AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xalqın çətin günlərinə sevinənlər “milli” ola bilərmi?

Xalqın çətin günlərinə sevinənlər “milli” ola bilərmi?

Siyasət
05 Avqust 2020, 20:22 2577
Antimilli Şura: "İnsanların narahatlığı birmənalı olaraq bizə sərf edir...”
 
Onlar öz xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlər, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərdir. Söhbət, əlbəttə ki, Milli Şura adlı psevdoqurumdan gedir. Hamıya məlumdur ki, koronovirus bəlası ümumilikdə dünyaya da, ölkəmizə də, xalqımıza da ziyan vurdu. Hər bir vətəndaş bu bəladan əziyyət çəkir, ondan xilas olmaq üçün tətbiq edilən karantin rejimi çətinlik yaradır.
Bununla belə, hər birimiz prezidentimizin çağırışına cavab olaraq, birlik nümayiş etdirib, bir-birimizə lazımi dəstək göstəririk. Lakin hələ də görürük ki, virusun yaratdığı vəziyyətə, təəssüf ki, sevinənlər də var... İnsanların vəziyyətinin çətinləşməsinin onlara sərf etdiyini açıq-aşkar etiraf edən Milli Şura üzvlərinin dialoqlarından birinə nəzər salaq.
Gültəkin Hacıbəyli:"Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da açığı, birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların, işləməyən, pulu azalan adamların etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s. Buna sevinmək lazımdır. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”.
Rahim Hacıyev:"Heç kim bizi dəstəkləmir, kimin nə dostu-tanışı, sanballı müxalifətçilər varsa, onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar”.
Qənimət Zahid:"Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən...”
Özünü müxalifət adlandıran, guya xalqın gələcəyini düşünən Milli şuraçıların cılızlığı, miskinliyi, xalqa düşmən münasibəti bu dialoqdan tam aydın görünür. Bunlar öz məqsədlərinə çatmaq üçün xalqın ən ağır duruma düşməsinə də razıdırlar. Koronavirusu az qala bayram edirlər, insan ölümünə, iqtisadiyyatın geriləməsinə, vətəndaşlarımızın maddi təminatının aşağı düşməsinə sevinirlər. Pandemiyanın gətirdiyi çətinliklər üzərindən siyasi oyun oynayır, şəxsi maraqlarını təmin etməklə guya özlərini vətənpərvər, xalqın qayğısına qalan kimi göstərmək istəyirlər. Sözün əsl mənasında bu anti-Azərbaycan qüvvələrin məqsədi pandemiya bəlası səbəbindən insanların üzləşdiyi çətin vəziyyətdən istifadə edib özlərini gündəmə gətirməkdir. Bu cür yanaşmanı ancaq vətən xainlərindən gözləmək olar.
 
"Neftin qiyməti düşən kimi, hərəsi bir kamera qarşısında bunu toy-bayrama çevirir”
 
