“Xanımlar, xəyal qurun və ümid edin”
Türkiyənin tanınmış aktrisası Songül Öden "Lal xəyal” tamaşası ilə 7 fərqli
qadını təkbaşına canlandırıb. Azərbaycan tamaşaçısı onu bir zaman Kvanç
Tatlıtuğ ilə birlikdə çəkildiyi "Gümüş” filmindəki baş qəhrəman kimi tanıdı.
Aktrisa "Gümüş” serialından sonra qısa
zaman kəsiyində tanındı və biri-birindən maraqlı obrazlarla Türkiyə kino sənayesində
tanınmış simalardan birinə çevrildi. Songül
Öden yerli mətbuata müsahibə verib. O, yaradıcılığı ilə bərabər, özəl həyatından
bəhs edib.
- "Bir ailə hekayəsi”
serialı ilə uzun müddətdən sonra ekranlara
geri döndünüz. Canlandırdığınız Reyhan xarakteri ilə xasiyyətinizdə hər hansı bir
oxşarlıq varmı?
- Reyhan da mənim kimi qərarlı, ailəsinə bağlı, çalışqan biridir. Reyhan
nəinki mənim xasiyyətimlə, yaxın bir dostumun xasiyyəti ilə eynilik təşkil edir.
- Serialda keçmişi xatırlayır,
bir anlıq keçmişə baş çəkirsiniz. Real
həyatda keçmişi ilə yaşayan birisiniz?
- Əvvəllər daha çox keçmişimlə yaşayardım. İndi isə bu günümlə yaşamağa
əmək sərf edirəm. Keçmişdə olan hadisələri tez-tez xatırlamaq insana yalnız
əlavə yükdən başqa bir şey gətirmir. Adı üstündə, keçmiş, keçib gedib. Sən nə edirsən
et, artıq tamamlanıb.
- Siz BMT-nin təşkilatçılığı ilə
keçirilən "Qadına şiddətə yox” platformasının könülü elçisisiniz. Bu layihədə hələ
də yer alırsınızmı?
- Artıq 8 ildir ki, Birləşmiş Millətlər Fondu ilə birlikdə çalışıram.
Onların mədəni sözçüsüyəm. Qız uşaqları ilə bağlı bir çox layihələr həyata keçirmişik
və keçirməkdə davam edirik. Açığını desəm, bu layihədə yer aldıqdan sonra xeyli
təcrübə əldə etdim. Bu gün teatrda oynadığım "Lal Xəyal” mono tamaşasını hazırlamaq
üçün bu layihədə aldığım təcrübələrdən,
yaşadığım hadisələrdən ilhamlandım. Acıları
tragediya kimi bəhs olunan bir hekayənin
içində 7 qadın canlandırdım. Belə ki, səhnədə tək bədən, 7 qadın mövcud oldu.
- Mübarizə əzmli, fədakar qadınlara
deyəcək sözünüz varmı?
- "Mübarizə aparmaq” fikrində hər nəyə inanırlarsa, onun arxasınca getmələrini,
xəyal qurmalarını, sadiq bir dost kimi arxasınca qaçmalarını məsləhət görə
bilərəm. Xanımlar, xəyal qurun və ümid edin.
- "Lal Xəyal” necə bir tamaşadır?
- Qadınlardan ibarət bir yaradıcı heyətlə il yarımdır üzərində çalışıb
ərsəyə gətirdiyimiz möhtəşəm bir tamaşadır. Bu tamaşa bütün kollektiv üçün müəllim
rolunu oynadı. Tamaşa bir-birindən fərqli yaş kateqoriyasına və statusa sahib olan
qadınlardan bəhs edir. Bütün tamaşanı suyun içində oynayırıq. Tamaşa modern rəqs,
fərqli şivələr üzərində qurulub. Mənim üçün bu tamaşa çox dəyərlidir.
- "Kaş ki, etməsəydim” dediyiniz
peşmanlıqlarınız varmı?
- Əlbəttə ki, var. Ancaq sonradan dönüb geriyə baxanda o təəssüfləndiyim
məqamların məni mən etdiyini və formalaşdırdığını görürəm.
- Daha çox, göstərişdən uzaq, sakit
bir görünüşə sahibsiniz.
- Özüm kimi olmadığım heç bir məclisdə, ortamda olmuram. Özəl həyatımda
özümlə tutarlı bir həyat yaşadığımda, hər şey bir az daha asan və asta-asta həyata
keçir.
- Gözəl səsə sahibsiniz. Aktrisa
olmasaydınız musiqi ilə məşğul olardınızmı?
- Mən aktrisayam və musiqi istedadımın olduğu üçün də özümü çox şanslı
hesab edirəm. Bizim çox əfsanəvi müəllimimiz vardı – Nedim Yıldız. O, "mahnı oxumağı,
rəqs etməyi bacarmayan insandan aktrisa olmaz” deyirdi. Həyatını aktrisalarda mahnı
söyləmək bacarığını inkişaf etdirmək, yetişdirməklə keçirib. Aktrisalıqdan əlavə,
çox gözəl yemək hazırlayıram, ssenari yazıram və memarlığa da böyük həvəsim var.
- Bildiyimiz qədəri ilə rəqs
etməyi də bacarırsınız. Hündürdaban
ayaqqabı ilə rəqs etmək çətin deyil ki?
- Təhsil alddığım məktəbdə akrobatlıq və xoreoqrafiya dərsləri vardı.
