AZE | RUS | ENG |

Xalqın sağlam genefondunun qorunmasına hesablanan strategiya

Xalqın sağlam genefondunun qorunmasına hesablanan strategiya
Ekspertlərin fikrincə, milli strategiya gənclərimizin idmana olan marağının artmasına xidmət edəcək

Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın inkişafı üzrə milli strategiya hazırlanacaq. Trend-in məlumatına görə, bu, 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb. Sənəd layihəsinə əsasən, bu məsələ 2019-2022-ci illər üzrə idman sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.  Digər prioritetlər uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın geniş təbliği, təhsil alan yeniyetmə və gənclərin maraqları, yaşı və sağlamlıq səviyyələri nəzərə alınmaqla, bədən tərbiyəsi məşğələlərinin təşkili olacaq.

Bununla yanaşı, əhalinin bütün təbəqələrindən olan insanların fiziki inkişaf səviyyəsinin yüksəldilməsi üçün lazımi şəraitin yaradılması, idman sənayesinin yaradılması, idman sahəsində sponsorluq fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulur.  Atılan addımın növbəti mərhələdə ölkəmizdə idman sahəsinin inkişafına necə təsir edəcəyini öyrənməyə çalışdıq. 
 
 

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev qeyd etdi ki, ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər, idmançılarımızın ən mötəbər beynəlxalq idman yarışlarında qazandığı uğurlar 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapan kütləvi bədən tərbiyəsi və idmanın inkişafı üzrə milli strategiyanın hazırlanmasına zəmin yaratdı: "Bu sənəd Azərbaycanı 2019-2022-ci illər üzrə dünyada daha fəal və uğurlu idman dövlətinə çevirmək öhdəliyinin yerinə yetirilməsi üçün ölkə ərazisində fəaliyyət göstərən bütün idman təşkilatlarının strateji istiqamətlərini və siyasət prioritetlərini müəyyən edəcək. Eyni zamanda Milli Strategiyanın uzunmüddətli - 2022-ci ilədək hazırlanması cəmiyyətin hərtərəfli inkişafına, demokratik ölkə quruculuğuna, Azərbaycanın dünyada beynəlxalq nüfuzunun daha da yüksəldilməsinə xidmət göstərəcək. Xüsusi ilə qeyd etmək lazımdır ki, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı üzrə milli strategiya regionlarda idmanının inkişafında da müstəsna rola malikdir. Regionlarda yeni idman obyektlərinin, müasir standartlara cavab verən Olimpiya komplekslərinin inşa edilərək gənc nəslin ixtiyarına verilməsi onların fiziki-mənəvi inkişafına böyük təkan verib. Ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər, idmançılarımızın ən mötəbər beynəlxalq idman yarışlarında qazandığı uğurlar bölgələrdə yaşayan idmançıları da yeni qələbələr qazanmağa səsləyir”.  
 
 
 
"İslahatçı Gənclər İctimai Birliyi”nin sədri Fərid Şahbazlı bildirdi ki, gənclərin sağlam ruhda böyüməsi üçün fiziki olaraq da sağlam olmaları vacibdir: "Bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı qəbul edilən bu strategiya ölkəmizdə uzun illərdir ki, idmanın inkişafı istiqamətində davam etdirilən siyasətin məntiqli davamıdır. Bildiyimiz kimi, Azərbaycan artıq dünyada nüfuzlu bir idman ölkəsi kimi tanınır. Ölkəmizdə mütəmadi olaraq müxtəlif beynəlxalq yarışların keçirilməsi Azərbaycanı idman mərkəzlərindən biri edib. Gənclərin sağlam inkişafı dövlət siyasətinin mühüm bir istiqamətidir. Bununla bağlı çoxsaylı proqramlar, layihələr icra edilir. Bu strategiya gənclərimizin idmana olan marağının artmasına xidmət edəcək. Çünki gənclərimizin sağlam ruhda böyüməsi üçün onların fiziki olaraq da sağlam olması çox vacibdir. Düşünürəm ki, bu layihə ilə ölkəmizin beynəlxalq arenada idman sahəsində qazanacağı uğurların sayı artacaq”.
 
