AZE | RUS | ENG |

Vyanadan dünyaya verilən mesaj

Vyanadan dünyaya verilən mesaj
Ekspertlərin fikrincə, dünyanın indiki qarmaqarışıq dövründə Azərbaycanın təcrübəsi hər kəs üçün zəruridir

Azərbaycan tarixən mədəniyyətlərin və dinlərin qovuşduğu bir ölkə kimi, müasir dünyada yenə də multikulturalizm və tolerantlıq mərkəzi olaraq tanınır. Ölkəmizdə mövcud olan bu dəyərlərin dünyada təbliği isə hazırda ayrı-ayrı dinlər, o cümlədən mədəniyyətlər arasında problemlərin həllində öz rolunu oynaya bilər.
Bu məqsədlə Avstriyanın paytaxtı Vyana şəhərinin "Hofburq” sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib. Xatırladaq ki, konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Beynəlxalq konfransda ümumilikdə dünyanın 30-dan çox ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq qurumların nümayəndələri təmsil olunublar. Avstriya tərəfdən Federal Hökumətin və parlamentin nümayəndələri, o cümlədən Avstriya Xarici İşlər Nazirliyinin Baş katibi-nazir müavini Yohannes Peterlik, Avstriyadakı 15 dini konfessiyanın nümayəndələri iştirak ediblər.
 
Heç şübhəsiz ki, Vyanada keçirilən bu beynəlxalq konfransı, demək olar ki, Azərbaycanda uzun illər mütəmadi keçirilən sivilizasiyalararası dialoqla bağlı beynəlxalq tədbirlərin davamı hesab etmək olar. Bəs görəsən Vyanadan dünyaya hansı mesajlar verildi?        
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadəbildirdi ki, Azərbaycanın çox böyük və dünya üçün zəruri bir dəyəri var: "Azərbaycan əsrlər boyu millətlərin və sivilizasiyaların bir əməkdaşlıq bölgəsi olub. Bu tarix bizə böyük güc verib. Belə ki, dinləri və etnik mənsubiyyətləri fərqli olan xalqlar biri-biri ilə tək tolerantlıq deyil, əməkdaşlıq və biri-birini zənginləşdirmək sistemi üzərində yaşayıblar. Hazırda beynəlxalq aləmdə keşməkeşli proseslər gedən bir dövrdə Azərbaycanın bu təcrübəsi dünya üçün zəruridir. Ölkəmiz bu istiqamətdə müvafiq işlər aparır və bir sıra böyük beynəlxalq tədbirlər keçirərək Azərbaycanı müəyyən qədər sivilizasiyaların əməkdaşlığı və multikulturalizm mərkəzinə çevirmişdir. Lakin hazırda Azərbaycan bu sərhədləri genişləndirir. Avropada, ABŞ-da və dünyanın çox çətin bölgələrində Azərbaycan öz dəyərlərini açıqlayır və ümidvarıq ki, bu dəyərlər dünyada sülh və əmin-amanlıq üçün ciddi bir təməl yaradar”.
 
A.Mollazadə əlavə etdi ki, dünyada multikultralizm sahəsində çox ağır bir vəziyyət yaranıb: "Anti-islamizm, anti-semitizm, eləcə də rasizm artmaqdadır. Hətta bir dinin fərqli təriqətləri arasında da insanların tələfatına gətirən xoşagəlməz hallar baş verir. Məhz bunun üçün də həm Avropada, həm Asiyada, həm də Amerika qitəsində bu dəyərləri, xüsusilə Azərbaycanın təcrübəsini yaymağa böyük ehtiyac var. O baxımdan hesab edirəm ki, Azərbaycanın bu dəyərlərinin dünyaya çatdırılmasında heç bir çətinlik olmayacaq. Hesab edirəm ki, Azərbaycan hər bir platformadan, imkandan istifadə edərək öz təcrübəsini bölüşür. Ölkəmiz bu imkanlarını daha da genişləndirəcək”.
 
Politoloq Fikrət Sadıxov bildirdi ki, Avropada multikulturalizmin Azərbaycan modeli ilə çox maraqlanırlar: "Hətta Azərbaycana gələn bir sıra ekspertlər, alimlər bir sıra məsələlərə ciddi diqqət ayırıblar və buna maraq göstəriblər. Təbii ki, "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın Avropanın mərkəzində - Vyanada keçirilməsi Azərbaycanın maraqlarına cavab verir. Çünki bu məsələ axır illər ərzində Avropada bir sıra dairələr tərəfindən sanki yaddan çıxıb və bəziləri hətta hesab edirlər ki, bu məsələ öz aktuallığını itirib. Azərbaycanın nümayəndə heyəti ora gedərək sübut edə bildi ki, bu məsələlər nəinki Azərbaycan, o cümlədən bir sıra dövlətlər, hətta Avropa ölkələri üçün çox ciddi və aktualdır. Miqrantlar, etnik münaqişələr və digər hadisələr kontekstində bu məsələ öz aktuallığını nəinki itirir, əksinə, getdikcə gündəmdə mühüm yer alır. Hesab edirəm ki, Vyanada keçirilən beynəlxalq konfransda bizim nümayəndə heyətimiz və onun rəhbərliyi məhz bu tədbirlə bağlı əhatəli işlər aparıb. Biz bununla bir daha sübut edə bildik ki, multikulturalizm Azərbaycan cəmiyyətinin əsas dəyərlərindən biridir”.
 
F.Sadıxov əlavə etdi ki, bu gün Avropanın multikulturalizm, tolerantlıq kimi dəyərlərə böyük ehtiyacı var: "Çünki hazırda Avropa geniş miqyaslı miqrant problemi ilə üzləşib. Yaxın Şərqdən, Afrikadan və digər ərazilərdən Avropa ölkələrinə böyük bir axın var. Bu miqrantlar bir sıra Avropa ölkələrində məskunlaşır. Hətta Avropa İttifaqı baş qərargahında qərarlar qəbul edilərək həmin miqrantlar Avropanın müxtəlif ölkələrində yerləşdirilir. Bu mənada, avropalılar bu məsələlərin həlli ilə bağlı müzakirələr apardıqda, qərarlar qəbul etdikdə, təbii ki, Azərbaycan nümunəsi onlara örnək ola bilər. Çünki istər dinlərarası, istərsə də mədəniyyətlərarası dialoq məsələsində Azərbaycan düzgün istiqamət götürüb. Biz dünyaya sübut edirik ki, Azərbaycan bu məsələlərlə məşğuldur və onun müəyyən nəticələri var. Avropa ölkələri də bu təcrübəni dəyərləndirib, onu yürütdükləri siyasətdə tətbiq edə bilərlər. Nəticə etibarı ilə də, yaranmış problemlər öz həllini tapa bilər. Ona görə də düşünürəm ki, belə bir konfransın Avropanın mərkəzində keçirilməsi çox vacib addımdır”.
 
Bəxtiyar MƏMMƏDLİ               

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989