Xeyriyyə aksiyasının növbəti ünvanı şəhid ailələri və qazilər oldu
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Müqəddəs Ramazan ayı
münasibətilə Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir.
Birlikdən verilən məlumata görə, tədbirin əvvəlində bütün şəhidlər,
Etimad Əsədovun timsalında dünyadan köçən qaziləri rəhmətlə anılıb və ruhlarına
dualar oxunub. Daha sonra görüşdə təşkilatın sədri Sevinc Əzimbəyli və Qarabağ
Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Ramazan ayının fəzilətləri
barədə danışıblar. Onlar qəhrəman Qarabağ qazilərinin və şəhid ailələrinin
üzərimizdə daha çox haqq sahibləri olduqlarını vurğulayaraq Müqəddəs Ramazan
ayında onlara diqqət və qayğının artırılmasının vacibliyini qeyd ediblər.
C.Əzimbəyli Azərbaycan Ordusunun günbəgün gücləndiyini və tezliklə
doğma Qarabağ torpaqlarının azad olunacağına əminliyini ifadə edib: "Məhz bu
ayda işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Uca Yaradana edilən
dualar qəbul olunur. Onu da qeyd edim ki, bu Ramazanda bütün şirkətlər və
imkanlı şəxslər şəhid, qazi ailələrini, həmçinin imkansız insanları öz
səxavətləri ilə sevindirməyə çağırıram. Bütün zənginləri ilahi fürsət ayında haqq
sahiblərini sevindirməyə səsləyirəm”.
Birliyin sədri Sevinc Əzimbəyli isə bu xeyirxah aksiyanın həyata
keçirilməsində onlara göstərdiyi daimi dəstəyə görə "Cənnət” şirkətinə öz
minnətdarlığını bildirib.
"Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev diqqət və
qayğıya görə təşkilatın rəhbərliyinə təşəkkür edib: "Heç vaxt şəhid və qazi
ailələrini unutmursunuz. Bütün özəl günlərdə, xüsusilə, Ramazan ayında bizə
dəstək olursunuz. Buna görə də sizə və dəstək olan hər bir insana öz
minnətdarlığımı bildirirəm”.
Onu da qeyd edək ki, "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi
Ramazan ayı boyunca fərqli ünvanlarda xeyriyyə aksiyalarını davam etdirir.