 

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev vurğuladı ki, idman sahəsində gənclərə böyük ehtiyac var: "Ümumilli lider Heydər Əliyevin təməlini qoyduğu idman siyasətini hazırda ölkə prezidenti İlham Əliyev uğurla davam etdirir. Bir çox dünya səviyyəli yarışlarda qazanılan nailiyyətlər də bunun əyani sübutudur. Həmçinin beynəlxalq yarışlara ev sahibliyi etməyimiz də, son dövrlər bu sahədə əldə edilən uğurların göstəricisidir. Nəzərdə tutulan bu strategiya idman sahəsinin daha da inkişaf etməsinə imkan yaradacaq. Bu sahədə həm Bakıda, həm də regionlarda müxtəlif istiqamətli yarışların keçirilməsi təqdirəlayiqdir. Təmsil etdiyim qurumun adında deyə bilərəm ki, biz də idman sahəsində kütləviliyin artmasının tərəfdarıyıq. Bu gün bu sahədə gənclərə böyük ehtiyac var”. 
 
 

"Neftçi” futbol klubunun sabiq vitse-prezidenti, keçmiş FİFA referisi Tahir Süleymanovbildirdi ki, bu strategiyadan düzgün faydalanıb peşəkar idmanın inkişafını təmin etməyə çalışmaq lazımdır: "Qeyd olunan məsələ yeni deyil. Son 10-15 ildə Azərbaycan idmanına milyardlarla vəsait xərclənib, dövlətin qayğısı sayəsində idmana dair xüsusi proqramlar qəbul edilib. Futbola aid "2005-2015 Dövlət Proqramı"nı nümunə göstərmək olar. Bu illər ərzində yeni-yeni stadionlar, idman bazaları, olimpiya kompleksləri inşa edilib. Azərbaycan beynəlxalq yarışların mərkəzlərindən birinə çevrilib, müxtəlif növlər üzrə dünya, Avropa çempionatları, Olimpiya oyunlarında ciddi uğurlar, medallar qazanılıb. Bunlar müsbət məqamlardır. Bununla yanaşı ayrılan vəsaitlə daha böyük işlər görülə bilərdi və görülməli idi. Futbol dünyada bir nömrəli idman növüdür və idmanın şahıdır. Dövlət proqramına uyğun 10 il ərzində 2-3 klubumuzun Çempionlar Liqası, Avropa Liqasının qrup mərhələsinə vəsiqələrin qazanılmasından başqa, ümumi futbolda ciddi uğurlar olmadı. Əksinə, çox ciddi geriləmə müşahidə edildi. Lənkəran, İmişli, Yevlax, Zaqatala, Bakının özündə istifadəyə verilmiş müasir stadion, bazalar boş qalıb, klublar dağılıb. Bu qurğulara 100 milyonlarla vəsait xərclənib. Gəncə, Sumqayıt və digər şəhər, rayonlarımızdakı stadionlar keçmiş sovetlərdən qalmadır. Onlar da baxımsızlıqdan dağılıb. Strategiyanın, proqramın hazırlanması, vəsaitin ayrılması müsbət məqamdır. Əsas isə bundan düzgün faydalanıb, istər kütləviliyin, istərsə peşəkar idmanın inkişafının təmin edilməsidir. Ən önəmli və mühüm məsələlərdən biri, işini bacaran peşəkarlara şəraitin yaradılmasıdır. Sirr deyil ki, idman sahələri üzrə cavabdeh, məsul şəxslər təsadüfi adamları, dost-tanışlarını ətraflarına toplamaqla, dövlət tərəfindən yaradılan şəraitdən özləri üçün istifadə edirlər. Azərbaycanda idman sahəsini bilən peşəkar kadrlar yetərincədir. Onlara meydan vermək lazımdır. 

Müsahibimiz qeyd etdi ki, sponsorların idmana cəlb edilməsi, onlar üçün şəraitin yaradılması, güzəştlər edilməsi mütləqdir: "İdman təkcə dövlətin ümidinə qalmamalıdır. Müasir dövrdə sponsorlarsız idmanın inkişafı mümkünsüzdür. İdmanın təbliği gücləndirilməli və doğru istiqamət almalıdır. Tənqid, təkliflər pozitiv olmalı, ictimaiyyət görülən işlərin, atılan addımların doğruluğuna inanmalıdır. Əsas istiqamət bölgələrimizə yönəlməlidir. İdman təkcə peşəkar sahə deyil, eyni zamanda xalqın sağlam genefondunun qorunması, gələcək nəsillərə ötürülməsidir. Bir daha xüsusi qeyd edirəm, istənilən strategiyanı, proqramı qəbul etmək, vəsait ayırmaq olar, əsas həyata keçirilməsidir. Bunun üçünsə, peşəkarlara güvənilməsi, şəraitin yaradılması mütləq şərtdir. Əks halda, son 10 ildə futboldakı acınacaqlı durum təkrar oluna bilər. Buna yol vermək olmaz”.  
 
Günel Azadə
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178