Məktəb illərində bu dərslərdən çox yararlanırdım. Məktəbi bitirdikdən sonra xoreoqrafiyaya
yenə davam etdim. Çox istedadlı müəllimlərim var idi. Hündürdaban ayaqqabı ilə
mənimlə Azra Akın məşğul oldu. O, xoreoqraf mövzusunda anadangəlmə istedaddır.
- Yaradıcılığınıza nəzər salsaq,
bir çox mükafatların sahibisiniz. Uğurlarınızı nəyə borclusunuz?
- İşimə sevgi ilə bağlıyam. İnsanın sevdiyi işi görməyi, onun üçün xüsusi
bir üstünlükdür. İnsan sevdiyi işlə məşğul olmaq və o sahədə uğur qazanmaq
istəyir. Əgər sevgi ilə bərabər, əmək də sərf edirsə, bunun qarşılığını mütləq görəcək.
- Heyvanlara olan
sevginizdən xəbərdarıq. Hətta Leyla və Əkrəm adlı iki pişiyiniz də var. Bu
sevgi hardan qaynaqlanır?
- Bəli, heyvanları çox sevirəm. Əvvəllər onlardan qorxurdum. İnid dualarıma
qədər gəlib çıxıblar. Üç pişiyim var – Əkrəm, Türkan və Leyla. Heyvanlarla birlikdə
yaşadığınızda, insanın bütün kin-küdurətinin, "dünyada məndən başqa canlı yoxdur”
fikirlərinin darmadağın olduğunu rahatlıqla görə bilirsiniz. Heyvanlara diqqət
və qayğı göstərmək bizim boynumuzun borcudur.
İnsanların çoxu heyvanları sevmir. Dövlətimiz heyvanları insanların zalımlığına
və sevgisinə buraxmamalıdır. Bunun üçün də heyvan haqlarının qorunması üçün dövlət
tərəfindən güclü qanunlar qəbul olunmalıdır. Həmişə maşınımın arxasında heyvanlar
üçün yemək, su ayırıb qoyuram. Əlbəttə ki, Türkiyədə kifayət qədər heyvan haqları
dərnəkləri var. Onları gördükləri işə görə də alqışlayıram. Kaş ki, əlimdən daha
artıq iş gəlsə… Bəzən çəkilişlərə gedəndə uşaqlara hədiyyə alınıb sonra küçəyə atılan
cins heyvanları görürəm. Hədiyyə paketi rolunu oynayan canlıları görəndə çox
pis oluram. Bu səhnə mənə çox təsir edir. Qanunlarımızın heyvanlar, uşaqlar, qadınlarla
bağlı şiddətin qarşısının alınması üçün cılız cəsarətini heç zaman anlamayacam.
- Qəlbinizlə məntiqiniz arasında
qalsanız hansını seçərdiniz?
- Çox çətin bir sualdır. Heç nəyə baxmayaraq, yenə qəlbimi dinləyərdim.
Çünki insanın qəlbindən başqa, daha yaxşı bir yol-yoldaşı yoxdur.
- "Hər kəs mütləq şəkildə
dinləməlidir” dediyiniz mahnı və kitab nümunələri varmı?
- Hər kəsə tövsiyə edəcəyim kitab Qabriel Qarsiya Markesin " Yüz ilin tənhalığı”dır.
Kitab oxuma alışqanlığı olanlara isə məsləhətim odur ki, Nokolay Qoqolun
"Şinel” əsərini oxusunlar. Bu, çox kiçik həcmli bir kitabdır. Mahnı isə
insanların musiqi duyumu və qəlbimizin ölçüsünə görə dəyişir. Bəzən ruh halına
görə Neşet babanın bir mahnısı, bəzən də dilini anlamadığım, nə söylədiyini
öyrənməyə ehtiyac duymadığım, amma məni özümə gözəl hiss etdirən mahnıları
dinləyirəm.
- Sizi ən yaxşı izah edən
ölkə hansıdır?
- Deyəsən Türkiyə…
- Bəs bu həyatda "bunlar
mütləq olmalıdır” dediyiniz dəyərlər nələrdir?
- Bu həyatda "mütləq olmalıdır” dediyim dəyərlər özünü qarşı tərəfin
yerinə qoymaq və vicdandır. Onlar yoxdursa, insanlıq yarımçıq qalar və yarımçıq
insan olarsınız.
- Sosial medianın inkişaf
etdiyi bu dönəmdə insanların daha çox göstəriş verməyə çalışması sizə
toxunurmu?
- Əlbəttə ki, hər şeyin bu qədər tez bir zamanda inkişaf etməsi,
dünyanın sürəti və sərbəstliyi baxımından çox cəlbedicidir. Misal üçün, siz
sosial şəbəkə vasitəsi ilə dünyanın o biri başında olan haqsızlığı, yalanı
ortaya çıxara bilirsiniz və dünyanın o biri başındakı insanla hər an əlaqə
saxlayırsınız ki, bu, çox gözəl bir haldır. İndi insanlar 30 saniyə ərzində
belə, məşhur ola bilirlər. İnsanlar sosal şəbəkə vasitəsi ilə hər anını, hətta özəl
anlarını bir-birilərinə göstərirlər. Əsas təhlükə isə özünü sosial şəbəkələrə
həsr edən küllələrin bir-birinə qarşı olan nifrətidir.
- Həyatınızın super
qəhrəmanı kimdir?
- Anam və bacılarım.
- Xoşbəxtlik tapdığınız
məkan haradır?
- Evim.
- Ən çox istifadə etdiyiniz
kəlmə nədir?
- Xahiş edirəm, əzizim.
- "Etməsəm olmaz”
alışqanlığınız nədir?
- Yatmazdan əvvəl dua etmək.
Tərcümə etdi: Xəyalə Məmmədova