Xalça Muzeyindən fiziki imkanları məhdud şəxslər üçün uğurlu addım...

Xalça Muzeyindən fiziki imkanları məhdud şəxslər üçün uğurlu addım...

Mədəniyyət
07 Noyabr 2019, 13:30 497
Hər il dünyada noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir. Bu günlə əlaqədar olaraq noyabrın 8-də Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbir fiziki məhdudiyyətli insanların ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək məqsədi daşıyır.
Azərbaycan Milli Xalça Muzeyində əlil arabalarının ekspozisiyada maneəsiz hərəkəti üçün lazımi şərait var. 2019-cu ilin əvvəlindən isə muzeyin birinci mərtəbəsində təqdim edilən eksponatlarla taktil üsulla, həmçinin Azərbaycan və ingilis dillərində xüsusi audioyazı və Brayl şrifti ilə hazırlanan yazılı materiallar vasitəsilə tanış olmaq mümkündür. Eyni zamanda, həmin dövrdən etibarən muzeyin ənənəvi texnologiya və uşaq şöbələrinin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ustad dərsləri keçirlər.
Qeyd edək ki, artıq görmə qabiliyyəti məhdud olan insanlar üçün muzeyin eksponatları barədə mətnlər ikinci mərtəbədə də Brayl əlifbası ilə təqdim olunur. Həmçinin burada xovlu və xovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antropomorf təsvirlər olan kiçik ölçülü xalça nümunələri nümayiş etdirilir. Bununla da muzeyin ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən hazırlanan hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud insanlar taktil (toxunma) üsulla duya bilirlər.