 
Millət vəkili Cavid Osmanov deyir ki, dünya ölkələri və xalqlarının koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda ermənipərəst qüvvələr tərəfindən maliyyələşən Milli Şura və onun ətrafında birləşən bir qrup şəxs ölkəmizin bu istiqamətdə gördüyü işlərə kölgə salmaq istəyir: "Adlarını Milli Şura qoyublar, amma bunlar uzun müddətdir ki, antimilli siyasət aparırlar. Bu şuranın üzvləri Tovuz istiqamətində Ermənistanın 12 iyul təxribatından sonra birbaşa və açıq şəkildə bir daha nümayiş etdirdilər ki, onlar vətənimizə xidmət etmirlər. Onlar yalnız və yalnız ermənipərəst qüvvələrə xidmət edir, onların dəstəyi altında sifarişləri həyata keçirirlər. Son hadisələr də bunu açıq şəkildə ortalığa qoydu. Xüsusilə də internet vasitəsilə, xuliqanlığı, vəhşiliyi, vandalizmi soydaşlarımızın üzərinə yıxması, erməni tərəfinin məzlum bir xalq olduğunu nümayiş etdirməyə çalışması bunların bir daha açıq-aydın kim olduğunu göstərir. Bunların onlayn iclaslarındakı çıxışlarından görünür ki, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına çağırışlar edir, hətta neftin qiyməti 14 dollara düşəndə sevinirlər. Çünki onlar yaxşı başa düşürlər ki, Azərbaycanın neftindən, qazından ölkəyə daha çox investisiya, vəsait, valyuta gəlir. Bu vəsaitlər isə Azərbaycan xalqının sosial rifah halının yaxşılaşdırılması istiqamətində xərclənir, Azərbaycan iqtisadiyyatının yaxşılaşdırılmasına yönəldilir. Neftin qiymətinin düşməsi birbaşa ölkə iqtisadiyyatına, o cümlədən vətəndaşlarımıza ciddi zərbə vurur. Amma neftin qiyməti düşən kimi, özlərini Milli Şura adlandıran bu insanların hərəsi bir kamera qarşısında bunu toy-bayrama çevirir”.
Həmsöhbətimiz vurğulayır ki, bu insanlardan xalqımıza, dövlətimizə qarşı istənilən addımı gözləmək mümkündür: "Koronavirus pandemiyası dövründə hər birimiz şahidi olduq ki, bütün dünya ölkələrində iqtidarla müxalifət arasında belə münasibətlər yoxdur. İstər iqtidar, istər müxalifət - bütün cəmiyyət olaraq, hər kəs bu virusa qarşı birlikdə mübarizə aparmaq, ağıllı təkliflər vermək üçün birləşib. Amma antimilli şuranın üzvləri növbəti dəfə yalançı bəyanatlar vermək, çağırışlar etməklə birmənalı olaraq hakimiyyətə, dövlətçiliyimizə və xalqımıza ziyan vurmağa çalışırlar. Elə "zoom-konfrans”larında da koronavirus pandemiyası fonunda vəziyyətin gərginləşməsi, ölkədə ictimai-siyasi sabitliyin pozulmasından dəm vururlar. Məlumdur ki, bunlar hamısı eyni nöqtədən idarə olunur. Bu nöqtədə də, təbii ki, Ermənistan lobbisi dayanır. Onlar "Soros” kimi fondlara, ölkəmizə qarşı daim qərəzli mövqe tutan digər beynəlxalq təşkilatlara xidmət edən tör-töküntülərdir ki, xalqımıza, dövlətimizə, müstəqilliyimizə qarşı təhqir-böhtan kampaniyası aparmağa yığılıblar. Onlar, eyni zamanda bu koronavirus pandemiyasından istifadə edib, istəyirlər ki xalq küçələrə çıxsın, virus daha da çox yayılsın və ölkədə vəziyyət gərginləşsin. Vəziyyəti gərginləşdirib, bundan öz xeyirlərinə istifadə etmək istəyirlər. Onları insanların nə istədikləri maraqlandırmır. 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olduqları zaman etdiklərini təkrarlayırlar. Onlar istəyir ki, ölkəmizdə virusla bağlı təşviş yaransın, ölkəmizin iqtisadiyyatı çöksün. Bunlar 30 il keçməsinə baxmayaraq, inkişaf etməyiblər və düşünürlər ki, Azərbaycan yenə də 90-cı illərin əvvəlindəki Azərbaycandır. Xeyr. Bu gün Azərbaycan həm iqtisadi, həm də ordu quruculuğu baxımından regionunu ən qüdrətli ölkəsidir. Bu gün ölkə prezidentinin ətrafında bütün Azərbaycan xalqı birləşib. Bu gün Azərbaycanın ordusu dünyanın 50 ən güclü ordusu siyahısına daxildir. Azərbaycan koronovirus pandemiyasına qarşı mübarizəni təkcə milli ruhda aparmır, eyni zamanda regional və qlobal ruhda çağırışlarla çıxış edir, 30-da çox ölkəyə müxtəlif yardımlar göstərir. Azərbaycan bu gün güclü və qüdrətli dövlətdir və ölkənin güclü lideri var. Bu liderin ətrafında da bütün xalq birləşib”.
 
