• cümə, 26 Aprel, 19:33
  • Baku Bakı 22°C

“Xəzər regionunun geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan asılıdır”

07.05.15 08:18 925
“Xəzər regionunun geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan asılıdır”
Əli Həsənov: "Adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan dünyanın lider ölkələrindən biridir"
“Mütəxəssislərin fikrinə görə, Xəzər regionunun hazırkı regional hərbi-siyasi balansı Rusiyadan, geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan, nəqliyyat-kommunikasiya dəhlizi Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyadan asılıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda Azərbaycan Respublikasının müasir dünyadakı vəziyyəti və geosiyasi mövqeləri mövzusunda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Xəzər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mühitinin gələcək taleyində Azərbaycanın mövqeyi kifayət qədər yüksəkdir: "Azərbaycanın geostrateji xarakteristikasının əsas göstəricilərindən biri onun zəngin insan resurslarına malik olması, ölkədaxili sabit ictimai-siyasi, mili-etnik və dini vəziyyətin hökm sürməsidir və bu dövlətin bu sahələr üzərində nəzarət imkanları ilə bağlıdır. Ölkənin ümumi demoqrafik göstəriciləri müsbət istiqamətdə inkişaf edir, əhalinin ümumi sayı hazırda 9 milyondan artıqdır. Artım balansı da getdikcə müsbətə doğur dəyişir. Respublika üzrə hər kvadrat kilometrə təxminən 96 sakin düşür. Tədqiqatçılar ictimai-siyasi, sosial və mənəvi resursların mili maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cənubi Qafqaz ölkələri içərisində ən balanslı geosiyasətin və effektli siyasi idarəçilik sistemini də Azərbaycana aid edirlər”.
Ə. Həsənov qeyd edib ki, qloballaşmanın vüsət aldığı yeni mühitdə Azərbaycan dünyanın universal və qlobal iqtisadi sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur: “Azərbaycan Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər transmilli iqtisadi maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Təsadüfi deyil ki, həmin qurumların dəstəyi və təqdimatı ilə postsovet ölkələri içərisində ən çox xarici kapital da məhz Azərbaycan və Qazaxıstan iqtisadiyyatına yatırılıb. Hazırda adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan nəinki postsovet məkanının, həmçinin dünyanın lider ölkələrindən biri kimi tanınır. Hazırda Azərbaycan öz ictimai-siyasi, sosial-mənəvi vəziyyəti, yekdil mili, dini vətəndaş birliyi, cəmiyyətin vəziyyəti ilə Cənubi Qafqazın ən sabit və tolerant ölkəsi hesab olunur”.
banner

Oxşar Xəbərlər