AZE | RUS | ENG |

Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib

Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib
Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Amaliya Pənahova 73 yaşında dünyasını dəyişib.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən bildiriblər.

Teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycanın Xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Milli Məclisin deputatı, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub.

1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində 500-dən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968 və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1985-ci ildə isə Xalq artisti fəxri adı verilib.

1982-ci ildə "İlin aktrisası” elan edilib, 1998-ci ildə isə Türk dünyasının Birinci kino festivalında Türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, ali məktəbin professoru olub.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Allah rəhmət eləsin!




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN