Xankəndi-Yerevan qarşıdurması pik həddə

Xankəndi-Yerevan qarşıdurması pik həddə

Siyasət
17 May 2019, 17:14 254
Robert Koçaryanın məhkəməsi Ermənistanla separatçı DQR arasında gərginliyin güclənməsinə səbəb olub. İş o yerə çatıb ki, separatçı rejimin indiki və əvvəlki rəhbərliyi Ermənistan hökuməti qarşısında ultimativ formada Robert Koçaryanın həbsdən azad edilməsi tələbini qoyub. Ötən gün isə separatçı qurumun əvvəlki və indiki rəhbərləri – Arkadi Qukasyan və Bako Saakyan Koçaryanın məhkəmə prosesinə qatılıblar. Eks-prezidentlə qucaqlaşıb görüşən separatçıların adından Qukasyan zaminlik məktubunu şəxsən oxuyub.
Yeri gəlmişkən, R.Koçaryanınn işi üzrə məhkəmə prosesində baş prokuror Artur Davtyanla müttəhim arasında mübahisə yaranıb. Məhkəmə iclasının əvvəlində sözü Koçaryana veriblər. O deyib ki, eks-prezident kimi hüquqları kobud şəkildə pozulub. "Baş prokurorluğun toxunulmazlığı necə yozması heç bir tənqidə dözmür. Hətta adi kadastr işçisi də belə səhvə yol verməzdi”, - deyə eks-prezident bildirib. Bu zaman Davtyan onu "korrekt danışmağa” çağırıb və bu cür açıqlamalardan çəkinməyi tələb edib. Mübahisəyə Koçaryanın vəkili qarışıb, hakimi baş prokurorun dediklərinə müdaxilə etməyə çağırıb. "Mən öz arqumentlərimi sırf hüquqi müstəvidə təqdim edirəm, emosional ifadələr işlətmədən” - Davtyan cavab verib. Koçaryan isə baş prokurora cavab verib: "Sizin ittihamlarınızın hüquqla heç bir əlaqəsi yoxdur. Mən istədiyimi danışacam, sən isə oturub qulaq asacaqsan”. Davtyan isə "Baxarıq” deyə cavab verib. Xatırladaq ki, Koçaryan 2008-ci ilin 1-2 mart hadisələrinə görə mühakimə olunur. O, nümayişçilərə qarşı ordunun istifadə edilməsinə əmr verən əsas şəxsdir. Koçaryan məhkəmədə həmin hadisələr zamanı Qarabağdan ordu qüvvələrinin Yerevana niyə yeridilməsi haqda danışmayıb. Təkcə onu deyib ki, Qarabağdan olan heç bir əsgər həmin hadisələrdə iştirak etməyib. Koçaryanın bildirdiyinə görə, bu mövzu həssasdır və Ermənistan Müdafiə Nazirliyinin Qarabağla qarşılıqlı əlaqələrinə aiddir. Ona görə də iclasın bu hissəsini qapalı keçirmək lazımdır. Koçaryan onu da deyib ki, etirazların fiziki təzyiqlərlə yatırıldığı barədə səhər işə gələrkən xəbər tutub.
Öz növbəsində erməni politoloq Vigen Akopyan hesab edir ki, separatçı qurumun əvvəlki və indiki rəhbərliyinin Robert Koçaryanın azad edilməsi məqsədilə məhkəmə prosesinə qarışmaları anlaşılan deyil. Onun qənaətincə, iki liderin iştirakı məsələyə çox ciddi siyasi rəng verir: "Qarabağ rəhbərliyinin bu təşəbbüsünə Ermənistan hakimiyyət orqanlarının reaksiyasının necə olacağını söyləmək çox çətindir”. Lakin digər tərəfdən istisna etmir ki, Saakyan və Paşinyan arasında Koçaryanla bağlı müəyyən razılıq əldə olunsun. O, əlavə edib ki, vəziyyət Paşinyan üçün çox mürəkkəbdir: "Koçaryan işi ilə bağlı kənardan müəyyən təzyiq əlamətləri ortadadır. Ölkə daxilində isə düşmənçiliyin dərəcəsi son bir ildə xeyli güclənib. Belə bir şəraitdə Qarabağ hakimiyyət orqanlarının müdaxiləsi və Koçaryanın "humanistlik nöqteyi-nəzərindən” azad edilməsi Ermənistan hakimiyyətinin öz simasını saxlamağa yönəlik kompromis rolunu oynaya bilər”. Politoloq onu da deyib ki, Koçaryanın azad edilməsi Paşinyan tərəfdarlarının narazılıq dalğasını gücləndirə bilər.
"Aravot” qəzeti isə yazır ki, Koçaryan üzərində məhkəmə prosesi ölkədə, hətta dünyada baş verən hadisələri arxa plana keçirib. "Məhkəmə prosesinin diqqət mərkəzində olması normal haldır. Koçaryanın da öz tərəfdarlarını mobilləşdirilməsi adi haldır. Lakin hakimiyyət orqanlarının məhkəmə önünə gəlib "əks aksiya” keçirmələrini , bu aksiyaların siyasi mahiyyətinin anlaya bilmirəm”, - deyə qəzetin baş redaktoru Aram Abramyan yazıb. O, Koçayan tərəfdarlarının pulla, hakimiyyəti dəstəkləyənlərin isə şəxsi təşəbbüsləri ilə aksiyada iştirak etmələri fikirlərinin yayılmasının da ona aydın olmadığını bildirib. "Nədi, kimsə şam tuturdu”, - deyə baş redaktor sualla çıxış edib. Əlavə edib ki, inqilabın tək məqsədi Koçaryanın həbsinə nail olmaq deyildi.
Hakimiyyət isə iddia etməyə çalışır ki, ölkə daxilində bir-biri ilə qarşıdurma vəziyyətində olan qruplaşmalar mövcud deyil. Baş nazirin müavini Tiqran Avinyan "əlbəttə ki, hansısa məsələlər ətrafında fikir ayrılıqları var. Lakin onların bir-birinə qarşı çıxmaları faktı mövcud deyil. Hökumət bir komanda ilə işləyir. Müzakirələr isə təbii və lazımlı şeydir”, - deyən baş nazirin müavini hökumət və partiya daxilində gizli qarşıdurmaların olması barədə yayılan xəbərlərə  sakit yanaşıb. Lakin ondan fərqli olaraq "1in.am” saytı Ermənistan və separatçı qurum arasında gərginliyin daha da dərinləşdiyi qənaətinə gəlib. Sayt yazır ki, faktiki olaraq Qarabağ rəhbərliyinin mövqeyinə nə prokurorluğun sərt cavabı, nə də baş nazirin bəyanatı təsir etməyib. Politoloq Levon Şirinyan hesab edir ki, separatçı qurumun rəhbərliyi sadəcə qarşıdurmaya gedir: "Onları narahat edən odur ki, Ermənistanda baş verən dəyişikliklər özlərinə də təsirsiz ötüşməyəcək”. Onunla həmfikir olan başqa bir politoloq Aleksandr Kananyan da Yerevan və Xankəndi arasında münasibətlərdə gərginlik görür.

Azər NURİYEV