• şənbə, 27 Aprel, 03:39
  • Baku Bakı 14°C

Xeyriyyəçiliyə görə 87-ci yerdəyik

20.11.14 11:58 1393
Xeyriyyəçiliyə görə 87-ci yerdəyik
CAF Xeyriyyəçilik Fondu (Charities Aid Foundation) 2014-cü il üçün reytinq (“World Giving Index”) açıqlayıb. Xeyriyyəçilik reytinqi 154 ölkədə respondentlər arasında aparılan sorğuya əsaslanıb. Sorğunu “Gallup” Beynəlxalq Tədqiqatlar Şirkəti keçirib. Tədqiqatlar üç kriteriya üzrə aparılıb: xeyriyyəçi təşkilatlara ianə verilməsi, vətəndaşların xeyriyyəçilikdə könüllü iştirakı və ehtiyacı olan insanlara yardım.
Dünyanın xeyriyyəçilik cədvəlində Azərbaycan 87-ci pillədə yer alıb. İran 19-cu, Rusiya 101-ci, Gürcüstan 123-cü, Ermənistan 124-cü yerdə göstərilib.
Xeyriyyəçilik reytinqi cədvəlində ilk yerləri ABŞ, Myanma və Kanada tutub. Siyahıda son pillələrdə Venesuela və Yəmən dayanıb.
Azərbaycanın bu siyahıda irəliləməsinə imkan var. Xeyriyyəçilik ötən əsrin əvvəllərində Azərbaycanda daha geniş yayılıb. Həmin dövrdə yaşayan varlı, imkanlı insanlar vətəndaşların, dövlətin rifahı naminə xeyli işlər görüblər. Bunlara misal olaraq neft maqnatı olan Hacı Zeynalabdın Tağıyevin Bakıya “Şollar” su xətti çəkdirməsini, elə onun özünün Bakıda Qızlar Seminariyası tikdirməsini, yüzlərlə tələbənin xaricdə təhsil almasına maliyyə yardımını, digər neft milyonçusu Ağamusa Nağıyevin Bakıda xəstəxanalar, müxtəlif təyinatlı binalar tikdirməsini, yüzlərlə tələbinin xaricdə təhsil almasına yardım etməsini və s. bəlkə də yüzlərlə bu kimi misalları göstərmək olar. Lakin təəssüflə qeyd etməliyik ki, illər ötdükcə insanlarımızda xeyriyyəçilik ruhu sanki sönüb. İndi imkanlı adamların sayı daha çox olsa da, yuxarıda qeyd edilənlər kimi xeyriyyəçilik tədbirləri sayı demək olar ki, yoxdur. Hər gün bir insan faciəsi ilə rastlaşırıq, kimisi övladının, kimisi valideyninin xəstə olduğunu, lakin müalicəsinə maddi imkanının olmadığını deyib yardım istəyir. Amma bu istəklərə imkanlı adamlardan bir cavab verən olmur desək, yanılmarıq. Halbuki bir müğənni çıxıb efirdə, mətbuatda sponsor axtardığını desə, onlarla imkanlı şəxs çıxar meydana. Bütün bunlar çox təəssüf ki, bu günümüzün reallığıdır.
Azərbaycanda “Xeyriyyəçilik haqqında” qanunun qəbuluna çoxdan ehtiyac yaranıb. Bu təkliflə artıq neçə illərdir istər ekspertlər, istər millət vəkilləri dəfələrlə çıxış ediblər. Hətta “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsi də hazırlanaraq parlamentə təqdim edilib. Mütəxəssislər düşünürlər ki, sahibkarları xeyriyyəçiliyə cəlb etmək üçün onların fəaliyyəti stimullaşdırılmalıdır.
