Xaricdə özünü səfir kimi görən azərbaycanlı - Fotolar
Baltik
dənizi ətrafı ölkələri araşdırmağı, öyrənməyi çox sevir. Xaricdə təhsil üçün
ilk müraciətində Macarıstanı seçsə də, 2-ci dəfə Estoniyaya gedir. Artıq bir
neçə ildir ki, orada yaşayır. Deyir ki, estonlar çox sakit və soyuqqanlı
xalqdır. Gözlərinin qarşısında yıxıl öl, veclərinə olmaz.MüsahibimizEstoniyada Beynəlxalq münasibətlər üzrə təhsil alan Tural Abdulladır.Tural ilk
ali təhsilini Azərbaycan Xəzər Universitetində regionşünaslıq fakültəsində
Avropaşünaslıq üzrə alıb. Universiteti bitirdikdən sonra 6 ay Avropa Birliyinin
Azərbaycandakı nümayəndəliyində təcrübə keçib. Təcrübə müddəti bitdikdən sonra
isə biliklərini artırmaq üçün xaricdə təhsil almaq qərarına gəlir.Həmsöhbətim
deyir ki, xaricdə təhsil üçün Macarıstan, Avstriya, Estoniyaya müraciət edir və
hər üç ölkəyə də qəbul olmaq şansı qazanır: "İlk dəfə 2011-ci ildə bu hər üç
universitetdən qəbul cavabı aldım. Amma ailəmin və tanışların təkidi ilə
Macarıstanı seçdim. Lakin oradakı təhsil məni qane etmədiyi üçün yarımçıq
qoyub, ölkəmizə qayıtdım. Bir ilə yaxın Fövqəladə Hallar Nazirliyində
işlədikdən sonra təhsil almaq üçün yenidən Estoniya müraciət etdim və qəbul oldum.
Qeyd edim ki, təhsilimi Estoniya Xarici işlər Nazirliyi "Eastern Partnership”
proqramı çərçivəsində maliyyələşdirirdi. Bu çərçivədə qəbul olduğum Tartu Universitetində
təqaüd alan 2 tələbədən biri idim”.
- Maraqlıdır, nə üçün 2-ci dəfə başqa ölkəni yox,
məhz Estoniyanı seçdiniz?
- Baltik dənizi ətrafı
ölkələrini öyrənmək mənim üçün daha maraqlı idi. Düşünürdüm ki, balaca bir ölkə
necə olub ki, bu qədər inkişaf edib, ciddi nailiyyətlər əldə edə bilib. Həm də
azərbaycanlıların seçmədiyi bir ölkəni seçmək istəyirdim. Çünki gənclərimiz
xaricdə təhsil üçün daha çox Almaniya, İtaliya, İngiltərəni seçirlər.
- Necə düşünürsünüz, xaricdə təhsil almaq
şərtdirmi?
- Xaricdə
də olmasa təhsil mütləqdir. Amma xaricdə təhsil almağın üstünlükləri çoxdur. Bir
növ dünyaya baxışınızı dəyişir. Mənim üçün xaricdə təhsil almaq, sadəcə yeni
biliklər qazanmaq deyil, həmçinin ölkəmizi dünyaya tanıtmaqdır. Harada olursa
olsun başqa ölkədə olduğum zaman özümü Azərbaycanın gənc səfiri kimi görürəm (gülür). Bundan başqa, xaricdə təhsil
özünü həyata hazırlamaqdır. Çünki burada tək qalırsınız və tanımadığınız bir
diyarda özünüzü hərtərəfli təkmilləşdirirsiniz. Öz fikirlərinizi heç kimin
təzyiqi olmadan formalaşdırırsınız. Səhv də edə bilərsiniz, sadəcə, əsas odur
ki, səhvi təkrarlamayasınız. Yaşadığınız ölkədə hər bir millətdən insanla
qarşılaşırsınız və onların mədəniyyətləri ilə tanış olub, diskussiyalar
aparırsınız.
- İki ölkənin təhsilinə bələd olan biri kimi, hansı
fərqləri müşahidə etdiniz?
-
Azərbaycanda Xəzər Universitetində təhsil almışam. Bura bizim ən prestijli
universitetlərdən sayılır. Amma iki ölkə arasında təhsil fərqləri çoxdur.
Düzdür, hər 2 universitetdə təhsil ingilis dilindədir, amma dərs keçmə
metodları çox ayrıdır. Azərbaycanda təhsildə əsasən mühazirə tipli olur, yəni
dərslər daha çox müəllimlər tərəfdən izah olunur, sonra evə tapşırıq kimi eyni
materiallar oxunmağa verilir və əzbərçiliklə eynisi soruşulur. Tartu Universitetində
isə mövzular əsasən ev tapşırıqları əsasında öyrənilir, növbəti dərsdə bu
mövzular müzakirə şəklində müəllimin müşayiəti ilə genişləndirilir. Beləcə,
tələbələr arasında diskussiya olur və bilmədiyimiz bir şeyi müzakirə edərək
əlavə bilik kimi əldə edirik. Ekskursiyalar təşkil olunur. Məsələn, konfliktologiyayla
bağlı Kiprə ekskursiya etmişik. Beləcə, həm dərsi, tarixi, həm də hər iki
tərəfin (həm yunan, həm türk tərəfinin) maraqlarını öyrənirik. Diplom işinə
gəldikdə isə, Azərbaycanda mən diplom işimi 2-3 aya yazıb qurtarmışdım. Burada
isə bu qeyri-mümkündür. Kimdən soruşsanız ən azı 1-2 semestr saxlayıblar.
- Xarici ölkəyə gedən tələbələrin mətbəxə öyrəşmək
məsələsi də var. Estoniya mətbəxinə alışmaq çətin olmadı ki?
-
Azərbaycan mətbəxindən sonra Eston mətbəxinə öyrəşmək çox çətindir. Estonların
demək olar öz milli yeməkləri yoxdur. Almansayağı mətbəx desək daha doğru olar.
Əsas yeməkləri: qan sosisi, kartof, bişirilmiş kələm və selyodka. Ətlərdən daha
çox donuz əti yeyilir, amma əlbəttə ki, mən bir azərbaycanlı olaraq donuz
ətindən uzaq qaçıram. Evdə yemək bişirməyən mən burada yemək bişirməyi öyrəndim
(gülür). Bəzən evdə anamdan milli yeməklərin reseptini soruşanda, "indi də
aşpazlığa keçəcəksən” deyə zarafat edir. Amma inanın mənə bu heç də çətin iş
deyil. Məncə, hər kəs yemək bişirməyi, paltar yumağı bilməlidir. Onu da qeyd
edim ki, bu yaxınlarda plov bişirməyi öyrəndim. Çox gözəl də alındı, xarici
dostlarım bəh-bəh ilə yeyirlər.
- İlk getdiyiniz dövrlərdə çətinlikləriniz oldumu?
- Əlbəttə,
hər bir yerə getdiyimiz zaman çətinliklər üzə çıxır. Ən əsaslardan biri yemək
olsa da, bir digər məsələ Estoniyanın qışı idi. Hava gün ərzində cəmi 4 saat
işıqlı olur, qalan vaxt qaranlıq. Buna hələ də öyrəşə bilmirəm. Bundan başqa,
havanın temperaturu qışda -25-30 dərəcəyə qədər enir. Başqa öyrəşə bilmədiyim
isə yataqxanada otağı bölüşməkdir. Bəzən eyni otaqda qaldığın şəxslə
xarakterlər tərs mütənasib ola bilər. O zaman çox çətin olur. Bir də əlbəttə
ki, ailə və gözəl yurdunun həsrəti. Başqa yerdə olduqda insan doğmaları üçün
tez darıxır.
- Maraqlıdır, xərclərinizi necə qarşılayırsınız?
- Xərclərim
təhsil aldığım zaman Estoniyanın Xarici İşlər Nazirliyi tərəfindən ödənilirdi.
Təhsil haqqından tam azad idim və aylıq 400 euro pul məvacibi alırdım. Bu isə
Tartu kimi balaca şəhərdə yaşamağa bəs edirdi. Sonradan işlə bağlı Tallinə
köçdüm.
- Bir az da yaşadığınız ölkədən danışaq. Estoniyanı
bizə təsvir edə bilərsiniz?
- Estoniya
1.5 milyonluq balaca bir ölkədir. Baltik ölkələrinin hamısı bir yerdə əhali
sayı Bakımıza çatar, ya çatmaz. Bizim kimi postsovet ölkəsi olsa da, bizdən çox
qabaqdadır. Əlbəttə, burada ən əsas səbəb Avropa ölkələrinə yaxın olmaları və müstəqillik
qazanandan sonra böyük yardımlar almalarıdır. Ölkə informasiya texnologiyaları üzrə
çox inkişaf edib. Hər şeyi çox asanlıqla internet vasitəsilə edə bilərsiniz.
Hətta, səsverməni belə internetlə bir neçə dəqiqədə etmək olar. Onu da qeyd
edim ki, yaşama hüququ almaqla Tallində bütün nəqliyyatlardan pulsuz istifadə
edə bilirəm. Ən çox model qızlar bu ölkədən çıxır (gülür) . Ölkədə 2000 dən çox
balaca ada var. İstifadə etdiyimiz Skype, Taxify (Bolt) bu ölkənin
məhsullarıdır. Sevdiyimiz Karlssonun illüstrasiyasını hazırda İsveçdə yaşayan
eston İlon Wikland yaradıb. Burada dinə elə də inanmırlar və ölkə əhalisinin
hardasa 30% -i ruslardır.
- Estonların özləri necədir, gəlmələrə
münasibətləri necə olur?
- Estonlar
ümumilikdə sakit və soyuq millətdir. Qarşılarında yıxıl öl, veclərinə olmayacaq
(gülür). Xaricilərə münasibətləri yaxşıdır, sayları az olduqları üçün əhalini
çoxaltmaq üçün xaricilərin burada yaşamasına önəm verirlər.
- Hansısa fərqli bir adət-ənənələri varmı?
- "Jaanipäev”,
yəni 'midsummer' gününü qeyd
edirlər. Bizim Novruz bayramımızın eynisidir. Bu zaman bizdəki kimi böyük
tonqal qalanır və tonqalın ətrafında mahnı oxunulur, rəqs edilir. Yelləncəkdə
fırlanmaq, ərlərin qadınları daşıması kimi qəribə milli oyunları da var. Hər
4-5 ildən bir Tallində Estoniya mahnı
festivalı təşkil olunur.
- Təhsiliniz bitdikdən sonra qalmağı düşünürsünüz,
ya qayıtmağı?
- Hazırda
5 illik yaşama hüququ aldığımdan geriyə qayıtmağı düşünmürəm. Əlbəttə, ölkəmi
sevirəm, amma, məncə, burada özümü şəxsi və professional cəhətdən daha da inkişaf
etdirə bilərəm.
- Xaricdə təhsil almaq istəyən gənclərə
məsləhətiniz?
- Əgər
doğurdan da məqsəd ixtisas artımıdırsa gəlsinlər, amma dəyişimə də hazır
olsunlar. Burada bir çox azərbaycanlı görmüşəm ki, gəlir, amma ölkəyə
uyğunlaşmaq, inteqrasiya etmək istəmir. Bu isə Azərbaycan haqqında neqativ
fikirlər yarada bilər. Bəzi tələbələr hətta universitetə qəbul olsunlar deyə motivasiya
məktublarını başqalarına yazdırırlar. Məncə, onlar gəlməsə daha yaxşıdır
(gülür). Çünki əgər motivasiya məktubunu çətinliklə yazırlarsa, dərslərdə 5-10
səhifəlik yazıları kimə yazdıracaqlar? Ən əsası, xaricdə yaşamaq sizləri həyata
hazırlayacaq. Xaricdə insanlar artıq yetkinlik yaşına çatdıqda ailələrindən
ayrılaraq bunu edirlər. Biz də isə bu, yalnız xaricdə təhsil aldıqda mümkün
olur.
Günel
Azadə