• cümə, 26 Aprel, 10:04
  • Baku Bakı 12°C

Vurulmuş Vurğunun yenidən vurulması

21.05.15 09:20 888
Vurulmuş Vurğunun yenidən vurulması
Müsavatın rəsmi mövqeyinə görə, Vurğun Əyyubun qovulması qərarı ləğv oluna bilməz
Bir müddət əvvəl Müsavatın ən əsas simalarından olan Vurğun Əyyubun birbaşa Arif Hacılı və İsa Qəmbərin göstərişi ilə partiyadan qovulduğu haqda məlumat vermişdik. İndi isə bir qrup müsavatçı bu qərarı ləğv edib. Belə ki, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı çıxardığı qərar Şura iclasında ləğv olunub. İclasda Şura özəyin qərarlarının saxta olduğunu müəyyənləşdirib və özəyin protokollarının ləğv olunması, seçkili orqanlarının buraxılması, özək sədrinə töhmət verilməsi barədə qərar qəbul edib. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin müavini Vurğun Əyyub Müsavatdan çıxarılması haqda qərarın ləğvinə münasibət bildirərkən deyib ki, Binəqədi rayon təşkilatının Şura üzvlərinə göstərdikləri diqqətə, sərgilədikləri hüquqi və demokratik mövqeyə görə təşəkkürünü bildirir: “Partiyada Arif Hacılının nizamnamədən kənar addımlarına göz yummaq istəməyənlər hələ də var. Partiyada heç də hamı partiyanın rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq, sifarişli qərarlara tabe olmaq niyyətində deyil. Son zamanlar baş verən qanunsuz, nizamnamədən kənar addımlara etiraz edib ortaya mövqe qoyan insanlara təşəkkür edirəm. Var olun”.
Mövzu haqda Müsavat Partiyası adından rəsmi açıqlama yayılıb və bu qərarın nizamnamə pozuntusu olduğu bəyan edilib. Elman Fəttah qeyd edib ki, partiya nizamnaməsində xaric edilmiş üzvün bərpa edilməsi anlayışı yoxdur: “Bir neçə şura üzvünün rayon təşkilatı sədrindən xəbərsiz, Şura üzvlərinə məlumat vermədən keçirdikləri iclas Şura iclası ola bilməz. Bu, bir neçə şəxsin Şuradankənar toplantısıdır. Binəqədi rayon təşkilatında bu gün Şura iclası çağırılmayıb. Nizamnaməyə görə özək sədri və ya Şura üzvü üzvlükdən 2/3 səs çoxluğu ilə çıxarıla bilər. Yığışan şəxslərin Şura sədrindən xəbərsiz keçirdikləri toplantı və orda qəbul edilən qərarlar və tərtib olunan sənədlər nizamnaməyə ziddir” .
Müsavatçı Elbəyi Həsənli məsələyə münasibətini Facebook profilində paylaşıb: “Vurğun Əyyub Müsavat Partiyasına bərpa oluna bilməz. Ellada Məmmədli kimi bir çoxu sevincək olmuşdu. Arif Hacılının müavini Elman Fəttah isə buyurur ki, Partiya nizamnaməsində xaric edilmiş üzvün bərpa edilməsi anlayışı yoxdur. Bu isə o deməkdir ki, İsa Qəmbərin "köhnə dostum" dediyi Vurğun Əyyubun partiya sıralarına bərpa edilməsi ilə bağlı Binəqədi rayon təşkilatının Şura üzvlərinin yaydığı məlumat həqiqəti əks etdirmir. Yəni nə qədər Arif Hacılı Müsavat Partiyasının başqanıdırsa, Vurğun Əyyub müsavatçı ola bilməz. Elman Fəttah, Səxavət Soltanlı, hətta Osman Kazımovdan müsavatçı olar, ancaq Vurğun Əyyubdan "ne za çto". Hər şey bu qədər bəsit...”
Əksəriyyət Müsavatın bu qərara yanaşmasını ironiya ilə qarşılayıb və tənqid hədəfinə çevirib. Fikir bildirənlər qeyd ediblər ki, başqa vaxt qanundan, demokratiyadan danışanda ağızlarına çullu dovşan sığmayanlar özlərinə sərf etməyəndə hətta Müsavatın nizamnaməsini də ayaq altına ataraq ondan öz maraqları üçün istifadə edirlər. Həqiqətən də, Müsavatın qərara mövqeyi təzadlı məsələdir. Çünki burada söhbət qovulmuş bir şəxsin yerinə bərpa olunmasından getmir. Belə ki, Şura bərpa haqda deyil, özəyin qanunsuz qərarının ləğvi barədə qərar verib.
Qeyd edək ki, gün ərzində Müsavatda baş verən proseslər bununla bitməyib. Belə ki, partiyanın Suraxanı rayon təşkilatının keçmiş sədr müavini və özək sədri Asif Qasımov partiyadan istefa verib və bununla bağlı bəyanat yayıb: “Mən 1992-ci ildən Müsavat Partiyasının üzvüyəm. Bu partiyaya gəlişimin əsas səbəblərindən biri böyük M.Ə.Rəsulzadənin müsavatçılıq ideyalarını Azərbaycanımızda və onun hüdudlarından kənarda bütün insanlar arasında yaymaq olub və bu yöndə əlimdən gələni etməyə çalışmışam. Lakin son dövrlər, xüsusilə də partiyanın qurultayından sonra təşkilatda yaranan qeyri-demokratik mühit, dəyərli müsavatçılara qarşı repressiv addımların atılması, qrup maraqlarının önə çəkilməsi məni çox üzdü. Partiyada uzun müddət çiyin-çiyinə addımladığım insanlara qarşı aparılan anti-təbliğat, onlara qurşaqdan aşağı vurulan zərbələr mənim artıq bu partiyada qalmağıma heç bir səbəb və imkan buraxmadığı üçün Müsavat sıralarından istefa verirəm”.
Daha sonra isə Müsavat Partiyasının daha bir üzvü istefa verib. Partiyanın Məclis üzvü Arifə Hüseynli partiyadan ayrıldığını elan edib. Bildirib ki, bu addımı Müsavatın hazırkı rəhbərliyinin apardığı siyasətə və partiyada yaranmış vəziyyətə etiraz olaraq atıb. Qeyd edək ki, A. Hüseynli də ADR Hərəkatında təmsil olunur.
H.Əsgər
banner

Oxşar Xəbərlər