməyə həmişə hazıram. Əgər söz verdimsə, həmişə onu tuturam. Sözün düzü,
hazırkı kiyevli siyasətçilərə necə münasibət bəsləsəm də, heç vaxt onları
camaat qarşısında tənqid etməmişəm. Mən Ukrayna televiziyasına, aparıcı Qordona
müsahibə vermişəm. Ona dedim ki, Ukraynanın indiki vəziyyəti məni çox
düşündürür. Orada insanlar, çoxlu uşaqlar ölür. İstənilən savaş yaxşı heç nəyə
gətirmir. Mən Kiyevə çox minnətdaram - oradakı həkimlər demək olar ki, məni
ölümün pəncəsindən qurtardılar. Amma indiki Kiyevdə artıq məni görmək istəmirlər,
mən də üz vurmayacağam”.
L.Bronevoy
Rusiya teatrları üçün çox işlər gördü. O, "Lenkom”un tikintisindən tutmuş,
inkişafına qədər çalışdı və bu mənada əsil nümunəyə çevrildi.
L.Brenovoy
vəfat etdi... Kədərli və ironiyalı təbəssümü, həmişə azca qrimlənmiş üzü, daha
heç zaman eşidilməyəcək monoloqları, birbaşa üzə söylədiyi sərt həqiqətləri və
dərhal sitata çevrilən ən sadə cümlələri yaddaşlarda qaldı... "Siz isə... xahiş
edirəm, qalasınız” - sözləri də onu aramızda saxlaya bilmədi...
Rusiya
mətbuatından çevirdi
Təranə
Məhərrəmova