Azərbaycanda sahibkarlıq inkişaf edir və bizneslə məşğul olan sahibkarlarımız gəlirlərinin cüzi bir hissəsini xeyriyyəçilik işlərinə sərf edə bilərlər. Bununla onlar özləri üçün də böyük imkanlar açarlar. Məsələn, Belə sahibkarların işləri daim təbliğ oluna və onlara müəyyən qədər vergi güzəştləri tətbiq edilə bilər. Tutaq ki, sahibkar hansısa bir uşaq evini götürüb təmin edə, xaricdə oxuyan kasıb tələbələri maliyyələşdirə, ölkədən kənarda müalicəyə ehtiyacı olan xəstələrə yardım göstərə bilərlər. Hətta şəhid ailələri, evsiz insanlar üçün evlərin tikintisi layihələrini də gerçəkləşdirmək olar. Azərbaycanda xeyriyyəçiliyin qədim tarixi olduğunu deyən Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə, hazırda ölkəmizdə Hacı Zeynalabdin Tağıyevdən də varlı insanlar var: “Amma onlar heç bir xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmurlar. Azərbaycanda və ölkədən kənarda biznesləri olan insanlar ən yaxşı halda gəlib kəndlərində məscid tikdirir, ya da bir məktəbi təmir etdirirlər. Bu işlər barmaqla sayılacaq dərəcədə azdır. Belə insanları Azərbaycanda xeyriyyəçiliyə cəlb etmək lazımdır”.
Ekspertlər bildirirlər ki, xeyriyyəçiliklə məşğul olan şəxslərin və təşkilatların maraqları qanunvericiliklə qorunmalıdır. Bu gün Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun yoxdur. Bu qanunun qəbulu ilk növbədə xeyriyyəçilik fəaliyyəti və anlayışı, onun məzmunu, formaları ilə bağlı qaranlıq məqamların yaranmasına səbəb olar. Bir çoxları elə bilir ki, məsələn, Zeynalabdın Tağıyev adına bir təşkilat yaradıb xeyriyyəçiliklə məşğul olmaq olar. Halbuki xeyriyyəçiliklə məşğul olan şəxsin, təşkilatın özünün kifayət qədər maddi imkanı olmalıdır. Onlar gedib xeyriyyəçilik adı altında kimdənsə pul yığıb kiməsə verməməlidirlər. Təəssüflər olsun ki, bu gün praktikada belə hallar var, halbuki bu, bütövlükdə xeyriyyəçiliyin fəlsəfəsinə zərər gətirir.
Qeyd edək ki, Milli QHT Forumu bir neçə il əvvəl “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsini Milli Məclisdə təqdim edib. Lakin hələlik qanun layihəsi müzakirəyə çıxarılmayıb.
Bir vacib məqamı da qeyd etmək yerinə düşər ki, xeyriyyəçilik bizə İslamdan gəlib. Иlahiyyatçı Hacı Mirmehdi Seyidhüseyni deyir ki, İslam dininin əsası xeyriyyəçiliyin inkişafı, insanların bir-birinə yadımı üzərində qurulub. Belə ki, İslamın vacibatının ikisi - xüms və zəkat sırf maddi yardıma aiddir: “Deyilir ki, müsəlmanlar gəlirlərindən artıq qalanını aztəminatlı insanlara çatdırmalıdır. “Bəqərə” surəsində möminlərin sifətini sıralayanda “Onlar ruzilərindən paylayarlar” deyilir. Başqa ayələrdə isə buyurulur ki, artıq qalandan yox, sevdiyiniz şeylərdən pay verdiyinizə görə ən yuxarı səviyyəyə qalxa bilərsiniz, bacardıqca ehsan verin”.
Göründüyü kimi, xeyriyyəçilik Azərbaycanda ənənələri olan bir əməl olmaqla yanaşı, həm də müqəddəs dinimizin buyruğudur. Xeyriyyəçilik ehtiyacı olanlara yardım etməklə yanaşı, özümüzün mənəviyyatımızı da təmizləməyə qadir olan bir əməldir. Yetər ki, onu icra etməyə iradəmiz olsun.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər