AZE | RUS | ENG |

Xəzərdən Böyük Çin səddinə uzanan yol

Xəzərdən Böyük Çin səddinə uzanan yol
Deputatların fikrincə, Azərbaycanın XXI əsrin ən böyük layihələrindən birində aktiv iştirakçı kimi yer alması ölkəmizə böyük faydalar gətirəcək

Azərbaycan Prezidenti İlham Əliyev Çin Respublikası sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edib. İşgüzar səfər çərçivəsində dövlət başçısı Azərbaycanın potensial imkanlarını bəyan edib və ölkəmizin "Bir kəmər, bir yol” layihəsinə verəcəyi töhfədən danışıb. Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanla Çin şirkətləri arasında 821 milyon dollar həcmində müxtəlif sahələri əhatə edən müqavilələr imzalanıb və razılaşmalar əldə edilib.
Bütövlükdə "Bir kəmər, bir yol” layihəsinin Azərbaycana faydası nədən ibarət ola bilər?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, "Bir kəmər, bir yol” layihəsi Çinin bugünkü iqtisadi gücünün ifadəsidir: "Əlbəttə, bu, təsadüfi deyil və Çininin ümumdaxili məhsulu 12 trilyon dollar civarındadır, bu ölkə ixrac potensialına görə dünyada birinci yerdə dayanır. Son 40 ildə Çin iqtisadiyyatına 2 trilyondan çox investisiya qoyulub. Belə bir nəhəng dövlətin atdığı addım nəticə etibarı ilə qitələri birləşdirir. O cümlədən nəqliyyat, logistika sahəsi ilə yekunlaşmır, bu həm də iqtisadiyyatdır, infrastrukturdur və bütövlükdə əməkdaşlıq mühitinin formalaşması, qarşılıqlı asılılıqdır. Bu məntiqlə Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq əməkdaşlıq forumuna qatıldı. Çin dövləti tərəfindən Azərbaycana və şəxsən dövlət başçısına ünvanlanan xoş sözlər heç də təsadüfi deyildi. Çin Azərbaycanda sosial-iqtisadi sahədə, eləcə də məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları diqqətlə izləyir. Onlar islahatları yüksək qiymətləndirir və hesab edirlər ki, Azərbaycanla əməkdaşlıq etməyə dəyər. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev bu səfərdən maksimum faydalandı və çox nəhəng şirkət rəhbərləri ilə görüşlər keçirdi. O cümlədən dövlət başçısının rusiyalı həmkarı Putinlə iki dəfə görüşü də oldu”.
 
E.Nəsirov vurğuladı ki, Prezident İlham Əliyevin forumda proqram xarakterli çıxışı oldu: "O, Azərbaycanın həm daxili, həm xarici siyasətindəki nailiyyətləri tezislər şəklində ifadə etdi. Həqiqətən də Azərbaycan son 15-16 il ərzində çox böyük inkişaf tempinə malik olub. Ərazisi işğal altında, 1 milyondan çox məcburi köçkünü olan bir dövlətdə son 15 il ərzində 3,2 dəfə iqtisadi artım, o cümlədən qeyri-neft sektorunda 2,8 dəfə, sənayedə 2,6 dəfə, ixracatda 4,1 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım əldə edilib. Dünyada bütün bunları görürlər və qiymətləndirirlər”.
 
Millət vəkili, politoloq Hikmət Məmmədov bildirdi ki, Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Forumunda 37 dövlət və hökumət başçısı iştirak edirdi: "Əslində Forumda dünyanın gələcək iqtisadi perspektivləri, eyni zamanda "Bir kəmər, bir yol” layihəsi ətrafında yaranan yeni tərəfdaşlıq məsələləri və onların perspektivləri, bu nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi üçün müəyyən addımların atılması məsələləri müzakirə olundu. Bu layihə 150-dən çox ölkə tərəfindən dəstəklənir və təqribən bir o qədər də bu layihə ətrafında iştirakçı dövlətin olması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, bu yol gələcəkdə yükdaşıma sahəsində dünya iqtisadiyyatının əsas arterial qan damarlarından biri olacaqdır. Şübhəsiz ki, eyni zamanda bu yol öz ətrafında özünəməxsus bir iqtisadiyyat formalaşacaq, ayrı-ayrı məntəqələrdə yeni mərkəzlər yaranacaq. Bu isə Asiyadan Avropaya uzanan ən qısa və ən səmərəli yol olmaqla, yükdaşımalarda və iqtisadi inteqrasiyada XXI əsrin ən böyük layihələrindən birinə çevriləcəkdir”.
 
H.Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyev bu görüşdə ölkəmizin mövqeyindən, eyni zamanda Azərbaycanın bu nəqliyyat qovşağının gerçəkləşməsində oynadığı roldan danışdı: "Bununla belə, dövlət başçısı bu proses çərçivəsində Azərbaycanda həyata keçirilən işləri də vurğuladı. Əvvəlcədən qeyd etmək lazımdır ki, "Bir kəmər, bir yol” layihəsinə Azərbaycan çox böyük töhfələr verib. Çünki Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi və burada yüklərin fasiləsiz olaraq daşınmasının təmin olunması Böyük İpək Yolunun bərpa olunmasında yeni bir tarixi hadisədir. Yüklərin dəniz yolu ilə daşınması, gəmilərdən qatarlara, eləcə də qatarlardan gəmilərə yüklənməsi böyük vaxt itkisinə səbəb olurdu. Ancaq Azərbaycanın həyata keçirdiyi nəqliyyat kommunikasiya vasitəsi fasiləsiz olaraq yüklərin daşınmasını təmin edəcək. Yəni yükləri bir nəqliyyat vasitəsindən digərinə boşaldıb-doldurmadan birbaşa təyinat nöqtəsinə yönləndirəcəklər ki, bu da mühüm bir keyfiyyət dəyişikliyidir.
Ölkə başçısı ötən illər ərzində həm yol-nəqliyyat kommunikasiyası sahəsində, həm də bütövlükdə ölkəmizdə ən müxtəlif sahələrdə həyata keçirilən islahatlardan danışdı. Cənab Prezident qeyd etdi ki, beynəlxalq təşkilatların hesablamalarına görə, Azərbaycan on ən islahatçı ölkədən birinə çevrilib. Biz bilirik ki, bura daxili siyasətlə bağlı həyata keçirilən sosial, idarəetmə, hüquq və digər sahələrdəki islahatlar daxildir. Amma təbii ki, bunun beynəlxalq tərəfləri də var. Bu islahatlar nədən ibarətdir? Məsələn, Azərbaycanın həyata keçirdiyi islahatlar nəticəsində "Bir kəmər, bir yol” layihəsi çərçivəsində daşınan yüklərin yükdaşıma tariflərinin birgə müəyyənləşdirilməsi də var. Eyni zamanda biz bura Ələt azad ticarət zonasının yaranmasını da əlavə edə bilərik. Bütövlükdə düşünürəm ki, dövlət başçısı tərəfindən qeyd olunan bu fikir əslində həm də xarici sərmayədarlar üçün bir çağırış idi. Çünki viza rejiminin sadələşdirilməsi, iqtisadi qanunların optimallaşdırılması, Azərbaycanın sərmayə qoyuluşu üçün ən münbit ölkələrdən birinə çevrilməsi islahatlar paketinə daxil olan məsələlərdir və məqsəd çoxsaylı investorlar üçün Azərbaycanın cəlbedici bir məkana çevrilməsidir”.
 
BƏXTİYAR

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019