"Dövlət pandemiya dövründə də insanların yanındadır”
 
 
"Yurddaş” Partiyasının sədri Mais Səfərli isə deyir ki, Milli Şura heç bir siyasi fəaliyyəti olmayan təşkilatdır: "Milli Şura artıq fiaskoya uğrayan bir təşkilatdır. Çox heyf ki, onlar "milli şura” kimi bir ifadədən sui-istifadə edirlər. Milli Şura bu gün tarixin arxivinə qovuşmuş bir təşkilatdır. Sadəcə olaraq, orada 5-10 nəfər görüntü xatirinə adamlar qalıb ki, indiki zamanda videokonfranslar keçirib bunu sosial şəbəkələrdə yayırlar. Amma əslində onların heç bir siyasi fəaliyyəti yoxdur. Bu təşkilat vaxtilə Rüstəm İbrahimbəyovun göstərişi ilə yaradılmışdı. Heç bir nəticəsi də olmadı. Sadəcə, bir qrup adam bu sözü istismar edərək, öz maraqları üçün çalışmağa başladı. Bunların Azərbaycan xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur. Əksinə, ölkənin milli maraqlarına ciddi şəkildə zərbələr vururlar. Neftin qiyməti düşəndə sevinirdilər. Yaxud Azərbaycanda vəziyyət pis olan kimi, bunlar az qalırlar çırtma vurub oynasınlar. Bu o deməkdir ki, onlar Azərbaycan xalqının maraqlarına uyğun hərəkət etmirlər. Daha doğrusu, düşmənçilik edirlər. İndi də koronavirusla bağlı, baxın görün, hansı mövqedədirlər. Bu gün Azərbaycan koronavirusla mübarizə aparan ən qabaqcıl ölkələrdən biridir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da prezidentimizə ünvanlanan məktublarda dəfələrlə bildirib. Azərbaycan koronavirusla bağlı situasiyanı nəzarətə almış dövlətdir. Səhiyyəmizin imkanları kifayət qədər artırılıb, modul tipli xəstəxanalar açılıb. Dövlətimiz gecə-gündüz bu virusla mübarizə aparır və bunun müsbət nəticələrini də görürük. Avropa ölkələri və ABŞ kimi dövlətlərdə koronavirus böyük insan itkilərə səbəb olub. Amma virusdan ölən insanların sayı baxımından Azərbaycan dünyada, demək olar ki, ən müsbət dinamikaya malik ölkələrdəndir. Əlbəttə ki, bu, ölkə rəhbərliyinin, həkimlərin fədakar əməyi nəticəsində olub”.
Həmsöhbətimiz deyir ki, Milli Şura xalq tərəfindən çoxdan inkar edilib: "Azərbaycan dövləti pandemiya dövründə də insanlarımızın yanındadır. İnsanlarımıza maddi yardım edilib, sahibkarlara vəsait ayrılıb. Belə olan halda, Azərbaycanda görülən işlərə rişxənd etmək, insanların pis gününə sevinmək, hesab edirəm ki, nəinki siyasətçi əxlaqına, insanlıq çərçivəsinə sığmır. Milli Şura xalq tərəfindən çoxdan inkar edilir. Onlar bu hərəkətləri ilə özlərini daha biabırçı vəziyyətə qoyurlar. Təbii ki, onlar ölkə xaricində yerləşən anti-Azərbaycan dairələrindən asılıdır və həmin dairələrin sözünü deyirlər. Milli Şurada özlərini teatr aktyorları kimi aparanlar onların nəinki dəyirmanına su tökürlər, onların diktəsi ilə işləyirlər”.
 
Aygün